Psixologiyada cins kateqoriyası

0

Cins insanın heç zaman yaddan çıxarmadığımız yeganə atributudur. Biz gözün və saçın rəngini, üzün cizgilərini, insanın əynindəki paltarı və üstündə hansı bəzək əşyasının olduğunu unuda bilərik. Lakin onun kişi yaxud qadın olduğunu heç vaxt yaddan çıxarmarıq. Son onilliklər ərzində insanlar kişi və qadın təsnifatına daha çox diqqət verməyə və onun müxtəlif məna aspektləri barədə suallar verməyə başlayıb. Bu suallar təkcə psixologiya və o cümlədən, sosial psixologiyada deyil, həm də humanitar elmlərin digər sahələrində meydana çıxır. Həmin problemlə bağlı sosial psixoloqların fikri olduqca vacibdir, çünki onlar diqqəti davranışımızı “maskulin” yaxud “feminin” kimi formalaşdıran norma və rollara yönəldir. Qadın və kişinin psixoloji xasiyyətnamələrindəki fərq, bəlkə də, kişi başlanğıcının birinciliyini və üstünlüyünü sübut etmək məqsədi güdən alimləri həmişə maraqlandırmışdır. Çünki qadın psixoloji xasiyyətnaməsi kişi alimləri tərəfindən diqqətəlayiq sayılmırdı. Mahiyyətcə, müəyyən mənada qadının psixoloji əlamətlərinə toxunan ilk psixoloq-alim Avstriya psixoloqu, psixoanalizin müəllifi Zigmund Freyd (Sigmund Freud) idi və o, qadını natamamlıq kompleksindən əziyyət çəkən, kişi cinsiyyət üzvləri arzusunda olan və ona həsəd aparan “alçaldılmış kişi” kimi təsvir edirdi. Sonralar, Karl Qustav Yunq (Karl Gustav Yung) “Anim”u kişi şəxsiyyətinin şüursuz qadın tərəfi, “Animus”u isə qadın şəxsiyyətində şüursuz kişi tərəfi kimi qeyd edərək heterogen şəxsiyyət strukturundan söhbət açır. Karen Horninin (Karen Horney) neofreydizmini qadın psixologiyasının rüşeymi hesab etmək olar. Karen Horni öz nəzəriyyəsində psixoanalizin irəli sürdüyü kompleksləri alt-üst edərək və psixologiyada sosiomədəni yanaşmanı inkişaf etdirərək cinsi rolların formalaşmasında mədəniyyətin əhəmiyyətinə diqqəti yönəltməklə qadının “inkişafdan qalmış kişi” kimi nəzərdən keçirilməsini ciddi tənqidə tutur. Alfred Adler (Alfred Adler), Erik Erikson (Erik Erikson), Bern Şon (Bern Schon) kimi bəzi qərb psixoloqları da qadının psixoloji inkişafına müəyyən dərəcədə diqqət yetirirdi. Azərbaycan psixologiyasında professor Əbdül Əlizadə ilk dəfə olaraq cinsi dimorfizm aspektinə diqqət vermiş, psixi cins dedikdə onu dəlil sahəsinin, dəyərlər istiqamətinin, özünüdərkin, mənəvi təfəkkürün və digər psixoloji xüsusiyyətlərin formalaşması kimi nəzərdən keçirməyin lazım olduğunu qeyd etmişdir. Son onilliklərdə daha geniş məna məqsədilə psixoloqlar “cins” əvəzinə “gender” sözündən istifadə edir. Çoxsaylı elmi mübahisələr nəticəsində, cins və gender anlayışları arasında dəqiq sərhəd qoyuldu. Cins konkret bir insanın kim – qadın yaxud kişi – olduğunu bildirir və həmin insanın bioloji statusunu göstərir. Cins (yəni bioloji xüsusiyyətlər) kişi və qadın arasındakı psixoloji və sosial fərqlərin özü və əsası sayılır. Elmi araşdırmaların inkişafı ilə aydın oldu ki, bioloji cəhətdən kişi ilə qadın arasında fərqdən daha çox, oxşarlıq mövcuddur. Bəzi tədqiqatçılar, hətta, qadın və kişi arasındakı yeganə dəqiq və əhəmiyyətli bioloji fərqin onların nəsil vermək rolundan ibarət olmasında görür. Bu gün hamıya məlumdur ki, cinslər arasındakı, məsələn, kişinin yüksək boy, ağır çəki, əzələ həcmi və fiziki qüvvəyə malik olması kimi “tipik” fərqlərin cinslə bağlılığı daha azdır. Məsələn, şimali-qərbi Avropa qadınlarının boyu, bütövlükdə, cənubi-şimali Asiya kişilərindən daha yüksəkdir. Boya və bədənin ağırlığına, həmçinin, fiziki qüvvəyə yemək, həyat tərzi mühüm dərəcədə təsir göstərir ki, bu da öz növbəsində kişiyə yaxud qadınamı daha artıq yemək verməyin daha düzgün olması, kalorili yeməyin kimə daha gərəkli olması, kim üçün idman məşğələlərinin daha əlverişli olması ilə bağlı ictimai baxışın təsiri altındadır. Cins və gender anlayışlarının fərqləndirilməsi sosial proseslərin yeni nəzəri dərkolunma səviyyəsinə çıxış demək idi.

