Qədim Yunan mədəniyyətində astronomiya

0

Astronomiyanın ortaya çıxması və Qədim Yunan sivilizasiyasında gündəmə gəlməsi.

Astronomiya insan düşüncəsinin inkişafına ən çox təsir göstərmiş qədim bir elmdir. Gündəlik həyatın tələb etdiyi bəzi ehtiyaclardan (zamanın ölçülməsi, əkinçilik, dənizçilik və.s) və böyük təbiət hadisələri qarşısında ilkin insanın qorxusundan yaranan astronomiya yeni dövrün əvvəllərinə qədər münəccimlərin yanlış inanclarına bağlı qalmışdı. Qədim yunanlarda, ilk başlarda, daha çox gündəlik ehtiyaclar və dini məqsədlərlə edilən və yalnız çılpaq gözlə görülə bilən göy hadisələrinin müşahidəsinə əsaslanan astronomiya bilgiləri çox məhdud idi. Sözü gedən bu zaman elmindən astronomiyaya keçid yalnız kainat üzərində bir nəzəriyyə yaratmaq üçün görünən hadisələri açıqlama yolları axtarıldığı zaman mümkün oldu. İlk anlayışlar, şübhəsiz, olduqca sadə idi. Yerin hərəkətsiz və düz olduğuna inanılır və bu düşüncə göy cisimlərinin görünən hərəkətləri ilə əlaqələndirilirdi. Yerin dayaqlarının sütun şəklində olduğuna inanan qədim yunanlara görə isə, Günəş hər gecə mifologiya qəhrəmanı Atlas tərəfindən qorunan nəhəng dirəklər arasındakı dərin yeraltı yollardan keçirdi. Göründüyü kimi, qədim dövrün insanı boş inancları, gələcəyi öyrənmə istəyini göy üzünün araşdırılması ilə səhv salırdı. Digər tərəfdən, tanrılar hər hansı bir ulduzla eyniləşdirilir, bürclər qrupundakı işarələrə alın yazısına təsir edən mənalar yüklənirdi. Yerin kosmosda yerləşən nəhəng bir kürə olduğunu ilk anlayanlar qədim yunanlar oldu. Bu kəşfdən sonra kainatın müstəvi üzərində yerləşmiş bir qübbə olduğu fərziyyəsi önə sürüldü; eyni düşüncəyə görə, bu qübbə konsentrik kürələrdən ibarət idi və qeyri-şəffaf mərkəzi kürə Yer idi. Lakin müşahidələrin nəticəsi bəzi mütəfəkkirləri günümüzdəki düşüncəyə yaxın olan bir anlayışa gətirdi. Samoslu Aristarxus (Aristarchus) (e.ə. 310-230) tələbələrinə Yerin öz oxu ətrafında və Günəşin çevrəsində fırlandığını öyrədirdi.

– E.ə. 600-cü – e.ə. 200-cü illərdə astronomiya araşdırmaları. Qədim yunanlar. –

Bu dönəmdə günümüzdəki universitetlərə bənzəyən təhsil məkanları vardı. Astronomiyada olduğu kimi, elmin digər bir çox sahələrində də filosoflar, yəni mütəfəkkirlər tərəfindən yüksəlişlər və ixtiralar həyata keçirilirdi.

FALES: (THALES) Həndəsə ilə bağlı çalışmaları sayəsində Dünyanın təbii peyki Ayın və Günəşin görünən hərəkətləri üzərində işləyərək bu mövzuda bəzi açıqlamalar verməyə çalışmışdır. Dünyanın dənizlərlə örtülü düz bir torpaq olduğunu düşünmüşdür. Falesin yaratdığı Dünya xəritəsində torpaqlar çox düzgün çəkilmişdir, yalnız bunun təməli Falesin  öz çalışmalarından deyil, əsasən, qədim çinlilərdən alınmış bilgilərə əsaslanmaqdadır.

