S. Hawking: “Soxulcan Dəlikləri Və Zamanda Səyahət”

0

XX əsrin əvvəllərinə qədər insanlar mütləq zamana inanırdılar. Yəni hər hadisənin “zaman” deyilən bir ədədlə birmənalı əlaqələndirilməsi mümkün olmalı və doğru işləyən bütün saatlar iki hadisə arasındakı zaman intervalını ölçərkən eyni nəticəni göstərməli idilər. Ancaq hərəkətindən asılı olmayaraq, bütün müşahidəçilər üçün işıq sürətinin eyni olduğunun kəşfi Nisbilik nəzəriyyəsini yaratdı və mütləq zaman anlayışından imtina etməyimizə səbəb oldu. Hadisələrin baş vermə zamanını təyin etmənin yeganə yolu mövcud deyildi. Bunun əvəzinə, hər bir müşahidəçinin öz saatı ilə ölçdüyü zaman var idi və müxtəlif müşahidəçilərin saatları eyni nəticəni göstərmək məcburiyyətində deyildi. Zaman da şəxsi çalar qazandı və onu ölçən müşahidəçidən asılı oldu. Ancaq zaman hələ də irəli ya da geri istiqaməti olan dəmir yolu kimi düşünülür. Əgər dəmiryolu haçalanırsa və dairəvi qovşaqları varsa, o, irəliyə doğru hərəkət edərkən bir müddət əvvəl keçdiyi stansiyaya qayıda bilməzmi? Başqa sözlə, keçmişə və ya gələcəyə səyahət etmək mümkündürmü?

Elmi-fantastika janrında yazan çoxsaylı müəlliflər kimi, Herbert Uels də “Zaman maşını” əsərində bu ehtimalları araşdırmışdı. Elmi-fantastika janrının sualtı qayıq və Ay səyahəti kimi bəzi ideyaları reallaşdı və elmin faktları oldu. Bəs zamanda səyahətin perspektivi nədir?

Gələcəyə səyahət etmək mümkündür. Yəni Nisbilik nəzəriyyəsi bizi zamanda irəliyə sıçradacaq zaman maşını yaratmağın mümkün olduğunu göstərir. Zaman maşınının içinə girirsiniz, gözləyirsiniz, bayıra çıxırsınız və dünyada keçən zamanın maşında keçirdiyiniz zamandan xeyli uzun olduğunu görürsünüz. Hazırda zaman maşını düzəldəcək texnologiyamız yoxdur, ancaq bu yalnız mühəndislik məsələsidir, zaman maşınının mümkünlüyünü bilirik. Belə bir maşın hazırlamağın üsullarından biri Əkizlər paradoksundan istifadə etməkdir. Bu üsulda siz zaman maşınına daxil olursunuz, maşın sürətlənərək işıq sürətinə yaxın sürət qazanır, bir müddət hərəkət edir (nə qədər gələcəyə getmək istədiyinizdən asılı olaraq) və sonra geri qayıdır. Zaman maşınının həm də kosmik gəmi olması sizi çaşdırmamalıdır, çünki Nisbilik nəzəriyyəsinə görə, zaman və fəza bir-birləri ilə əlaqəlidir. İstənilən halda, bütün proses ərzində olacağınız tək “yer” maşının içərisi olacaq. Maşından bayıra çıxanda dünyada keçən zaman, sizin üçün keçən zamandan daha uzun olacaq. Gələcəyə səyahət etmisiniz. Ancaq geri qayıda biləcəksinizmi? Keçmişə səyahət etmək üçün lazım olan şəraiti yarada bilərikmi?

Fizika qanunlarının keçmişə səyahət etməyə icazə verə biləcəyinə dair ilk işarə 1949–cu ildə Kurt Gödelin Eynşteynin (A.Einstein) tənliklərinə yeni bir həll tapması oldu. Ümumi nisbilik nəzəriyyəsinə görə, yeni bir fəza-zaman mümkün idi. Bir çox fərqli riyazi kainat modeli Eynşteynin tənliklərini ödəyir, amma bu, modellərin içində yaşadığımız kainata oxşayacağı mənasına gəlmir. Bu modellərin başlanğıc şərtləri ya da sərhəd şərtləri fərqli ola bilər, onların bizim kainatımıza uyğun olub-olmadığına qərar vermək üçün fiziki proqnozlara baxmalıyıq.

