Təxəyyül nədir ?

0

İnsan nəinki duyğu üzvlərinə bilavasitə təsir edən cisim və hadisələri  qavrayaraq, yaxud keçmişdə qavradıqlarını yada salaraq onların surətlərini beyin­də yaradır, həm də heç zaman bilavasitə qavramadığı, hətta heç mövcud olması mümkün olmayan cisimlərin, hadisələrin surətlərini də beyində yarada bilir. İnsanın psixikası ilə bağlı olan bu proses təxəyyül, yaxud fantaziya adlanır.

Related image
Təxəyyül insanın qavrayışı və hafizəsi ilə bağlı təsəvvürlərin yenidən işlənməsi, yeni qaydada birləşdirilməsi əsasında yeni surətlərin yaradılma­sından ibarət olan psixi prosesə deyilir.
Təxəyyül ali psixi funksiyalardan biri kimi diqqəti cəlb edir. İnsan təlim və əmək fəaliyyətində təkcə öz yaddaşına əsaslanmır. O, öz fəaliyyətinə yaradıcı şəkildə yanaşır, yaddaşında olan təsəvvürləri dəyişdirir, yeni qaydada birləşdirir, yeni  surətlər yaradır və fəaliyyət göstərir. Yeninin yaradılması ilk əvvəl ideal şəkildə, fikirdə həyata keçirilir və sonra maddi, əməli şəkildə reallaşdırılır. İnsanın öz təsəvvürlərinin ideal şəkildə fikirdə birləşdirilməsi, dəyişdirilməsi və bu əsasda yeni surətlərin yaradılması təxəyyül prosesidir. 
Təxəyyül bir sıra özünəməxsus xüsusiyyətləri  ilə digər psixi proseslərdən fərqlənir. Bildiyimiz kimi duyğu, qavrayış, hafizə, hətta  təfəkkür kimi psixi proseslərin elementləri hey­­vanlarda da bu və ya başqa şəkildə özünü göstərir. Təxəyyül isə bir psixi proses kimi ancaq insana məxsusdur.
Təxəyyülün köməyi ilə insan nəyi isə yaradır, özünün fəaliyyətini planlaşdırır və onu idarə edir. Demək olar ki, bəşəriyyətin yaratdığı maddi və mənəvi dəyərlər insan təxəyyülünün məhsuludur. Təxəyyül insanı hal-hazırdakı vəziy­yətdən kənara çıxarır, ona keçmişi daha əyani şəkildə görməyə kömək edir, onu gələcəyə aparır.  İnsan öz təxəyyül fəaliyyətinin vasitəsilə ayrı — ayrı  orqan­larının fəaliyyətinə təsir edə bilir. Bunu autotreninq təcrübələrində aydın şəkildə görmək mümkündür. Təxəyyül fəaliyyətindən istifadə edərək xəstəliyin müali­­cəsinə təsir göstərmək, başqa sözlə, psixoterapiyada təxəyyül obrazlarının yaradıl­masından geniş istifadə edilir.
Təxəyyül bir psixi proses kimi qavrayış, hafizə və təfəkkür prosesləri ara­sında aralıq mövqe tutur.
Təxəyyül fəaliyyəti zamanı bizim yaratdığımız surətlər, hətta onlar fantastik mahiyyətə malik olduqda belə, onun ayrı-ayrı elementləri həyatdan, keçmiş qavra­yışlarımızdan, yaddaşı­mızdan götürülmüş olur.
Təxəyyülün təfəkkürlə əlaqəsi onda ifadə edilir ki, təxəyyül də varlığın özünəməxsus şəkildə inikasıdır. Lakin təfəkkür bir psixi proses kimi varlığı, aləmi anlayışlarla əməliyyat aparmaq vasitəsi  ilə əks etdirirsə, təxəyyül varlığı konkret obrazlı formada əks etdirir. Biz bu cəhəti alimin və yazıçının fəaliyyətində aydın şəkildə görə bilərik. Alim də, yazıçı da varlığı əks etdirir, lakin biri məntiqi dəlillərlə, sübutlarla, digəri isə təxəyyülün köməyi ilə, yaratdığı obrazlarla.
Təxəyyül bir psixi proses kimi, təbii ki, müəyyən fizioloji proseslərlə, beyinin fəaliyyəti ilə bağlıdır. Burada ilk növbədə insanbeyninin analitik-sintetik fəaliyyəti mü­hüm əhəmiyyət daşıyır.
Belə ki, insan öz praktik, əməli fəaliyyətində varlığın cisim və hadisələrini tərkib elementlərinə ayırır.
Məhz bu elementlər sonradan başqa bir, yeni qaydada birləşdirilir, yeni surətlər yaradılır. Varlıq, aləm bu surətlərdə əks etdirilir.

