Sinir sistemi. 1-ci hissə: Refleks

0

İntibah dövründə dinin nüfuzunun azalmasından sonra və elmin inkişafı ilə Avropa alimləri təbiət hadisələrinə materialist izah verməyə başlamışdılar. Buna misal olaraq,  İohan Keplerin və Qalileo Qalileyin səma cisimlərinin hərəkətini, Uilyam Harveyin qan-damar sistemini təbiət qanunları ilə izah etməsini və s. göstərmək olar. İngilis həkimi olan Harvey qan-damar sistemini kəşv etmiş və insanlara məlum olan mexanizmlərlə: nasos,boru və s. ilə izah etmişdir.

Refleks haqda ilk mülahizilərəi fransız filosofu Rene Dekart irəli sürmüşdür ki, qıcıqlara(məsələn,toxunma,isti əşyaya əl vurma və s.) qarşı orqanizmin verdiyi cavab reaksiyası reflekslərdən ibarətdir, “reflectio” termini də latıncadan “əks etmək,qaytarmaq” mənasına gəlir.

Dekart güman edirdi ki, orqanizmdə qıcıq baş verən yerdə qıcığın görünməz zərrəcikləri sinirlərə daxil olur və beyinə gedirlər-baş və onurğa beyinə gedən sinirlər hissi sinir adlanırlar. Daha sonra, beyində “heyvani ruh” hərəki sinirlərə-baş beyin və onurğa beynindən çıxan sinirlər hərəki sinir adlanır, daxil olur və əzələlərə daşınır,əzələlər isə bunun nəticəsində şişirlər. Dekartda refleks terminin özünün olmamasına baxmayaraq o, refleksin fizioloji mənasını düzgün istiqamətdə qoymuşdur. Təsadüfi deyil ki, sonralar Pavlov refleks anlamının banisini Dekart hesab edirdi. Fransız filosofu ilk dəfə olaraq insanın hərəkətini daxili ruhla deyil, xarici faktorlarla izah etməyə çalışmış və gələcəkdə refleksin bir termin olaraq əmələ gəlməsində məhz onun işləri əvəzedilməz rol oynamışdır.

Rene Dekart. İvan Pavlov

Refleks nəzəriyyəsinin formalaşmasında sonralar Proxasko, Holl, Müller və s. töhvələr versələr də, refleks haqqında təlim elmi nəzəriyyə olaraq Pavlov və Seçenov tərəfindən formalaşmışdır. Seçenova kimi fizioloqlar insanın psixi fəaliyyətinin neyrofizioloji aspektdən izah olunmasından çəkinirdilər.Lakin,  Seçenov beyinin ali mərkəzlərinin məhz reflektor fəaliyyət göstərməsi haqda fikir irəli sürmüşdü. 1862-ci ildə çap olunan “Baş beyin refleksləri” adlı əsərində canlıların bütün həkətlərinin əsasında refleks olduğunu göstərmişdir.

Pavlov iti
Pavlov iti

Sonralar, Seçenovun təlimini Pavlov inkişaf etdirmişdi. Pavlov beyin qabığının tədqiqi metodları tərtib etmiş, ali sinir fəaliyyəti təliminin əsasını qoymuşdur. O,bir çox təcrübələrində itlərdən istifadə edir və buna görə də mütəmadi olaraq it saxlayırdı. Bir müddət sonra Pavlov müşahidə etdi ki, itlərdə ağız suyu artıq qab-qacaq səsi gəldikdə ifraz olunmağa başlayır. O, bunu tədqiq etmək üçün bu yöndə təcrübə aparmağa başladı. Əvvəlcə o, itə sadəcə yemək verirdi və bu zaman ağız suyu sadəcə yeməyi verdikdə ifraz olunurdu. Lakin, sonradan, o, əvvəlcə zəngi tərpədir, daha sonra yemək verməyə başladı. Bu dəfələrlə təkrarlandıqdan sonra Pavlov müşahidə etdi ki, artıq yemək verməsə belə zəng səsindən itdə ağız suyu ifraz olunmağa başlayır.

