Təkamül: fərziyyə, yoxsa nəzəriyyə?

0

“Fərziyyə və nəzəriyyə nədir?” sualına cavab vermək üçün elmin təbiətinə bələd olmaq lazımdır. İddia edilir ki, Təkamül nəzəriyyə deyil, sadəcə fərziyyədir. İlk öncə, bir düşüncənin fərziyyə olması üçün onu sınaya, test edə bilməliyik və elmi həqiqətlərə tamamilə uyğun gəlməlidir, yəni əgər bir fikir fərziyyə belə olsa tamamilə elmi sayılır. Fərziyyənin irəli sürüldüyü andan sonra fərqli elmi strukturlar və elm insanları tərəfindən sınana bilməsi lazımdır. Təkamül düşüncəsi isə Darvindən öncə fərziyyə xarakterli olsa da “Növlərin Mənşəyi”nin nəşrindən sonra 150 ildir davam edən sınaqlardan tamamilə üzüağ çıxmış nəzəriyyədir.

 

Bu müddət ərzində təkamül nəzəriyyəsinin özü belə təkamül etdi, dəyişdi, bir çox boşluğu doldu, suallara cavab verildi və tamamilə elmin təbiətinə uyğun bir şəkildə yeni boşluqlar və suallar ortaya çıxdı. Bəli, elmi nəzəriyyələrdə bir sıra boşluqların olması qaçılmazdır. Çünki əgər cavab veriləcək sual, doldurulacaq boşluq olmasa, heç bir dəyişiklik olmasa elmdən söhbət belə gedə bilməz. Elm hər zaman suallar ortaya qoyub onlara cavab verməklə məşğuldur. Sadəcə Təkamül nəzəriyyəsində deyil, Böyük Partlayış nəzəriyyəsində də bu boşluqlar var: kainatın yaranmasına dair qəbul edilən nəzəriyyə olsa da kainatın düzlüyü, istilik yayılması və təkqütblülük kimi məsələləri izah edə bilmir.

 

Təkamül nəzəriyyəsi isə Böyük Partlayış nəzəriyyəsindən daha böyük əminliklə qəbul edilir. Çünki bütün genetik materiallar, fosil qeydləri, canlıların müşahidə edilmiş struktur dəyişiklikləri və laboratoriya təcrübələri Təkamül nəzəriyyəsini Yer üzərindəki həyatın çeşidliliyini izah edən yeganə və elmi nəzəriyyə olduğunu isbat edir. Əgər boşluqlara görə nəzəriyyələrin bizə təqdim etdiyi həqiqətlərə göz yumub onları fərziyyə statusuna geri qaytarsaq işimiz çox çətin olacaq, yaxşı ki, elm belə işləmir. Əgər bir müddət sonra elm bu tərzdə işləməyə başlasa, yəni hər bir boşluğu olan nəzəriyyə fərziyyə sayılsa əmin olun ki, “Yaradılış” fikrinin özü üçün təməl aldığı hər şey bir anda yox olacaq.

 

Elm dairələrində psevdoelm (saxta elm) sayılan, amma yaradılışçılar tərəfindən nəzəri və elmi don geyindirilən “Yaradılış nəzəriyyəsi” fərziyyə olmaqdan belə uzaqdır. Çünki ilk yaradılış inancının ortaya çıxmasından bu yana heç bir şəraitdə elmi olaraq müşahidə edilməmiş və sınaqdan keçirilməmişdir. Əlbəttə, hər kəs inanmaq istədiyinə inana bilər və bu onun haqqıdır. İnanc müstəvisində bizim bütün bunlara deyəcək tək kəlməmiz belə yoxdur. Lakin elm müstəvisində irəli sürülmüş fikirlərin sınanması, müşahidə edilməsi, sübuta yetirilməsi gərəklidir.

 

Elm müstəvisində inanc azadlığına yer yoxdur, faktlar, müşahidələr və məlumatlar vardır. Əgər yaradılışçılar elm müstəvisinə daxil olmaq istəyirlərsə öz düşüncə axınlarını elmi olaraq sübut etməlidirlər. Əks halda voleybol oynamaq üçün meydana girib lakin sadəcə ayaqla topa zərbə endirmək istəyən oyunçu kimi meydandan qovulacaqlar. Və bu hər zaman baş verir. Çox zaman yaradılışçıların təkamülçü alimlərin hegemonluğundan danışıb təkamülü qəbul etməyən bioloqların işdən azad edildiyindən şikayətləndiklərini görə bilərsiniz. Bu başqa bir yaradılışçı axın olan Gənc Dünya Yaradılışçısı (Yerin 6000 il yaşı olduğuna inanırlar) olan bir insanın geoloji tapıntıları rədd etdiyi halda geoloq işləmək istəməsinə bənzəyir. İşlərə bu baxış bucağı ilə baxdıqda hər şey fərqli görünür, elə deyilmi?

 

Müəllif; Ilkin Cəfərov

CAVAB YAZ

Zəhmət olmasa şərhinizi daxil edin!
Zəhmət olmasa adınızı buraya daxil edin