Gödel bütün doğru iddiaları sübut etməyin, hətta iddianızı cəbr kimi dəqiq təriflərin olduğu bir sahə ilə məhdudlaşdırsanız belə, mümkün olmadığını göstərmiş, tanınmış riyaziyyatçı idi. Qeyri-müəyyənlik prinsip kimi Gödelin “natamamlıq teoremi”ndə kainatı anlamaq və təxminlər irəli sürmək bacarığımıza, bəlkə də, fundamental bir limit qoyulduğu mənasına gələ bilər. Gödel son illərində Eynşteynlə birlikdə Prinstondakı Ali Tədqiqatlar İnstitutunda işlədiyi üçün Ümumi nisbilik nəzəriyyəsindən xəbərdar idi. Gödelin fəza-zamanının qəribə xüsusiyyəti bütün kainatın fırlandığını fərz etməsi idi.

Bütün kainatın fırlandığını demək hansı mənaya gəlir? Nəyinsə ətrafında fırlanmaq, təkrar-təkrar dönmək sabit bir istinad nöqtəsinin varlığını tələb etmir? Sual edə bilərik: “Nəyə nəzərən fırlanmaq?” Cavab bir az texniki olacaq: uzaqlardakı maddə kiçik fırfıra və hiroskopların kainatda işarə etdiyi istiqamətə nəzərən fırlanmaqdadır. Gödelin fəza–zamanında bu cavabın dolayı nəticəsi belədir. Yerdən çox uzaqlara səyahət edib geri qayıtdıqda yola düşdüyünüz vaxtdan əvvələ qayıtmağınız mümkündür.

Ümumi nisbilik nəzəriyyəsində zamanda səyahətə yer olmadığını düşünən Eynşteyn tənliklərinin belə bir ehtimal daşıdığını öyrəndikdə çox məyus olmuşdu. Müşahidələrə görə, kainat fırlanmadığından yaxud ən azından müşahidə olunacaq qədər fırlanmadığından nə yaşadığımız kainat Gödelin kainatına uyğun gəlirdi, nə də Gödelin kainatı bizimki kimi genişlənirdi. Ancaq daha sonralar Eynşteynin Nisbilik nəzəriyyəsini araşdıran alimlər ümumi nisbiliyin zamanda səyahəti mümkün hesab edən digər fəza-zamanlarını üzə çıxardılar. Mikrodalğa fonunun və hidrogen, helium kimi elementlərin bolluğunun müşahidə edilməsi göstərir ki, erkən kainat bu modellərin zaman səyahəti üçün şərt qoyduğu əyriliyə malik deyildi. Əgər sərhədsizlik mülahizəsi doğrudursa, nəzəriyyədən də eyni nəticə alınır. Onda sualımız belə olmalıdır: Əgər kainat zaman səyahətinin tələb etdiyi əyriliyə malik olmadan başladısa, fəza–zamanı lokal miqyasda sonradan əyib zaman səyahətinə icazə verən formaya sala bilərikmi?

Bir daha zaman və fəza bir-biri ilə bağlı olduğundan zamanda keçmişə səyahət probleminin “işıqdan sürətli səyahət edə bilərikmi?” sualı ilə yaxından əlaqəli olması sizi çaşdırmamalıdır. Zamanda səyahətin işıqdan sürətli hərəkət etdiyi mənasına gəldiyini görmək asandır; səyahətinizin son fazasında anidən keçmişə qayıtsanız, bütün uzun səyahətinizi istədiyiniz qədər qısa bir zamanda tamamlamış olursunuz, yəni qeyri-məhdud sürətlə hərəkət etmiş olacaqsınız! Lakin daha sonra görəcəyimiz kimi bunun əksi də doğrudur; limitsiz sürətlə səyahət edə bilirsinizsə, zamanda geriyə də gedə bilərsiniz. Biri olmadan digəri mümkün deyil.

İşıqdan daha sürətli səyahət etmə mövzusu daha çox elmi-fantastik əsərlər yazan yazıçıları maraqlandırır. Nisbiliyə görə, onların problemi budur: Bizə ən yaxın ulduz olan, dörd işıq ili uzaqlıqdakı Proksima Sentauriyə kosmik gəmi göndərsək, səyahət edənlərin geri qayıdıb gördüklərini bizə danışmaları üçün heç olmasa, səkkiz il gözləmək lazım gələcək. Qalaktikamızın mərkəzinə bir ekspedisiya qrupu göndərilsə, onların geri qayıtması yüz min il çəkəcək.

