İnsan  gününün orta hesabla  1/3 hissəsini yataraq keçir. Günün bu hissəsinin önəmli tərəfi isə yuxugörmədir. Əgər orta həyat müddətini 70 il götürsək, insan bunun təqribən 23 ilini yatır. Yatılan 23 ilin 8 ilini isə yuxugörmə təşkil edir. Ümumiyyətlə , yuxugörmə yatmış insanın şüurunda yaranan obrazların (taktil , vizual , eşitmə və s.) subyektiv qəbul edilməsidir. Yəni eyni bir obrazı müxtəlif insanlar müxtəlif tərzdə qəbul edir. Yatmış insan çox vaxt yuxu gördüyünün fərqində olmur , baş verənləri obyektiv reallıq kimi qəbul edir.  Adətən yuxugörmələr tez yuxu fazası (REM- rapid eye movement, sürətli göz hərəkəti fazası) ilə əlaqələndirilir.  Göz bəbəklərinin sürətli hərəkəti bu fazanın səciyyəvi xüsusiyyəti olduğuna görə bu fazaya sürətli göz hərəkəti fazası deyilir. Bu fazada insan beyni ləng yuxu fazasından fərqli olaraq daha aktiv olduğuna görə yuxugörmənin baş verdiyi fərz olunur. Lakin müasir araşdırmalar göstərir ki , yuxugörmə ləng yuxu fazasında da baş verə bilər , amma bu yuxular daha qısa və az emosional olur.

Baxmayaraq ki hamı yuxularını xatırlamır , bütün insanlar yuxu görməyi bacarırlar. Bəzi insanlar yuxuları solğun xatırlayırlar , digərlərinin yuxuları  isə yaddaşda çox parlaq qalır. İnsanların çoxu ağ-qara yuxular görür. Bunun səbəbi yuxuda görülənlərin rənglərinin (hətta ağ və qara rənglərin də) yox, yalnız obrazlarının qəbul edilməsidir.  Rəngli yuxuları adətən uşaqlar və inkişaf etmiş təxəyyüllü insanlar görür.

Öncə qeyd etdiyim kimi insanlar adətən yuxu gördüklərinin fərqində olmurlar. Lakin yuxugörmənin xüsusi bir növü var ki, bu zaman insan yuxu gördüyünü, yatdığını anlayır. Bu zaman bəzən yuxuları idarə etməyə nail olan insanlar da var. Bu fenomen şəffaf yuxugörmə (lucid dreaming) və ya idarəolunun yuxugörmə adlanır.

Şəffaf yuxular haqqında ilk qeydlər antik Yunan yazılarında tapılıb.  Perqamonlu Qalen şəffaf yuxuları müalicə üsulu kimi istifadə edirdi. E.Ə 415-ci əsrdə Müqəddəs Avqustin Hippo tərəfindən yazılmış məktubda şəffaf yuxular görməyi bacaran Doktor Gennadiusun hekayəsindən bəhs olunurdu. Şərq mədəniyyətlərində isə yuxugörənlərin şəffaf yuxu qabiliyyəti inkişaf etdirilir. Bu həm Tibet buddist mədəniyyətinə, həm də induizmə aiddir. Şəffaf yuxu terminini elmə  1913-cü ildə  “Yuxuların öyrənilməsi” məqaləsində holland psixiatrı və yazıçısı Frederik van Eeden gətirmişdir.

Frederik van Eeden

Həmin məqalədən bir parça:

“1904-cü il Sentyabrın 9-u yuxumda pəncərənin qarşısındakı stolun önündə dayanmışdım. Stolun üstündə müxtəlif əşyalar var idi. Mən tamamilə yuxu gördüyümü və hansı təcrübələri apara biləcəyimi anlayırdım.  Stolun üstündəki şüşəni daşla qırmağa çalışdım. Bir parça şüşəni 2 daşın üstünə qoyub başqa daşla vurdum. Şüşə qırılmadı. Sonra mən  nazik şərab badəsini götürüb onu yumruğumla vurdum. Parallel olaraq real həyatda bunun necə təhlükəli ola biləcəyini düşünürdüm. Şüşə yenə də qırılmadı. Amma mən bir müddət sonra ona baxanda o qırıq idi.  Bəli, şüşə qırıldı, lakin bir az gec qırıldı, öz çıxışını qaçırmış aktyor kimi gecikdi.  Bu mənə  kiçik səhvləri olsa da çox gözəl yaradılmış yalançı dünyada olduğumu izah etdi.”

 Şəffaf yuxu zamanı beyində nə baş verir.