DEMOKRİT: (DEMOCRİTUS)
Qədim Yunanıstanda e.ə. V əsrdə yaşamış olan Demokrit (Democritus) Süd yolunun gözlə ayırd edilə bilməyəcək qədər çox sayda ulduzdan ibarət olduğunu irəli sürmüşdü. Kiçik bir teleskop belə Demokritin  haqlı olduğunu göstərir. Qalaktikamızın mərkəz yönü ulduzların sıxlaşması səbəbi ilə daha parlaq görünür.

PARMENİD: (PARMANİDES) E.ə. 550-ci illərdə çalışmalarını həyata keçirdiyi güman edilir. Qeydlərə görə, Dünyanın yuvarlaq olduğunu düşünən ilk alimdir. Eyni zamanda, qədim insanlardan (cəmiyyətlərdən) qalan eksperimental məlumatlara əsasən,  Günəş sistemi də yaratmışdır. Yaratdığı modelə görə, Dünya mərkəzdə, Ay isə Dünyanın ətrafında dairəvi orbitdə fırlanmaqdadır. Aydan sonra Günəş gəlir, Günəşdən sonra doğru sıra ilə Merkuri, Venera, Mars, Yupiter və Saturn gəlir.

ANAKSİMEN: (ANAXİMENES)
Dünyanın yuvarlaq olduğunu qəbul etmişdir. Tutulmalardan yararlanaraq Günəşin radiusunu (Rg =27 Ry) və yenə tutulmaların köməyilə Günəşin uzaqlığının 27 Ry olduğunu təxmin etmişdir. Amma bir çox mütəfəkkirdə olduğu kimi Anaksimendə  də yanlış bir iddia üzə çıxmışdır. Ulduzları bir səthin üzərindəki dəliklərdən  keçən  Günəş işığı olaraq düşünmüşdü. Gündüz bu səthin arxasından çıxan Günəş görünür, gecə isə bu səthin arxasına keçən Günəş işığının dəliklərdən keçməsi ilə ulduzları meydana gətirdiyini iddia etmişdi.
Anaksimen həm də Ayın Günəşdən gələn işığı əks etdirərək parlaq göründüyünü kəşf etmişdir. Ancaq bu məntiqli kəşfdən sonra o, bir çox ibtidai “kəşflər” də etmişdir. Bu göy cisimlərini (Ay və Günəş) düz səthli, silindr quruluşlu cisimlər kimi tanıtmışdır. Ulduzları kristal bir mismar olaraq düşünmüş və səthdə sabit durduqları nəticəsinə gəlmişdir.

FİLOLAUS: (PHİLOLAUS)
Qədim müşahidələri daha dəqiq dəyərləndirmiş, özü də müşahidələr apararaq Dünyanın kainatın mərkəzində deyil, mərkəzdən bir az daha fərqli yerdə olduğunu söyləmişdir.

 

 Françino Gaffurio (Franchinus Gaffurius). Pifaqor (Pythagoras) və Filolaus (Philolaos) çalğı alətlərini tədqiq edirlər. Orta əsrlərə aid rəsm əsəri.

 

 

EVDOKS: (EUDOXUS) Dünyanın kainatın mərkəzində yerləşdiyini iddia etmişdir. Həm də Evdoksa görə, planetlər orta çevrələr üzərində dolanırdı. Bu modelin yaranmasında Parmenid (Parmenides), Filalos (Philalos) və Pifaqorun (Pythagoras) çalışmalarından faydalanmışdır. Tutulmaları tədqiq edərək Ay və Günəşin uzaqlıqlarını, radiuslarını hesablamış və qarşılaşdırmışdır. Evdoksun  dövrün elm dünyasına verdiyi önəmli bir töhfəsi də orta halqaları düşünməsidir. Orta halqalara “episaykl” adını vermişdir. Planetlərin görünən hərəkətindəki eksperimental nəticələri almaq üçün halqaların varlığını irəli sürmüşdür. O günlərdə 5 planet bilinirdi. Bu say Ay və Günəşlə birlikdə 7 göy cismi edirdi. 7 əsas halqa olmaq üzrə, ümumən 27 dənə halqa ilə müşahidələri açıqlamağa çalışmışdır. Evdoksdan  sonra sırayla Galluppus, Empedokl (Empedocles), Levkipp (Leucippus), Demokrit (Democritus), Platon (Plato) kimi dövrün önəmli astronomları araşdırmalara davam etmişdir.