Qalaktikalararası müharibə haqqında yazmaq üçün heç də münasib vəziyyət deyil! Yenə də Əkizlər paradoksu kontekstində Nisbilik nəzəriyyəsinin təsəlli verən bir cəhəti var: Kosmos səyyahları üçün səyahətin yerdə qalanlara nisbətən çox daha qısa olması mümkündür. Ancaq kosmos səyahətindən bir neçə il qocalaraq qayıdıb tərk etdiyiniz hər kəsin minlərlə il əvvəl ölmüş olduqlarını görmək çox da ürəkaçan olmaya bilər. Yəni elmi-fantastik janrda yazanlar hekayələrinin oxucuların marağını çəkməsi üçün bir gün işıqdan sürətli hərəkət etməyin yolunu tapacağımızı fərz etməlidirlər. Görünür, bu yazarların əksəriyyəti Ümumi nisbilik nəzəriyyəsinə görə, “əgər işıqdan sürətli səyahət edə bilsək, zamanda geriyə də gedə bilərik” gerçəyini (aşağıdakı şeirin müəllifindən fərqli olaraq) anlamayıblar:

Uayt soyadlı gənc bir ledi vardı,

işıqdan daha sürətli hərəkət edirdi.

Günlərin bir günü o,

Nisbilik yoluyla çıxıb getdi.

Və bir gecə əvvəl geri qayıtdı.

Bu əlaqənin açarı budur: Nisbilik nəzəriyyəsinə görə, bütün müşahidəçilərin mütləq zaman ölçüsü olmadığı kimi, müəyyən şərtlər daxilində müşahidəçilərin hadisələrin baş vermə ardıcıllığı barədə də fikir birliyində olmaları vacib deyil. Xüsusilə, əgər A və B hadisələri bir raketin A-dan B–yə çatmaq üçün işıqdan sürətli getməli olduğunu şərt qoyacaq qədər uzaqdadırsa, sürətləri müxtəlif olan iki müşahidəçi, “A hadisəsi B hadisəsindən əvvəl baş verdi, yoxsa B hadisəsi A hadisəsindən əvvəl?” mübahisəsində razılığa gələ bilməzlər. Fərz edin ki, A hadisəsi 2012-ci ilin Olimpiya oyunlarında yüz metrə qaçış yarışının finalı, B hadisəsi də Proksima Sentauri Konqresinin 10004–cü açılışı olsun. Yerdəki müşahidəçiyə görə, A hadisəsi B hadisəsindən əvvəl baş versin. Misal üçün, B hadisəsi bir il sonra, Yer vaxtı ilə 2019-cu ildə reallaşsın. Yer və Proksima Sentauri arasındakı məsafə təxminən dörd işıq ili olduğuna görə bu iki hadisə yuxarıdakı kriteriyaya uyğundur: A hadisəsi B–dən əvvəl baş versə də, A–dan B-yə çatmaq üçün işıqdan sürətli getməyiniz lazımdır. Bu halda, təqribən işıq sürətiylə Yerdən uzaqlaşan Proksima Sentauridaki bir müşahidəçiyə görə, hadisələrin ardıcıllığı tərsinə olacaq: B hadisəsi A hadisəsindən əvvəl baş verəcək. Bu müşahidəçi işıqdan sürətli hərəkət etməniz şərtiylə B hadisəsindən A hadisəsinə çatmağın mümkün olduğunu deyəcək. Əslində, həqiqətən, sürətli gedə bilsəniz, yarışlardan əvvəl A–dan Proksima Sentauriyə gedib kimin qalib gələcəyinə dair bəhsə girə bilərsiniz!