Image result for təxəyyül
Təxəyyül surətlərinin yaranmasının fizioloji mexanizmində əvvəllər beyində yaranmış müvəqqəti sinir rabitələrinin yenidən, yeni qaydada birləşməsi və canlanması dayanır.
Əlbəttə yeni birləşmələrin, assosiasiyaların yaranması üçün mövcud, əvvəlki rabitələrin dissosiasiyası zəruridir.
Nəzərə alsaq ki, təxəyyül ali psixi  funksiyadır, demək, təxəyyülün fizi­oloji mexanizmində baş beyin yarımkürələri qabağında  gedən proseslər dayan­malıdır. Lakin psixoloqlardan R.S.Nemovun dediyi  kimi, baş-beyin qabığının  təxəyyüllə bağlı olan fəaliyyəti lazımi dərəcədə öyrənilməmişdir. Son zamanlarda təxəyyül fəaliyyətinin beynin aşağı  şöbəsinin fəaliyyəti ilə bağlılığı barədə fərziyələr irəli sürülmüşdür. Bu sahədə aparılan tədqiqatlar da bu fərziyyənin doğruluğunu sübut edir. Belə ki, beynin aşağı şöbəsində yerləşən hipotalimik- limbik sistemdə zədələnmə əmələ gəldikdə psixikada xarakterik pozğunluqlar özünü göstərir. Bu pozğunluqlar onda ifadə edilir ki, xəstə özünün   davranışını planlaşdıra bilmir. Nəzərə alsaq ki, insanın öz davranışını planlaşdırması və onu idarə etməsi təxəyyül fəaliyyəti ilə bağlıdır, onda hipotalamik-limbik sistemin təxəyyül fəaliyyətində oynadığı rol aydın olur.
Təxəyyül fenomen xüsusiyyətlərə malik psixi prosesdir. Burada qeyri-adi olan odur ki, təxəyyül obrazları beyində gedən fizioloji proseslərin nəticəsində yaranırsa da, bu obrazlar yarandıqdan sonra  orqanizmdə gedən digər fizioloji proseslərə təsir edə bilir.
Bu fikri təsdiq etmək üçün psixoloji  ədəbiyyatda belə misallardan isti­fadə edilir. Məşhur yazıçı Floberin özünün yazdığı  kimi  o, «Xanım Bavari» ro­ma­­nının qəhrəmanı Bavarinin zəhəri içməsi səhnəsini təsvir edərkən  ağzında   zəhər tamı duyğusu əmələ gəlib. Yaxud, deyilənə görə, Volter hər ili Varfolomey gecəsinin il dönümündə xəstələnirmiş. Dini fanatizmin qurbanı olmuş minlərlə  günahsız  adamın öldürül­düyü həmin gün haqqında düşüncələr, bununla bağlı onda yaranan  təxəyyül obrazları onun bədənində titrəmənin əmələ gəlməsinə, daha sonra, temperaturun qalxmasına, nəbzinin döyüntülərinin çoxalmasına səbəb olarmış.
Bəzən, həkimin ehtiyatsızlıqla xəstəyə dediyi sözün nəticəsində xəstə təxəyyülündə özünü ağır xəstəliyə tutulmuş insanın obrazı kimi  canlandırır ki, bu da bu xəstəliklə bağlı simptomların həqiqətən həmin xəstədə təzahür etməsinə səbəb ola bilir.
Nəhayət, təxəyyül obrazlarının fizioloji proseslərə təsiri ilə bağlı ideomotor aktlar haqqında da danışmaq olar.
Volf  Messinqin, Tofiq Dadaşovun məlum təcrübələrini yadımıza salaq. Onlar gizlədilmiş cismi tapa bilirlər. Ona görə tapa bilmirlər ki, həmin cismi gizlədən adam təxəyyülündə öz işinin obrazını yaradır. Təxəyyül obrazları da öz növbəsində həmin şəxsin ayrı-ayrı üzvlərinə, onların fəaliyyətinə təsir edir və hərəkət aktları törədir. Bunlara idiomotor aktlar deyilir. Fövqəladə dərəcədə həs­sas­­lığa malik olan ekstrasens idiomotor aktların çox incə siqnallarını tutur və nəticədə gizlədilmiş cismi tapa bilir.
Təxəyyüldən psixoterapiyada da  geniş istifadə olunur və müəyyən  psixoloji gərginliyin aradan qaldırılmasına imkan  verir. Təxəyyül çox mürəkkəb psixi prosesdir. Heç şübhəsiz ki, onun fizioloji əsası ilə bağlı hələ öyrənilməmiş xeyli məsələlər mövcuddur.

