Şüurluluq

0

Ümumi mənası ilə “şüurluluq” (ingiliscə: consiousness) olaraq da bilinən bu anlayış XVII əsrdə tanınmış fransız filosofu Dekartın (Descartes) “düşünürəmsə, deməli, varam” fikri ilə güclü şəkildə ortaya çıxmışdır.

Son iki əsrlik tarixi mərhələdə şüurluluq termininin əlavə mənaları yaranmışdır. Yəni şüurluluq sözünün zehnin və ya varlığın içində olduğu fərqli tərifləri ortaya çıxmışdır: Canlı şüurluluğu (ingiliscə: creature consiousness), vəziyyət şüurluluğu (ing: state consiousness as an entity). Bu əsas şüurluluq tərifləri birdən çox alt tərifə sahibdir. Məsələn, canlı şüurluluq termininin “hiss etmək” (Armstrong, 1981, ing: sentience), “oyanıqlıq” (ing: wakefulness) və “özünüdərk” (Carruthers, 2000, ing: self – consiousness) kimi bəzi alt tərifləri də verilmişdir. “Hiss etmək” sadə formada “içində olduğu dünyayı dərk edib reaksiya verən hər canlı fərqli dərəcədə şüurlu ola bilər” mənasına gəlir. Günümüzdə şüurluluq haqqında müasir neyroelm və psixologiyada ən çox araşdırılan və açıqlanmağa çalışılan “özünüdərk”in tərifidir. Bu tərif “şüurlu canlı yalnız fərqində deyil, eyni zamanda, fərqində olduğunun da fərqindədir” mənasına gəlir. Beləliklə, şüurluluq, öz varlığı üstünə düşünə bilmək, sorğulaya bilmək və ya öz varlığını hiss edə bilmək bacarığıdır. Bəs şüurluluq halı nədən və necə yaranır? İnsan niyə şüurlu bir canlıdır? Şüur və ağıl arasındakı münasibət nədir? Balıqlar da şüurludur mu? Ortaq şüur, yaxud dünyanın ümumi bir şüuru var mı? Yoxsa şüur insanları və varlıqları bir birinə bağlayan bir bağ ola bilər mi? Şüurun təbiəti nədir? Şüurun təbiəti haqqında suallar insanlıq tarixi qədər köhnədir. Buna baxmayaraq, bizim bu gün bildiyimiz mənada şüur tarixi bir inkişafın nəticəsidir.
Şüurun müasir bir anlayış olaraq yaranması Con Lokkun (John Locke) 1690-cı ildə dərc edilən “Essay Concerning Human understanding” adlı araşdırması ilə mümkün olmuşdur. Bu araşdırmada Lokk şüurluluğu bir insanın öz ağlından keçənləri dərk etməsi olaraq izah etmişdir. Lokkun dövründə yaşamış olan Qotfrid Leybnis (G.W.Leibniz) öz inteqrallama və differensiallaşdırma araşdırmasından ilhamlanaraq 1686-cı ildə dərc etdiyi “Diccourse on Metaphysics” adlı yazısında şüurun sonsuz sayda səviyyəsi olduğunu hesablayan və “petites perceptions” olaraq adlandırılan bir zehin nəzəriyyəsini önə sürmüşdür. Leybnis eynilə anlama və özünüdərk arasındakı fərq kimi, qavrama və dərketmə arasındakı fərqi ilk ortaya qoyan insan olmuşdur. 1720-ci ildə “Monadology” adlı əsərindəki məşhur bənzətməsində genişləndirilmiş böyük bir beynin içində, sanki, bir dəyirmanın içində yeriyirmişcəsinə beynin bütün mexaniki işləməsini müşahidə edərək yeriyə bilsəydik, heç bir yerində şüurlu bir düşüncə görə bilməyəcəyimizi deyir. Onun bu tezisinə görə, şüurluluq halı sadəcə maddənin bir nəticəsi ola bilməz. Digər tərəfdən, Leybnisin şüursuz düşüncələr tezisinə baxmayaraq, gələcək iki yüz il boyunca düşüncə və şüur anlayışları, demək olar ki, eyni şəkildə dərk edilməyə davam etdi.