İşıq sürətini keçməkdə bir problem mövcuddur. Nisbilik nəzəriyyəsinə görə, kosmik gəmi işıq sürətinə yaxınlaşarkən o gəminin motorunun gücü də artmalıdır. Belə bir problemin yaranacağına kosmik gəmi ilə olmasa da, elementar zərrəciklərlə apardığımız təcrübələrin göstərdiyi sübutumuz var: Fermilab və ya Avropa Nüvə Tədqiqatları Mərkəzində (CERN) elementar zərrəciklər sürətləndiricilər vasitəsiylə işıq sürətinin 99.99%–nə qədər sürətləndirilir. Ancaq verilən enerjinin miqdarından asılı olmayaraq zərrəciklər işıq sürəti baryerini aşa bilmirlər. Eyni vəziyyət kosmik gəmilər üçün də qüvvədədir; nə qədər çox motor gücünə sahib olsalar da, işıq sürətindən böyük sürətə çatmayacaqlar. Zamanda geriyə səyahət ancaq işıqdan sürətli hərəkətlə mümkün ola biləcəyindən, bəlkə də, həm sürətli kosmik səyahəti, həm də keçmişə qayıtmaq ehtimallarını unutmalıyıq.

Yenə də bir çıxış yolu var. Fəza–zamanı bükə bilsək, A və B arasında qısa bir yol meydana gələ bilər. Bunu etməyin yollarından biri A və B arasında “soxulcan dəliyi” yaratmaqdır. Adından məlum olduğu kimi, soxulcan dəliyi aralarında böyük məsafə olan iki düz fəza bölgəsini bir-birinə bağlayan dar fəza–zaman tunelidir. Bu vəziyyət müəyyən mənada hündür bir dağın ətəyində durmağı xatırladır. Digər tərəfə keçmək üçün normalda yüksək dağ zirvəsinə çıxmalı və aşağı düşməlisiniz, ancaq dağı üfüqi olaraq kəsən nəhəng bir soxulcan dəliyi varsa, dağa çıxıb-düşməyinizə ehtiyac qalmır. Günəş sistemimizin yaxınlığında Proksima Sentauriyə qədər uzanan soxulcan dəliyi olduğunu yaxud yaradıldığını təsəvvür edə bilərsiniz. Normal kosmosda Yer ilə Proksima Sentauri arasındakı məsafə 38 milyon kilometr olduğu halda, soxulcan dəliyinin içindən keçən yol sadəcə bir neçə milyon kilometr olacaq. Əgər yüz metrə qaçış yarışları xəbərini soxulcan dəliklərinin içi ilə ötürürüksə, konqresin açılışından xeyli əvvəl oraya çatacaq. Ancaq bu halda Yerə doğru hərəkət edən müşahidəçi də onu Proksima Sentauri Konqresinin açılışından, yarış başlamadan əvvəl Yerə çatdıracaq başqa bir soxulcan dəliyi tapa bilməlidir. Beləliklə, soxulcan dəlikləri işıqdan sürətli hərəkət kimi keçmişə səyahət etməyinizi də mümkün edir.

Fəza–zamanın fərqli bölgələrini birləşdirən soxulcan dəlikləri fikri elmi–fantastik əsər yazarlarının ixtirası deyil, onun çox mötəbər mənbəyi var. 1935–ci ildə Eynşteyn və Natan Rozen Ümumi nisbilik nəzəriyyəsinin onların “körpü”, bizimsə hazırda soxulcan dəliyi adlandırdığımız hala icazə verdiyini izah edən bir məqalə yazmışdılar. Eynşteyn-Rozen körpüləri kosmik gəminin içindən keçməsinə bəs edəcək müddətdə açıq qalmırdı, soxulcan dəliyi bağlanırdı və gəmi sinqulyarlıqla üzləşirdi. Yenə də inkişaf etmiş bir sivilizasiyanın soxulcan dəliklərini açıq saxlaya biləcəyi irəli sürüldü. Bunun üçün və ya fəza-zamanı zamanda səyahətə icazə verəcək şəkildə bükmək üçün bir yəhərin səthi kimi mənfi əyriliyə sahib fəza-zamana ehtiyac olduğunu göstərmək mümkündür. Müsbət enerji sıxlığına malik adi bir maddə fəza–zamana eynilə bir kürənin səthi kimi müsbət əyrilik verir. Bu halda fəza–zamanı keçmişə səyahət etməyə icazə verəcək şəkildə bükmək üçün mənfi enerji sıxlığına malik bir maddəyə ehtiyac var.

