Şəxsiyyətin psixologiyası

0

Müasir psixologiyada şəxsiyyət problemi.

Şəxsiyyət problemi elmin müxtəlif sahələrində çalışan alim və mütəfəkkirlərin illərlə diqqət mərkəzində dayanan mühüm problemlərdən biri olmuş və müasir dövrdə də öz aktuallığını saxlamaqdadır. Müasir psixologiyada şəxsiyyət, onun fəallığı, formalaşması, strukturu kimi məsələlər, ümu­miyyətlə,  şəxsiyyət anlayışının mahiyyəti barədə müxtəlif fikirlər irəli sürülür. Bu bir daha həmin problemin mürəkkəb və çətin olduğunu təsdiq edir.

İnsanlar təkcə gözlərinin rənginə, səslərinin tembrinə, barmaq izlərinə və s. görə deyil, şəxsiyyətlərinin xarak­teristikasına görə də bir-birlərindən fərqlənirlər. İnsanları göz­lərinin rənginə, səslərinin tembrinə və ya digər biofiziki xüsusiy­yətlərinə görə xarakterizə etməyə nisbətən, onları bir şəxsiyyət kimi xarakterizə etmək olduqca çətindir. Şəxsiyyət anlayışı mürəkkəb anlayışdır. Onun adekvat şəkildə anlaşılmasının çətinliyi bir sıra amillərlə bağlıdır. Həmin mühüm amillərdən bir neçəsini nəzərdən keçirək. 

1. İnsan şəxsiyyəti maddi və toxunula bilən, hiss edilən deyildir. O, bir sıra amillərin, şəraitin, imkanların və determinantların təsiri altında formalaşan psixoloji törəmədir.

2. İnsan şəxsiyyəti bir sıra amillərin təsirinə məruz qalsa da, yalnız onlardan asılı bir törəmə kimi şərh oluna bilməz, çünki o formalaşdığı həmin əsası dialektik olaraq rədd edir.

3. İnsan davranışının determinasiyasında şəxsiyyətin mühüm əhəmiyyət kəsb etməsi barədə çoxlu  nəzəriyyə və konsepsiya mövcuddur ki, bunların bir çoxunun «şəxsiyyət» anlayışını şərh etməsi ziddiyyətlidir.

4. Nəhayət, şəxsiyyəti anlamaq insan fenomenini anlamaqla birbaşa əlaqədardır. Şəxsiyyət yalnız o zaman insanın əsası, özəyi kimi, onun başlıca parametri, onun eyniləşdirmə vasitəsi kimi şərh oluna bilər ki, antropologiya və insan haqqında biliklər insanın öz təbiətini anlamaq səviyyəsinə yüksəlmiş olsun.

Lakin bütün bu qeyd olunanlar heç də şəxsiyyətin tədqiqi imkanlarının mümkün olduğunu rədd etməyə imkan vermir. Əksinə, şəxsiyyət problemi barədə son nəzəri və eksperimental tədqiqatlar onun öyrənilməsi imkanlarını artırır.

«Şəxsiyyət» sözü Azərbaycan, rus və ingilis dillərində maraqlı və faktiki olaraq eyni etimologiyaya malikdir. Azərbaycan dilində «şəxsiyyət» sözü öz əsasını ərəb sözü olan «şəxs» sözündən götürmüş və hər hansı bir konkret şəxsi, simanı bildirir. Rus dilində «şəxsiyyət» (личность) sözü də «litso», «liçina» (üz, sifət) sözləri ilə bağlıdır. İngilis dilində «şəxsiyyət» mənasını ifadə edən «personality» sözü öz əsasını iki latın sözündən – «per» və «sona» sözlərindən götürmüşdür ki, bu da bir növ «vasitəsilə danışır» mənasını ifadə edir. Sonralar qədim Yunanıstanda  və Rim imperiyasında bu söz teatr tamaşasında aktyorun «maskası» şəklində özünü büruzə vermişdir. Adətən, səhnə hərəkətindən asılı olaraq «maska» dəyişilir, aktyor rola daxil olur. Lakin yalnız xeyli vaxt keçdikdən sonra «persona» sözü hazırki dövrdə daşıdığı məna yükünü daşımağa başlamış, «personality» – «şəxsiyyət» mənasında işlənməyə başlan­mışdır.

