Qustav Klimt – “Öpüş”

0

Rəssam: Qustav Klimt

Əsərin başlanğıc tarixi: 1907

Əsərin tamamlanması: 1908

Saxlanıldığı yer : Belvedere qalereyası, Vyana

Həqiqi ölçüsü:  180 x 180 cm

Dövr: Qızıl dövr

Üslub: Yeni sənət/Art Nouveau

Texnika: Yağlı boya

Material: Kanvas

“Öpüş” (The Kiss) Klimtin (Gustav Klimt) “Qızıl dövrü” (The Golden Period) adlandırılan, əsərlərində qızılı rənglər istifadə etdiyi dövrünə aid ən mükəmməl əsərlərindən biri sayılır.
Qustav Klimtin qardaşı Ernst (Ernst Klimt) 1891-ci ildə Helen (Helene Flöge) ilə evlənmiş, lakin 1901-ci ildə vəfat etmişdir. Klimtin bu vəsiləylə tanıdığı Helenin bacısı Emili Luis ( Emilie Louise) bu əsərdə təsvir olunan qadındır. Bu məlumatın düzgün olub-olmadığı bilinməsə də, Klimtin Emiliyə aşiq olduğu danılmaz faktlardandır.
Sadə kompozisiyadan ibarət olan əsərin böyük hissəsini bir-birini qucaqlayan cütlük tutur. Kişinin qadın üzərindəki fiziki təsiri əsərdə özünü göstərir. Kişinin boynunun uzanış forması və qadını tutuşu, sahib olduğu ehtirası qadın üzərində ağalığa çevirmişdir. Cütlüyü əhatə edən qızılı rəng qədim dövrün kilsə rəsmlərində vurğunu artırmaq üçün qızılı rəngin istifadə texnikasından təsirlənmişdir. Əsərdəki qadın fiqurunun başındakı halə dövrün Klimt üzərindəki təsirini əks etdirir. Lakin bu halənin saf, ilahi halədən çox dünyanın içindən, torpaqdan yaranan bir halə olduğunu görürük . Bu halə güllərdən hazırlanıb. Kişinin başında da yarpaqlardan hazırlanmış halə və ya tac vardır.
Sarı rəngli uzun geyimdə olan adam və qadın sanki tək bədəndə birləşmişdirlər. Üstlərindəki sarı örtük cütlüyü örtür və onların bütünlüyünü möhkəmlədir. Cütlüyün qucaqlaşması adi bir qucaqlaşma deyil, olduqca emosional bir birləşmədir. Qadına nisbətən daha tünd dərili və saçlı təsvir edilmiş enlikürək kişi qadının üzünü əli ilə tutub və ehtirasla onu öpür. Açıq dərili və qızılı saçlı qadın isə kişinin qollarında öpüşün təsiri ilə gözlərini bağlı, özünü itirmiş və təslim olmuş kimi təsvir olunub. Bir tərəfdən əlini kişinin boynuna dolasa da, digər tərəfdən zərif şəkildə əlini tutur. Kişinin üzü görünmür. Dizlərinin üzərində duran qadının başına qədər bədəni dik durur. Başı isə yana əyilmişdir. Öpüşdə adamın qadını bu qədər bərk və sərt tutması qadının kişini istəməməsi kimi şərh olunsa da, bu fikri yanlış çıxaracaq məqamlar vardır. Biri qadının bədənini kişiyə söykəyib əlini boynuna dolaması, digəri isə qadının sıxılan ayaq barmaqlarıdır. Bunlar ehtirasın gizlədilə bilməyən göstəricilərindəndir.
Qadının zərifliyi, adamın hakimiyyətinin  tamamilə cinsiyyət üzərinə qurulduğu barizdir. Belə ki, cütlük naxışlarla, dekorasiyalarla bəzədilmiş fövqəltəbii bir eşq bağçasındadır. Qadını geyimi və saçları, yazı xatırladan rənglər və çiçək naxışlarıyla bəzədilmişdir. Ilk baxışda bütöv görünən kişi və qadın vücudlarına yaxından nəzər yetirdikdə, əslində, fərqli olduqlarını görürük. Kişinin saçlarındakı yarpaqlar, geyimindəki düzbucaqlı mozaik şəkillər onun bədənini qadından ayıran hissələrdir.
Klimt burada iki fərqli cinsiyyətin arasındakı fərqi vurğulamışdır. Yəni qadın dünyası nə qədər yumşaq, kövrək və qeyri-müəyyəndirsə, kişi dünyası o qədər kəskinliyi və düzgünlüyü simvolizə edir.
Qadının əynindəki çiçəkli geyim yerdəki çiçəklərlərlə uyğunlaşır və qadın obrazını “Ana Torpaq”la əlaqələndirir. Hər ikisinin geyimi də qızılı tonlardadır. Rənglərin uyğunluğu bir-birindən fərqli görünən fərdləri eşqin gücü altında tək bədənə çevirir. Cütlükdən ətrafa saçılan eşq, sanki üstlərindən yerə tökülən qızılı iplərlə torpağa qarışır və rəngarəng çiçəklərə can verir.  Qadınla kişinin ayağının altındakı çiçəklər təbiətin məhəbbətin ayaqlarının altında olmasının Klimtcə şərhidir. Digər tərəfdən arxa plan, yəni cütlüyün kənarındakı sahə yenə qızılı rəngdədir. Bu boş arxa plan məhəbbətin zamansız və məkansız olduğunu vurğulayır.
Klimtin əsərlərində, adətən, cazibədar, “femme fatale” (fr. fəlakətə səbəb olan qadın) tip qadın obrazları görməyə öyrəşsək də, bu əsərdə qəribə şəkildə təslim olan, passiv bir qadın vardır. Lakin buna baxmayaraq Klimtin əsərlərində vurğulanan erotizm bu əsərdə də görünür. Rəsmdən gələn gizli erotizm və şəhvət qucaqlama, əllərin toxunuşları, qadının üzündəki ifadə və öpüşlə özünü büruzə verir.

Mənbə: https://birazresimtaniyalim.blogspot.com.tr/2015/07/opucuk-kiss.html?m=1

https://www.arthipo.com/artblog/unlu-modern-tablolar/gustav-klimt-eserleri-opucuk.html

https://www.sanatabasla.com

Redaktə etdi: Lalə Yusifova

 

 

CAVAB YAZ

Zəhmət olmasa şərhinizi daxil edin!
Zəhmət olmasa adınızı buraya daxil edin