Nevroloq Allan Hobson şəffaf yuxugörmə zamanı beyində nə baş verdiyini fərz edib. İlk addım insanın yuxu gördüyünü dərk etməsidir. Bu dərketmə arxa-yan alınönü qabıqda baş verə bilər. Maraqlısı odur ki, beyinin bu hissəsi tez yuxu fazasında işlək olmayan bir neçə hissədən biridir. İşlək yaddaş burda yerləşir. Yəni  beyin qabığının bu hissəsi aktivləşəndə insan yuxu gördüyünü anlayır və onu yadında saxlamağa başlayır.  Bu zaman beynin badamabənzər cisimciyi və dəniz atı qırışı da qismən aktivləşir. Yuxu hallüsinasiyalarının görülməsi intensivliyinin qorunması üçün beyin körpüsününvə təpə payının da aktiv qalması vacibdir. Elektroensefaloqramma və digər polisomnoqrafik ölçmələrlə alimlər göstərmişdirlər ki, şəffaf yuxugörmə tez yuxu fazasında başlayır. Həmçinin idarəolunan yuxuları görən insanlarda beta-1 tezlikli dalğalar üstünlük təşkil edir. Bu tezlikli dalğaların çoxluğu təpə paylarının aktivliyinin sübutudur. Təpə paylarının aktivliyi isə şəffaf yuxugörməni şüurlu prosessə çevirir.

Şəffaf yuxu gördüyümüzü necə təyin edək?

Yuxuları idarə etməyi hər bir insan bacara bilər. Əvvəldə də qeyd etdiyim kimi ilk mərhələ insanın yuxu gördüyünü dərk etməsidir. Bəs bunu necə təyin etmək olar?

Bunun cavabını idarəolunan yuxuların araşdırılması üzrə qabacıl psixofizioloq olan Stiven Laberj ( Stephen LaBerge) vermişdir. O, reallığı yuxudan ayırmaq üçün bir neçə sadə üsul qeyd etmişdir. Bunlar aşağıdakılardır:

  •  Yuxuda gördüyünüz məkanın reallıqdakı analoqundan fərqini tapmaq;
  • Ağız və burunu tutaraq nəfəs almağa çalışmaq. Mümkündürsə , bu yuxudur.
  • Hər hansı bir mətni 2 dəfə oxumağa çalışmaq. Mətn dəyişirsə bu yuxudur.
  • Bir neçə dəfə rəqəmsal saata baxmaq. Əgər vaxt dəyişirsə bu yuxudur. Məsələn saat birinci dəfə 13:50, ikinci dəfə 00:18 , üçüncü dəfə 18:22 göstərə bilər.
  • Reallıqda hər hansı bir məlumat daşıyan obyektə baxmaq. Yuxuda bu məlumat dəyişəbilər.
  • Bir dəqiqə əvvəlki hadisələri düşünmək. Əgər alınmırsa , bu yuxudur.
  • İşığı söndürüb yandırmağa çalışmaq. Adətən yuxuda qəribə effekt yaranır: işıq yansa da, ətraf qaranlıq olur.
  • Uzun müddət öz əllərinə baxmaq. Yuxuda onların forması dəyişməyə başlayır.
  •  Eyni qayda güzgüdəki əksə də aiddir.
  •  Hər hansı bir əşyaya və ya insana baxmaq. Bulanıqdırsa, bu yuxudur.

Şəffaf yuxugörmə harada tətbiqolunur?

Kabuslardan şəffaf yuxugörmə ilə müacilə olunmanın mümkün olduğu fərz edilirdi. İlk təcrübələr 2006-ci ildə aparılmışdır. Nəticə olaraq bu yuxugörmə sayəsində kabusların sayının azalması təsdiq edilmişdir. Bu müalicə insana yuxuları idarəetməyi öyrətməkdən və şəffaf yuxu tapşırıqlarından ibarətdir.

2012-ci ildə  B. Holzinger, G. Klösch, və B. Saletu ” Yuxuda dərketmə- kabuslara teraveptik müdaxilədir” adlı  psixoterapik araşdırma aparmışdırlar. Araşdırmada iştirak edən şəxslər 18-50 yaş arası, kabuslardan əziyyət çəkən 40 kişi və qadın idi. Onlara şəffaf yuxu görmək üçün təlimlər keçirilmişdi. Bu təlimlərin məqsədi kabus görərkən onu idarə etməyi bacarmaq idi.  Araşdırmanın nəticəsində subyektlər həftəyə 2-3 kabusdan aylıq 2-3 kabus görməyə nail olublar.

Mənbə:

  1.  Frederik van Eeden (1913). “A study of Dreams”
  2. Лаберж С., Рейнголд Х. Практика осознанного сновидения / Стивен Лаберж, Ховард Рейнголд.
  3. “Holzinger, B., Klösch, G., & Saletu, B. (2012). Cognition in Sleep – A Therapeutic Intervention in Patients with Nightmares and Post-Traumatic Stress Disorder.
  4. Spoormaker,-Victor-I; van-den-Bout,-Jan (October 2006). “Lucid Dreaming Treatment for Nightmares: A Pilot Study”. Psychotherapy-and-Psychosomatics.

 

2 ŞƏRH

CAVAB YAZ

Zəhmət olmasa şərhinizi daxil edin!
Zəhmət olmasa adınızı buraya daxil edin