Qeyd edilənlərdən göründüyü kimi, insanın şəxsiyyəti birbaşa və dolayı mənada onun siması, sifətidir. Birbaşa mənada insanın siması, sifəti onun başlıca identifikatorudur. Məhz onun xətləri, formaları, çevrəsi və digər xüsusiyyətləri əsasında bir adamı başqasından fərqləndirir, onun hansı yaş kateqoriyasına mənsub olduğunu müəyyənləşdirə bilirik. Təsadüfi deyildir ki, şəxsiyyəti eyniləşdirməklə bağlı bütün sənədlərdə onun sifətinin (üzünün) şəkli olması tələb edilir. Bununla yanaşı olaraq, bizim sifətimiz emosiyalarımızın, hisslərimizin, əhvalımızın, vəziyyətimizin, istəklərimizin ifadəçisinə çevrilir, o bizə təkcə verbal yolla deyil, qeyri- verbal yolla da, zəngin mimiki imkanlarımızın köməyilə də ünsiyyətə girmək imkanı verir. Dolayı mənada, insan şəxsiyyəti onun «ruhunun», başqa sözlə, onun bütün psixi təzahürünün «sifətidir». İnsana məxsus olan fərdi-psixoloji xassələrin təzahür xüsusiyyətlərinə, onun ünsiyyət üslubuna, davranışına, fikir və ideyalarına görə onu aydın eyniləşdirməyimiz və onun gələcək davranışının  istiqamətini proqnozlaşdırmağımız heç kimdə şübhə doğura bilməz.

Bütün yuxarıda qeyd olunanları nəzərə alaraq deyə bilərik ki, şəxsiyyət fərdin özünü cəmiyyətlə eyni­ləş­dirməsinə imkan verən davamlı fiziki və psixi xarakteristikasının məcmusundan ibarətdir.

Şəxsiyyət insanın psixoloji siması olub, şüura, mənliyə malik olan, öz hərəkətlərinə cavabdeh, ictimai münasibətlərin fəal iştirakçısı olan adamdır. Şəxsiyyət müəyyən ictimai-tarixi dövrdə yaşayıb fəaliyyət göstərən, gerçəkliyi dərk edib müəyyən istiqamətdə dəyişdirən, ünsiyyətə girməyi bacaran konkret canlı insandır.

