Tarixdə iz qoyan , amma tanımadığımız 13 qadın #2

0
Lilit və Həvva

1.Huda Şaaravi (1879-1947)- 

 

 

XX əsrin əvvəllərində Misirdə qadınların hüquqları uğrunda mübarizə aparmış, ilk feminist qadın jurnalı olan «L’Égyptienne» nəşr etdirmiş, Misir Qadınları Birliyini yaratmış və onun ilk rəhbəri olmuşdur. 13 yaşında özündən 30 yaş böyük əmisi oğlu ilə evləndirilmişdir. Niqab taxmadığı üçün əri onu boşamış, amma o mübarizəsindən əl çəkməmişdir. 1910-cu ildə Misirdə qızlar üçün ilk məktəb açmağa, qızların evlənmə yaşının 12 yaşdan 16 yaşadək qaldırılmasına nail olmuşdur. Romada keçirilən konfransdan qayıdarkən hava limanında üzündəki niqabı açmış və bunun Misir mədəniyyətinə yad olduğunu, Misirə türklər tərəfindən gətirildiyini vurğulamışdır. İngilislərin Misiri işğalına etiraz olaraq 350 qadınla Qahirədə yerləşən Britaniya səfirliyi qarşısında etiraz aksiyası keçirmişdir.

 

2.Polikarpa Rios (1796-1817)-

Policarpa Salabarrieta.jpg

Kolumbiyanın milli -azadlıq mübarizəsində iştirak edərək partizanlara kəşfiyyat məlumatları ötürmüş və könüllülər toplamışdır. 1817-ci 14 noyabr tarixində ispanlar tərəfindən ələ keçirilmiş və Boqota şəhərinin mərkəzi meydanında güllələnmişdir. Kolumbiya konqresi Polikarpanın şərəfinə 1967-ci ildə qərar qəbul edərək 14 noyabr tarixini “Kolumbiya qadınlar günü” elan etmişdir.

 

3.Aleksandra Mixaylovna Kollontay (1872-1952)-

Aleksandra Kollontaj 10.gif

rus inqilabçı, siyasi xadim və diplomat. Tarixdə ilk qadın nazir və diplomat olmuşdur. Gənc yaşında ailəsinin ona ərə vermək istədiyi zəngin namizədi istəməmiş,1893-cü ildə kasıb hərbçi Vladimir Kollontayla ailə qurmuşdu. Lakin 5 il sonra yoldaşını və oğlunu qoyub inqilaba qoşulur. Sonra özü etiraf edirdi ki, azadlıq istəyirdim, gündəlik ev işləri bütün vaxtımı alırdı, roman, povest yaza bilmirdim. Gecələr azyaşlı oğlum yatan kimi gedib Leninin kitabını oxuyurdum.

 

4.Şarlotta Perkins Gilman (1860-1935)-

Charlotte Perkins Gilman c. 1900.jpg

 

amerikalı feminist, sosioloq, yazar. Özünü humanist adlandırırdı, darvinizmi qəbul etmişdi. Cəmiyyətdə qadın beyni nəzəriyyəsinin əsasını qoymuşdur. O hesab edirdi ki, kişilərin aqressiyası və qadınların analıq hissi sünidir. Qadınların sivilizasiyaya az qatqısının olmasını patriarxal cəmiyyətə bağlayırdı. Qadının yalnız iqtisadi müstəqillik sahasində azad olacağını deyirdi. 1898-ci ildə “Qadın və iqtisadiyyat” traktatını yazmışdı. Ən məşhur əsəri avtobioqrafik səciyyə daşıyan “Sarı divar kağızları”dır.

 

5.Kamilla Klodel( 1864 -1943,Fransa)

 

Həyatının 30 ilini ruhi xəstəxanada keçirən və orada vəfat edən fransız heykəltəraş, şair

1881-ci ildə Kamilla Parisdə qız tələbələrin təhsil almasına o qədər də üstünlük verilməyən Kolarossi akademiyasına yazılır. Üç dostu ilə birlikdə kiçik bir emalatxana kiraləyən Kamilla bir müddət sonra dövrün ən məşhur heykəltəraşlarından biri olan Roden Oqyustun tələbəsinə çevrilir. Bu tanışlıq Kamillanın həyatındakı dönüş nöqtəsi olur. Çünki bir müddət sonra Roden Kamillanın sevgilisi sonda isə rəqibi olur.

