Təxəyyül surətləri necə yaranır ?

0

Təxəyyül  surətlərinin  yaradılması   prosesi mühüm fikri  proseslər olan təhlil-tərkib fəaliyyəti ilə bağlıdır. Təhlil və tərkib(analiz və sintez) təkcə təfək­kür fəaliyyətinin əsasını deyil, həm də təxəyyül surətlərinin yaradılmasının əsa­sını təşkil edir. Bu cəhət yaradıcılığın bütün sahələrində həm elmi, texniki, həm də ədəbi yaradıcılıq sahəsində çox aydın şəkildə özünü göstərir.
Yazıçı bu və ya digər surəti yaratmaq üçün müşahidələr aparır, həyatda rastlaşdığı insanları, onların hərəkətlərini təhlildən keçirir, daha sonra müxtəlif adamlarda müşahidə etdiyi xüsusiyyətləri, əlamətləri birləşdirir.
Surətlərin yaradılmasında yazıçının həyata keçirdiyi bu tərkib, sintez­ləşdirmə fəaliyyəti müxtəlif tərzlərdə özünü göstərir. Məsələn, böyük rus yazıçısı L.N.Tolstoy «Hərb və sülh» əsərindəki Nataşa Rostova obrazını özünün həyat yoldaşı Sofiya Andreyevanın və bir də baldızı Tanya Andreyevanın şəx­siyyətlərinin təhlilindən əldə edilən xüsusiyyətləri birləşdirməklə (tərkib) yaratmışdır.
Sintezləşdirmənin və tərkibin bu tərzi surətlərin yaradılmasında daha çox təsadüf edilən və daha aydın görünən növüdür.
Təxəyyül surətlərini yaradarkən digər sintezləşdirmə tərzlərindən də istifadə edilir. Belə tərzlərdən biri aqqlyutinasiya adlanır. Aqqlyutinasiya elə sintezləşdirmə tərzidir ki, bu zaman real həyatda biri-biri ilə birləşməyən müxtəlif keyfiyyətləri, xassələri, hissələri birləşdirilərək yeni bir surətin yaradılması prosesi baş verir.
Məsələn, su pərisi surətinin  yaradılması prosesi real həyatda  birləşməsi mümkün olmayan  qadının başı və balığın gövdəsi kimi hissələrin birləşdirilməsi əsasında baş verir. Çoxəlli ilahələrin, yeddibaşlı əjdahaların obrazlarının yaradılması da sintezləş­dirmənin aqqlyutinasiya deyilən tərzinin köməyi ilə edilmişdir.
Təxəyyül prosesində özünü göstərən sintezləşdirmə tərzlərindən biri də hiperbolizasiyadır.Hiperbolizasiya təxəyyül obrazlarının yaradılmasında mü­­­­ba­­­li­­ğədən istifadə etmək deməkdir. Mübaliğə iki istiqamətdə gedə bilər: şişirtmə və kiçiltmə istiqamətində. Məsələn, nağıllarımızda və dastanlarımızda xalq öz qəhrəmanlarının obrazını yaradarkən mübaliğədən geniş istifadə etmişdir. Məsələn, «Koroğlu» dastanında belə bir əhvalat nəql olunur ki, Keçəl Həmzə Qıratı qaçırandan sonra dəyirmanda Koroğlu ilə Dürat qalır. Bu zaman dəyirmana bir kişi iki öküzlə dörd çuval arpa və buğda gətirir. Koroğlu özünü dəyirmançı adlandırır və yükü qəbul edir. Sonra iki çuval arpanı bir çuvala doldurub Düratın qabağına qoyur, öküzün də birini kəsib, kabab çəkib yeyir. Lakin taxılın da öküzün də pulunu verib, Dürata minib yola düşüb gedir. Göründüyü kimi burada Koroğlunun da, Düratın da obrazını yaradarkən xalq mübaliğədən istifadə etmişdir.

Təxəyyül prosesində təxəyyül surətlərinin yaradılmasında istifadə edən tərkib üsullarından  biri də nəzərə çarpdırmaq, yaxud aksentləşdirmədir. Aksentləşdirmə zamanı xarakterik olan cəhət odur ki, surətlərin yaradılması prosesində birləşdirilən, tərkib edilən elementlərdən biri qabarıq, daha nəzərə çarpacaq şəkildə olur. Yoldaşlıq şarjlarının, karikaturaların yaradılmasında rəssam həmin tərzdən istifadə edir.