80-cı illərin sonunda feminist tədqiqatçılar tədricən patriarxın tənqidindən və spesifik qadın təcrübəsinin öyrənilməsindən gender sisteminin təhlilinə keçməyə başladılar. Qadın araşdırmaları getdikcə gender araşdırmalarına çevrildi ki, burada insanlar arasındakı ünsiyyət, mədəniyyət və münasibətlərin bütün aspektlərini gender hesab edən yanaşmalar ön plana çəkildi. Lakin “cins” və “gender” anlayışları arasındakı fərq öz kəskinliyi ilə seçilmir, çünki bu kateqoriyalar kəsişə bilir. Axı bəzi cinsi fərqlər sosial və bioloji amillərin birləşməsi hesabına yaranır. Ancaq bu fərq bəzi sosial və bioloji amilləri mütləq sıx qisimdə deyil, bir-birindən ayrı və asılı olmadan nəzərdən keçirməyə imkan verir.

Sosial rolların, fəaliyyət formalarının bölünməsi, davranışında və cinsə görə emosional xasiyyətnamələrin fərqliliyi şübhəsizdir və bu, Azərbaycan cəmiyyəti də ümumi siyahıdan istisna olunmadan, şərq mədəniyyəti üçün daha səciyyəvidir. Antropoloq, etnoqraf və tarixçilər çoxdandır ki, “tipik kişi” yaxud “tipik qadın” barədə təsəvvürlərin nisbiliyini müəyyən etmişlər: bir cəmiyyətdə kişi işi (xarakterinin xüsusiyyəti) sayılan, digərində qadına aid edilə bilər. Kişi və qadının dünyada qeyd olunan sosial xasiyyətnamə rəngarəngliyi və insanların bioloji xasiyyətnamələrinin eyniliyi bioloji cinsin müxtəlif cəmiyyətlərdə mövcud olan sosial rollarının müxtəlifliyi ilə izah edilə bilmədiyi barədə nəticə çıxarmaq imkanı verir. Buna görə də, maskulin və feminin davranışa aid olan mədəni gözləmə və stereotiplər gender (cinsi yox) rolu adlanır. Son nəticədə, sosiomədəni normalar kişi və qadının psixoloji xüsusiyyətlərini, davranış modelini, fəaliyyət növü və ixtisasını müəyyən edir. Cəmiyyətdə kişi yaxud qadın olmaq təkcə bu və ya digər anatomik əlamətlərə malik olmaq demək deyil, bu həm də qabaqcadan bizə aid edilmiş gender rolunu yerinə yetirməkdir. Gender qadın və kişinin cəmiyyətdə və onun institutlardakı (ailədə, siyasi strukturlarda, iqtisadiyyatda, mədəniyyətdə, təhsildə və s.) vəziyyətini təyin edən sosial model kimi qurulur. Bir çox şey şəxsiyyətin bacarıq və meyillərinin təlim və xüsusi məşq prosesində inkişaf etməsinə və dəyişməsinə dəlalət edir. Belə ki, təhsil sistemindəki dəyişikliklər cinslər arasında verbal, riyazi və məkan bacarığının inkişaf səviyyəsindəki fərqi mühüm dərəcədə azaltdı. Psixoloqların əksəriyyəti bu nəticəyə gəldi ki, yalnız cinsi mənsubluq əsasında davranış və ya bu yaxud digər vərdişə meyil haqqında fikir söyləmək olmaz. Qadın olmaq heç də anatomik olaraq feminin xüsusiyyətlərə malik olmaq demək deyildir. Necə ki, kişi cinsinə mənsubluq maskulinliklə üst-üstə düşmür.

Mənbələr:

  1. Abbaszadə N.D- Gender probleminin psixoloji aspektləri
  2. Əlizadə.Ə.Ə – cinsi dimorfizm və şəxsi qarşılıqlı münasibətlərin formalaşmasının psixoloji problemləri
  3. Bern Ş.-Gender psixologiyası
  4. Mayers D . –Sosial psixologiya

Redaktə etdi: Fatimə Əliyeva

CAVAB YAZ

Zəhmət olmasa şərhinizi daxil edin!
Zəhmət olmasa adınızı buraya daxil edin