İnsan nə deməkdir? Bu suala fəlsəfə, antropologiya, psixologiya və sosiologiya kimi bir çox elmlər cavab verməyə çalışıb.
İnsan hər şeydən əvvəl bioloji varlıqdır və bioloji təsnifata görə «Homo Sapiens» (ağıllı insan) növünə daxildir. Bioloji növ kimi xüsusi bədən quruluşuna və deməli, müəyyən anatomik-fizioloji imkanlara malik olur. Elə imkanlara ki, onlar bu növün şəxsiyyətə çevrilməsini mümkün edir. Ona görə də, demək olar ki, insan – gələcəkdə şəxsiyyətə çevrilə biləcək, anadangəlmə irsi imkanlara malik canlı varlıqdır. İnsan öz təbiəti etibarilə bioloji olduğu halda, mahiyyət etibarilə sosialdır. İnsanı fərqləndirən xüsusiyyətlərdən biri ondan ibarətdir ki, o, özünün subyektiv aləmində gedən prosesləri dərk edir. Həm filogenetik, həm də ontogenetik inkişaf prosesində özünüdərketmə insanın inkişafının zirvəsini təşkil edir.
İnsanı orqanizm, fərd və şəxsiyyət kontekstində xarakterizə etmək olar. Orqanizm anlayışı bioloji elmlər, şəxsiyyət anlayışı isə sosial elmlər kontekstində formalaşmışdır. Psixologiya insanı fərd və şəxsiyyət kimi öyrənir.
İnsanın bioloji varlıq kimi psixoloji keyfiyyətlərini fərd termini, sosial varlıq kimi psixoloji keyfiyyətlərini isə şəxsiyyət termini ilə ifadə edirlər.
Fərd insan nəslinin özünəməxsus ümumi, spesifik cəhətləri özündə birləşdirən ayrıca nümayəndəsidir. Deməli, fərd cəmiyyəti və sosial qrupu təşkil edən nümayəndələrdən biri kimi özünü göstərir. Fərd – özünəməxsus psixoloji xüsusiyyətləri olan, heç kəsə oxşamayan təbii varlıq deməkdir. Fərd həm bioloji, həm sosial, həm də psixi tərəflərə malikdir. Yəni biz fərd dedikdə, buraya yenicə doğulmuş körpəni, yaşlı adamı və ağıldankəm, elementar vərdişləri belə mənimsəyə bilməyən ağılsızları da aid edə bilərik.
İnsan fərd kimi doğulur, cəmiyyətdə müəyyən sosial keyfiyyətlər kəsb edir və şəxsiyyətə çevrilir.
Şəxsiyyət bioloji, sosial və psixoloji münasibətləri inteqrasiya edərək, fərdin özünəməxsus simasının yaranması prosesidir. Məhz bu ierarxik münasibətlər sistemi inteqrativ bir keyfiyyət kimi şəxsiyyəti səciyyələndirir. (Prof. B.Əliyev).
Şəxsiyyət keçmişin şüursuz meylləri və gələcəyə şüurlu yönəlmənin qarşılaşdırılmasının imkan və təzahür vasitəsidir. (Prof. S.Seyidov).
Şəxsiyyət dedikdə, hər şeydən əvvəl, fərdi bu və ya digər cəmiyyətin üzvü kimi xarakterizə edən sosial keyfiyyətlərin sistemi nəzərdə tutulur. O, münasibət subyektinə, şüurlu fəaliyyət subyektinə çevrilir. Yəni şəxsiyyət ancaq şüur və mənlik şüurunun yaranması ilə birlikdə əmələ gəlir. Şəxsiyyət – yüksək düşüncəsi, öz hərəkət və davranışlan üçün məsuliyyət hissini, şəxsi ləyaqəti və başqa yüksək mənəvi keyfiyyətləri özündə birləşdirən insandır. Şəxsiyyət – müstəqil, sosial, fəal olan adamdır. Əgər şəxsiyyət öz mahiyyətinə görə sosialdırsa, mövcudluq üsuluna görə fərddir.
Şəxsiyyətə hansı tərəfdən yanaşsaq, görərik ki, şəxsiyyət o adamdır ki, onun bir sıra psixoloji keyfiyyətləri olsun. Onları aşağıdakı kimi xarakterizə edə bilərik:

1. Şəxsiyyət o adamdır ki, başqalarını qavrayıb qiymətləndirməklə bərabər öz mənliyini də dərk edib qiymətləndirsin.
2. Şəxsiyyət o adamdır ki, mühitə aydın dərk olunmuş münasibəti olsun:

  • Cəmiyyəti təşkil edən insanlara münasibəti;
  • Onu əhatə edən əşyalara münasibəti;
  • Əməyə münasibəti;
  • Öz məninə münasibəti;
  • Adət – ənənəyə münasibəti.

3. Şəxsiyyət o adamdır ki, özünün əqidəsi, sərvət meyli var.
4. Şəxsiyyət fəal insandır. O adam ki, cəmiyyəti dəyişə bilir, təkmilləşdirə bilir, özünü də təkmilləşdirir, özünə nəzarət edir.