3-4 yaşlı uşaqlarda da belə bir tələbat əmələ gəlir. Uşaq edə  bilməyə­cəyi bir iş görmək istəyir, özünü kiməsə  oxşatmaq, bənzətmək istəyir. Oyun pro­se­­­sində uşaq özünü atın üstündə oturan, at çapan atlıya, təyyarəçiyə, sürücüyə, mü­­əllimə, həkimə bənzədir. Uşaq öz oyununda təqlid yolu ilə bu peşə sahiblə­­rinin zahirdə olan hərəkətlərini yamsılayır. Təbiidir ki, bütün bunlar uşağın idrakına, psixikasının inkişafına güclü təsir edir. Uşaq oyun prosesində cisimlərin əlamətlərini, insanların funksiyalarını, insanlar  arasındakı münasibətləri dərk etməyə başlayır. Oyun prosesində uşaq ancaq gördüklərini mütləq mənada təkrar etmir. O, öz oyununda əks etdirdiyi, təqlid etdiyi işə, hərəkətə yeni, nəyi isə əlavə edir. Uşağın oyun fəaliyyətində yaradıcılıq ünsürləri nəzərə çarpır.
Uşağın təxəyyülünün yaradıcı funksiyası özünü büruzə verir.  Uşaq şəraiti dəyişdirir, predmetləri yeni qaydada yerləşdirməyə can atır, əşyalara özü bildiyi  funksiyaları həvalə edir. Uzun ağac parçası-ata, stul- avtomobilə, gəlinciklər- müəl­limə, anaya, uşağa çevrilir.
Oyun prosesində uşağın təxəyyülü ixtiyari xarakter daşımağa başlayır. Be­lə ki, təxəyyül obrazları əvvəlcədən müəyyən olunmuş məqsədlə bağlı olaraq yaradılır. Lakin, məktəbəqədər yaş dövrünün əvvəllərində bu məqsəd uşağın özü tərəfindən deyil, böyüklər tərəfindən uşağın qarşısında qoyulur. Məsələn, kubik­ləri uşağın qabağına tökür və deyirik: «Bu kubiklərdən evcik qur». Karandaş və ağ kağız verir və deyirik: «Pişik çək». Uşaq da öz bacarığı dairəsində bu işi görür və bu prosesdə onda istər-istəməz təxəyyül fəaliyyəti canlanır.
Məktəbəqədər yaşın sonrakı dövrlərində uşaq özü fəaliyyətə başla­mamışdan qabaq qarşısına müəyyən məqsədlər qoyur. Beləliklə də, nəticə etibarı ilə uşağın təxəyyül fəaliyyəti ümumən onun fəaliyyətinə bir ixtiyarilik gətirir. Təxəyyülün uşaqlarda inkişafı onların oyunlarını daha mürəkkəb və davamlı edir. Psixoloqlardan V.S.Muxinanın tədqiqatlarına əsasən oyun  3-4 yaşlı uşaqlarda 10-15 dəqiqə, 5 yaşlı uşaqlarda 40-50 dəqiqə, 6-7 yaşlı uşaqlarda bir neçə saat davam edə bilir.
Uşaqlarda oyun fəaliyyətinin bu şəkildə olan inkişafı onların təxəyyülünü də zahiri köməyə ehtiyacı olan bir fəaliyyətdən elementar şəkildə olsa da söz yaradıcılığını və bədii yaradıcılığı həyata keçirməyə imkan verən daxili  bir fəaliyyətə çevirir.
Bəzən yanlış olaraq uşağın oyun prosesində özünü göstərən fantaziyanın, necə deyərlər, «çox yüksəkdən uçuşunu» uşaqlarda təxəyyülün böyüklərə nisbətən daha çox inkişaf etməsi kimi qiymətləndirirlər. Əslində isə uşaqlarda təxəyyülün  inkişafı böyüklərə nisbətdə aşağı səviyyədə olur.
Uşağın həyat təcrübəsi çox az, bilikləri məhdud olduğundan o, bu və ya digər təxəyyül obrazını yaradarkən obyektiv varlığa xas olan qanunauyğunluqları nəzərə almır, həyatı reallığı pozur.
Oyun prosesində uşağın duyğuları, qavrayışı, hafizəsi və təfəkkürü inkişaf edir və bütün bunlar onun təxəyyül fəaliyyətinin də inkişafına səbəb olur. Getdikcə uşağın təxəyyül fəaliyyəti keyfiyyət dəyişmələrinə uğrayır. Məsələn, 3-4 yaşlı uşağın oyununda müəyyən bir pred­­­­­met­­ başqa bir predmetin əvəzləyicisi kimi istifadə edilir. Uşaq kibrit qutusunu beşik, kibritin dənələrini isə uşaq, çağa kimi hesab edir  və öz oyununu qurur. Göründüyü kimi  burada əvəz edənin əvəz edilənə oxşaması o qədər də vacib deyil. Lakin 5-6 yaşlı uşaq heç zaman oxşarlıq baxımından bu qədər bir-birindən uzaq olan  /kibrit qutusu-beşik/ predmetləri öz oyununda biri digərinin əvəzləyicisi /bədəli/ kimi götürməz. Bu yaşda təxəyyüldə yaradılan ob­­­­razl­­­­arın əvəzləyiciləri, real olanın özünə müəyyən dərəcədə oxşaması uşaq tərəfindən zəruri sayılır. O, oyuncaq gəlinciklərdən, maşınlardan, kürək və dırmıxdan, su qablarından və s. istifadə edərək oynunu qurur.
Beləliklə də təxəyyül xüsusi bir psixi proses olmaq etibarilə uşağın oyun prosesində inkişaf edən qavrayış, hafizə və təfəkkür kimi psixi proseslərin arasında aralıq bir mövqe tutur. Bu psixi proseslərin inkişafı ilə təxəyyülün inkişafı arasında qarşılıqlı təsir mövcud olur.

 

 

Qaynaq :

Prof .S.İ.Seyidov və prof. M.Ə.Həmzəyev -Ümumi psixologiya

Ə.Əlizadə -Təxəyyül -Bakı 2007

Qədirov .Ə.Ə. – Yaş psixologiyası -Bakı ,2001 , səh ( 284-286)

Qədirov.Ə.Ə- Uşaqlarda idrak proseslərinin inkişafı – Bakı ,1970

CAVAB YAZ

Zəhmət olmasa şərhinizi daxil edin!
Zəhmət olmasa adınızı buraya daxil edin