Cərəyan müharibəsi

0

Tarixin unutmadığı dahi şəxsiyyətlər çox olub. Ancaq bu şəxsiyyətlərin içində Nikola Tesla və Tomas Alva Edisonun xüsusi yeri var. Elektrik dedikdə ağla ilk bu iki şəxsiyyət gəlir. Zaman irəlilədikcə bu iki ixtiraçının yolları kəsişəcək və sözün əsl mənasında aralarında “Cərəyan müharibəsi” baş verəcək.
Bir tərəfdə Tomas Edisonun Sabit cərəyanı (DC), digər tərəfdə isə Nikola Teslanın Dəyişən cərəyanı (AC)… Gəlin zamanda keçmişə gedək və hadisələrin axışına qoşularaq görək bu “müharibə”nin qalibi kim olacaq… Əvvəlcə “müharibə”nin şərtləri ilə tanış olaq və hər iki tərəfi qısaca tanıyaq, daha sonra “qoy, savaş başlasın”.
Tomas Alva Edison – dünya şöhrətli amerikalı ixtiraçı və sahibkar. Amerika Birləşmiş Ştatlarında onun adına 1098, xaricdə isə 3 min patent mövcuddur. O teleqrafı, telefonu, kino aparatını təkmilləşdirmiş, elektrik lampasının sənaye üsulu ilə istehsalını təşkil etmişdir. O həmçinin elektrovoz istehsalına başlamış, fonoqraf kəşf etmişdir. Edison daim oxuyur, elm və texnikanın bütün nailiyyətlərindən və tələblərindən xəbərdar olurdu. O, 1869-1876-cı illərdə bir sıra orijinal cihazlar ixtira edib, patent almışdı.
1877-ci ildə Edison səsləri plastinkaya yazan fonoqrafı və sonra yazılmış səsləri yenidən “canlandıran” cihazı ixtira edir. Bu ixtirasına görə onu “Menlo-parklı sehrbaz” adlandırırlar. Edisonun bu ixtirası indiki səs texnikasının əcdadı olur. 1879-cu ildə Edison Lodıginin lampasını təkmilləşdirərək onu praktika üçün yararlı edir, lampaya sokol, patron əlavə edib, müasir səviyyədəki şəklə salır. Sonra o, öz dövrünün ən güclü generatorlarının layihəsini yaradır. 1882-ci ildə dünyada birinci olaraq istilik elektrik stansiyasını qurur və ictimaiyyətin istifadəsinə verir.
Edison teleqrafı təkmilləşdirərək bir cüt məftillə eyni vaxtda iki, hətta dörd teleqram vermək üsulunu ixtira edir. O, Bille telefonunu təkmilləşdirib, səsin telefonda təmiz, aydın və uca olmasına nail olur. Dünyada birinci elektrik dəmir yolunu o çəkir, qələvili akkumulyatoru ixtira edir, dəmir filizin maqnitlə seperasiyası üsulunu verir.
Elektrik enerjisinin hər evdə sərf olunmasını miqdını hesablamaq üçün Edison dünyada ilk sayğacı qurur. Əriyən qoruyucu ixtira edir, radio lampaları yaratmağın əsası olan termoelektron hadisəsini – Edison effekti – 1883-cü ildə kəşf edir, kino sahəsində bir çox mühüm ixtiraların müəllifi olur.
Edison həyatı boyu öz laboratoriyasında minlərlə təcrübələr aparmış və ixtiralarını praktikaya, məişətə çıxartmaq üçün iri zavodlar yaratmışdır. İxtiraçı-kapitalist olan Edisonun əməyi bütün bəşəriyyətə xidmət edib. Onun kimya, mədən işləri, hərbi texnika sahəsində də mühüm kəşfləri vardır.
