Sosial – psixologiyada Moda anlayışı.

1

Moda termini “modus”  ( latınca ölçü,  tərz, qayda deməkdir)  sözündən əmələ gəlmişdir. XVII əsrdən etibarən fransız və italyan ədəbiyyatında mode ( fransızca)  və ya moda, modo (italyanca)  formasında həmin terminlə başlıca olaraq məişət, geyim, mebel, saçın düzəldilməsi və davranış sahəsində özünü göstərən xüsusi sosial – psixoloji fenomeni ifadə etməyə başlamışlar. B. D. Pariginin müşahidələrinə görə, rus dilində moda sözü I Pyotrun dövründə işlənilməyə başlamış və ilk rus lüğətlərində təsbit edilmişdir. Azərbaycan dilində moda sözü nisbətən sonrakı dövrlərdə işlədilmişdir.  Bizim dilimizdə moda sözü uzun müddət onun qarşılığı olaraq “dəb”  sözü işlənmişdir.  İngilis dilində XV əsrin əvvəllərindən başlayaraq indiyə qədər moda mənasında fashion (latınca facare,  faction)  işlənilir.

Moda standartlaşdırılmış kütləvi davranışın spesifik və son dərəcə dinamik formasıdır. O, cəmiyyətdə üstünlük təşkil edən əhvalların, surətlə dəyişən zövq və əyləncə vasitələrinin təsiri ilə, əsasən kortəbii surətdə əmələ gəlir. Modanın yayılmasında kinofilmlər,  kütləvi jurnallar,  moda festivalları,  o cümlədən,  məşhur aktyorlar,  idmançılar və s. mühüm rol oynayır. Bu sahədə reklam vasitələrindən xüsusilə geniş istifadə olunur.

Moda universal xarakter daşısa da,  onun ayrı-ayrı adamlar tərəfindən,  hətta kortəbii surətdə mənimsənilməsinin xüsusiyyətlərini yanlız şəxsiyyət psixologiyası baxımından ətraflı təhlil etmək olar. Bu cəhətdən, birinci növbədə, modanın zövqlə qarşılıqlı əlaqəsi diqqəti daha çox cəlb edir.

Zövq nədir?

Zövq psixoloji aspektdən mürəkkəb fenomendir.  O,  nəinki şəxsiyyətin xarici aləmə estetik,  həm də etik münasibətini ifadə edir. Bu 2 cəhət həmişə vəhdətdə təzahür etsə də,  adi şüur səviyyəsində onun etik-mənəvi aspektlərinə daha çox diqqət yetirilir.  Mikromühitin moda məsələlərinə adətən, konservativ mövqedən yanaşması da,  məhz bununla bağlıdır. Mikromühit bu sahədə bərqərar olmuş adət və ənənələrə həmişə üstünlük verir. Bu cəhət sosial – psixoloji planda onda ifadə olunur ki,  şəxsiyyət modadan istifadə edəndə Mikromühitin mənfi münasibətini bu və ya digər cəhətdən nəzərə alır,  moda ilə adətlər arasında hansı bir nöqtədə isə uyğun çalarlar yaranır. Adət və ənənələr streotip xarakter daşıyır,  lakin onlarda da bu və ya digər dərəcədə moda ilə əlaqədar olaraq yeni cəhətlər meydana çıxır. Moda əyləncə vasitəsinə çevrildikdə özünün bütün estetik və etik məziyyətlərini itirir.

Moda ünsiyyətin spesifik formasıdır. Özünün bu xüsusiyyətlərinə görə moda müxtəlif funksiyalar ifadə edir.  Moda, hərşeydən əvvəl, uşaqların sosializasiyası prosesinin təsirli vasitələrindən biridir: istər yeniyetməlik, istərsə də gənclik yaşı dövründən oğlan və qızlar moda vasitəsilə müəyyən davranış nümunələrini, məsələn,  kişi və qadın etalonlarını mənimsəyirlər. Modanın kommunikativ funksiyası onda ifadə olunur ki, o,  insanlar arasında özünəməxsus informasiya vasitəsinə çevrilir. İnsanlarda bir-biri haqqında ilk təəssüratın yaranmasında moda özünəməxsus rol oynayır.  İnsanlar bir-birinin davranışını təhlil edərkən onların modaya münasibətinə də diqqət yetirirlər. Bu baxımdan insanlar özlərinin fizioqnomik maskasını yaratmaq üçün modadan təsirli vasitə kimi istifadə edirlər.

İnsanların münasibəti.

İnsanların modaya münasibəti də maraqlı lakin son dərəcə mürəkkəb məsələdir.  Ayrı-ayrı sosial – psixoloji tədqiqatların nəticələrinə əsasən modaya ifrat münasibətin bəzi səbəblərini aydınlaşdırmaq mümkündür.

Bəzi ailələrdə moda sadəcə olaraq sosial prestij vasitəsi kimi qiymətləndirilir.  Bu zaman moda ailə üçün ən başlıca sərvətə çevrilir : ailənin əsas qayğıları nəinki moda ətrafında birləşir,  hətta səhv,  birtərəfli sürətdə başa düşülən moda onun üçün az qala insan ləyaqətinin rəmzinə çevrilir. Modaya ifrat münasibət, birinci növbədə, velə ailələrdə müşahidə olunur,  müəyyən edilmişdir ki,  modanın inkar olunduğu, kobud surətdə qadağan edildiyi ailələrdə böyümüş uşaqlarda, sonralar əlverişli şərait yarandıqda, modaya ifrat münasibət asanlıqla əmələ gəlir. Bundan başqa, moda ayrı – ayrı hallarda şəxsiyyətin kifayət qədər təmin edilməmiş sosiogen tələbatlarını konsepsiya (əvəz)  edir.  Yetim uşaqların bəzək elementlərindən daha çox istifadə etməsi faktını xatırlasaq fikrimiz aydın olar.  Bu cəhətdən moda əlverişli şəraitdə insanın özünü təsdiqetmə, başqalarının diqqətini cəlbetmə nüfuzunu artırma vasitəsinə çevrilir

Qaynaq : sosial psixologiya  ( Ə. Əlizadə 2003)

1 ŞƏRH

CAVAB YAZ

Zəhmət olmasa şərhinizi daxil edin!
Zəhmət olmasa adınızı buraya daxil edin