Sandro Botiçellinin “La Primavera (Spring)” əsəri

0

1440-1510-cu illərdə yaşamış Renessans dövr sənətkarı Sandro Botiçellinin şah əsərlərindən biri olan “La primavera”dan bəhs edəcəyəm. Üzərində onlarca nəzəriyyə qurulmuş bu əsər renessans dövrünün qiymətli sənət nümunəsidir. Bu əsər İtalyan əsilzadə ailəsi olan Mediçilərdən Lorenzo di Pierfrançeskonun  (Lorenzo di Pierfrancesco) toyu üçün sifariş edilmişdir.

1482-ci ilin yazı; İyun ayında sadəcə bir neçə dəfə gördüyü Semiramida ilə evlənən Pierfrançesko hələ o vaxt 18 yaşında idi və renessans dövr əsilzadələri kimi sevgi deyil, məntiq evliliyi etməyi daha üstün tutmuşdu. Lakin bu məntiq evliliyi zaman keçdikcə böyük bir sevgi ilə əvəz olundu. Bunu əsərin sağ tərəfindəki Zefir (Zephyrus) ilə Flora (Flora) fiqurlarında və Erosun (Cupid) oxu ilə vurulacağından xəbərsiz olan pəri qız fiqurunda görə bilərik.

Ortadakı daha cəlbedici olan qadın fiqurundan başlayaq. Yunan mifologiyasında Afrodita, Romada Venera adlandırılan fiqurumuz əsərin tam mərkəzində yer alır. Başını bir qədər sağa əymiş, uzun gözəl paltar geyinmiş və Mediçilərin simvolu olan narıncı rəngli şalı sağ çiyindən qoluna, oradan da sol əli ilə ayaqlarına doğru incə şəkildə tutan Venera gənclik və bahar havasını təcəssüm etdirir. Başının üzərində ağacın yarpaqlarının duruşu ilə təbii kəmər əmələ gəlib. Bu kəmər Müqəddəs Məryəmi xatırladır.

Bildiyimiz kimi renessans dövründə Məryəm fiquru başında kəmərlə təsvir edilirdi. Bu əsərdə Botiçelli dini mövzudan çox da kənarlaşmamağı üstün tutmuş, Venerasında Məryəmi də əks etdirmişdir. Əlavə olaraq Veneranın şişmiş qarnı İncildəki bəşaret bölümünü Cəbrayılın Məryəmə “böyük xilaskara” hamilə qalacağı müjdəsini xatırladır. Bunu Da Vinçi də təsvir etmişdi.

Veneranın sağında bizə görə əsərin solunda olan 3 pəri qız “3 gözəllər” kimi tanınan “Kharitler”dir. Parlaqlıq, işıltı, zərafət simvolu olan bu 3 gözəl pəri Aqlae (Aglaie), Yufrosin (Euprosyne) və Talia (Thalia) incə tül parçadan olan geyimlərində rəqs edirlər. Botiçelli pərilərin geyimindəki  parlaqlığı boya və yumurta ağı qarışımından almışdır.

Pəri qızlarının solunda yer alan qırmızı geyimli , qanadlı ayaqları və qılıncı ilə görünən gənc adam fiquru Merkuri (Roma mifologiyasında Hermes) fiqurudur. Miflərə görə kiçik yaşlarında oğurluq etmiş Merkuri bu əsərdə yenə eyni hərəkəti edərək ağacdan qadağan olunmuş meyvəni oğurlayır. Yalnız diqqətlə baxdıqda görürük ki, Merkuri əlini deyil, bir birinə sarılmış iki ilan şəklində olan əsası “caduceus”dan istifadə edir. Fərziyyələrə görə o əlindəki əsası ilə buludları dağıdaraq baharın gəlişini sürətləndirməyə çalışır.

       

Veneranın başının üzərindəki oğlan uşağı formasındakı fiqur onun oğlu Kupid yəni Erosdur. Gözləri baglanmış Eros yayını gərərək oxu ilə üç gözəldən birini nişan alıb. Buradan başa düşmək olar ki dünyadan təcrid olunmuş kimi rəqs edən qız  möhkəm aşiq olacağından hələ bixəbərdir.

Yazının əvvəlində bəhs etdiyim kimi məntiq evliliyi edən Mediçi aristokrat şahzadə  Botiçellidən bu əsəri xahiş etmişdir. Botiçelli isə gələcəyi görürmüş kimi evlilik mövzusu işlədiyi 9 fiqurlu bu rəsmin hardasa hər bir küncündə xəbərsiz gələn eşqdən bəhs edib. Eşq demişkən bir sağ tərəfədə baxaq.

Rəsmdə hər fiqurun bədən rəngi isti tonlarda verilərkən ən sağdakı Zefir boz rəng tonu ilə diqqəti çəkməkdədir. Külək tanrısı Zefirin zorla belindən tutaraq sahib olduğu “Flora” yəni “Kloris”dir. (Chloris) Mifologiyaya görə aşiq olduğu Floranı cinsi istismara məruz qoymuş və ona zorla sahib olaraq evlənmişdir. Zefirin şiddətinə məruz qalan Floranın ağzından çıxan çiçək onun şiddət qarşısında atdığı qışqırıqdır. Solunda yer alan fiqura baxanda  Floranın ağzından çıxan çiçəyin mənasını anlayacaqsınız. Flora çiçək tanrısıdır və solunda gülümsəyən qadın fiquru Floranın gələcək halıdır, yəni əsərdə 2 Flora vardır. Biri cinsi təcavüzə uğrayan Flora, digəri şiddət gördüyü adamla evlənərək xoşbəxt olan Flora. Burada Botiçellinin dahiliyinə heyran olmaya bilmərsiniz. Çünki o bir kahindir və Pierfrançeskonun məntiq evliliyinin sonradan sevgi ilə əvəz olunacağını bilirdi.


Biraz çiçək tanrısı Floradan bəhs edək. Saçlarında, ətəyində, başqa-başqa çiçəklər olan Floranın üz ifadəsi nə istədiyini bilən bir qadın baxışıdır, ancaq qarşısındakı onun nə istədiyini bilmir. Əsl adı “La Primavera” olan əsər kimilərinə görə isə “Yaz Alleqoriyası” (Allegory of Spring) olaraq qəbul edilir. Uzun müddət Florensiyadaki Uffizi qalareyasının anbarında saxlanılan bu əsər  Botiçellinin əsərləri sərgiləndiyi zaman “Veneranın doğulması” əsərinin yerini tuta bilmirdi. Sərgiyə çıxarıldıqda isə italyan incəsənətini sevənlər “La Primavera”nı şahəsər olaraq qəbul etdilər.

Mənbə:

Resim biterken-Sando Boticelli “La Primavera”

Redaktə etdi: Lalə Yusifova

CAVAB YAZ

Zəhmət olmasa şərhinizi daxil edin!
Zəhmət olmasa adınızı buraya daxil edin