Təxəyyül surətlərinin yaradılması  müxtəlif səviyyələrdə gedə bilir. Bu səviyyələr onunla müəyyən edilir ki, insan bu prosesə  nə qədər şüurlu münasibətdə olur. Bu baxımdan təxəyyülün iki növü mövcuddur: passiv və fəal təxəyyül.
Passiv təxəyyül prosesində surətlərin yaradılması ətraf mühiti dəyişdirməyə yönəlmiş yaradıcı fəaliyyət kimi özünü göstərmir. İnsan reallıqdan uzaq olan surətlər yaradır. Bu halda insan fantastik təsəvvürlər aləminə qapılır, özünün çətin vəzifələrini həyata keçirmək naminə, sanki, təxəyyülünün yaratdığı surətlərin arxasında gizlənir. Bu cür təxəyyül növü passiv təxəyyül adlanır. Passiv təxəyyül özü də iki növə, niyyətli və niyyətsiz təxəyyül növlərinə ayrılır. Yuxarıdakı misalda verdiyimiz təxəyyül prosesi niyyətli passiv təxəyyül prosesidir. Niyyətli şəkildə gedən təxəyyül prosesində həyatda təcəssümü mümkün olmayan surətlər yaradılarsa, buna xülya deyilir. 
Xoş, sevincli, dadlı xülyaya qapılmaq hər kəsə xas olan bir cəhətdir. Xülya obrazları ilə insanın tələbatları arasında bir başa rabitə, əlaqə mövcuddur. Belə bir cəhəti xüsusilə qeyd etmək lazımdır ki, insanın təxəyyül fəaliyyətində bu növ təxəyyül üstünlük təşkil etsə, belə adamlara xülyaçı, xülyapərəst adamlar deyilir. Bu cəhət şəxsiyyətin mənfi cəhəti olub, onu passivləşdirən, fəaliyyətdən qoyan bir cəhətdir.
Passiv təxəyyülün niyyətsiz növü adətən şüurun, insanda ikinci siqnal sisteminin fəaliyyəti zəiflədiyi zaman baş verir. Məsələn, siz sərin otaqda yat­mısınız və üstünüzü isti yorğanla örtmüsünüz. Gecə sizin əliniz ya da ayağınız yorğandan kənara çıxır. Bu zaman siz soyuğu hiss etməyə başlayırsınız. Bu duyğu sizdə təxəyyül prosesinin əmələ gəlməsinə səbəb olur, siz yuxu görürsünüz. Görürsünüz ki, qarın üstə ayaqyalın gəzirsiniz, soyuqdan gizlənməyə çalışırsınız və s. Bütün röya obrazları niyyətsiz passiv təxəyyül fəaliyyətinin nəticəsi kimi təzahür edir.
Passiv təxəyyül niyyətli və niyyətsiz növlərə ayrılırsa, fəal təxəyyül həmişə niyyətli xarakterə malik olub, bərpaedici və yaradıcı təxəyyül növlərinə ayrılır.
Bərpaedici təxəyyül təsvirə, sxemə əsasən surətlərin yaradılması prosesidirMövcudolmuş, yaxud mövcud olan, lakin bizim tərəfimizdən heç zaman bilavasitə­ qavranılma­­mış obyektlərin təsvirə əsasən surətlərinin yaradıl­masına bərpaedici təxəyyül deyilirMəsələn, bədii əsərlərdə təbiət təsvirlərinə aid parçaları oxuyarkən gözümüzün qarşısında, yəni təxəyyülümüzdə bizim heç vaxt olmadığımız bir yerin, ərazinin obrazı yaranır. Həndəsədə fiqurların fəzada vəziyyətinə aid teoremanın şərtlərində verilən faktlara əsasən biz onun obrazını təxəyyülümüzdə yarada bilməsək, teoremanı isbat etmək olmaz. Şagird tarix, coğrafiya fənnləri ilə bağlı materialları öyrənərkən, beləcə, dərslikdə verilən təsvirlərə əsasən, müxtəlif coğrafi əraziləri, tarixdə baş verən döyüş səhnələrini, onların obrazlarını təxəyyülündə yaradır. Bütün bunlar da öz növbəsində təlim materialarının mənimsənilməsində, uzun müddət yadda saxlanılmasında çox bö­yük əhəmiyyət daşıyır.