Mənfi enerji sıxlığı nə mənaya gəlir? Enerji müəyyən mənada pula bənzəyir, əgər balansınız müsbətdirsə, müxtəlif ehtiyaclar üçün xərcləyə bilərsiniz, ancaq bir əsr əvvəl qüvvədə olan klassik qanunlara görə, hesabınızdan balansda olandan artıq pul çıxara bilməzsiniz, yəni bu klassik qanunlarda mənii enerji sıxlığına, bu səbəbdən də keçmişə səyahət ehtimalına yer yox idi. Klassik qanunlar qeyri–müəyyənlik prinsipinə əsaslanan Kvant qanunları ilə əvəz olundu. Kvant qanunları daha liberaldır və yekun balansın müsbət olmağı şərtiylə bir yaxud iki hesabdan artıq pul çıxarmağınıza icazə verir. Başqa sözlə, yekun enerjini müsbət qalması üçün digər bölgələrdəki müsbət enerji ilə kompensasiya olunan mənii enerji sıxlığına Kvant nəzəriyyəsi icazə verir. Beləliklə, zaman səyahətinin mümkün olmağı üçün fəza–zamanın həm bükülə, həm də əyilə biləcəyinə inanmaq üçün səbəb var.

Feynmanın çoxlu keçmiş ideyasına görə, keçmişə səyahət ayrı-ayrı zərrəciklər miqyasında baş verir. Feynmanın metodunda zamanda irəli hərəkət edən bir zərrəcik zamanda geriyə hərəkət edən öz anti-zərrəciyinə ekvivalentdir. Onun riyaziyyatında eyni anda yaranan və bir-birini yox edən zərrəcik–anti-zərrəcik cütünü fəza–zamanda halqa boyunca hərəkət edən tək bir zərrəcik kimi qəbul edə bilərsiniz. Prosesi əvvəlcə ənənəvi yolla təsəvvü edək. Müəyyən bir zamanda – tutaq ki, A zamanında bir zərrəcik və anti-zərrəcik yaranır. İkisi də zamanın irəli istiqamətində hərəkət edir. Sonra misal üçün, B zamanında ikisi qarşılıqlı təsirdə olur və bir–birlərini yox edirlər. A-dan əvvələ və B–dən sonra zərrəciyin heç biri mövcud deyil. Feynmana görə, bu halı fərqli şərh edə bilərsiniz. A zamanında tək zərrəcik yaradıldı. Bu zərrəcik B zamanına doğru irəlilədi, sonra yenə A zamanına qayıtdı. Zamanda irəliyə birlikdə hərəkət edən zərrəcik–anti-zərrəcik cütü əvəzinə, “halqa” üzrə A–dan B–yə gedən və geri qayıdan tək zərrəcik var. Bu obyekt zamanda irəliyə doğru (A-dan B-yə) hərəkət edəndə ona zərrəcik deyirik. Ancaq bu obyekt zamanda geriyə doğru (B–dən A–ya) hərəkət edəndə onu zamanda irəli hərəkət edən bir anti-zərrəcik olaraq təsəvvür edirik.

Belə bir zaman səyahətinin müşahidə oluna bilən nəticələri olmalıdır. Fərz edin ki, zərrəcik–anti-zərrəcik cütündən biri (misal üçün, anti-zərrəcik) onu yox edəcək zərrəciyi tək buraxaraq bir qara dəliyə düşür. Tərk edilmiş zərrəcik də qara dəliyə düşə bilər, amma qara dəlikdən qaçıb xilas da ola bilər. Əgər xilas olarsa, uzaqdakı müşahidəçi üçün zərrəcik qara dəlikdən çıxırmış kimi görünür. Qara dəliklərdən radiasiya yayılması mexanizminin fərqli, ancaq eynigüclü intuitiv təsvirinə sahib ola bilərsiniz. Qara dəliyə düşən zərrəcik cütünün bir üzvünü (məsələn, anti-zərrəciyi) qara dəlikdən çıxaraq zamanda geri hərəkət edən zərrəcik kimi qəbul edə bilərsiniz. Həmin zərrəcik zərrəcik–anti-zərrəcik cütünün birlikdə göründüyü zamana çatanda qara dəliyin qravitasiya sahəsi tərəfındən saçılaraq zamanda irəli hərəkət edib qara dəlikdən qaçan zərrəciyə çevrilir. Əgər qara dəliyə cütlüyün zərrəcik üzvü düşsəydi, onu da qara dəlikdən çıxıb zamanda geri hərəkət edən anti-zərrəcik kimi təsəvvür edə bilərdik. Yəni qara dəliklərin yaydığı radiasiya Kvant nəzəriyyəsinin zamanda geriyə səyahətə mikroskopik ölçüdə icazə verdiyini göstərir.

