Sikstin kapellası — Vatikanda Renessans dövrü italyan incəsənətinin ən görkəmli abidələrindən biri

0

Papanın rəsmi iqamətgahı olan “Sistin kapellası” (The Sistine Chapel) Vatikan dövlətinin ən məşhur abidələrindən biridir. İnşa edildiyi dövrdən bəri vacib kilsə ayinləri və yeni papa seçimi üçün yığıncaq sahəsi kimi istifadə edilmişdir. Kapellanın yerləşdiyi bina (1473-81, memar C. de Dolçi ( Giovanni de Dolci)) 1483-cü ildə Papa IV Sikstusun (Pope Sixtus IV) vaxtında müqəddəsləşdirilmişdir. Kapella 20,70 m hündürlüyə və 13,41 m enə sahib xariqüladə bir memarlıq nümunəsidir.
İnşa edilən kapellanın rəsmlərlə dekorativ olaraq canlandırılması qərarı Papa II Yulius (Pope Julius II) tərəfindən verilmişdir.
Kilsənin daxili üç qatdan ibarətdir. Birinci qatda çəkilən rəsmlər pərdələri xatırladır. Bu gün bu rəsmlər təsvir edildikləri kimi dururlar.

Ortadakı freskalarla sağda “İsanın həyatı” və solda “Musanın həyatı” olmaqla təsvirlər verilib. Bu freskaların çoxu XV əsrin sonlarında yaşamış rəssamlar – Bottiçelli (Botticelli), Girlandayo (Ghirlandaio), Peruqino (Perugino) kimi rəssamlar tərəfindən hazırlanıb. Üçüncü qatda isə o zamana qədər papalıq vəzifəsini üzərinə götürmüş 32 papanın rəsmi mövcuddur.

Sistin kapellasının tavanı əvvəldən səmanı təmsil etdiyi üçün maviyə boyanmışdı. Ancaq kapellada sonradan önəmli ayinlər icra edilir və məclislər keçirilirdi. Bu məclislərdə iştirak edənlər isə ordakı şəkillərin, təsvirlərin mənasını tam dolğunluğu ilə anlaya biləcək şəxslər idi. Bunu bilən II Yulius buranı daha dərin və mənalı rəsmlərlə zənginləşdirmək fikrinə düşür. Buna görə heykəltəraş Mikelancelo Bunarrotiyə (Michelangelo di Lodovico Buonarroti Simoni) sifariş verir. O, elə həmin vaxt II Yuliusun sifarişi ilə onun məzarı üçün heykəl hazırlayırdı. Buna baxmayaraq, o bu sifarişi də qəbul etmişdir. Mikelancelo 1508-ci ildə müqavilə imzalayaraq kapellanın tavanının boyanması işini üzərinə götürür.
Qurumamış mayenin üzərinə çəkərək gerçəkləşdirilən boyama üsulu freska adlanır. Mikelancelo da əvvəllər freska üzərində bir çox əsər yaradan bir emalatxanada şagird olaraq işləmiş, hətta emalatxana sahibinin kapellada hazırladığı işlərində şagirdlik etmişdir. Sahib olduğu bacarığı ilə tezliklə məşhurlaşan Mikelancelo 1508-1512-ci illərdə ona verilən vəzifəni uğurlu şəkildə gerçəkləşdirmiş və kapellanın tavanını müqəddəs kitabları olan İncilin “Yaradılış” kitabına görə təsvir etmişdir.
“Yaradılış” əfsanəsinə görə, Tanrı işığı qaranlıqdan ayırmış və yaradılışın ilk gününü ələ almışdır. Burada Mikelancelonun özünü təsvir etdiyi hesab olunur. İkinci səhnədə isə planetlər və ya göy cisimləri yaradılır. Soldakı Tanrı dünyanı yaradarkən sağdakı Tanrının solu gündüz vaxtı Günəşi, sağı isə gecə vaxtı Ayı yaradır.

