Təkamül əleyhdarlarını və onların ara növ (fosil) düşüncələri

1

 

 

 

 

 

 

 

Burda gördüyünüz Photoshopla düzəlmiş bu şəkillər Təkamül əleyhdarlarını və onların ara növ (fosil) düşüncələrini əks etdirir.Yəni onlar ara keçid dedikləri zaman bu görnüşə sahib canlı növləri düşünürlər.Bəs həqiqət belədirmi?

 

Fosillər keçmişdə yaşamış hər hansı canlının qorunmuş qalığı, daşlaşmış formasıdır. Fosilləşmə təsəvvür ediləndən daha çətin bir prosesdir və fosilləşmə üçün ətraf mühitin buna uyğun olması lazımdır. Mühitdə hər hansı bir faktorun artıq və ya əksik olması buna təsir edir. Məsələn, çürüməməsi üçün oksigenlə təmasının kəsilməsi lazımdır ki, bu da təbii mühitdə ölən hər hansı bir canlı üçün nadir olaraq reallaşacaq bir prosesdir. Bu kimi faktorlara görə günümüzdə az sayda fosilə rast gəlməkdəyik.

 

Ara keçid fosili isə təkamül nəzəriyyəsinin açıqlaması ilə özündən əvvəlki və sonrakı növlərin xüsusiyyətlərini ehtiva edən canlılardır. Əslində, ara növ deyə bir anlayış Təkamül Biologiyasında yoxdur. Bu, Təkamül əleyhdarı olan insanların Təkamül nəzəriyyəsinə hücum etmək üçün və xəyalları daxilində canlandırdıqları yanlış Təkamül imicini nümayiş etmək üçün uydurduqları və daha sonra elm insanlarının onların bu iddialarına cavab vermək üçün onların dilindən danışmaları nəticəsində hazırkı anlayışın elm dilinə yerləşməsiylə ortaya çıxan bir haldır. Təkamül əleyhdarları yanlış Təkamül imicini bir pillə daha davam etdirə bilmək üçün “ara növ” anlayışını irəli sürmüşlər. Onlara görə hər iki canlı arasında bir ara növ olmalıdır. Məsələn bir ördək ilə bir timsah arasında, “örsah” ya da “timdək” kimi bir canlı olmalıdır. Bir aslanla bir insan arasında bir “aslsan”, bir ayıyla bir dəvə arasında bir “ayvə”, bir ördəkburun ilə bir hippopotam arasında “ördburtam” olması lazım olduğu düşünərək sәhvlәrә yol verirlər.

 

İki canlı düşünək: Onları A və C deyə adlandıraq. Bunlar arasında bir keçid növü axtarırıq (bunlar, bir-biriylə qohum canlılar olsun, məsələn, “Hominoidea”dən olan Homo habilis ilə müasir insanlar Homo sapiens). Minlərlə alimin səyi nəticəsində və illərlə davam edən araşdırmalardan sonra yaradılışçıların qəribə xəstə bir sevgi bəslədikləri və böyük bir arzu ilə istədikləri və alimlərin dә maraqlandıqları bir B “ara növü” (Homo erectus kimi) tapılmış olsun. Ancaq onlar dayanmayacaqlar: A və B arasındakı vә B və C arasındakı keçid növünü də istəyəcəklər. Onlardan bir qismini tapdığınızda yeni açılan boşluqlara əsaslanıb daha yeni keçid növləri istənməyə başlanacaq. Bu sonsuza qədər belə davam edəcək.

 

Bu iddia sahiblərinin düşüncələrinə əsasən, mutasiya keçirib fərqli xüsusiyyət qazanmaq gözləri alnında, qulaqları boyunlarında olan insanlar kimi qəribə məxluqlar olmaq deməkdir və zamanla gözlər və qulaqlar hərəkət edərək müasir insandakı yerini almalıdır. Üstəlik, bütün bu proseslərin sübutu olaraq fosillər tapılmalıdır. Lakin iddia edildiyi üzrə ara keçid canlıları assimmetrik və patoloji xüsusiyyətlər daşımırlar. Bu, Təkamül nəzəriyyəsinin mexanizmləri ilə belə ziddir. Belə anormal strukturlara sahib canlıların həyatda qalma və törəmə şansları yoxdur. Çünki Təkamül nəzəriyyəsinin mexanizmləri daxilində ara keçid canlıları tək-tək fərdlər deyil, bütün bir populyasiyadır (Populyasiya-müəyyən bir yerdə və müəyyən zamanda yaşayan, bir-biriləri ilə cütləşib nəsil artıra bilən, eyni növ canlılardan ibarət olan fərdlər birliyidir).

