Təkamül mexanizmləri:Təbii seçmə-2

1
Darvin

­­

Təbii seçməyə aid yazdığımız seriyaya qaldığımız yerdən davam edək.


Əvvəlcə təbii seçməni 4 yerə bölək:

1. Hərəkətverici seçmə

2. Stabilləşdirici seçmə

3. Dizruptiv (dağıdıcı) seçmə

4. Neqativ (əlverişsiz) seçmə

Bu dəfəki yazımızda “Hərəkətverici seçmə”dən danışacağıq.

Hərəkətverici seçməni Darvin “Növlərin mənşəyi” əsərində “Təbii seçmə yolu ilə yeni variyasiyaların əmələ gəlməsinə əlverişli hallar” başlığı ilə  irəli sürmüşdür (mənbə: Növlərin mənşəyi , səh. 66).  Başlıqdan da başa düşüldüyü  kimi mühit şəraitinin dəyişilməsi zamanı növ əlamətinin orta həddən (məsələn, doğulan uşaqların ortalama çəkisi 3,5-4  kiloqram olur, bu orta həddir) müəyyən kənara çıxma halıdır. Bu zaman növ özünəməxsus olmayan əlamət qazanır.

Məsələn, atlar bir zamanlar 5 barmaqlı canlılar idi, amma indi isə tək bir barmağa malikdirlər.

Bu proses təbii ki, çox uzun bir zaman müddətində- 55 milyon il ərzində  baş verdi.

Atlar insandan əvvəl təkamülə başlamışdılar, yəni atlar insanın qarşısına çıxana qədər bir çox əlamət qazandı və itirdi. Təbii ki, təbii seçmədə atları misal göstərəcəyiksə, 55 milyon əvvələ səyahət etməliyik. Müasir insanın bu gün görsə, atdan başqa hər şeyə bənzədəcəyi bir varlıq –Eohippus atların ən qədim və uzaq əcdadı hesab edilir. Eohippus 10-20 sm böyüklüyündə (tülkü böyüklüyü də deyə bilərik), yarpaq, meyvə və s. bitki mənşəli qidalarlarla qidalanan, kolların arxasında gizlənən bir canlıdır. Eohippus qabaqda 4, arxada 3 barmağa malik idi, ancaq müasir atlar kimi barmaqları dırnaqlara malik idi. Başı və boynu qısa, gözləri, qulaqları və dişləri (ilk məməlilərin diş formulu kimi idi) müasir atlardan çox fərqlənirdi. Şimali Amerikada və Avropanın Eosen çökəkliklərində tapılan qalıqların (mənbə: MacFadden, B. J. (March 18, 2005). “Fossil Horses–Evidence for Evolution”. Science. 307 (5716): 1728–1730.  ; Froehlich, D. J. (2002). “Quo vadis eohippus? The systematics and taxonomy of the early Eocene equids (Perissodactyla)”. Zoological Journal of the Linnean Society. 134 (2): 141–256 )) radiometrik yaş üsulu ilə tədqiqinə görə   Eohippusun Paleogen dövründə (Kaynazoy erası) 10 milyon il mövcudluğunu qoruduğunu bilirik (55-45 milyon il əvvəl) .

Eohippusun skeleti. (National Museum of Natural History, Washington, D.C., USA. )

Təkamülən Eohhippusun “davamçısı” Orohippus hesab edilir. Hərəkətverici təbii seçmə nəticəsində Eohippusdan fərqli xüsusiyyətlər əldə etmişdi. Arxadakı  I, II  barmaqlar yox olsa da (Eohippusda qalıq kimi qalmışdı), yenə öndə 4, arxada 3 barmağı vardı, böyüklüyü isə 20-30 santimetrə qədər yüksəlmişdi. Barmaqların yox olma səbəbi yırtıcılardan daha sürətlə qaçmalı olduğuna görədir. Toxunma səthi nə qədər az olsa, bir o qədər də sürətli olar. Şimali Amerikada tapılan qalıqların (mənbə: MacFadden, B.J., 1998. Equidae. pp. 537–559 in C.M. Janis, K.M. Scott, and L.L. Jacobs (eds.) Evolution of Tertiary Mammals of North America Cambridge University Press, Cambridge.)  radiometrik yaş üsulu ilə tədqiqinə görə deyə bilərik ki, bu canlılar Paleogen dövründə (Kaynazoy erası)  9 milyon il mövcud olub. (54-45 milyon il əvvəl)

Orohippusun skeleti. (American Museum of Natural History, Manhattan, New York City, New York, USA.)

