“Universe 25” təcrübəsi

0

Dünya  əhalisinin sayı hamımızın bildiyi kimi sürətlə artmağa davam edir. Yaxşı, bu artımın bir nəticəsi olmayacaqmı?   İndi sizə bu mövzu üzərində aparılan  bir təcrübədən bəhs edəcəyik : Universe 25.

Hər şey 1947-ci ildə heyvan davranışları üzərində iş görən Con Kelhunun bir təcrübə fikri ilə başlayıb.

Kelhun bu tarixdə siçanlar və siçovullar üzərində bir təcrübə apararaq İkinci dünya müharibəsindən  sonra sürətlə artmağa başlayan əhalinin dünya üçün nə nəticələr doğura biləcəyini görmək istəyirdi. Buna görə də o, heyvanları limitsiz  qida və su ilə təmin edərək  xarici təhlükələrdən tamamilə qorunan bir mühit hazırlamışdı.

İlk təcrübələrində Kelhun bir norveç siçanı koloniyasını 28 ay ərzində limitsiz qida ilə təmin edir və ovlanma təhlükəsini aradan qaldırır. Populasiyanın 5000  fərdə çatacağı düşünülərkən, siçan sayı çox maraqlı bir şəkildə heç vaxt 200- ü keçmir. Hətta bu koloniya içərisində siçanların qrup-qrup ayrıldığını görür, qruplardakı fərd sayı isə 12-ni  keçmir.

Bu nəticələrdən olduqca təsirlənən Kelhun öz laboratoriyasını qurur.

O, 1958-ci ildə bir tövlənin ikinci mərtəbəsində öz laboratoriyasında  yenə siçanlar və siçovullar üzərində təcrübələr aparmağa başlayır və  təcrübələrinə Kainatlar (ing. Universes) adını verir. Bu təcrübə sahələrində hər hansı bir ovlanma təhlükəsi yox idi, xəstəliklər dərhal müəlicə olunurdu,  qida isə tükənməz idi. Bəs nə baş verirdi?

Təkrarlanan  təcrübələrdə  populyasiyadakı fərdlərin sayı sürətlə artdıqdan sonra bir nöqtədə sabitləşirdi. Bu sabitləşmə zamanı siçan və siçovullarda fövqəladə davranışlar müşahidə olunmağa başlayır  və sonra bütün koloniya yox olana qədər bu hallar davam edirdi.

Bütün bu təkrarlanan təcrübələrdən sonra  Kelhunun bu silsilədən  olan məşhur Universe 25 (Kainat-25) başlayır.

Bu  təcrübədə Kelhun çox qüsursuz bir kainat yaradır. Bu kainat 2.7 kvadrat metrlik bir sahədə 4 ayrı böyük bölgədən ibarət idi. Bölgələrdə içində davamlı olaraq su , qida olan və sığınacaq rolunu oynayan 256 ev yerləşirdi. Hər ev 15 siçan üçün nəzərdə tutulmuşdu və bu evlərdən 16 tunel ayrılırdı.

Bir daha qeyd edək ki, bu mühitdə xəstəliklərə dərhal müdaxilə edilirdi,qida və su miqdarının azalmasına icazə verilmirdi. Yuvalar geniş və rahat  inşa edilmişdi və 4000-ə yaxın siçanın yerləşə biləcəyi qədər böyük idi. Mühitin temperaturu siçanlar üçün optimal olan 20 dərəcədə saxlanılır və dəyişməsinin qarşısı alınırdı. Siçanların hərəkət sahəsi heç bir şəkildə məhdudlaşdırılmırdı. Mühit davamlı olaraq təmiz saxlanılırdı.

Bütün bunları hazırladıqdan sonra Kelhun 4 dişi və 4 erkək siçanı təcrübə sahəsinə buraxır və hadisələrin gedişatını izləməyə başlayır.

İlk 104 gün ərzində siçanlar mühitə öyrəşməyə çalışırlar. Kelhun bu dövrü ”ilk mərhələ” adlandırır. Bu mərhələdə hər siçan öz sahəsini seçir və yuvasını nizamlayır. Bu mərhələdən sonra gözlənildiyi kimi sürətli bir artım başlayır. ”Partlayış mərhələsi” olaraq adlandırılan bu mərhələdə fərdlərin sayı təxminən  55 gündən bir 2 dəfə artır və 10.5 aydan sonra ərazidə 620 siçan olur.