Üçüncü səhnədə Tanrı göyü sulardan ayırır. Tavanın ortasındakı dördüncü səhnə ən məşhur sənət əsərlərinin başında gəlir. Bu səhnə Adəmin yaradılışı (The creation of Adam) səhnəsidir. Əsər kəsişən bir xətt ilə iki hissəyə ayrıla bilər. Birinci hissə dünyada cənnət bağçasını (garden of eden) təmsil edən soldakı hissədir. Adəmin özünü çətinliklə dəstəkləyən yarı cansız, gücsüz bədəni cənnət bağçasında həyat tapmağı gözləyir. İkinci hissədəki boşluqda hərəkət halındakı Tanrı və mələkləri görünür. Tanrının barmağının Adəmin barmağı ilə birləşmək üzrə olduğu nöqtə rəsmin ortasına tuş gəlir və izləyicinin bütün diqqətini bu nöqtəyə çəkir. Bu hissə dünya ilə səmanın birləşdiyi yerdir. Mikelancelonun təsvir edərkən istifadə etdiyi üsul o qədər güclüdür ki, boşluqda sürətlə hərəkət edən Tanrının biraz sonra Adəmin barmağına toxunaraq ona can verəcəyini və Adəmin gücsüz bədəninin canlanacağını hiss edirik.
Mikelancelonun Tanrı obrazı Sistin Kapellasında olan digər əsərlərdə olduğu kimi açıq çəhrayı parçalar və tünd qırmızı bir örtükdə boz saçları və saqqalı ilə yaşlı, eyni zamanda, güclü bir bədənə və kəskin üz cizgilərinə sahib bir kişi obrazıdır. İncildə Tanrının insanı öz görüntüsünü əks etdirəcək şəkildə yaratdığı qeyd edilmişdir. Buna görə, əsərdə təsvir olunan Tanrı və Adəm obrazlarının fiziki bənzərliyi diqqət çəkir.
Əsərdə qəribə və münaqişəli nüanslardan biri Tanrının sol qolunun altında təsvir olunan obrazdır. Bu obraz bir çox tənqidçi tərəfindən Həvva olaraq şərh edilmişdir. Digər mələk obrazlarına nisbətən daha zərif cizgilərə sahib olan bu obrazın Tanrının yaratdığı, lakin hələ dünyaya göndərmədiyi Həvva olduğu iddia edilir.

Sonrakı freskada isə Həvva Adəmin yanından çıxaraq canlanır.

Burada isə şeytan tərəfindən Adəm ilə Həvvanın yoldan çıxarılması və qadağan olunmuş almanı yeməsi canlandırılır. Buna görə, cənnətdən bir mələyin vasitəsilə qovulurlar.

Digər freskalar isə Hz. Nuhun böyük tufanı ilə bağlıdır.

Bu freskaların yanlarında isə İsanın gələcəyini qabaqcadan xəbər verən Daniyel (Daniel), Coel (Joel), Zəkəriyyə (Zechariah), Ezekiyel (Ezekiel), Yeşaya (İsaiah) kimi peyğəmbərlər ve bütpərəst dövrün “sibylia”ları da təsvir edilmişdir.

Tavanın künclərində isə İsrail oğullarının düşmənlərindən və öz günahkar yollarından azad olmaları zamanı ortaya çıxan işgəncə hadisələri təsvir edilmişdir.

Mikelancelo 1534-1541-ci illərdə kapellanın mehrabında böyük divara qiyamət günündən bəhs edən “Məhşər günü” (The Last Judgement) əsərini əlavə edərək kapellanı tamamlamışdır.

Sistin kapellası hal-hazırda muzey kimi fəaliyyət göstərir.

Mənbə: https://www.rotasenin.com/sistina-sapeli

http://www.sanatabasla.com/2012/05/02/ademin-yaratilisi-the-creation-of-adam-michelangelo/

Hazırladı: Lalə Yusifova

Redaktə etdi: Fatimə Əliyeva

 

 

 

CAVAB YAZ

Zəhmət olmasa şərhinizi daxil edin!
Zəhmət olmasa adınızı buraya daxil edin