Təkamül cəhətdən cəlbedici qadın

0
Marilyn Monroe on the beach.

Kişilərin bir qadına uzun müddətlik bağlanma arzusunu artıracaq beş potensial adaptiv fayda var: Partnyorun cəlb edilməsində uğurun artması, daha arzulanan bir partnyorun  əldə edilməsində müvəffəqiyyətin artması, ata olmaq ehtimalının artması, uşaqların həyatda qalmaq ehtimalının artması və atalıq investisiyası sayəsində uşaqların çoxalma uğurunun artması (Buss, 1999 ). Amma  bütün bunlardan faydalanmaq  istəyən kişiləri həll edilməsi zəruri olan bir neçə çətinlik gözləyir. Çoxalması və valideynlik bacarıqları yüksək olan bir qadın tapmaq bu problemlərdən biridir. Bu problemləri həll etməkdə uğursuz olan  kişilərin təkamül prosesində yerlərini, bu problemlərin öhdəsindən gələn kişilər tutmuşdur. (Buss, 1998).

Kişilərin uzunmüddətli  həyat yoldaşı seçimi, atalıq qeyri-müəyyənliyini (paternity uncertainty) və çoxalma dəyəri problemlərini həll etməyə yönəlmiş seçimdir. Qadınlar – bədənin içərisindən hamilə qalan digər bütün məməlilər kimi, ana olmaqlarından  heç vaxt şübhə duymurlar. Onlar bilirlər ki, dünyaya gətirdikləri bütün uşaqlar yüz faiz özlərinindir. Amma kişilər heç vaxt  ata olmaqlarından  tamamilə əmin ola bilməzlər. Kişilər, bu atalıq şübhəsi   probleminin həlli üçün uzun müddətli bir əlaqəyə girdikləri qadınlarda təmizlik və cinsi sadiqlik axtarır (Buss və Schmitt, 1993).

Kişilərin uzun müddətli münasibətlərdə önəm verdikləri meyarlardan biri  də yaşdır. Qadınlardan fərqli olaraq, kişilər öz həyat yoldaşlarının özlərindən daha gənc olmasını istəyirlər (Buss, 2002); çünki kişilərin çoxalma potensialı yaşından çox da asılı olmasa da, qadınlarda belə deyil. Müəyyən bir yaş dövründən sonra qadınların doğuş qabiliyyəti tamamilə yox olur. Buna görə də, kişi yaşından asılı olmayaraq, hələ də doğuş qabiliyyətini itirməmiş  qadınlarla uzunmüddətli münasibət qurur. Məsələn, 50 yaş qrupundakı kişilər evlənmək üçün 34-35 yaşlarında olan qadınları seçirlər (Buunk, Dijkstra, Kenrick və Warntjes, 2001).





Qadınların yaşı və doğuş qabiliyyəti ilə sıx bağlı olan fiziki görünüş, kişilərin həyat yoldaşı seçməkdə doğru qərar qəbul etmələrinə kömək edən faktorlardan biridir. Fiziki görünüş – bir çox tədqiqatların göstərdiyi kimi – qadının sağlamlığı, doğuş qabiliyyəti və çoxalma dəyəri haqqında bir çox informasiyanı özündə daşıyır. Gəncliyə dair işarələr olaraq dolğun dodaqlar, yumşaq dəri, parlaq saçlar; sağlamlıqla əlaqəli ipucuları yarasız və təmiz dəri, ağ dişlər, simmetrik vücud (Buss, 2007) sayıla bilər.

Başqa üsullarla aparılan tədqiqatlar  kişilərin partnyor seçməsində fiziki cəlbediciliyin nə qədər vacib olduğunu göstərdi. The Manner, Gailliot and DeWall (2007), vizual nöqtə izləmə (dot probe) prosedurasından istifadə edərək həyata keçirdikləri bir araşdırma göstərir ki, kişilər cəlbedici qadın fotoşəkillərinə baxıb qalır və  tapşırığa verilən cavab vermə müddəti uzanır. Eyni təsir, partnyor axtarma motivasiyası yüksək olan və cəlbedici kişi fotoşəkilləri göstərilən  qadınlarda da müşahidə edilmişdir.