Dövrümüzdə inkişaf edən texnologiya ilə birlikdə şüurluluq psixologiya və neyroelmin əhəmiyyətli bir araşdırma mövzusu olmuşdur. Salk institutundan Dr. Fransis Krik (Dr. Francis Crick) və Kalifornia Texnologiya İnstitutundan Dr. Xristof Kokun (Dr. Christof Koch) 2003 – cü ilində dərc edilən “A framework for conciousness” adlı yazılarında beynin “claustrum” deyilən bir bölgəsinin elektrik siqnalları ilə stimullaşdırılması nəticəsində şəxsdə şüurun sönməsinə səbəb olan bir kilidləmə mexanizmi kəşf etdilər. Bu araşdırmaya görə, claustrum beynin digər parçalarını bir-birinə bağlayan və koordinasiya edən bir bölgədir. Yenə də Dr. Kok sadəcə neyronlar ilə şüur arasındakı əlaqənin araşdırılmasının yetərli olmadığını və neyroelmin şüur hadisəsinin nə olduğunu, içərisində hansı maddələri daşıdığını açıqlayan bir nəzəriyyəyə ehtiyacı olduğunu qeyd edir.

Wisconsin – Medison Universitetindən Gilo Tononi (Giulio Tononi) şüur üzərinə ümid vəd edən nəzəriyyələrdən biri olan “Integrated information theory” adlı araşdırmasını təqdim etdi. Tononinin nəzəriyyəsi əvvəl şüurun özünü ələ alaraq arxasındakı fiziki hadisələri anlamağa çalışır. Nəzəriyyənin əsas fikri hər hansı bir şüur təcrübəsinin çox fərqli sahələrdən məlumatların birləşməsi ilə yaranmasıdır və bu təcrübə məhdudlaşdırıla bilməz. Məsələn, gözlərinizi açanda bütün rəngləri görə bilərsiniz, lakin sadəcə ağ-qara görməyi, yaxud da tək bir yöndə görüntü almağı seçə bilməzsiniz. Tononi öz nəzəriyyəsində bir şüur təcrübəsinin məhdudlaşdırılmasını bir “pi” sayı ilə dərəcələndirir. Pi sayı isə təcrübədə alt parçalara bölünə bilər. Pi böyükdürsə, təcrübə daha qarışıqdır. Bu nəzəriyyənin təbii bir nəticəsi isə insan beynini nə qədər yaxşı təqlid edərsə etsin, heç bir kompüterin şüurlu ola bilməyəcəyidir.

2016-cı ildə “Physical Review E” jurnalından a bir məqalə dərc edildi. “Towards a statistical mechanics of consiousness” adlı yazıda Toronto Universiteti və Paris Descartes Universitetindən araşdırmaçılar bilgi tərkibinin artmasının bir nəticəsi olaraq şüurun doğulduğu ehtimalı üzərində dayandılar. Fərqli tərəfdən baxdıqda, bu beynin entropiyasındakı artmanın əks təsiri deməkdir. Entropiya (ing: entropy) fizikada hər hansı bir sistemin zamanın davam edən oxu içində sabit haldan geri alınmaz bir şəkildə daha qeyri-sabit hala keçməsidir. Kainatın ümumi entropiyasının davamlı artmasını düşünsək, eynilə kainat kimi beynimiz də fizikadan entropiya prinsipinə bənzəyən bir şəkildə qeyri-sabitliyini zamanla artıracaq səviyyədə ola bilər. Bu nəzəriyyəni test etmək üçün araşdırmaçılar yeddisi epilepsiya xəstəsi olan doqquz insandan iki ədəd təcrübə qrupu yaratdılar. Bir ehtimal nəzəriyyəsi olan statistika mexanizmini istifadə edərək (ing: statistics mechanics) sağlam şəxslərin yatarkən və oyaq olarkən xəstə şəxslərin epilepsiya tutması halında və normal vəziyyətdə ikən beyin aktivliklərini modelləşdirməyə çalışdılar. Hər iki qrupda beynin yüksək entropiyaya sahib olduğunu müşahidə etmişlər. Bu araşdırmada oyanıq vəziyyət ilə beyin bağı içərisindəki əlaqələrin daha çox konfiqurasiya tərəfindən yaranması və bu qarışıqlığın beyin entropiyasının artırması nəticəsinə gəlinmişdir.

Bütün araşdırmalara baxmayaraq, insan şüuru və ümumilikdə, şüurun özü dərin bir sirr olaraq hələ də öz gizliliyini qorumağa davam edir.

Mənbə:

1. Robert van Gulick(2004) “Consiousness” Stanford Encyclopedia of Philosophy.

2. Article: Consiousness could be a side effect of “entropy”, say researchers by Fiona Macdonald on October 2016 at www.sciencealert.com

Tərcüməçi: Soltanova Bənövşə

Redaktə etdi: Fatimə Əliyeva

CAVAB YAZ

Zəhmət olmasa şərhinizi daxil edin!
Zəhmət olmasa adınızı buraya daxil edin