Anadan təzəcə doğulmuş uşaq hələ şəxsiyyət deyil. O, ünsiyyət və fəaliyyət prosesində ictimai münasibətləri mənimsədikcə şəxsiyyətə çevrilir.
Fərdin cəmiyyətdə şəxsiyyət kimi inkişafı çoxcəhətlidir. Burada dialektik surətdə iki proses uzlaşır. Bir tərəfdən, şəxsiyyət ictimai münasibətlər sisteminə daha geniş daxil olur; onun insanlarla və ictimai həyatın müxtəlif sahələri ilə əlaqələri genişlənir və dərinləşir, məhz bunun sayəsində o, ictimai təcrübəyə yiyələnir, onu mənimsəyir, öz sərvətinə çevirir. Şəxsiyyətin inkişafının bu cəhəti onun ictimailəşməsi (sosializasiyası) kimi xarakterizə olunur. Digər tərəfdən, şəxsiyyət ictimai həyatın müxtəlif sahələrinə qovuşduqca, eyni zamanda daha çox müstəqillik, nisbi avtonomluq kəsb edir, yəni onun cəmiyyətdə inkişafının mühüm cəhətini fərdiləşmə prosesi təşkil edir.
Fərd şəxsiyyətə çevrildikdə həm də fərdiyyət xüsusiyyətlərini kəsb edir. Fərdiyyət və şəxsiyyət anlayışlan məzmunca qismən yaxındır. Belə ki, əgər fərdiyyət anlayışı insanın təkrarolunmaz xüsusiyyətlərini, orijinallığını ifadə edirsə, şəxsiyyət anlayışı daha çox insan müstəqilliyini, əqidə möhkəmliyini, şəxsi simasını, prinsipiallığını, çətin vəziyyətlərdə sərbəst qərar qəbul etmək (ağlın çevikliyi) qabiliyyətini göstərir. Fərdiyyət dedikdə, buraya xarakter, temperament, psixi proseslərin cərəyanetmə xüsusiyyətləri, üstünlük təşkil edən hissələrin və fəaliyyət motivlərinin məcmusu, formalaşmış qabiliyyətlər daxildir.
Şəxsiyyətin təsirilə fərdin bütün xüsusiyyətləri inteqrasiyaya uğrayır, riyazi terminlə desək, onların hamısı şəxsiyyət adlanan ümumi məxrəcə gətirilir. Psixologiyada bu cəhəti təhlil etmək üçün inteqral (latınca inteqer – bütöv deməkdir) fərdiyyət anlayışından istifadə olunur. İnsana bir fərd kimi xas olan xüsusiyyətlər şəxsiyyətin təsirilə yeni məzmun və forma kəsb edirlər.

Şəxsiyyətin formalaşması hansı amillərə əsaslanır? Şəxsiyyətin formalaşması dedikdə, hər şeydən əvvəl, təbii, bioloji və anadangəlmə amillərlə xarici, yəni tərbiyənin, təlimin və sosial mühitin qarşılıqlı təsiri nəticəsində baş verən inkişaf prosesi nəzərdə tutulur. Şəxsiyyətin təşəkkülündə bioloji və sosial amillər məsələsi hələ də mübahisəli şəkildə qalır. Lakin məlumdur ki, insan bioloji, təbii quruluşa malik olsa da o, tarixi inkişafın məhsuludur. İnsanın bütün psixi prosesləri ictimai amillərin təsiri ilə şərtlənir.
Bu da məlumdur ki, şəxsiyyətin mahiyyəti öz təbiəti etibarilə ictimaidir və onun bütün psixi xassə və keyfiyyətlərinin inkişaf mənbəyi və yaradıcı fəallığı sosial mühitdə və cəmiyyətdədir. Lakin bütün bunlar heç də şəxsiyyətin bioloji, təbii varlıq olduğunu inkar etmək demək deyildir. Aydındır ki, insanın psixi inkişafı üçün müvafiq təbii, bioloji imkanının olması da zəruridir. İnsanın beyni, sinir sistemi və s. olmalıdır. İnsanın təbii xassələri psixi inkişafın zəruri şərtini təşkil edir. Lakin bununla bərabər, təbii xassələr özlüyündə nə insanın xarakterini, qabiliyyətlərini, nə də maraqlarını, əqidələrini, ideallarını təyin etmir. Beynin quruluşu bir bioloji orqan kimi şəxsiyyətin əsasıdır. Şəxsiyyətin bütün keyfiyyət və xassələri isə ictimai varlığın məhsuludur. Ona görə də, normal beyinə malik uşaq cəmiyyətin xaricində böyüdülərsə, o heç vaxt şəxsiyyətə çevrilə bilməz. İnsanın sinir sistemi ətraf aləmi dərk etmək üçün müəyyən anadangəlmə imkanlara malikdir. Lakin insanın müvafiq qabiliyyəti məhz fəaliyyət prosesində, ictimai həyat şəraitində təlim – tərbiyə nəticəsində formalaşır.
Psixologiya tarixinə nəzər salsaq, şəxsiyyətin formalaşması sahəsində bir-birinin əksini təşkil edən iki nəzəriyyənin – inkişafın endogen və ekzogen nəzəriyyəsinin mövcud olduğunu görərik.
Endogen (yunanca endon – daxili, genes – mənşə deməkdir) nəzəriyyələr şəxsiyyətin inkişafını bioloji amillərlə əlaqələndirərək, irsiyyətin roluna xüsusi əhəmiyyət verir. Ekzogen nəzəriyyələrdə isə insan bir növ tabula rasaya (ağ lövhə) bənzədilir, şəxsiyyətin formalaşması ancaq sosial amillərin təsirilə izah olunur. Şəxsiyyətin sosializasiyası ilə bağlı müasir burjua nəzəriyyələrini də mahiyyət etibarilə ekzogen nəzəriyyələr sırasına aid etmək lazımdır.
Xarici ölkələrin müasir psixologiyasında insan şəxsiyyətində iki amilin – bioloji və sosial amillərin təsirilə formalaşan iki başlıca yarımstrukturu ayırd edən nəzəriyyələr əsas yer tutur.