ARİSTOTEL: (ARISTOTELES)
Öz zamanının önəmli filosoflarından olan Aristotel (Aristoteles) Ayın mərhələlərini doğru açıqlaya bilmişdir. O, Ayın işığı yaymadığını, Günəşdən aldığı işığı yaydığını Anaksimenin araşdırmalarına əsaslanaraq qəbul etmişdir. Ay tutulması əsnasında Dünyanın kölgə sərhədinin Ay üzərindəki görünüşü ox şəklində olduğundan o, Dünyanın kürə formasında olduğunu bildirmişdir. Bu sayədə, Dünyanın kürə olduğunu göstərən ilk dəlili də ortaya atmış oldu. O, Evdoks  modelinə inanır və onu inkişaf etdirirdi. Təkmilləşdirdiyi bu modeli yeni müşahidələrlə açıqlamaq üçün 55 dənə kürəyə ehtiyac duymuşdu. Çevrə deyil, kürə olmağının səbəbi isə dini inanclara əsaslanırdı. Göy cisimləri, onlara görə, həmişə kürə şəklindədir. Ən mükəmməl cisim Dünyadır və digər göy cisimlərinin hamısı Dünyaya bənzəməkdədir. Göy cisimlərinin boşluqda necə durduqlarını düşünəndə isə onların görünməz kürələr üzərində dayandığını deyərək fizikaya heç də uyğun olmayan bir açıqlama vermişdir. Musiqidə 7 dənə not olması, bir həftədə 7 günün olması o dönəmlərdə dəqiq şəkildə bilinən göy sayının 7 olması ilə bağlıdır. İnsanlar dinin və ürkəkliyin təzyiqi ilə yaşadıqları dövrdə bəzi mənasız açıqlamalar verərək heç cür məntiqli rəy verə bilmədikləri təbiət hadisələrini yanlış şəkildə təsvir etmişlər.

Aristotel  indiyə qədər yaşamış ən böyük, ən varlı və ən güclü filosof idi. O, fikirlərini o qədər yaxşı qəbul etdirirdi ki, o nə desə, doğrudur deyə düşünürdülər. Astronomiya mövzusunda fikirləri yanlış olduğu halda, renessans dövrünə qədər onun fikirlərinə inandılar və fərqli fikirlər səslənsə də, Aristotelə zidd getməmək üçün ört-basdır edilir və buna görə də, astronomik fikirlər inkişaf etmirdi. Aristoteldən  sonra yaşayan və diqqətə alınmayan filosoflar Heraklid (Heraclides), Aristarxus (Aristarchus), Eratosfen (Eratesthenes), Hipparx (Hipparchus) və Ptolomeydir (Ptolemy).

 

Aristotelin (Aristoteles) modeli

 

ARİSTARXUS (ARISTARCHUS): Dünyanın kainatın mərkəzində olmadığı nəticəsinə gələrək doğru bir addım atsa da, bu dəfə də Günəşi kainatın mərkəzinə qoyaraq yanılmışdır. Qeydlərə görə, ilk Günəş mərkəzli model Aristarxus  modelidir. Ulduzların sonsuz uzaqlıqda olduqlarını düşünmüş, “kainat sonsuzdur” fikrini ortaya atmışdır. Günəşin kainatın mərkəzində olduğunu, dünyanın da bir planet olduğu və bütün planetlərin Günəş ətrafında dairəvi orbitlər üzrə dolandıqlarını demişdir. Eyni zamanda, Ayın Günəşin ətrafında deyil, Dünyanın ətrafında orbit şəklində hərəkət etdiyini müdafiə etmişdir. Planetləri sıralayarkən bucaq sürətlərini ölçmüş və “bucaq sürəti böyük olan planetin Günəşə olan uzaqlığı daha kiçikdir” fikrindən yararlanmışdır. Aristarxusun dediyi bu məntiqli və doğru fikirlər qəbul edilməmiş, yalnız 1500 il sonra Kopernik (Kopernik) eyni fikirləri irəli sürəndə bu onun düşüncəsi kimi tanınmışdır. Aristarxusun  astronomiya elminə verdiyi bir digər töhfə isə Dünya-Ay uzaqlığını Dünya-Günəş uzaqlığı ilə müqayisə etmiş olmasıdır. O, Evdoksdan sonra bu işi görən ikinci astronomdur.