Bu məqamda maraqlı bir şəkildə bəzi sahələrdə inanılmaz sıxlıq yaranır, doğum nisbəti isə normadan 3 dəfə aşağı düşür.

Vəziyyəti araşdıran alimlər müəyyən sahələrdə daha çox yemək yeyildiyini təyin edir. Bütün bölgələr bir-biri ilə eyni olduğu halda niyə müəyyən sahələrdə daha çox yemək yeyildiyi sualı hamını düşündürməyə başlayır. Sonra alimlər siçanların qidalanmanı digərləri ilə sosiallaşmaq üçün istifadə etdiklərini görürlər.  Siçanların çoxu tək başına heç vaxt yemək yemir, bu səbəblə yemək yemə prosesi  həmişə müəyyən bölgələrdə baş verirdi. Bəzi mənzillərdə çox  siçan olduğu halda, digərlərində  ya çox az, ya da ümumiyyətlə yox idilər.

Sosial baxımdan inkişaf edə bilməyən siçanların sayı, sosiallaşa bilən siçanların sayından  3 dəfə çox idi. Çünki siçanlar davamlı olaraq sıx mühitdə olduqlarına görə  ictimai bağ qurma qabiliyyətlərini itirirdilər.

315  gündən sonra maraqlı hallar meydana gəlməyə başlayır.

İzdihama görə cəmiyyət içində özlərinə yer tapa bilməyən bəzi erkək siçanlar get-gedə məqsədsizləşməyə başlayırlar və öz sahələrini ya da partnyorlarını müdafiə etmədən  yalnız əsas sahələrdə gəzib bəslənməyi gözləyirlər və bir tərəfdən də  bir-birlərinə hücum edirlər. Bu erkək siçanlar cinsiyyət və qohumluq fərqi qoymadan digər siçanlara təcavüz etməyə başlayırlar. Passiv qalan erkək siçanlar isə qarşılıq vermir və daha çox şiddətə məruz qalırlar. Hətta siçanlar  bir-birlərini öldürüb yeməyə  başlayırlar.

Erkək siçanlardan xeyir gəlməyəcəyini görən dişi siçanlar da aqressivləşməyə və öz balalarına hücum etməyə, hətta balalarının varlıqlarını belə unutmağa başlayırlar. Çox dişi siçan cütləşməkdən də imtina etməyə başlayır.

560-cı  günə doğru Kelhunun  ”ölüm mərhələsi”  adlandırdığı son dövr başlayır.

Bu günlərdə fərd artımı  az qala 0-a enir. Körpələrin ölüm nisbəti 90%-i ötür. Bütün bu qarışıqlığın, vəhşiliyin və xaosun içərisində çox maraqlı bir vəziyyət ortaya çıxır və yeni nəsil siçanlarda qəribə davranışlar müşahidə olunur.

Cütləşmə,  uşaq yetişdirmə və s. ictimai davranışları heç görməyən bu yeni nəsil bu davranışları sərgiləmə mövzusunda da heç istəkli görünmür. ”Gözəllər” adı verilən bu qrup cəmiyyətdən tamamilə mücərrəd halda mərkəz sahələrdən uzaqda yaşayırlar.

Onlar döyüşdən qaçır, gərginlik yaratmır, heç bir şəkildə cütləşmirlər. Bütün gün yemək yeyir və özlərini təmizləyirlər. Bu səbəblə olduqca gözəl və sağlam görünüşə sahib olurlar.

Vəziyyətlə əlaqədar olaraq Kelhun bütün bu gözəlliklərin yalnız xaricdə olduğunu, onların içlərində siçana aid heç bir şey olmadığını söyləyir.

Yəni  “gözəllər” bütün bu vəhşilik və şiddətdən  təsirlənməyərək cəmiyyəti inkişaf etdirmək üçün də heç bir şey etmirlər və digər siçanlarla heç bir şəkildə ünsiyyətə girmirlər. Kelhun bu dövrü siçanların ilk ölümü adlandırır. Yəni ruhlarının öldüyünü və fiziki ölümlərinə qədər məqsədsiz şəkildə yaşadıqlarını ifadə edir.

Kelhun həmçinin siçanların insanlara çox bənzədiyini, hər hansı bir məqsəd, təzyiq və ya gərginlik olmadıqda  hədəflərini və şəxsiyyətlərini itirdiklərini söyləyir. İctimai rollarının qalmadığına  və qidanın da limitsiz olduğuna görə yalnız ən təməl ehtiyaclar olan yemək və yatmağı reallaşdırdıqlarını qeyd edir.