Bərpaedici təxəyyül insanın həyat və fəaliyyətində mühüm əhəmiyyətə malik olmaqla təlim fəaliyyətində müstəsna əhəmiyyət daşıyır.
Yaradıcı təxəyyülfəaliyyətin tərkib  hissəsini  təşkil edən yeni  surətlərin yaradılma­sıdır. Təxəyyülün bu növü heç bir sxemə, təsvirə istinad etmədən, müstəqil olaraq yeni surətlərin  yaradılmasından ibarətdir. Bəzən yanlış olaraq yaradıcı təxəyyüllə, yəni, yeni orijinal obrazların yaradılması prosesi ilə yaradıcılıq deyilən fəaliyyət prosesini eyniləşdirirlər. Təbii ki, insanın yaradıcılıq fəaliyyəti yaradıcı təxəyyülə çox bağlıdır. Lakin, bunlar eyniləşə bilməz. Təxəyyül və yaradıcılıq haqqında sonrakı bölmədə söhbət  açacağıq. Burada isə ancaq yeni obrazlar yaratmaqdan söhbət gedir. Yeni obrazın, surətin yaradılması prosesi haqqında ayrıca danışacağıq
Xəyal. Təxəyyülün növlərindən biri də xəyaldır. Xəyal arzu edilən gələcəyə yönəlmiş obrazların yaradılması prosesidir. Xəyal xülya deyil. Xəyalı xülyadan ayıran odur ki, xəyal əsasən real, həyata keçirilməsi mümkün olan surətlərin yaradılması prosesidir. Xəyal insanın fəallığının çox qüvvətli stimullarından biridir. Xəyal insana fəaliyyətində və mübarizəsində qarşıya çıxan çətinliklərə üstün gəlməkdə bir güc, qüvvə verir. Xüsusilə gənclərin, məktəblilərin gələcək peşələri, həyat mövqeləri haqqındakı xəyalları onları yaxşı oxumağa, çalışmağa, özlərinin təhsil fəaliyyətlərinə daha ciddi yanaşmağa sövq edir. Göstər­diyimiz bütün bu cəhətlərinə görə xəyal insanı passivləşdirən xülyadan əsaslı şəkildə fərqlənir.
Xəyal insanın reallaşa bilən, yaxud reallaşması müm­kün olan fantaziyasıdır. Belə bir fantaziya, xəyal rus yazıçısı D.İ.Pisarevin dediyi kimi, insanın faydalı işinə təkan verir. Xəyal insanın fəaliyyətinin təhrikedici səbəbi,  motivi kimi meydana çıxır. Məhz bu mənada demək olar ki, insan əli ilə  düzəl­­­dilmiş hər şey öz tarixi mahiyyətinə görə maddiləşmiş, həyata keçirilmiş insan xəyalıdır. Xəyalın insanın işində, əməlində, bir sözlə praktik fəaliyyətindəki rolunu böyük rus psixoloqu S.L.Rubinşteyin belə ifadə etmişdir: «Hər bir bədii yaradıcılıq aktında və bütün həqiqi hisslərdə fantaziyanın kiçik parçası var: bir başa təsir edən faktların üzərində qurulan hər bir mücərrəd fikirdə fantaziyanın kiçik parçası var; çox kiçicik şəkildə aləmi dəyişdirə bilən insanın hər bir işində fantaziyanın kiçik parçası var; insan düşünərək, duyaraq, fəaliyyət göstərərək, həyata bir damcı da olsa, yenilik gətirir ki, burada da fantaziyanın bir parçası var»

 

Qaynaq :

Bayramov Ə.S , Əlizadə .Ə.Ə – Psixologiya 2-ci nəşr , Bakı 2002 , Səh (369-380)

Əlizadə .Ə.Ə – Təxəyyül – Bakı 2007

Əlizadə.Ə.Ə – İdrak prosesləri və hisslər -Bakı 2006 , səh (175-257)

Prof İ.Seyidov və prof. M.Həmzəyev –Ümumi psixologiya

CAVAB YAZ

Zəhmət olmasa şərhinizi daxil edin!
Zəhmət olmasa adınızı buraya daxil edin