 

HİPPARX (HIPPARCHUS): O, e.ə. 160-125-ci illərdə yaşamış bir yunan riyaziyyatçısı və astronomdur. İlk sistematik astronomiya və triqonometriyanı yaradan adamdır. Ekinoks nöqtələrinin dəyişməsi prosesini (gecə-gündüz bərabərliyi) tapmışdır. Mindən çox ulduz üçün bir kataloq düzəldərək Günəş və Ayın uzaqlığını hesablamışdır. Enlik və uzunluq dairələri ilə dünyadakı hər hansı bir nöqtənin yerini göstərməyin yolunu tapmışdır. Astronomiya üzərində gördüyü bu işləri iskəndəriyyəli Ptolomeyin (Ptolemy) yazılarından öyrənirik. Hipparx Aristotelin Günəş sistemi modelini təkmilləşdirmişdir. O, Aristarxus modelini öyrənmiş, lakin dini səbəblərdən ötrü bunu qəbul etməmişdir. Hipparx ulduzları müşahidə etmiş və buna uyğun bir kataloq hazırlamışdı. Bu kataloqa 850 ulduzun adı, koordinatları və parlaqlıqları daxildir. Amm bu kataloq ilk astronomik kataloq deyildi, daha əvvəl, çinlilərdən bu yana müxtəlif kataloqlar hazırlanmışdır. Hipparx əvvəldən hazırlanmış kataloqlarla öz kataloqunu qarşılaşdırmış və bütün ulduzların koordinatlarında sistematik bir sürüşmə olduğunu təsbit etmişdir. Bu sistematik sürüşmənin dünyanın  *presesyon hərəkətinə görə baş verdiyini irəli sürmüşdür. İşin maraqlı tərəfi odur ki, bu kəşf tamamilə doğrudur. Bu qarışıq hərəkətə bağlı olaraq koordinat sistemlərində istifadə edilən başlanğıc nöqtəsinin (qoç nöqtəsi) ildə 46°-yə qədər sürüşdüyünü də tapmışdır. Əsl dəyər 50°-dir. O zamanlar qoç nöqtəsi qoç bürcü xəttində ikən, günümüzdə balıq bürcü xəttindədir. Yəni 30° sürüşmüşdür. Hipparx da ekvator ilə ekliptik arasındakı epsilon bucağını ölçmüş və 23°21` tapmışdır.

Hipparxın  gördüyü bu səmərəli işlərdən digəri isə Ayın hər zaman ekliptik üzərində hərəkət etmədiyini görmüş və tutulma dairəsi ilə 5°-lik bucaq yaratdığını təsbit etmiş olmasıdır. Əsl dəyər 5°8`-dir. Bu gün ekliptiklə Ay orbiti arasında bucaq olduğunu bilirik.
Hipparx  planet parlaqlıqlarının dəyişdiyini müşahidə etmiş və səbəbini belə açıqlamışdır; planetlər dairəvi orbitlərlə Dünya ətrafında dolanarkən parlaqlıqları dəyişməməlidir. Planet parlaqlıqları dəyişdiyinə görə, Dünya kosmosun tam mərkəzində deyil, mərkəzdən bir az sürüşmüş vəziyyətdədir. Mərkəz ilə Dünya istiqaməti xəttində qarşı yöndə Dünyanın bir tayının olması gərəkdiyini və mərkəzdə olmadığından onu tarazlaya biləcək bir başqa bir Dünya ola biləcəyini düşünmüşdür. Orta halqalarla yaranan modellə planetlərin hər cür hərəkətini açıqlamaq mümkündür. Hipparx dönəminə qədər gəldikdə daha həssas müşahidələr edildikcə istifadə edilən çevrələrin sayı 70-80-ə çatmışdır.