Tomas Edison 1927-ci ildə Milli ABŞ EA-nın, 1930-cu ildən isə SSRİ EA-nın üzvü olur. (Mənbə: Fərhad Hacıyev Görkəmli fiziklər kitabı). Ancaq bütün bunlarla birlikdə Edison sabit cərəyan (DC) istifadə edirdi ki, bu da böyük güc itkisinə səbəb olurdu. Sabit cərəyanın daşınması üçün iri radiuslu naqillər lazım gəlirdi və hər mil başına elektrik stansiyası qurulmalı idi. O dövr üçün bu sistemlər ideal hesab olunurdu. Ancaq özü də bu problemləri düzəltmək üçün gecə-gündüz işləsə də heç nəyə nail ola bilmirdi. Çünkü sabit cərəyan genaratorlarında problemlər var idi və bu böyük mühəndislik problemi idi…
Nikola Tesla – müasir dəyişən cərəyan elektrik enerji şəbəkəsinin layihələndirilməsi üçün öz töhfələri ilə daha çox məşhurlaşan serb əsilli Amerika futuroloqu, elektriki və maşın mühəndisi, ixtiraçısı. Tesla ixtiralarına görə təxminən 300 patent alıb. Teslanın patentlərinin bəziləri nəzərə alınmayıb və müxtəlif mənbələr patent arxivlərində gizli yatan bəzi patentləri aşkar ediblər. İzah üçün qeyd etmək olar ki, Teslanın 26 ölkədə buraxılmış ən azı 278 patenti var. Teslanın patentlərinin çoxu ABŞ, Britaniya və Kanadadadır, ancaq bir çox digər patentləri bütün dünyada ölkələrində təsdiqlənib. Tesla tərəfindən kəşf olunmuş bir çox ixtiraya patent himayəsi qoyulmayıb. Teslanı digər alimlərdən ayıran şey onun ağlı və yaradıcı düşünmə qabiliyyəti idi. Bəzən o saatlarla labaratoriyada çalışır, fərqli nəzəriyyələri müqayisə edirdi. Hətta bəzi qaynaqlara görə Tesla bir dəfə 84 saat labaratoriyadan çıxmadan işləmişdir. Teslanın əsas hədəfi naqilsiz elektrik enerjisi ötürücülüyü idi. O yerin özünü keçirici kimi istifadə edərək elektrik enerjisi uzaq məsafələrə öz adını verdiyi Tesla Bobini vasitəsilə ötürmək istəyirdi. Ancaq burda bəzi problemlər üzə çıxdı və çıxmalı idi də… Onun əsas gördüyü işlər elektrik stansiyalarının layihələndirilməsi oldu və elektrik mühərriklərini inanılmaz bir səviyyədə inkişaf ettirdi. Bu elektrik mühərrikinin (maşının) növü Asinxron maşın idi. Mühərrikin fırlanması üçün maşın fırlanan maqnit sahəsi hasil edən üçfazlı cərəyan istifadə edirdi (Tesla prinsipcə 1882-ci ildən düşündüyünü irəli sürmüşdü). Beləliklə, qığılcımların olmaması, daima işinin yüksək səviyyədə saxlanması və mexaniki fırçaların əvəzlənməsi kimi üstünlükləri ilə yanaşı kollektora ehtiyac olmadan öz-özünə işə başlayan kimi layihələndirilən bu innovativ elektrik mühərriki 1888-ci ilin mayında patentləşdirildi. Bunların yanında bir çox ixtiralara imza atan Tesla tarixin yaddaşında zamanın ötəsində olan dahi kimi qalmışdır. Çünki onun düşündüyü yaradıcı fikirlər yaşadığı dövr üçün heç də qəbul edilən deyildi…
İndi hər iki tərəflə qısa tanışlıqdan sonra baxaq görək “Müharibə” necə başladı və kim qalıb oldu.
Bir tərəfdə yeni və üstün Dəyişən Cərəyan sistemi ilə Tesla və Vestinqhaus , digər tərəfdə isə daha geniş yayılmış sabit cərəyan sistemi ilə Tomas Edison və General Electric. Çikaqo Dünya Sərgisində güc kimdə olacaqdı? Teslanın mı sistemi daha güclü idi, yoxsa Edisonun mu?