Nəticədə siçanların çoxunun cütləşmə və digərləri ilə ünsiyyət qurmaqdan imtina etməsi nəticəsində fərd artımı tamamilə dayanır.

Son doğum 920-ci gündə baş verir və bu gündə fərdlərin sayı 2200 olaraq zirvə nöqtəsinə çıxmış olur. Sıfır fərd artımı və heyrətamiz dərəcədə yüksək ölüm  nəticəsində  fərdlərin sayı sürətlə azalır. Bəzi siçanlar üst evlərdə yaşamağa başlasa da. qalan siçanlar gur ərazilərdə şəbəkələr halında kannibalizm və üst dərəcə vəhşiliyə qədər təcavüzkarlıq göstərirlər.

İşin qəribə tərəfi isə bu dövrdə şərtlərin  ilk gündəki kimi olmasıdır. Psixologiyada çox məşhur bir termin halına gələn və bu dövr üçün Kelhunun qoyduğu  ad olan ”Davranışsal çöküş” (ing. Behavioral sink) nəticəsində  fərdlər sürətlə azalır və sahədə heç bir siçan qalmayana qədər davam edir.

Kelhun, koloniyadakı inanılmaz çöküşün fərqində olanda ”gözəllər” adını verdiyi qrupdan bir neçə siçanı mühitdən çıxarır.

Siçanların ruhi boşluqlarından oyanıb  yeni ekosistemi kəşf etməyə çalışacaqları düşünülürdü. Ancaq nəticələr heç də gözlənildiyi kimi olmadı. Siçanlar  bu yeni ekosistemdə də bir-birləri ilə heç bir şəkildə ictimai əlaqəyə girmir və cütləşməkdən qaçmağa davam edirlər.

Axırda isə bu kiçik qrupun üzvləri  heç bir doğum olmadan yaşlılıqdan bir-bir ölür.

Bu təcrübələr cəmiyyətin gələcəyi haqqında olduqca qaranlıq və ürküdücü nəticələr ortaya qoysa da, Kelhun özü vəziyyətin o qədər də pis ola bilməyəcəyini söyləyirdi. O, insanların siçanlardan fərqli olaraq ərazi istifadəsi mövzusunda daha ağıllı ola biləcəyini, yaradıcılığı sayəsində “Universe 25”-inkinə bənzəməyən bir taleyinin  ola biləcəyini düşünürdü. Hətta Kelhun daha yaradıcı olan və sosial baxımdan daha inkişaf etmiş siçanların ətraflarındakı qorxunc dünyadan xilas olma mövzusunda potensiala malik olduqlarını olduğunu bildirirdi.

Amma Kelhun hər şeyin güllük, gülüstanlıq görünmədiyini də söyləyirdi.Əhalinin lazım olduğundan çox miqdara çatması, ”Davranışsal çöküş” mərhələsinə girərək get-gedə məqsədsiz və hədəfsiz fərdlər halına çevrilə biləcəyimizi söyləyir. Bu mərhələyə girdiyimiz anda geri dönüşün heç bir şəkildə olmayacağını, hər şeyin idarədən çıxacağını deyir.

Bu qiyaməti önləmək məqsədiylə Kelhun, təcrübələrini dəfələrlə təkrarlamağa davam etmişdi.

O, əhali artımının qarşısını almaq və yaradıcılığı artırmaq məqsədiylə bir çox təcrübələr apardı və həll yolları axtardı. İnsanlıq üçün  önə çıxardığı düşüncələrindən biri kosmos koloniyası idi. Bunun yanında dünyadakı şəhərlərimizin dizaynı mövzusunda da fikirləri var idi. Kelhunun bütün bu işləri şəhər planlaşdırma mövzusunda yeniliklərin meydana gəlməsini təmin etdi. Qısaca desək, Kelhun həm psixoloji baxımdan, həm də konkret bir şəkildə bu təcrübəsi ilə əhalinin artımının təsirini dəqiq bir şəkildə ortaya qoyarkən, bir tərəfdən də bir çox həll təklifini gündəmə gətirməyi bacararaq elm tarixinə adını qızıl hərflərlə yazdırdı.

CAVAB YAZ

Zəhmət olmasa şərhinizi daxil edin!
Zəhmət olmasa adınızı buraya daxil edin