Qeyri-verbal ünsiyyət vasitələri haqqında

0

Ünsiyyət mübadiləsində xüsusi rol oynayan qeyri-verbal ünsiyyət vasitələri ilə tanış olaq:

  1. Mimika– yunanca “mimos” sözündən götürülmüş, simanın dəyişdirilməsi, təqlid deməkdir. Mimika sifət əzələlərinin dinamik ifadəsi kimi özünü göstərir. Qaş, göz, yanaq, dodaqlar və s. sifətin bu və ya digər dərəcədə lokal mimika sahələridir. Ekman tərəfindən müəyyən edilmişdir ki, mimikanın 7 əsas sifət konfiqurasiyası var. Onlar müvafiq olaraq yeddi emosiyanı ifadə edirlər. Sifətin ən ifadəli əlamətləri dodaqla qaş (ağız ilə göz) sahəsində yerləşir. Bu sahəyə əsas mimika sahəsi deyilir. Mimika insanın sifətinin təkrarolunmaz fərdiyyətini əks etdirir. Onun əsas funksiyası sifətin ekspressiyalarında insanın- emosiya və hisslərini ifadə etməklə şərtlənir.

Son zamanlar vizual ünsiyyət –  ( gözlərin təması) problemi diqqəti daha çox cəlb edir. Gözlərin, görünən, özünəməxsus “əlifbası” var. Anatomik baxımdan gözlər nə qədər müxtəlif olsalar da, onların kodları, başqa sözlə, psixosemantikası baxışların, necə deyərlər, rəqsində açıqlanır.

  1. İntonasiya ünsiyyətin başlıca akustik vasitəsidir. Ünsiyyət prosesində kommunikatorun resipientə münasibəti bilavasitə onun intonasiyasında əks olunur. Onun ekspressiv -emosional funksiyası önəmlidir. İntonasiyanın bu funksiyası xüsusi məntiqi vurğu, pauza və s. akustik vasitələrlə qaynaqlanır.

 

  1. Kinesika – “bədən hərəkətlərinin dili”  kimi meydana çıxır. İnformasiya mübadiləsində onun kodları jestlər vasitəsilə açıqlanır.

 

  1. Proksimika ( latınca proximity-yaxınlıq deməkdir) insanın şəxsi məkanı kimi ünsiyyət prosesində özünəməxsus rol oynayır. İnsan bu məkanı özününkü hesab edir və hətta onu bir növ fiziki bədəninin davamı sayır. Ünsiyyət prosesində ya kimisə özümüzə yaxın buraxırıq, hətta qolumuza gətirməsinə imkan veririk, ya da kimisə özümüzə yaxın buraxmırıq – şəxsi məkanın hüdudları ünsiyət prosesində subyektiv olaraq belə müəyyən olunur. Bu yolla insan başqa adamlarla özü arasında ünsiyyət üçün intiutiv ölçülərlə əlverişli və ya münasib olan özünəməxsus psixoloji məsafə yaradır. “Yaxınlıq-uzaqlıq” , “isilik-soyuqluq” psixoloji məkanın emosional parametrləri belədir.

 

Allan Piz psixoloji məsafənin aşağıdakı zonalarını müəyyənləşdirib:

  1. İntim zona ( 15 sm-dən, 46 sm-ə qədər) – xüsusi bufer zonasıdır, bu zonaya ancaq ən yaxın emosianal təmasda olan adamlar nüfuz edə bilər. Yad adamın bu zonaya daxil olması kəskin emosional reaksiyalarla müşayət olunur.
  2. Şəxsi zona ( 46 sm-dən, 1,2 m-ə qədər) – dostlar üçün optimal ünsiyyət sahəsidir. Bu sahədə dostların bir-birinə toxunması mümkündür.
  3. Sosial ünsiyyət zonası – (1,2 m-dən, 3,6 m-ə qədər) işgüzar ünsiyyət üçün səmərəli sahədir.
  4. Kütləvi zona (3,6 sm-dən daha çox) ictimai yerlərdə bir-birini tanımayan adamlar arasında səmərəli sahədir.

Bu zonalardan hər birinin özünəməxsus ritualları və etalonları var. Onlar,  bir tərəfdən ünsiyyət mədəniyyətinin səviyyəsini və hər bir zonanın tabularını, qadağan çalarlarını müəyyənləşdirir, digər tərəfdən gender fərqləri ilə şərtlənir.

