Qlobal İstiləşmə

0

Ola bilər ki, insan oğlu fərqində olmadan sivilizasiyanın tullantıları hesabına planetimizin iqlimini dəyişir.

Atmosferə daş kömür, neft və digər yanacaq vasitələrinin yandırılması hesabına karbon qazı ayrılır.

İqlimi dəyişdirən istixana effekti qeydə alınmışdır.

Bəs temperaturla nə baş verir?

Dünya okeanlarının səviyyəsi qalxır.

2013, 2014, 2015-ci illər tarixdə ən isti illər kimi qeyd olunub.

“Yer planeti kainata nisbətdə balaca bir gəmidir. Əgər o batsa biz hamımız məhv olacağıq.”

Qlobal istiləşməni dərk etmək üçün öncə  istixana effektini aydınlaşdıraq.

Yeqin ki, hər birimiz istixanalar haqqında eşitmişik. İstixanalar şüşədən və ya şəffaf örtükdən ibarət olan bağlı yerlərdir. İstixana daxilində hər zaman isti hava şəraiti olur. Çünki Günəş şüaları şüşədən asanlıqla keçir ve yer səthini qızdırır. Yer səthi isə öz növbəsində istilik şüaları buraxır ki, həmin şüalar şüşədən çox çətinliklə keçir. Ona görə də istixananın daxili xaricinə nisbətən isti olur.

Bizim planetimizdə də bu effekt müşahidə olunur, lakin qlobal şəkildə. Milyard illər ərzində günəş enerjisi planetimizin səthində azot və oksigen qarışığını formalaşdırmışdır. Bundan əlavə, Yerin  atmosferinə karbon qazı və su buxarı da daxil olur. Elə həmin qazlar istixanadakı şüşə rolunu bizim planetimiz üçün oynayır. Bu qazlar Yer üçün sanki bir örtük əmələ gətirir və hal-hazırda bu planetdə yaşamağımız üçün şərait yaradır.

“İstixana  effekti” ilk dəfə  Jozef Furye tərəfindən aşkar olunmuşdur və Svante Arrenus tərəfindən öyrənilmişdir.

Əsas istixana qazları:

Qaz                      formula                   faiz

Su buxarı             H2O                       36-72

Karbon qazı          CO2                        9-26

Metan                    CH4                         4-9

Ozon                        O3                          3-7

“İstixana effekti” Yer planetində yaşayan canlıları qorusa da, havada karbon qazının çoxluğu və iri senaye zavodları tərəfindən buraxılan karbon və metan qazları  bu effektin güclənməsinə səbəb olur. Yer səthi görünən günəş şüalarını infraqırmızı şüalara çevirərək onu kosmosa ötürür. “İstixana effekti” isə buna mane olur və bir hissəsini Yer səthində saxlayır. Atmosferə istixana qazlarını əlavə edərək bəşəriyyət həmin infraqırmızı dalğaların atmosferdə tutulub saxlanılmasına şərait yaradır və bu da Yer səthində temperaturun kəskin şəkildə artmasına gətirib çıxarır.

Bunu bilməliyik ki, iqtisadiyyatımız əldə olunan yanacaqların üzərində qurulub. Bu, neft, daş kömür və təbii qazdır. Neftdən demək olar ki, bütün nəqliyyat vasitələri istifadə edir. Kömür və təbii qazdan isə elektroenerjinin çox hissəsi. Ona görə də həmin yanacaq vasitələrinin alınmasının ən radikal və təhlükəli üsullarına keçirik. Biz meşələri məhv edir, göl və dənizlərdə suyu çirkləndiririk. Bu isə ətraf mühitə öz təsirini göstərir.  Yer planetində 3 böyük tropik meşə qalmışdır. Bunlara Cənubi Amerikada Amazon, Afrikada Konqo ətrafında və İndoneziyanın cənub-şərqindəki tropik meşələr aiddir. Palma yağı almaq üçün İndoneziyada 80% meşələr məhv edilmişdir.

2008-ci ildə atmosferə 8,67 milyard ton karbon (31,5 mlrd ton karbon qazı) buraxılmışdır. 1990-cı ildə isə bu  rəqəm 6,14 mlrd idi.

İstiləşmə ən çox Arktikada müşahidə olunur və buzlaqların əriməsinə səbəb olur. 50 il ərzində Arktikada daimi şaxta qatının temperaturu -10 dərəcədən -5 dərəcəyə qədər qalxmışdır. Arktik buzlaqların sahəsi isə 1970-ci ildən 2002-ci ilədək 25%, qalınlığı isə 1,3m azalmışdır (təxminən 2 dəfə). Bunun nəticəsində isə həmin ərazidə yaşayan canlılar yox olmaq riski ilə üzləşir.