Roden Kamillanın istedadından çox təsirlənir. Birlikdə bir çox işlərə imza ata biləcəklərini düşünür. Həmin ərəfədə Roden “Cəhənnəm qapıları” adlı unudulmaz əsərini yaradır. Lakin, Rodenin bu əsərinin daha çox hissəsini Kamilla ilə birlikdə hazırladığı üçün ona aid olan uğurun tən yarısının Kamillaya aid olduğu dildən-dilə dolaşır. Dövrün bir çox tənqidçiləri hətta Rodenin ən yaxşı və unudulmaz əsərlərinin məhz Kamilla ilə birlikdə olduğu müddətdə yarandığını dilə gətirməkdən də çəkinmirlər.

1890-cı illərdə Kamilla artıq öz əsərləri ilə məşhurluq qazanmış və ətrafındakı insanlardan hörmət görən sənətkar idi. O, öz məşhurluğunun və içindəki potensialın fərqinə varırdı. Lakin, Rodenlə birlikidə yaşamasını ailəsi ona bağışlamır. İlk öncə anası daha sonra digər ailə üzvləri ondan üz çevirir. Ailəsinin dəstəyini itirən Kamilla daha bir itki ilə üz-üzə qalır. O, Rodendən hamilə qalsa da, qəza nəticəsində bətnindəki uşağını itirir. Bu itkinin ardından o, çoxlu uşaq heykəlləri və fiqurları düzəldir.

Bir müddət keçir. Kamilla artıq yaradıcılığına Rodenin qanadları altında davam etmək istəmir. Azad ruhlu, heç kimdən asılı olmağı sevməyən Kamilla ilə Roden arasında məhəbbət ucbatından çıxan qısqanclıq davalarını da səbəb görərək, Kamilla 1898-ci ildə Rodendən ayrılıb gələcəyə təkbaşına davam etmək qərarına gəlir. Roden də öz növbəsində Kamilladan ayrılmaq istəyir. Və ilk addımı da o, atır. Kamillanı tərk edib başqa qadınla evlənir.

Ayrılıq isə Kamilla üçün o qədər asan olmur. Rodenlə birlikdə olduğu müddətdə “Vals”, “Ölüm vaxtı”, “İtmiş tanrı”, “Zəvzək qadınlar”, “Sakuntala” kimi ən yaxşı əsərlərini yaratsa da, ayrılıqdan sonra onun heykəlləri gözəl və canlı görsənsələr belə, o qədər də heyranlıq doğurmur. Hətta deyilənlərə görə həmin illərdə heç bir heykəltaraş heykəllərə Kamilla qədər can verməyi, daşı onun qədər hiss edərək yonmağı bacarmayıb.

Sonralar Roden Kamilla haqqında deyirdi: “Ona qızılı harda tapa biləcəyini söylədim. Amma tapdığı qızıl onun öz içərisindəydi.”

“Bir dəfəlik olduğuna inandığımız həyat təcrübəsiylə qıvranaraq, həyatın və ölümün mənasını niyə bir bütün olaraq dərk edə bilmədiyimizi düşünürəm. Həmişə hazırlıqsız ələ keçirik.Sevgiyə , yaşamağa və onun təbiətən bir parçası olan ölümə…

 

 

6.Phulan Devi – “Quldurlar kraliçası” : “Tək etdiyim mənə çəkdirdiklərinin eynisini kişilərə geri qaytarmaq idi.”

-11 yaşında zorla ərə verildi

-14 yaşında zorakı evlilikdən qaçdı, amma zülm bitmədi  böyük bir kəndin təcavüzünə uğradı

-18 yaşında dəstə qurdu və başçısı  oldu, Robin Hood kimi  zənginlərdən alıb kasıblara pay etdi

-20 yaşında həbs edildi,  Hindistanın yoxsul  alt təbəqəsində əfsanəvi qəhrəman oldu. Təslim olduqdan sonra məhkəməsi olmadan  11 il cəza verildi, cəzasını dəstəsindəki  kişilərlə birlikdə eyni kamerada qalaraq tamamladı,

-31 yaşında parlamentə girdi, vəkil oldu

-Evinin önündə öldürülən zaman 38 yaşı vardı.

Kütlənin onu qorumadıqlarına görə hökümətə tuşlanmış qəzəbi və etiraz sədaları altında dəfn edildi.