Əlavə  aparılan tədqiqatlar göstərir ki, qadınlar da partnyor axtarışında olarkən öz fiziki görünüşlərini ön plana çıxarırlar. İstifadəçilərinə partnyor tapmaq imkanı verən bəzi internet saytlarında özlərini tanıdan qadınlar fiziki görünüşlərini, kişilərə nisbətən daha çox  vurğulayırlar. (Badahdah və Tieman, 2005).

Fiziki cazibənin əhəmiyyətli göstəricilərindən biri olan bel-omba nisbəti(waist-to-hip ratio) haqqında bir çox araşdırma göstərmişdir ki , aşağı bel-omba nisbətinə sahib olmaq qadınların cazibədarlığını artırır . Estrogen və testosteron hormonları bədəndə yağların hansı nahiyədə yığılmasını  və yağ paylamasına təsir göstərir , bu da bel-omba nisbətinə təsir edir. Yağların beldə deyil, omba nahiyəsinə yığılması, sağlamlıq və doğuş qabiliyyəti baxımından qadını daha arzuedilən edir; çünki aşağı bel-omba nisbəti ümumi bədən sağlamlığının etibarlı göstəricisidir. Bir araşdırmada, 0.7 bel-omba  nisbəti ən cəlbedici və sağlam nisbət hesab edilir (Singh, 1995; Akt., Hughes və Gallup, 2003). Son zamanlardakı bir araşdırmaya görə , görmə qabiliyyəti zəif və ya omayan kişilərin toxunma yolu ilə etdikləri dəyərləndirmələrdə aşağı bel-omba nisbətini daha cəlbedici hesab etdikləri ortaya çıxmışdı(Karremans, Frankenhuis və Arons, 2010)

Kişilər partnyorun seçilməsində qadınların sosial mövqesini  də nəzərə alırlar. Həm qısa, həm də uzunmüddətli münasibətlərdə sosial cəhətdən özlərindən aşağı olan qadınları seçirlər; və uzunmüddətli münasibətlərdə bu yöndəki seçimləri daha da kəskinləşir (Brown və Lewis, 2004).


Kişilərin çoxalma sürətinin qadınlardan  çox olduğu və təsadüfi cinsi əlaqələrin kişilər üzərindəki təsirinin daha aşağı olduğu nəzərə alındıqda, qısamüddətli münasibətlər yaşamaqda kişilərin daha istəkli olacaqlarını anlamaq çətin deyil. Kişilərin qısamüddətli partnyorlarda axtardıqları xüsusiyyətlər əsasən uzunmüddətli partnyorlarda axtardıqları ilə eyni olsa da, fiziki cazibədarlıq qısamüddətli əlaqələr kontekstində daha böyük əhəmiyyət kəsb edir (Currie və Little, 2009). Ancaq kişilər qısamüddətli münasibət qurmaq şanslarını artırmaq üçün standartlarını qadınlara nəzərən daha çox azaltmağa meyllidirlər. Kenrick, Sadalla, Groth və Trost’un(1990) araşdırmaları kişilərin bu tendensiyasını açıq şəkildə göstərdi. Məsələn, bir kişi partnyorunda  mehribanlıq xüsusiyyətini uzunmüddətli münasibətlərdə 63 %nisbətində arzuladıqları halda, qısamüddətli münasibətlərdə bu nisbət 45%-ə qədər enir (Akt., Schmitt, Shackelfort, və Buss, 2001). Bağlanma vaxtı (Closing time) fenomeni kişilərin standartları aşağı salma tendensiyasını təsvir edən bir anlayışdır. Bu meyli ortaya qoyan bir araşdırmada, partnyor tapmaq üçün gedilən bir barda kişilərdən məkandakı qadınların cazibədarlıqlarını qiymətləndirmələri istənilmiş, barın bağlanış saatı yaxınlaşdıqca kişilərin verdikləri cazibədarlıq ballarının artdığı müşahidə edilmişdir. Kişilər, ehtimal olunan cinsi əlaqə fürsətini dəyərləndirmək üçün bardakı qadınları gecə saatlarında daha çox cəlbedici hesab edir (Gladue və Delaney, 1990; Akt., Buss, 1999

 

Mənbə: http://evrimselpsikoloji.blogspot.com/2010/10/evrimsel-acdan-cekici-kadn.html

Redaktə etdi: Şəfiqə Babayeva

CAVAB YAZ

Zəhmət olmasa şərhinizi daxil edin!
Zəhmət olmasa adınızı buraya daxil edin