Beləliklə o, refleksləri iki qrupa: anadangəlmə olan şərtsizsonradan qazanılan şərti reflekslərə böldü. Şərtsiz reflekslərə asqırma,göz bəbəyinin daralıb-genəlməsi, qida gördükdə ağız suyunun axması və s. aiddir. Şərti reflekslərə isə müxtəlif vərdişlər,peşə ilə bağlı fəaliyyət aiddir. Məsələn, velosiped sürməyi öyrəndikdən sonra artıq biz bunu “düşünmədən”,avtomatik edirik. Daha sonra Pavlov müəyyən etdi ki, həmin itdə əgər dəfələrlə lampa yandırıb qida verməsək, bir müddətdən sonra yaradılan şərti refleks sönəcək.

Refleks təlimində yeni kəşf edənlər sırasında daha bir dahi rus fizioloqu Anoxin də olmuşdur. O, bu dövrün klassik refleks nəzəriyyəsini yeni töhvələrilə zənginləşdirmiş və müasir refleks qövsünün sxemini yaratmışdır. Bütün reflekslər zamanı reseptorlar qıcıqlanır, oyanırlar və oyanmanı mərkəzi sinir sisteminə(baş beyin və onurğa beyni) ötürürlər. Daha sonra MSS oyanmanı əzələ,vəzilərə ötürür. Beləliklə, bütün reflekslərin getdiyi “yol” olur. Bu yol bəzən 3, bəzən 5 hissədən təşkil olunur və bötüvlükdə refleks aktında oyanmanın getdiyi yol refleks qövsü adlanır. Refleks qövsünün hissələri aşağıdakılardır:

  1. Qıcıqları(istini,soyuğu,toxunmanı və s.) qəbul edən reseptor
  2. Oyanmanı mərkəzə ötürən hissi sinir
  3. Oyanmanı qəbul edən mərkəz – baş beyin və ya onurğa beyni
  4. Oyanmanı mərkəzdən daşıyan hərəki sinir
  5. Effektor-işçi üzvlər(əzələ, vəzi, dəri və s.)
Refleks qövsü. Mərkəz rolunda onurğa beyin
Refleks qövsü. Mərkəz rolunda onurğa beyin

 

Bundan başqa hal-hazırda qövsün 6-cı hissəsi refleksin baş verməsindən sonra bu haqda beyinə gedən xəbər-qayıdan afferantasiyadır və buna görə bəzən refleks qövsünü refleks halqası da adlandırırlar. Refleks qövsləri iştirak edən elementlərə görə sadə və mürəkkəb olur. Sadə refleks qövsündə 2 sinir hüceyrəsi-neyron iştirak edir.Sadə refleksə misal olaraq diz refleksini göstərmək olar.Mürəkkəb refleks isə 3 və daha çox neyronun iştirakı ilə baş verir.

Diz refleksi
Diz refleksi

Refleks qövsünü təşkil edən hissələrin biri zədələndikdə refleks pozulur. Məsələn, dərinin üzəri kokain ilə sürtüldükdə 1-ci hissə olan dəridəki reseptorların fəaliyyəti pozulur(bunun niyə baş verməsinə bir qədər sonra gələcəyik) və dəri keyləşir, nəticədə dəri refleksi alınmır. Bundan başqa hissi və hərəki sinirləri kəsdikdə refleks itir. Mərkəzin müvafiq hissəsi zədələndikdə də refleks qövsü tamlığını itirir və refleks pozulur. Beləliklə, refleksin baş verməsi üçün qövsün hissələrinin tamlığı vacibdir.

 

 

Mənbə:

 

  1. İ. Cəfərov – İnsan fiziologiyası 2-ci hissə
  2. V. Sudakov, A. M. Məmmədov – Normal fiziologiya 1-ci hissə
  3. https://postnauka.ru/video/68877
  4. https://www.ncbi.nlm.nih.gov/pubmed/15210307

Şəkillər:

https://upload.wikimedia.org/wikipedia/commons/7/73/Frans_Hals_-_Portret_van_René_Descartes.jpg

https://upload.wikimedia.org/wikipedia/commons/thumb/7/7d/Ivan_Pavlov_NLM3.jpg/267px-Ivan_Pavlov_NLM3.jpg

Neuron Abstraction

https://commons.wikimedia.org/wiki/File%3APavlov’s_dog_conditioning.svg

https://owlcation.com/stem/Here-is-what-happens-when-you-accidentally-touch-a-hot-pot

https://faculty.washington.edu/chudler/chreflex.html

CAVAB YAZ

Zəhmət olmasa şərhinizi daxil edin!
Zəhmət olmasa adınızı buraya daxil edin