 

Lakin eyni mexanizmlərə görə bu nadir fərdlər mövcud olsa belə nəsillərini artıra bilməyəcək və məhv olacaqlar. Yəni bu fərdlərlə eyni xüsusiyyətə və genetik struktura malik populyasiyalar yaranmayacaq. Təkamül nəzəriyyəsi daxilində ara keçid formalarının bu kimi xüsusiyyətlərə sahib olması barədə heç bir iddia yoxdur və əksinə olaraq hər bir ara keçidin tamamilə normal bir fərd olduğu və bu fərdlərin populyasiyanın bir üzvü olduğu deyilir. Eynilə sizin babanızla sizin aranızda ortaq xüsusiyyətlərinizi daşıyan atanız kimi bütün ara keçid canlıları tamamilə normal canlı strukturlarına malikdirlər. Əgər sizin qohumlarınız arasında tək bir şəxs bu kimi anormal xüsusiyyətlərə sahib olsa evlənib nəsil artırması olduqca çətin olacaq və böyük ehtimalla baş verməyəcək.

 

Burada ağla bir sual gələ bilər: Bu kimi xüsusiyyətə sahib insan fərdinin nəsil artırma şansı varsa təbiətdəki hər hansı bu kimi canlıya niyə rast gəlinmir? Cavab sadədir: Biz təbii mühitdə yaşamırıq və bizim həyatımıza təzyiq göstərən faktorlar təbii mühitdə yoxdur və əksinə təbii mühitdə təzyiq göstərən faktorlar bizim həyatımızda aktiv deyil. Məsələn, əlilliyi olan bir insan evlənib övlad sahibi ola bilər. Amma təbiətdə axsaq bir maral ovçudan qaça bilmədiyi üçün məhv olar və nəslini artıra bilməz.
“Fliogenetik ağac” terminini anlamayan insanlar hər bir canlı arasında bir keçid növü axtarırlar. Bu yanlış düşüncənin təməl qaynağı təkamülü bir “zəncir” olaraq düşünməkdir. Hər canlının daha əvvəlkilərə bir zəncir kimi xətti bir şəkildə bağlandığı düşünülür, daha doğrusu, yaradılışçılar tərəfindən vəziyyət belə izah edilir və belə önə sürülür. Bu doğru deyil. Təkamül bir “ağac” şəklində təsvir edilir, növlər bir-biriylə bir “zəncir” şəklində deyil, bir “ağac” şəklində əlaqələndirilir.
Bir-birindən müxtəlif maneələrlə və ya üsullarla ayrılan, ayrılmadan öncə də eyni növə aid olan fərdlər (daha doğrusu, fərd qrupları) ayrılmadan sonra məruz qaldıqları fərqli ekoloji faktorların təsiri altında fərqli istiqamətlərə doğru təkamülləşərək növləşirlər və artıq bir-birləriylə cütləşə bilməyəcək qədər fərqliləşdiklərində “təkamül keçirmiş” olurlar. Ancaq bu yoldakı hər atdıqları addım onsuz da təkamülün özüdür. Beləcə, növlərə aid populyasiyalar az əvvəl açıqladığımız ayrılmalardan ötəri zaman içərisində iki və ya daha çox növə ayrıldığından ötəri budaqlanan bir ağac fiquru şәklindә qarşımıza çıxır, bir zəncir deyil. Müəyyən populyasiyaların ayrılması nəticəsində daim budaqlanaraq genişlənən vә böyüyәn bir ağac.
Bu insanların yanıldığı nöqtə fosilləşmə şərtlərini bilməmələri və əslində təməldə təkamülü qəbul etmək istəməmələridir. Bəli, hər iki nöqtə arasında bir keçid növü vardır, ancaq geologiyada istifadə edilən bu statistika unudulmamalıdır:

Təxminən hər 1 milyon fərdi olan bir populyasiyanın statistik olaraq yalnız bir fərdi fosilləşir. Yəni keçmişdə yaşamış hər 1 milyon canlıdan statistik olaraq yalnız 1 ədədi fosil halındadırr. Sadəcə canlının fosilləşməsi önəmli deyil, bizim bu fosilləri kəşf etməyimiz də lazımdır. Həmçinin bu fosillər günümüzə qədər öz formalarını qoruyub saxlamalıdırlar. Bu faktorlar da hesaba alındıqda bir fosil tapmaq, xüsusilə, spesifik olaraq tələb olunan bir fosili tapmaq riyazi baxımdan çətin və bəzən də qeyri-mümkündür. Əgər iddia edildiyi kimi bütün canlılar eyni anda və əksiksiz var olmuşlarsa bunu isbat etmək çox asandır: qədim bir geoloji təbəqədən təkamül nəzəriyyəsinə görə orada olması imkansız olan bir canlının fosilini tapmaq. Təkamülə qarşı çox güclü bir dəlil ancaq və ancaq yanlış coğrafi təbəqədә tapılmış bir fosil ola bilər. J.B.S. Holdeynə təkamülə qarşı ən güclü dəlili soruşduqda “Kembri dövrü öncəsindən fosil dovşanlar! ” -deyə cavab vermişdi. Hələ ki, belə bir “dovşan” tapılmayıb.

 

Müəllif; Ilkin Cəfərov

1 ŞƏRH

CAVAB YAZ

Zəhmət olmasa şərhinizi daxil edin!
Zəhmət olmasa adınızı buraya daxil edin