İstiləşmə, həmçinin, Arktikanın materik hissəsində-Alyaskada, Kanadanın şimal-qərbində, Şimal buzlu okeanın Asiya sahillərində ən çox nəzərə çarpır.  Məsələn, Baffin torpağında (Kanadanın arktik arxipelaqına daxildir) yaşayan əhali iqlimin istiləşməsini artıq hiss edir.

“Əvvəllər burada qalın buz təbəqəsi vardı. İndi isə həmin buz təbəqəsi əriyir və bu son zamanlar daha sürətlə baş verir. Burada qar artıq dondurmaya bənzəyir”

1970-ci ildə dağ buzlaqlarının əriməsinin xəritəsi
1970-ci ildə dağ buzlaqlarının əriməsinin xəritəsi

Arktika şimal üçün kondisioner rolunu oynayır. əgər o yox olsa, hava axınının istiqaməti dəyişəcək. Quraqlıq və daşqınlar isə daha kəskin olacaq.

İstixana qazlarının miqdarının dəyişməsi nəticəsində getdikcə dünya okeanlarının səviyyəsi qalxır. Şimal buzlu okeanın səviyyəsinin qalxması bir çox iri şəhərlərə təhlükə yarada bilər. İngiltərənin şərq hissəsi və İrlandiya, həmçinin, Almaniya, Belçika və Danimarkanın şimal hissələri bu təhlükə ilə üzləşə bilər. Amerika Birləşmiş Ştatlarının da Nyu-york, Mayami, Vaşinqton kimi şəhərləri bu sıraya daxildir.

Kiribati (Sakit okeanda yerləşən adalar dövlətidir) respublikası tamamilə suyun altında qalmaq təhlükəsi ilə üzləşir.

“Hal-hazırda biz çalışırıq ki, əhalini suyun basmadığı ərazilərə köçürək. Lakin reallığı nəzərə almaq lazımdır.Biz əhalinin hamısını köçürə bilməyəcəyik. Fici ərazisindən torpaqlar almışıq. Əhali istəsə, oraya köçə bilər. Bu onların öz seçimidir”. –Kiribati respublikasının prezidenti.

Bəzi kiçik ada dövlətləri vardır ki, mövcud iqlimə çox da təsir etməməsinə baxmayaraq, onlar daha çox qlobal istiləşməni hiss edirlər.

Müasir vulkanizm də orta hesabla ildə 2 mlrd. ton karbon qazının ayrılmasına  gətirib çıxarır. Lakin iri vulkan püskürmələri çox nadir hallarda, yüz ildə bir neçə dəfə baş verir. Bu da öz növbəsində karbon dioksidin (CO2) atmosfer havasında külli miqdarda toplanmasına o qədər də təsir etmir. Məsələn, 1783-cü ildə Laki vulkanının püskürməsi nəticəsində 90, 1815-ci ildə Tambora vulkanının püskürməsi nəticəsində təxminən 48 mln. ton karbon qazı ayrılmışdır.

Bəs nə üçün biz bunu o qədər də hiss etmirik? Yaxud da deyə bilərik ki, axı bu il keçən ilə nisbətən soyuq idi.

Bu sualın cavabı olaraq onu demək istərdim ki, iqlim sabit olduğu halda, hava hər zaman dəyişə bilər. Bu gün isti, sabah bundan daha soyuq ola bilər və s. Lakin iqlim uzun illər ərzində müəyyən ərazidə formalaşır və sabit qalır. Məsələn keçən ilin bu ildən daha soyuq olması iqlimin soyuması demək deyildir.

İllər ərzində temperatur dəyişikliyi bu qrafiklərdə daha aydın şəkildə göstərilmişdir.

 

Yanacaqların yandırılması və sement istehsalı nəticəsində CO2-nin emissiyası.

    Mənbə:

  1. https://climate.nasa.gov
  2. https://hi-news.ru/science/chto-takoe-globalnoe-poteplenie-kak-zharko-mozhet-stat-na-zemle.html
  3. http://kharkov.dozor.ua/news/obwestvo/nauka/1165956.html
  4. http://www.davidsuzuki.org/issues/climate-change/science/climate-change-basics/climate-change-101-1

Redaktə: Zumrud Karimova

CAVAB YAZ

Zəhmət olmasa şərhinizi daxil edin!
Zəhmət olmasa adınızı buraya daxil edin