Qeyri-verbal kommunikasiya vasitələrinin fenomenologiyası belədir. Onların ünsiyyət prosesində rolu necə qaynaqlanır? İnformasiya mübadiləsində qeyri-verbal ünsiyyət vasitələrinin rolu əvəzsizdir. Gözlərin təması, isti və ya soyuq baxışlar ünsiyyət məqamında nələri demir ? İnsanın şəxsi məkanında da elə bu istilik və ya soyuqluq çalarları bilavasitə bərq vurur. Əllərin rəqsinin ünsiyyət məqamında öz əlifbası var.

E.Aronson, T.Uilson və R. Eykertin qeyd etdikləri kimi, homo sapiensin ən böyük uğuru məhz dilin yaranması ilə bağlıdır. Lakin, bununla belə, bizim tələffüz etdiyimiz sözlər hələ “tam” mənzərə yaratmır. Qeyri-verbal kommunikasiya bir çox hallarda bizə sözlərə nisbətən daha çox məlumat verir.

Bu, necə deyərlər, iki tərəfli prosesdir: insanlar, bir tərəfdən,  özünün gündəlik həyatında sifətin ifadəsi, səsin tonu, jestlər, poza və bədən hərəkətləri, təmas və baxışlar kimi qeyri-verbal ünsiyyət vasitələrindən istifadə edirlər. Digər tərəfdən, başqa adamların qeyri-verbal davranışını elə onların ölçüləri ilə qiymətləndirirlər. Müəlliflər bu məsələni açıqlamaq üçün əsasən Don Arçer və Robin Akertin test araşdırmalarına diqqəti cəlb edirlər.

Don Açerv, Robin Akert tədqiqatda 20 səhnədən ibarət olan filmdən istifadə etmişlər. Hər səhnə təxminən 1 dəqiqə davam edir, adamların real qarşılıqlı təsirini əks etdirir. Səhnələrdən biri belədir: iki qadın körpə ilə oynayır. Təcrübədə iştirak edənlər bu qadınlardan hansının uşağın əsl anası olduğunu müəyyənləşdirməlidir. Doğrudan da , bu qadınlardan biri uşağın əsl anasıdır. Lakin o, bu haqda bir kəlmə də kəsmir, uşağın anası olduğunu demir , ancaq o biri qadınla birlikdə uşaqla oynayır. Bundan başqa, qadınlar da səhnənn interpretasiyasının mahiyyətini bilmirlər.

Təcrübədə iştirak edənlər səhnədə ancaq qadınların qeyri-verbal davranışına diqqət verməli və onu düzgün şərh etməlidirlər, yəni uşağın əsl anasının kim olduğunu müəyyənləşdirməlidirlər. Təcrübə zamanı aydın oldu ki, 1400 nəfərdən çox iştirakçının 64%-i müvafiq səhnəni  düzgün şərh etdilər. Onlar buna necə nail olmuşdular? Test materiallarının təhlili göstərir ki, iştirakçılar qeyri-verbal kommunikasiya kanallarından aşağıdakı kimi istifadə etmişdilər

  • Əsl ana uşaqla söhbət edərkən onun səsinin tonu o biri qadının səsinin tonu ilə müqayisə etmişlər.
  • Qadınlar uşağı qucaqlarında tutanda onların pozasına və bədəninin vəziyyətinə diqqət yetirmişlər.
  • Onların uşaqlara necə baxmasına , uşağın ona necə baxmasına məna vermişlər.
  • Əsl ananın və kənar qadının uşağı qucağına necə almasına , onu necə oynatmasına da əhəmiyyət vermişdilər.

Qeyri-verbal kommunikasiya mürəkkəb prosesdir və müxtəlif amillərlə ilk növbədə , şəxsiyyət amili ilə şərtlənir. Müəyyən edilmişdir ki, introvertlərə  nisbətən ekstrovertlər qeyri-verbal kommunikasiyanın kodlarını daha dəqiq açıqlayırlar. Bu prosesdə gender fərqləri də önəmli rol oynayır. Məlum olduğu kimi qeyri-verbal kommunikasiyanın kodlarını qadınlar kişilərə nisbətən daha yaxşı oxuyurlar, lakin bununla belə , araşdırmalar göstərir ki, onlar qeyri-verbal siqnallardakı yalanı kişilərə nisbətən çox vaxt dəqiq ayırd edə bilmirlər. Qadınları, görünür, öz hissləri asanlıqla aldadır.

Mənbə: Sosial pısixologiya (2003)

Redaktə etdi: Şəfiqə Babayeva (24.11.2017)

CAVAB YAZ

Zəhmət olmasa şərhinizi daxil edin!
Zəhmət olmasa adınızı buraya daxil edin