Epihippus-un sadəcə çənə sümüyü tapıldığına görə onun yalnız  dişləri və yaşı haqqında fikir yürütmək doğru olar. Dişləri ilkin məməli diş formulundan fərqlənirdi, yeni böyük azı dişləri vardı.  Bu da bu canlının təkamül etdiyini göstərirdi, hərəkətverici qüvvə bu canlıya yeni əlamət qazandırmışdı. Epihippus 47 milyon il bundan əvvəl yaşamışdır.

Hərəkətverici seçmənin atların təkamülün ən önəmli rolu 34 milyon il bundan əvvəl şəraitin dəyişməsindən sonra baş verdi. Bu dövrdə Şimali Amerikada yaşayan atlar üçün yeni əlamətlərin qazanılması ilə müşayiət  olundu, çünki geniş meşə zolaqları azaldı və quraqlıq  dövrü idi. Kollar arasında gizlənə bilməyən atlar arasından ən yaxşı qaçanlar həyat mübarizəsində qalib olmalı idi və belə də oldu. Bu dövrdə hərəkətverici seçmənin seçdiyi növləri belə ümumiləşdirmək olar:

Mesohippus:

Müasir atların əcdadları arasında  Mesohippusu  ilk bənzəyən əcdad saymaq olar. Qida ilə əlaqədar dişlərdə dəyişikliklər vardı, beyin yarımkürələri müasir atlarla oxşarlıq təşkil edirdi. Xüsusilə aşağıdakı şəkildən göründüyü kimi böyüklüyü 70 sm qədər olmaqla yanaşı, bel sümüyü də düzləşmiş boynu isə daha da uzanmışdı. Lakin barmaqlarında dəyişiklik olmamışdır. Colorado, Nebraska , Dakota və Kanadada qalıqları tapılmışdır. Radiometrik yaş üsulu ilə qalıqların 30-37 milyon il bundan əvvəl yaşadığı məlum olmuşdur. (Mənbə: McKenna, M. C.; Bell, S. K. (1997). Classification of Mammals: Above the Species Level. Columbia University Press. p. 631. ISBN 978-0-231-11013-6.

Palmer, D., ed. (1999). The Marshall Illustrated Encyclopedia of Dinosaurs and Prehistoric Animals. London: Marshall Editions. p. 255. ISBN 1-84028-152-9)

Mesohippus fossili. Harvard Museum of Natural History. South Dakota, United States, təqribən 30 milyon il əvvəl

Miohippus: 20-24 milyon il əvvəl mövcud olan və atların təkamülündə şaxə verən ilk heyvandır. Miohippusdan  bir çox at cinsi yarandı və təkamül etdi. Bu cinslər aşağıdakılardı:

  1. Anchitherium 
  2. Kalobatippus
  3. Archaeohippus
  4. Hypohippus
  5. Megahippus

Bunların boy ölçüləri (ən böyüyü Megahippusdur)  və skelet quruluşlarında müxtəliflik olsa da, qida rasionları bitki mənşəli, barmaqlarının sayı isə üçdür. Qalıqlar, adətən, Şimali Amerikada və Şərqi  Asiyada tapılmışdır.  Ümumiyyətlə,  Kaynazoy erasının Neogen dövründə otlaqların yaranması atların yaşamında və təkamülündə rol oynadı. Hypsodont deyilən diş tipi formalaşdı ki, bu da sərt otları yemək üçün hərəkətverici seçmənin qazandırdığı bir əlamətdir.

Hypsodont dişlərə Parahippusdan sonra  rast gəlinir. Parahippus Miohippusdan törəyən şaxələrdən ciddi fərqlənmirdi, ancaq Parahippus haqqında ən önəmli məlumat onun meşədən ovalığa, yəni yarpaqla qidalanan atlardan otla qidalanan atlar arasında keçid olmasıdır. İlkin tapıntılarda Miohippusa daha çox oxşasa da, sonrakı tapıntılarda( Palmer, D., ed. (1999). The Marshall Illustrated Encyclopedia of Dinosaurs and Prehistoric Animals. London: Marshall Editions. p. 256. ISBN 1-84028-152-9) Merychippusa bənzəyir.