İndi isə Kvant nəzəriyyəsinin elmimiz və texnologiyamız inkişaf etdikdə zaman maşını düzəltməyimizə icazə verib-vermədiyini soruşa bilərik. Bu, ilk baxışda mümkün görünür. Feynmanın keçmişlər cəmi fikrinin bütün keçmişlərin cəmi olduğu fərz edilir. Bu anlayışın fəza-zamanın keçmişə səyahəti mümkün edəcək şəkildə büküldüyü bir keçmişi də ehtiva etməsi lazımdır. Fizikanın məlum qanunları zaman səyahətini istisna etməsə də, bu səyahətin mümkün olub-olmadığını soruşmaq üçün başqa səbəblərimiz var.

Suallardan biri belədir: Əgər keçmişə səyahət etmək mümkündürsə, niyə gələcəkdən hələ heç kim gəlməyib və zamanda səyahətin mexanizmini bizə izah etməyib? İndiki primitiv inkişaf səviyyəmizdə bizə zamanda səyahətin sirrini verməmələri doğru qərar ola bilər, insan təbiəti radikal şəkildə dəyişmədikcə gələcəkdən gələn qonağın sirri ifşa edəcəyinə inanmaq çətindir. Əlbəttə, bəzi insanlar “UNO”ların yadplanetlilər və ya gələcəkdən gələn insanlar tərəfindən ziyarət edildiyimizin dəlili olduğunu iddia edəcəklər (digər ulduzların bizdən çox uzaqlarda olduqlarını nəzərə alsaq, yadplanetlilərin məqbul zamanda bizi ziyarət etmələri üçün işıqdan sürətli hərəkət etmələri lazımdır, deməli, hər iki ehtimal eynigüclüdür). Gələcəkdən gəlmiş səyyahların olmadığını açıqlamağın yollarından biri belə ola bilər: Keçmiş artıq müəyyəndir, baş vermişdir, çünki biz onu müşahidə etmişik və gələcəkdən səyyahların gəlişini mümkün edən bükülmələrin olmadığını görmüşük.

Digər tərəfdən, gələcək bilinmir və açıqdır, lazım olan əyriliyə sahib ola bilər. Bu, zamanda səyahətin gələcəyin işi olduğu mənasına gəlir. Kapitan Krik və ulduz gəmisi “Enierprayzın” indiki zamana qayıtması mümkün deyil.

Bəlkə də, bu, dünyanın niyə gələcəkdən gəlmiş turistlərlə dolub-daşmadığını izah edir, amma keçmişə qayıdıb tarixi dəyişdirməyin mümkün olub-olmadığı sualından qaynaqlanan başqa bir problemdən qaça bilmir: Niyə tarixlə problemimiz var? Fərz edin ki, kimsə keçmişə getdi və faşistlərə atom bombasının sirrini verdi və ya siz keçmişə gedib, babanızın babasının babasını uşaqları olmadan əvvəl öldürdünüz. Bu paradoksun müxtəlif ifadə şəkilləri var, amma nəticələri eynidir: Keçmişi dəyişdirmək azadlığımız olsaydı, ziddiyyətə düşərdik.

Zaman səyahətinin ortaya çıxardığı paradoksların iki mümkün həlli var. Birincisinə “tutarlı tarixlər” yanaşması deyə bilərik. Bu yanaşmaya görə, fəza-zaman keçmişə səyahəti mümkün edəcək şəkildə bükülmüş olsa belə, fəza-zamanda baş verənlər fizika qanunlarının tutarlı həlləri olmalıdır. Başqa sözlə, bu yanaşmaya görə tarix onsuz da keçmişə getdiyinizi və orada ikən babanızın babasının babasını öldürmədiyinizi və ya sizi indiki zamandakı vəziyyətinizə gətirən tarixi şəraitə zidd davranmadığınızı göstərərsə, siz keçmişə gedə bilərsiniz. Əlavə olaraq, keçmişə getsəniz də, baş vermiş tarixi dəyişdirə bilməzsiniz, onu yalnız müşahidə edə bilərsiniz. Bu yanaşmaya görə, keçmiş və gələcək əvvəlcədən müəyyən olunmuşdur; istədiyiniz kimi davranmaq azadlığına sahib deyilsiniz.