 Şəxsiyyət haqqında bir sıra nəzəriyyələr vardır. Bu nəzəriyyələri fərqləndirən başlıca cəhət ondan ibarətdir ki, bunların heç də hamısı bir başa şəxsiyyətin psixoloji mahiyyətini müəyyənləşdirməyə yönəldilməyib. Psixoanalitik Z.Freyd qeyd edir ki, şəxsiyyət bir sistem kimi inkişafının konkret hərəkətverici mexanizmlərinə malikdir. O, şəxsiyyətin strukturunu müəyyənləşdirib. Freydə görə, 3 instansiya əsas yer tutur: 1) id (o), 2) eqo (mən), 3) super eqo (super mən). Freyd belə hesab edirdi ki, şəxsiyyətin inkişafının hərəkətverici qüvvəsi, hər şeydən əvvəl, libido, cinsi enerjidir. Freydin fikrincə, həyata keçirilməyən arzular nevroz yaradır. O qeyd edir ki, insana heç vaxt ağıldan bəla gəlmir, bəla arzudan gəlir. Arzuların çoxluğu patologiya yaradır. Arzu və onun ödənilməməsi arasındakı uyğunsuzluq insanın xəstələnməsinə səbəb olur. Bütün bunları əsas götürən Freydin fikrincə, şəxsiyyətin formalaşmasında həmin tələbatların ödənilməsi şəxsiyyətin normal inkişafını təmin edir. Həmçinin o qeyd edirdi ki, qorxunu qorxu ilə müalicə etmək olar.
Şəxsiyyət haqqında digər nəzəriyyə Pavlovun nəzəriyyəsidir. Bu nəzəriyyədə biogen, psixogen və sosiogen elementlərin sintezinin yaradılmasına cəhd edilir.
Rus sosioloqu İ.Kon belə hesab edir ki, şəxsiyyət anlayışı çoxmənalıdır. Bir tərəfdən o, fəaliyyət subyekti kimi konkret fərdi, onun fərdi xüsusiyyətləri (təkcə) ilə sosial rollarını (ümumi) vəhdəti ilə birlikdə göstərir. Digər tərəfdən, şəxsiyyət fərdin sosial xüsusiyyəti kimi, onda cəmlənmiş sosial əhəmiyyət daşıyan müəyyən şəxsin başqa adamlarla vasitəsiz və vasitəli qarşılıqlı təsiri prosesində yaranmış və öz növbəsində, onu əmək, idrak və ünsiyyət subyekti edən xüsusiyyətlərin toplusu kimi başa düşülür.
Ayrı-ayrı adamların fəaliyyətində, davranışında uyğun cəhətlər vardır. Ona görə də, insanların uyğun, oxşar sosial əlamətlərinə görə qruplara ayırmaq olar ki, bunu da adətən şəxsiyyət tipləri adlandırırlar. Alman psixoloqu E.Şpanqer şəxsiyyətin 6 tipini nəzərdən keçirir: nəzəri tip (həqiqəti aşkara çıxarmağa meyllilik, tənqidi yanaşma), iqtisadi tip (faydaya meyllilik, praktiklik) estetik tip (dünyanın obrazlı qurulmasına meyllilik), sosial tip (insanlara sevgi), siyasi tip (hakimiyyətə meyllilik), dini tip (fövqəltəbiiliyə inam).
K.Xorni şəxsiyyətin 3 tipini qeyd edir: güzəştə gedən (insanlara istiqamətlənmə), təcrid edilmiş (insanlardan), düşmən (insanlara qarşı).
K.Yunq əsas psixoloji tipləri 2 qismə ayırır: ekstravertlər və introvertlər.
E.Fromm şəxsiyyətin 5 tipini göstərir: reseptiv, istismarçı, yığıcı, bazar, məhsuldar.
Hələ keçən əsrin başlanğıcında məhşur italyan kriminalist – psixoloq Lombrozo qeyd edirdi ki, cəmiyyətdə cinayətkarlıq edən o adamlardır ki, onlarda cinayətkarlıq etmək irsidir, anadangəlmədir. Yəni əgər şəxs anadangəlmə cinayətkardırsa, onda o cinayətə meyllidir və bu onda təzahür edib-etməməsindən asılı olmayaraq, onun mütləq cinayətkar olmasına dəlalət edir.
Amerikan psixoloqu Kartin Xorni (1885-1952) insan şəxsiyyətinin əsasında anadangəlmə narahatlıq hissini qoymuşdu. Onun fikrincə uşaq həmin hisslə doğulur. Doğulduğu gündən uşaq güclü səviyyədə narahatlıq hissi keçirməyə başlayır və həmin hisslər onun bütün sonrakı həyatına təsir edir, onu bəzəyir, psixi fəaliyyətinin daxili xassəsi kimi özünü göstərməyə başlayır. Mövcud olduğu ilk saniyədən başlayaraq insan dünyaya qarşı düşmənçilik hissi keçirməyə başlayır. Məhz buna əsaslanaraq K.Xorni narahatlıq hissini insan davranışının əsas motivasiyası hesab edir və onu “köklü həyəcan” adlandırır. Onun fikrincə “köklü həyəcan” insanı təhlükəsizliyə cəhd göstərməyə məcbur edir.

