Qəhvəni teoremə çevirən miskin riyaziyyatçı – Paul Erdös

0

“Riyaziyyatçı qəhvəni nəzəriyyəyə çevirən bir qurğudur”

1913-cü ildə riyaziyyatçı bir ailənin övladı olaraq Budapeştdə dünyaya gələn Pal Erdöş (Paul Erdös) 20- ci əsrin ən önəmli riyaziyyatçılarındandır. Hələ 18 aylığında, rusların Budapeştə hücumu zamanı atası Sibirə sürgün edilir. Bir neçə il sonra 3 və 5 yaşı olan qızlarını “su çiçəyi” xəstəliyindən itirən anası keçici xəstəliklərə görə Erdöşü ibtidai məktəbə göndərmir və təhsilini öz üzərinə götürür.

Erdöş 17 yaşında Budapeşt Universitetinə daxil olur və 4 il ərzində riyaziyyat doktorluğunu alaraq, işləmək üçün İngiltərəyə gedir. Lakin 1938-ci ildə Hitler Avstriyaya girir və gənc riyaziyyatçı Amerikaya getməli olur. Heç evlənmir, evi olmur və bütün şəxsi əşyaları bir çamadanın həcmini aşmır. Qazandığı bütün mükafatları yoxsullarla və ehtiyac sahibi olanlarla paylaşır və ya riyaziyyat problemlərini həll edənləri mükafatlandırır. Erdöş konfransdan-konfransa gəzir, tez-tez həmkarlarının evinə qonaq gedir, orada ev sahibi ilə bir iki riyaziyyat problemi həll edir və başqa bir həmkarının evinə keçir. Həddindən artıq qəhvə istehlakı, kofein həblərindən istifadə səbəbiylə çox az yataraq, gündə 19-20 saat işləyir. Pal Erdöş (Paul Erdös) riyaziyyat tarixində ən çox məqalə (1525) nəşr edən riyaziyyatçıdır. Eyni zamanda 500 fərqli riyaziyyatçı ilə birgə yazı yazaraq ən çox alimlə işləyən professor olmağı da bacarıb.

1970-ci ildə 55 yaşındaykən, adının sonunda PGOM hərflərini əlavə etməyə başladı. Bunlar “Poor Great Old Man” ,yəni “Miskin böyük qoca adam”sözlərinin başlanğıcıdır.

Erdöş 1971-ci ildə sıx əlaqədə olduğu anasını itirdikdən sonra depressiyaya düşür və həyatının davamında yalnız riyaziyyata yönəlir.

(Pal Erdöş anası ilə)

83 yaşında Varşavada bir riyazi konfrans zamanı vəfat etdikdən bir neçə saat əvvəl maraqlı bir həndəsə problemini həll edib və adının sonuna daha iki hərf: “ND” (Never Dead – Əsla ölməz) əlavə etmişdir.

Pal Erdöş (Paul Erdös) rəqəmləri

Ölümündən sonra Erdöşün şərəfinə bütün riyaziyyatçılara “Erdöş rəqəmi” verilib. Belə ki, Erdöşün öz rəqəmi 0 (sıfır), onunla məqalə yazanların 1, onunla məqalə yazanlarla məqalə yazmış olanların rəqəmi isə 2-dir. Albert Eynşteynin (Albert Einstein) rəqəmi 2, fizika, tibb və kimya üzrə Nobel Mükafatı alanların “Erdöş rəqəmi” isə 5-dir.

Müəllif: Turqut Ağayev

Redaktə etdi:Ziya Mehdiyev

Mənbə: S.Ulam, Adventures of a mathematician, seribner`s, 1976,   bilimoloji.com

 

 

CAVAB YAZ

Zəhmət olmasa şərhinizi daxil edin!
Zəhmət olmasa adınızı buraya daxil edin