Əvvəlcə Edisonun sabit cərəyan sisteminin problemlərinə nəzər salaq. Yuxarıda da qeyd etdiyim kimi, sabit cərəyanın daşınması üçün böyük radiuslu naqillər lazım idi ki, çünki burada naqilin cərəyana qarşı göstərdiyi müqavimətdən ötrü daşınan enerjinin böyük bir qismi itkiyə gedir. Bu hal həm dəyişən cərəyanda, həm də sabit cərəyanda da var idi, ancaq dəyişən cərəyanda bunu aradan qaldırmaq daha sadə idi nəinki, sabit cərəyanda. Belə ki, sabit cərəyanlı sistemləri inkişaf etdirmək üçün böyük sürətdə hərəkətli və böyük həcmə malik olan genaratorlar lazımdır. Bunların istifadəsi həm zəhmətli,həm də nasazlıq zamanı təmiri çox baha başa gəlirdi. Amma dəyişən cərəyan isə çox ucuz qiymətə həm inkişaf etdirilə bilərdi, həm də sistemlər nasazlıq zamanı yenindən təmir edilə bilərdi. Həm də Edisonun Sabit Cərəyanında gərginliyi dəyişdirmək çox zəhmətli bir iş olduğundan genaratordan alınan gərginliyi istifadəçilərə qədər eyni şəkildə ötürürdü. Cərəyan kiçik gərglinlik genaratorlarından istifadəçilərə çatana qədər yolda böyük itkiyə məruz qalırdı. Edison bunu hər 2 km bir yeni genarator qoyaraq həll etmək istəyirdi, ancaq bu yenə də iqtisadi baxımdan bahalı və zəhmətli bir həll idi.
Ancaq Teslanın Dəyişən Cərəyan sistemlərində isə gərginliyi çox asan bir şəkildə dəyişdirmək mümkün idi. Dəyişən cərəyan şəbəklərindən gərginlik istifadəçilərə gələnə qədər yolda böyük gərginliklə gəlirdi və istifadəçilərə çatdıqda isə transformatorlar sayəsində kiçildilib istifadəyə verilirdi. Beləcə, daşınan enerjidə itkilər minimuma enirdi və çox az itki ilə elektrik enerjisi daşınaraq istifadəyə verilirdi. Beləliklə, çox az sayda naqil və bir neçə dirəklə enerjini daha uzun mənzillərə minimum itkilə daşımaq mümkün olurdu.
Edison öz “Avtoriteti”ni qorumaq üçün heç də xoş olmayan yollara əl atmağa başladı, çünki artıq Teslanın Dəyişən Cərəyan sistemləri Edisonun Sabit Cərəyan sistemlərini qabaqlayırdı, ona üstün gəlirdi. Edison bütün simpoziumlarda, sərgilərdə, hətta adi söhbətlərdə belə Teslanın Dəyişən Cərəyanını pisləyərək nüfuzdan salmağa çalışırdı. Çünkü AC (Dəyişən Cərəyan) sistemləri çox böyük sürətlə yayılırdı və Edison bundan narahat idi. Edisonun yanında işləyən iki elektrik mühəndisi – Artur Kennli və Harold Broun küçədən topladıqları pişik və itlərlə xalqa AC-nin təhlükələrini göstərmək üçün bir neçə təcrübə nümayiş etdirirlər. Yüksək platformaya çıxaraq pişik və itlərə canlı-canlı elektrik verirlər və yüzlərlə izləyicinin gözləri önündə heyvanları öldürürlər. Zamanla böyükbaş heyvanlara da elektrik verərək onların ölümü ilə AC sistemlərin necə “təhlükəli” oldugunu xalqa göstərdilər. Bununla da qane olmayan Edison daha da çirkin yola əl ataraq bir filə elektrik verərək xalqın gözü önündə heyvanı öldürmək istəyir. Nyu York sirkinin məşhur fili Topsy 3 nəfərin ölümünə səbəb olduğu üçün Fil ölümə məhkum edilir. Edison isə bu fürsətdən yararlanaraq filin elektrik verilərək öldürülməsini təklif edir. Yazıq fil 4 yanvar 1903-cü ildə dəyişən cərəyan mənbəyindən 6000 V gərginlik verilərək 1500 izləyicinin gözü önündəcə öldürülür…
img_8117
Bütün bunları kamera ilə qeydə alan Edison gələcəkdə davam etdirdiyi anti-AC propaqandalarında bu qeydlərdən istifadə edir.
