TARİXİ MATERİALİSTCƏSİNƏ ANLAMAQ

0

Köhnə materializmin ardıcıl olmadığını, natamam və birtərəfli olduğunu başa düşdükdən sonra Marks bu qənaətə gəlmişdi ki, ”cəmiyyət haqqındakı elmi materializm zəmininə uyğunlaşdırmaq və bu zəminə uyğun surətdə yenidən qurmaq” lazımdır.Materializm ümumiyyətlə varlığın şüurdan deyil, əksinə, şüurun varlıqdan doğduğunu izah edirsə, onda materializmi bəşəriyyətin ictimai həyatında tətbiq etmək, ictimai  şüurun ictimai  varlıqla izah olunmasını tələb edir. Marks deyir ( “Kapital”,1): “Texnologiya insanın təbiətə olan fəal münasibətini, insan həyatını, habelə onun ictimai həyat şəraitinin və bundan doğan mənəvi təsəvvürlərin bilavasitə istehsal prosesini meydana çıxarır”. Marks insan cəmiyyətinə və onun tarixinə tətbiq edilən materializmin əsas müddəalarına “Siyasi iqtisadın tənqidinə dair”  adlı əsərinin müqəddiməsində aşağıdakı sözlərlə belə mükəmməl tərif vermişdir:     “İnsanlar öz həyatının ictimai istehsalında öz iradəsindən asılı olmayan müəyyən, zəruri münasibətlərə – öz maddi məhsuldar qüvvələrinin müəyyən inkişaf pilləsinə uyğun olan istehsal münasibətlərinə girirlər.

Bu istehsal münasibətlərinin məcmusu cəmiyyətin iqtisadi quruluşunu, real bazisini təşkil edir, hüquqi və siyasi üstqurum bu bazis üzərində yüksəlir və müəyyən ictimai şüur formaları bu bazisə uyğun olur.Maddi həyatın istehsal üsulu ümumiyyətlə həyatın sosial, siyasi və mənəvi prosesləri üçün şərt olur. İnsanların varlığını onların şüuru müəyyən etmir, əksinə, insanların ictimai varlığı onların şüurunu müəyyən edir. Cəmiyyətin maddi məhsuldar qüvvələri öz inkişafının müəyyən pilləsində mövcüd istehsal münasibətlərinə, yaxud içərisində məhsuldar qüvvələrin indiyə qədər inkişaf etdiyi və istehsal münasibətlərinin ancaq hüquqi ifadəsi olan-münasibətlərinə zidd gəlir. Bu münasibətlər məhsuldar qüvvələrin inkişaf formalarından dönüb onlar üçün buxov olur. Onda sosial inqilab dövrü başlanır. İqtisadi əsas dəyişdikdə bütün böyük üstqurumda çox və ya az surətdə çevriliş əmələ gəlir. Belə çevrilişləri tədqiq edərkən istehsalın iqtisadi şəraitində baş verən vətəbii-elmi bir dürüstlüklə müəyyən edilən maddi çevrilişi həmişə hüquqi, siyasi, dini, bədii və ya fəlsəfi formalardan, qısası: bu toqquşmanı insanların dərk etdikləri və onunla mübarizə apardıqları ideoloji formalardan ayırd etmək lazımdır.

Ayrıca bir insan haqqında onun özünün və barəsində nə düşündüyünə əsasən fikir yeritmək mümkün olmadığı kimi, belə bir çevriliş dövrü haqqında da həmin dövrün şüuruna görə fikir yeritmək olmaz. Əksinə, bu şüurun səbəbini maddi həyatın ziddiyyətlərində,ictimai məhsuldar qüvvələrlə istehsal münasibətləri arasındakı toqquşmada görmək lazımdır”… “Ümumi şəkildə desək, Asiya, antik, feodal və müasir, burjua istehsal üsullarını, iqtisadi-ictimai formasiyanın mütərəqqi dövrləri adlandırmaq olar”. (Müqayisə et, 1866-ci il iyulun 7-də Marksın Engelsə yazdığı məktubdakı qısa tərif: “Əmək təşkilini istehsal vasitələri ilə müəyyən etmək haqqındakı nəzəriyyəmiz”)

Tarixi materialistcəsinə anlamağın kəşf edilməsi və ya, daha doğrusu, materializmin ardıcıl davam etdirilib ictimai hadisələr sahəsinə tətbiq edilməsi əvvəlki tarix nəzəriyyələrində olan iki başlıca nöqsanı aradan qaldırdı. 1-cisi, bu nəzəriyyələr olsa-olsa insanların tarixi fəaliyyətinin ancaq ideya motivlərini nəzərdən keçirir, lakin bu motivlərin nədən irəli gəldiyini tədqiq etmirdi, ictimai münasibətlər sisteminin inkişafındakı obyektiv qanunauyğunluğu tapa bilmirdi, bu münasibətlərin köklərini maddi istehsalın inkişaf dərəcəsində görmürdü; 2-cisi, əvvəlki nəzəriyyələr məhz əhali kütlələrinin hərəkətlərini əhatə etmirdi, halbuki tarixi materializm ilk dəfə olaraq, kütlələrin ictimai həyat şəraitini və bu şəraitdəki dəyişiklikləri təbii-tarixi bir dürüstlüklə tədqiq etmək imkanı verdi. Marksdan əvvəlki sosialogiya  və tarixşünaslıq olsa-olsa  ora-buradan götürülüb işlənilməmiş toplayır və tarixi prosesin ayrı-ayrı cəhətlərini təsvir edirdi. Marksizm bütün ziddiyyətli meyllərin məcmusunu tədqiq edərək, bunları cəmiyyətin müxtəlif siniflərinin həyat və istehsalının dürüst müəyyən edilə bilən şəraiti kimi götürərək, ayrı-ayrı “üstün”  ideyaları seçməkdə və ya bunların şərhində subyektivizmi və özbaşınalığı aradan qaldıraraq, istisnasız olaraq bütün ideyaların və meyllərin köklərinin  maddi məhsuldar qüvvələrin vəziyyətindən asılı olduğunu aşkara çıxararaq, ictimai-iqtisadi formasiyaların törəməsi, inkişafı və dağılması prosesinin mükəmməl, hərtərəfli öyrənmək yolunu göstərmişdir. İnsanlar özlərinin tarixini özləri yazırlar, lakin insanların və məhz insan kütlələrinin arzularını müəyyən edən nədir, bir-birinə zidd ideyalar və cəhdlər nəyə görə toqquşur, bütün insan cəmiyyətlərində bütün bu toqquşmaların məcmusu nədən ibarətdir, maddi həyat istehsalının obyektiv şəraiti, yəni insanların bütün tarixi fəaliyyəti üçün zəmin yaradan bu şərait nədən ibarətdir, bu şəraitin inkişaf qanunu nədən ibarətdir, -Marks bütün bu məsələlərə diqqət vermiş və tarixi, son dərəcə müxtəlif cəhətləri və ziddiyyətləri olan vahid və qanunaqanunauyğun bir proses kimi elmi surətdə öyrənmək yolunu göstərmişdir

Lenin: “K. Marks” məqaləsi

(SOLFRONT)

CAVAB YAZ

Zəhmət olmasa şərhinizi daxil edin!
Zəhmət olmasa adınızı buraya daxil edin