Əlbəttə, azad iradənin sadəcə illüziya olduğunu deyə bilərsiniz. Həqiqətən, hər şeyi idarə edən fıziki qanunlar mövcuddursa, güman ki, hərəkətləriniz də əvvəlcədən müəyyən olunub. Ancaq insan kimi mürəkkəb bir orqanizmin davranışları əvvəlcədən təyin edilmiş olsa da, bu davranışları hesablamaq texniki olaraq mümkün deyil və Kvant mexanikası bu prosesə təsadüfilik də əlavə edir. O zaman nə edəcəklərini əvvəlcədən hesablaya bilmədiyimiz üçün insanların azad iradəyə sahib olduqlarını deyirik. Yenə də əgər insan bir raketlə keçmişə gedib, yola düşməzdən əvvəl qayıtsa, onun nə edəcəyini əvvəlcədən bilə bilərik, çünki davranışları artıq qeyd olunmuş, baş vermiş tarixin bir hissəsi olacaq. Bu halda zaman səyyahının hər hansı bir mənada azad iradəsi olmayacaq.

Zaman səyahəti paradokslarını həll etməyin digər mümkün yolunu “alternativ tarixlər” hipotezi adlandıra bilərik. Buradakı düşüncəyə görə, zaman səyyahı keçmişə gedəndə reallaşmış tarixdən fərqli olan alternativ keçmişə daxil olur. Beləcə, əvvəlki keçmişiylə uyğun olmaq məcburiyyəti hiss etməyəcəyindən azad hərəkət edə bilər. Stiven Spilberq “Gələcəyə qayıdış” filmlərində bu düşüncəni yumorla ifadə etmişdi; filmin qəhrəmanı Marti MakFlay keçmişə gedib, daha romantik olması üçün ata və anasının münasibətlərinə müdaxilə edə bilmişdi.

Alternativ tarixlər fərziyyəsi Riçard Feynmanın Kvant mexanikasını tarixlərin cəmi olaraq interpretasiya etməsinə oxşayır. Bu fərziyyəyə görə, kainatın sadəcə bir keçmişi yoxdur, əksinə, hər biri müəyyən ehtimala sahib mümkün keçmişlərə sahibdir. Yenə də Feynmanın interpretasiyası ilə alternativ tarixlər arasında ciddi bir fərq var. Feynmanın keçmişlər cəmində hər bir keçmiş bütöv bir fəza-zamanı və içindəki hər şeyi əhatə edir. Fəza-zaman o qədər bükülmüş ola bilər ki, bir raketin içində keçmişə getmək mümkün olsun. Ancaq raket eyni fəza-zaman daxilində, yəni eyni tarix daxilində qala bilər, bu, məntiqlidir. Yəni Feynmanın keçmişlərin cəmi fikrinin alternativ tarixləri yox, tutarlı keçmiş fərziyyələrini dəstəklədiyi ortaya çıxır.

“Xronologiyanı qorumaq fərziyyəsi” adlı üsulla bu problemlərdən uzaq dura bilərik. Bu prinsipə görə, fizika qanunları makroskopik cisimlərin keçmişə məlumat daşımalarına maneə yaradır. Fərziyyə hələ təsdiqlənməyib, amma doğruluğuna inanmağımız üçün bir səbəb var. Belə ki, Kvant nəzəriyyəsi əsasında aparılan hesablamalar fəza-zaman keçmişə səyahəti mümkün edəcək dərəcədə büküldükdə halqalar üzrə mütəmadi fırlanan zərrəcik – anti-zərrəcik cütləri keçmişə səyahətə imkan verən mənfi əyriliyi müsbət əyrilik yaradaraq kompensasiya edən enerji sıxlıqlarına səbəb olacaq. Vəziyyətin belə olub-olmadığı hələ aydın olmadığı üçün zaman səyahətinin mümkünlüyü sualı cavabsız qalır. Mərcə girməyin, rəqibiniz gələcəyi bildiyi üçün haqsız üstünlüyə sahib ola bilər.

Mənbə: “Zamanın daha qısa tarixi” – Stiven Houkinq və Leonard Mlodinov

Tərcümə edən: Orxan Əmrullayev

Redaktə etdi: Fatimə Əliyeva

CAVAB YAZ

Zəhmət olmasa şərhinizi daxil edin!
Zəhmət olmasa adınızı buraya daxil edin