Nəhayət, Cərəyan Müharibəsi artıq sonuna doğru yaxınlaşırdı. Artıq qalib bəlli olmalı idi. 1893-cü il Tesla və Vestinqhaus üçün bir dönüş nöqtəsi olacaqdı. Çikaqoda Kristof Kolombun Amerika qitəsini kəşf etməsinin 400-cü ilini qeyd etmək üçün o günə qədər misli görülməmiş bir sərgi təşkil edilir. Sərgidə Amerikanı təmsil edən son texnoloji yeniliklər də yer alacaqdı və bunların öncülü də elektrik olmalı idi. Həm Vestinqhaus, həm de Edisonun şirkəti ilə birləşmiş olan General Electric firması sərginin aydınlanma işləri üçün layihəyə qatılırlar. General Electric və Edisonun təklifi 1 milyon dollardan çox idi, halbuki Vestinqhaus daha az məbləğ – 400 min dollar təklif etmişdi. Aradakı qiymət fərqi General Electric və Edisonun acgözlüyünün deyil, bu cür böyük bir sahəni işıqlandırmaq üçün DC sistemin ehtiyacı olan əlavə kabel və generator yuvalarınən qoyulmasından qaynaqlanmaqdadır. Ən sonda layihəni Vestinqhaus qazanır.
Bu Tesla üçün çox böyük bir fürsət idi. Sonunda dünyaya AC-nin üstünlüklərini, Edisonun propaqanda kampaniyası olmadan göstərə biləcəkdi. Tenderi itirməkdən heç də xoşbəxt olmayan General Electric qrupu isə son olaraq işi axsatmaq üçün Vestinqhaus və Teslanın sərginin işıqlandırılmasında patenti Edisonun olan közərən telli lampanın istifadəsini qadağan edir. Vestinqhaus qrupu sürətlə bu qadağadan yaxa qurtarmaq üçün iki pinli yeni bir lampa icad edirlər.
Çikaqo Dünya sərgisi 1 May 1893 tarixində açılır. Açıldığı günün axşamında hava qaraldıqda o zamanki ABŞ başçısı olan Qlover Çlevlend işıqları bəsləyən ana mənbənin açarını qapadı, birdən sərgi sahəsindəki neoklasik binalar yüz minlərlə közərən lampa sayəsində işığa boğuldu . Bu, sərgiyə qatılan hər kəsin nəfəsini kəsən, möhtəşəm bir mənzərə ortaya çıxardı. Bu işıq şəhəri Teslanın ana sərgi salonuna yerləşdirdiyi on iki generator sayəsində işləyirdi. Ziyarətçilər həm AC generatorları, həm sərginin parıldayan işıqlarını, həm də AC ilə çalışan Vestinqhausun istehsal etdiyi fərqli elektrik alətlərini görmə fürsəti əldə etdilər. Tesla bu müsbət havanın gətirdiyi müdhiş fürsəti qaçırmadan sərgi sahəsində AC-nin etibarlı olduğunu göstərən və izləyənlərə sehrli görünən nümayişlər təşkil edərək AC-nin əslində etibarlı və möhtəşəm olduğunu nümayiş etdi. Qara smokin, ağ köynək və qalstuk, melon şapkası və altı rezin ilə örtülü botları ilə AC cərəyandan istifadə etməklə əllərindən qığılcımlar çıxardaraq, əlində tutduğu kabelsiz lampaları yandırdı və gələnləri ovsunladı. img_8118Bu sərgiyə 27 milyon insan gəlmişdi və demək olar ki, hər kəs Teslanın AC (Dəyişən Cərəyan) sitemini görmüş ondan təsirlənmişdi…Beləliklə, bu müharibənin qalibi artıq bəlli idi. Nikola Teslanın AC sistemləri Tomas Alva Edisonun DC sistemlərini məğlubiyyətə uğratmışdı. Bu qaçınılmaz sonluq Edison üçün üzücü idi. Çünki artıq əvvəlki nüfuzu elə də qalmamışdı. Tesla daha önə keçmişdi.
Cərəyan Müharibəsi Dünyanın Dəyişən Cərəyanın üstünlüyünü və Teslanın dahiliyini tanımaqla bitir. Bu Tesla üçün böyük bir zəfər idi. Tesla isə müharibədən qalib çıxmanın verdiyi güvənlə yeni layihələrə yönəlir. Sonrakı illərdə radiodan rentgen şüalarına, uzaqdan idarə sistemlərindən radar texnologiyasına qədər bir çox yeni texnologiyaya imza ataraq tarixə öz adını qızıldan hərflərlə yazdırır. Boş yerə Teslaya “zamanının ötəsindəki dahi” deməyiblər. Həmişə illər sonranı, əsrlər sonranı düşünərək hər kəsi qabaqlamağı bacaran şəxs müharibədən qalib ayrıldı.

CAVAB YAZ

Zəhmət olmasa şərhinizi daxil edin!
Zəhmət olmasa adınızı buraya daxil edin