Merychippus – 17 milyon il əvvəl yaşayan at cinsidir. Bu atlar aşağıdakı şəkildən göründüyü kimi 3 barmaqlı idilər, ancaq 2 barmaq digər barmağa nisbətən qısa idi. Həmçinin boyu 1 metri keçmişdi (bəzi mənbələrdə 89 sm olaraq göstərilir). Bu da dövrünün ən sürətli atı olduğunu deməyə əsas verir. Təbii seçmənin ən sürətli atları seçdiyinə diqqət etsək, bu atların özündən sonra 19 yeni at növünə başlanğıc verdiyinə təəccüblənməmək lazımdır. Buna Merychippusun dünyaya yayılması da deyirlər.  (Mənbə: R. L. Carroll. 1988. Vertebrate Paleontology and Evolution. W. H. Freeman and Company, New York 1-698 B. J. MacFadden. 1998. Equidae. In C. M. Janis, K. M. Scott, and L. L. Jacobs (eds.), Evolution of Tertiary Mammals of North America M. Bravo-Cuevas and I. Ferrusquía-Villafranca. 2006. Merychippus (Mammalia, Perissodactyla, Equidae) from the Middle Miocene of state of Oaxaca, southeastern Mexico. Géobios)

Anchitherium aurelianense, A. equinum (hal-hazırda Hypohippus equinus adlanır), Merychippus sejunctus, and M. sphenodus fossillər Museum für Naturkunde, Berlində yerləşir

Eohippusdan 45 milyon il sonra, yəni bundan 10-15 milyon il əvvəl Pilohippusdan törəyən Astrohippus və Dinohippusda  müasir atlarda olduğu kimi tək barmaqlılıq müşahidə edilir.

( Mənbə: Astrohippus qalıqları:   Mooser, O. 1973 “Pliocene Horses of the Ocote Local Fauna, Central Plateau of Mexico Pliocene Horses of the Ocote Local Fauna, Central Plateau of Mexico” The Southwestern Naturalist 18(3):257-268

MacFadden, B. J. (1984). “Astrohippus and Dinohippus”. J. Vert. Paleon. 4(2):273-283)

Bütün bu 3 barmaqlı atlar, zamanla təbii seçməyə məğlub oldular və geriyə sadəcə atları təmsil edən yeganə cins – equus qaldı. Equus cinsinə malik  növlərin hamısı insanlar tərəfindən əhliləşdirilmişdir. Yalnızca Equus caballus przewalskii (mənbə: International Takhi Group. “Takhi: Holy Animal of Mongolia”. International Takhi Group. Retrieved August 13, 2016) atları ilk dəfə 19-cu əsrin sonu kəşf edildi. Rus çarı II Nikolasın əmri ilə əhliləşdirilməyə başlandı və bununla çox ciddi itkilər yaşandı. Bu atlar əhliləşdirilmədən sonra;  1997-ci ildən sonra Institute of Evolutionary Animal Morphology ve Moscow Academy of Sciences qurumları tərəfindən əsl yaşam ərazilərinə, yəni vəhşi həyatlarının olduğu (Monqolustan,  Hustain Nuru) qaytarıldılar. Ancaq bu yer hal-hazırda təbiət parkıdır. Bundan əlavə Avstraliyada Brumby atlarını da, vəhşi, hətta yırtıcı atlardan saymaq olar. Bu atlar da insanlar tərəfindən bir oyunun parçasına çevrilmişdilər. Belə ki , onları tutmaq, zəbt etmək üçün xüsusi oyunlar keçirilirdi və bu da bu atların sayının azalmasına səbəb olmuşdu. Hal-hazırda bu atların bir qismi əhliləşdirilib və dövlət mühafizəsindədir (mənbə:The Land Magazine, p. 3, 19 June 2008, Rural Press, North Richmond, NSW).  Bundan əlavə Amerikanın quraq çöllərində yaşayan Mustang adlanan bir çox atlar var ki, onlar öz sahiblərindən qaçan və ya sahibləri tərəfindən tərk edilən atlardır (mənbə: “wild wild world of animals” sənədli filmi)

ƏSAS MƏNBƏLƏR:

1.MacFadden, B.J., 1998. Equidae.

2.“Takhi: Holy Animal of Mongolia”

3. Elm və gələcək, nəşr: 45

4.Çarlz Darvin. Növlərin mənşəyi

 

SERİYANIN DİGƏR YAZILARI:

TƏKAMÜL MEXANİZMLƏRİ: TƏBİİ SEÇMƏ-1

Təkamül mexanizmləri:Təbii seçmə-3

Təkamül mexanizmləri:Təbii seçmə-4

Redaktə: Vəliyeva Fatimə 

1 ŞƏRH

CAVAB YAZ

Zəhmət olmasa şərhinizi daxil edin!
Zəhmət olmasa adınızı buraya daxil edin