 Fərd ictimai münasibətləri öz-özünə deyil, ancaq özünün aktiv fəaliyyəti vasitəsilə mənimsəyir. Bu nöqteyi-nəzərdən fəaliyyət şəxsiyyətin formalaşmasının əsas şərtlərindən biri kimi qiymətləndirilməlidir. Fəaliyyətin müxtəlif növləri var. Çağalıq dövründən gənclik dövrünədək əsasən aşağıdakı fəaliyyət növlərinə rast gəlinir. (D.B.Elkonin və b.)

  • vasitəsiz emosional ünsiyyət
  • əşyəvi-manipulyativ fəaliyyət
  • rollu oyunlar
  • təlim fəaliyyəti
  • intim şəxsi ünsiyyət
  • tədris-peşə fəaliyyəti

Vasitəsiz emosional ünsiyyət çağanın anası ilə özünəməxsus dialoqudur.
Əşyəvi-manipulyativ fəaliyyət prosesində uşaq şeyləri sökə-sökə, bu yandan o yana sürüyə-sürüyə, bir-birinə calaya-calaya onların xassələrini dərk edir.
Rollu oyunlar isə mahiyyət etibarı ilə insan münasibətlərinin mənimsənilməsi prosesidir.
Təlim fəaliyyətində uşaqlar ictimai təcrübəni məqsədəuyğun surətdə mənimsəyirlər. Bilik, bacarıq və vərdişlərə yiyələndikcə uşaqların həyatında yoldaşın rolu artır. İntim-şəxsi ünsiyyət onun həyatının mühüm hissəsinə çevrilir. Fəaliyyətin vəzifələri tədricən dəyişilir, o, gələcəyə yönəlməyə başlayır və peşə-təlim xarakteri kəsb edir. Bu fəaliyyət tiplərini xarakterinə görə iki qrupa bölmək olar:
Birinci qrupa vasitəsiz emosional fəaliyyət, rollu oyunlar, intim şəxsi ünsiyyət daxildir. Bu prosesdə uşaqlar insan münasibətlərini, onların vəzifə və normalarını mənimsəyir.
İkinci qrupa, əşyavi manipulyativ fəaliyyət, təlim fəaliyyəti, tədris peşə fəaliyyəti aiddir. Bu zaman isə uşaq və yeniyetmələrdə idrak prosesləri, intellektual əməliyyatlar inkişaf edir.

 qaynaq:
Ümumi psixologiya ( Bakı 2007 , S.İ.Seyidov ,prof. M.Həmzəyev)
Redaktə etdi: Şəfiqə Babayeva

CAVAB YAZ

Zəhmət olmasa şərhinizi daxil edin!
Zəhmət olmasa adınızı buraya daxil edin