– Qədim yunan sivilizasiyasının elm sahəsində təsirləndiyi cəmiyyətlər –

Müsəlman astronomlar Aristotelin (Aristoteles) yolundan gedərək Yerin hərəkət etmədən kosmosun mərkəzində durduğuna və Günəş də daxil olmaqla, digər bütün göy cisimlərinin onun çevrəsində dairəvi orbitlər üzərində sabit sürətlərlə dolandığına inanmışlar. Bu mövzuda, Ptolomey (Ptolemy) tərəfindən təklif edilən ekssentrik və planetar qurğuları önəmli dəyişikliklər etmədən mənimsəmişlər.

Ekssentrik

 

Planetar

İslam dünyasında Ptolomeyin (Ptolemy) “Dörd kitab” (Tetrabiblos) adlı əsəri ilə məşhurlaşan astrologiya ulduzlar və planetlərin insanların təbiəti və gələcəyi üzərində təsirli olduğu prinsipinə əsaslanır. O, Bu dövr astronomiyasının geniş kütlələrə nüfuz etməsində qismən yararlı olmuş olsa da, bu sahənin elmi inkişafında heç bir dəyəri yoxdur.

Qədim Yunan Sivilizasiyasının Yaratdığı Təsirlər:

– Yeni dövr –

Bu dövrün ən önəmli yüksəlişi astronomiya sahəsində olmuşdur. Kopernik yunan dönəmindən bəri qüvvədə olan Yer mərkəzli kosmos nəzəriyyəsinin yerinə, Günəş mərkəzli kosmos nəzəriyyəsini yaratmış və Yerin Günəşin ətrafında dairəvi orbit üzərində dolanan bir planet olduğu fikrini  müdafiə etmişdir. Beləliklə, Yerin kosmosun mərkəzindən çıxarılmasına bağlı olaraq insanın kosmosdakı yeri də yenidən sorğulanmağa başlanmışdır. Tixo Brahe
(Tycho Brahe) isə Yeri kosmosun mərkəzindən çıxarmağın doğuracağı elmi və dini qüsurları nəzərə almış və Yer-Günəş mərkəzli kosmos qaydası ilə Kopernikə qarşı çıxmışdır. Kopernikin qurduğu Günəş mərkəzli kosmos qaydası çərçivəsində edilən araşdırmalar nəticəsində, Evdoks, Aristotel və Ptolomeydən  bəri müdafiə edilən Yer mərkəzli kosmos qaydası yıxılmış və Qaliley (Galilei) ilə Kopernik  qaydası eksperimentallıq baxımından Kepler (Kepler) ilə nəzəri bucaqdan təkmilləşdirilmiş və çağdaş astronomiyanın təməllərini atmışdır. Beləcə, Keplerin  ellips orbitlər qanunu ilə göy mexanikasına gedən yol açılmışdır.
Bu nöqtədə edilməsi vacib olan bir açıqlama varsa, o da budur ki, dinin təzyiqi yeni çağda da elmə öz təsirini göstərmişdir. Bu səbəbdən, bir çox filosof və riyaziyyatçı kəşflərini sərbəst dilə gətirə bilməmişdir. Buna görə də, astronomiya daxil olmaqla, bir çox elm sahəsində irəliləyişlər çox gec həyata keçirilmişdi.