“Doğulanda bir itdən daha dəyərsiz idim, indi isə bir kraliçayam. Çoxdan ölməli idim, amma hələ canlıyam. Yaşadığım bu həyat  mənim kimi bir həyatın bir də heç vaxt təkrarlanmaması  üçün dünyadakı  bütün kasıblara və əzilənlərə uzanan bir əl olsun…”

 

7.Ameliya Erhart (1897-1937)-

 

 

 

 

 

 

 

 

amerikalı pilot. İlk pilot qadın olan Ameliya həm də Atlantik okeanı üzərindən uçan ilk qadın pilotdur. Həmçinin həyata keçirdiyi uçuşlar haqqında  kitablar yazıb. 1937-ci ildə Sakit okean, Haulend ərazsində itkin düşüb.

8.Emi Conson (1903-1941)-

 

britaniyalı pilot, 1930-cu il 24 may tarixində tək başına İngiltərədən Avstraliyaya uçmağı bacaran ilk qadındır.

9.Rigoberta Mençu –

1959-cu ildə Qvatamelada anadan olub. Qvatamelada yaşayan mayya xalqlarına aid olan kiçelərin nümayəndəsi olaraq, yerli əhalinin hüquqlarını müdafiəçisidir. 1992-ci ildə Sülh üzrə Nobel mükafatı almış, həmçinin YUNESKO-nun Xoşməramlı səfiridir, “Mən, Rigoberta Menchu” və “Sərhədləri keçərkən” kitablarının müəllifidir.

 

10.Urraka (1081-1126)-İspaniyanın ilk kraliçası.

Zorla evləndirildiyi ərindən boşanmış və onu saraydan atdırmışdır. Ölkəni kimin idarə etdiyini bilsin deyə Santyaqo soborunun baş yepiskopunu həbs etdirmişdir. Onun yaşadığı eşq macəralarını ruhanilər utanılacaq davranışlar olduğunu deyir. 17 il hakimiyytədə olmasına baxmayaraq ruhanilər cəmi 4 il hökmran olduğunu qeyd edirlər.

Fotoda Madriddə Retiro parkında olan heykəlidir.

 

11.Salernolu Trotula (XI-XII əsrlər)

İtaliyada, Salernoda yaşamış həkim. Doğum, uşaq və qadın xəstəlikləri üzrə ilk kitab yazan qadın hesab olunur. Trotula qadınları həm dinləyir, hə də müalicə edirdi. Cərrahi müalicəni qəbul etmirdi, müalicəvi masajlar, btiki dəmləmələri və dinləməklə xəstəliyin aradan qaldırılmasına üstünlük verirdi.

12.Ester Stenhoup (1776-1839)-

britaniyalı səyyah, arxeoloq, avanturist. O, Yaxın Şərqə səyahət etmiş, Livan hakimi II Bəşir Şihaba qarşı baş vermiş druzlar üsyanının iştirakçısı olmuşdur. Onun 1815-ci ildə Aşkelon (İsrail) ərazisində apardığı arxeoloji qazıntılar ilk hesab olunur. Ester həm də orta əsr İtaliya qaynaqlarına istinadlar edərək qazıntı aparmışdır, bu, arxeoloqun qaynaqlara görə yerində qazıntı aparmasında ilklərdən idi. O deyirdi ki, mənim heç nədən qorxum yoxdur, mən günəşəm, ulduzlaram, şirəm, səmadan bir işığam.

13.Kalpurniya, təxminən e.ə. 76-cı ildə doğulmuşdur.

O, Sezarın 3-cü həyat yoldaşı olmuşdur. Bəzi qaynaqlara görə, Kalpurniya yuxusunda ərinin bədəninin bıçaq zərbələri ilə dəlik-deşik olduğunu görür və bunu Sezara deyir, evdən çıxmaması üçün dil tökür. Lakin Sezar bir qadının yuxusunu ciddiyə ala bilməzdi. Bir neçə saat sonra Sezar senatda öldürülür.

Yazdı: Aida İsmayılova

Redaktə: Ziya Mehdiyev

Əlavə oxu :

Elmə töhvələr vermiş 6 qadın

CAVAB YAZ

Zəhmət olmasa şərhinizi daxil edin!
Zəhmət olmasa adınızı buraya daxil edin