– Göy cisimlərinin görünən hərəkətləri –

Qədim çağlardan bəri insan göy üzündəki hərəkətlərə məna verməyə çalışmış və bu hərəkətlərin izahını verməyi sınamışdır. Mesopotamiyalılar göy üzündəki bu hərəkətləri hesab və cəbr əsasında açıqlamağı bacarmışlar, lakin astronomiyanı həndəsə ilə əsaslandıra bilən və həndəsi modellərlə göy üzündəki hərəkətləri açıqlayan ilk sivilizasiya qədim yunan mədəniyyəti olmuşdur. Bu dönəmdə Evdoks  və Aristotel  planet hərəkətlərinin hesabını verə bilmək üçün “ortaq mərkəzli kürələr”i mənimsəmişlər. Lakin göy üzündəki nizamsız hərəkətləri müəyyən dərəcəyə qədər açıqlamaq lazım idi. Sistem, xüsusilə, planetlərin Yerdən uzaqlıq dəyişikliklərinin hesabını verə bilmirdi. Buna görə də, e.ə. 150-ci illərdə Ptolomey  tərəfindən tamamilə fərqli bir sistem təkmilləşdirildi. Buna görə, planet bir dairə çevrəsi ətrafında (planetar) hərəkət edirdi. Bu dairənin mərkəzi də Yerdən fərqli olan daha böyük bir dairə (ekssentrik və ya deferent) üzərində yerləşirdi. Riyazi baxımdan bu sistem mükəmməldir. Yəni diqqətlə müşahidə edilən hazırki hərəkətlərin nümunəsi istifadədəki qaba vasitələr tərəfindən təmsil edilənlə eyni idi. Ancaq sistem aristotelçi fizika ilə tam olaraq uyğunlaşmırdı. Ptolomey  astronomiyasının bu fiziki təməldən məhrum olması önəmli bir problem yaratmış və bəzi astronomlar bu problemi aşmaq üçün Ptolomey  astronomiyasının təməl qurğuları olan planetar və eksantrik qurğuları fiziki bir təmələ uyğunlaşdırmağa çalışmışlar. Beləcə, XIII əsrdə Aristotel  və Ptolomeyin kosmik düşüncələri arasında bir seçim etmək gündəmə gəlmişdir. Bu seçim kontekstində isə, İslam astronomlarının “kürə layları sistemi” adı verilən astronomik bir sistemi mənimsədikləri görülməkdədir.

Ptolemey (Ptolemy)

 

– Nəticə –

Qədim yunan sivilizasiyası filosofların çox olduğu bir cəmiyyət idi. Belə bir vəziyyətdə bu filosoflar, eyni zamanda, elmlə də maraqlanırdılar və bu elmlərin  başında riyaziyyat ilə astronomiya gəlirdi. Astronomiyanın bu torpaqlarda inkişaf etməsinin ya da öncəliklə burada ortaya çıxmasının səbəbi insanların göy üzünə olan marağı və din adamlarının etdiyi bəzi məntiqsiz mülahizələr idi. Hər nə qədər din təzyiqləri hökm sürsə də, astronomiya ilə bağlı işlər görülməyə başlandığı zaman din adamlarının bir çoxunun səhvləri ortaya çıxırdı.
Qədim yunan sivilizasiyasındakı bir çox astronomların həm də Mesopotamiya və islam cəmiyyətləri ilə qarşılıqlı əlaqədə olduğunu bir başqa nəticə olaraq əldə edə bilərik.
Parmeniddən (Parmenides) başlayaraq, qədim Yunanıstanda edilən bir çox çalışma Günəş sisteminin doğru bir modelini çıxara bilməyə istiqamətlənmişdir. Biz buna Günəş sistemi desək də, o dönəmdə insanlar kosmosun modelini yaratdıqlarını sanırdılar. O günlərdən sonra astronomiya sahəsində müntəzəm olaraq fizika və kimya üsullarından yararlanaraq kosmos üzərindəki bilgilər təkmilləşdirildi. Uzaqdan kimyəvi analiz, ulduzlarda yaranan nüvə reaksiyalarını araşdırmaq cəhdləri bir çox elm sahəsində çalışan alimlərin əməkdaşlığı və müşahidəçilərin olduğu qədər nəzəriyyəçilərin də köməyi ilə həyata keçirildi.

*presesyon hərəkəti :Dünyanın 23.7 dərəcəlik bir bucaqla etdiyi hərəkət

Mənbə:  http://dsozen.com/docs/Eski_Yunan_Uygarligi’nda_Astronomi.pdf

 

Redaktə etdi:  Şəfiqə Babayeva

CAVAB YAZ

Zəhmət olmasa şərhinizi daxil edin!
Zəhmət olmasa adınızı buraya daxil edin