Van Qoq sarısı

1

Vinsent van Qoq (Vincent van Gogh) – 37 yaşında intihar edən bir “dəli”dən (bir neçə mənbədə onun “bipolyar pozuntu”(bax:Bipolyar Affektiv Pozuntu),epilepsiya xəstəsi olduğu deyilir) daha çoxu. Qısa müddətlik ömrünü ən sevdiyi və ən yaxşı bacardığı işi görməyə- rəsm çəkməyə həsr etmiş insan.

Yaşadığı müddət ərzində 860-dan çox rəsm çəkmiş və hal hazırda  çəkdiyi rəsmlərdən bir çoxu dünyanın ən dəyərli və ən qiymətli rəsmləri arasına daxil olmuşdur. Maraqlısı odur ki, yaşadığı müddətdə onun əsərlərinə dəyər verəcək insanlar çox az idi. Bir rəssam olaraq əsərlərin satmaqda çətinlik çəkirdi. Saraylardan, yüksək rütbəli insanlardan sifarişlər almırdı, əsərləri aşağı qiymətə və çox çətinliklə satılırdı.” Moi Van Gogh brush with genious” sənədli filmində Van Gogh-un sadəcə bir əsər sata bildiyi deyilir. Başqa mənbələrdə isə müxtəlif rəqəmlər qeyd olunur. Bir rəssam üçün çətin olmalıydı… əsasən belə olmurmu? Məsələn, dəyərin sonradan anlaşılması kimi… İnsanlar üçün onu onun əsərlərini anlamaq çətin idi. Bəlkə də, onları çaşdıran əsərlərindəki fırça zərbələrinin kobud izləri və ya rənglər, ya da gerçəklikdən çox uzaq xəyala bənzəyən rəsmləri idi, amma onlar onun əsərlərindəki düşüncələri deyil, sadəcə izləri görürdülər.Ən böyük tənqidçilərindən biri də elə onun öz qardaşı Teo idi. Teo Vincentin əsərlərinin qaranlıq və solğun olduğunu deyirdi, Vincent isə Teonun onu anlamadığını düşünürdü. Teo bir tənqidçidən əlavə onun ən böyük dəstəkçisi idi-pul yardımı edərək və ya əsərlərini satmaqda köməkçi olaraq ona yardım edirdi.Van Qoqun əsərləri onun günlük həyatının, onun düşüncələrinin, onun dünyaya baxarkən gördüyünün kağızda ifadəsi idi.

Van Qoq-un “Arl”a(Fransada kommuna) köçənə qədər əsərlərindəki qaranlıq və solğunluq diqqətdən qaçmayacaq qədər barizdi. Buna misal olaraq “kartof yeyənlər” əsərini göstərmək olar. Bu solğunluq və qaranlıq ,bəlkə də, onun həyatındaki problemlərin işarəsi idi.

Arla köçdükdən sonra onun əsərlərində yeni tonlar, rənglər görünməyə başlandı. Arlda sanki Van Qoq istədiyini tapmışdı. Buğda tarlalarındakı,səmadaki sarının müxtəlif tonları, hava qaralana yaxın səmadakı mavinin müxtəlif tonları Vinsenti bura aşiq etmişdi. Arldakı bu tonlar rəssamın əsərlərinə də yansımışdı. Bunlara misal olaraq. “Günəbaxanlar”,”Məhsul yığımı”,”Köhnə dəyirman”,”Lanqlois körpüsü”,”Gecə kafesi”,”süsənlərlə Arl mənzərəsi” və bir çox digər əsərləri Arlın sarı rəngin tonlarından yaradılmış bir cənnət olduğunu təsvir edir. Van Qoq bu tonları mükəmməl şəkildə hiss edə və istifadə edə bilirdi. O əsərlərində əsasən Arlın mənzərəsinə, süsənlərə,avtoportretlərə və ulduzlu gecələrə üstünlük verirdi.

Vincent van Gogh's Still Life: Vase with Fifteen Sunflowers Painting

Buy Starry Night over the Rhone Print

 

Van Qoqun əsərlərinə baxaraq onun həyat bioqrafiyasın çıxarmaq, hisslərini anlamaq mümkündür. “sarıqlı qulaqla avtoportret”  əsərinin öz hekayəsi vardır ki (bax :Van Qoq – Sarıqlı qulaqla Avtoportret(Self-Portrait with Bandaged Ear), bəzi mənbələrdə öz sevgilisi üçün qulağını kəsdiyini, bəzi mənbələrdə isə rəssam həmkarı Pol Qogenə (Paul Gauguin) əsəbləşərək qulağını kəsdiyi qeyd olunur. Bu hadisədən sonra Pol Vinsentlə olan həmkarlığına son vermişdir.

 

Vinsent Van Qoqun ölümdən 2 ay öncə çəkdiyi rəsm.

Doktor Gachet onun son aylarında ziyarət etdiyi psixiatrdır. Son aylarını 62 yaşlı psixiatrlar keçirən Van Qoq onunla ruhən bənzər olduqlarını düşündüyünə görə portretini qələmə alır.

82.5 milyon dollara satılmış Dr Gatchet-in portreti əsərindəki Həkim Paul Gatcet onun son aylarında qayğısına qalmış olan həkimin rəsmidir.Bu rəsmdə ümidsiz və yorğun baxışlı bir həkimi görmək olur. Bəlkə də, həkim ümidsizcəsinə öz xəstəsi Vincentə baxırdı.

 

Van Gogh dedikdə ağıla gələn ilk rəsm əsəri təbii ki, “starry night” yəni “ulduzlu gecə” əsəridir ki, bu əsərdə gerçəklikdən uzaq xəyal kimi bir rəsm əsərin görmək mümkündür.Bu rəsmdəki fırça izləri işığın sanki hərəkət etdiyi hissini yaradır. Eləcə də rəsmdə turbulentlik hadisəsini xatırladan dairəvi izlərdən də istifadə edilmişdir ki, bu tip əsərlər Vinsentin xəstə olduğu müddətdə çəkdiyi rəsmlərdə özünü göstərir. Turbulentlilik hadisəsinə bənzəyən bu dairəvi fırça izləri rəsmə hərəkət etmə funksiyası qazandırır. Bu əsəri bənzərsiz edən onda istifadə olunmuş rənglərdir ki, Sent-Remi kəndinin qaranlığı və səmadaki parlaqlığın ahəngi bir-birini tamamlayır.Rəsmin 2/3-nə səma təsviri təşkil edir ki, burada kənd səmanın altında öz sadəliyini qoruyur və səmanın dərinliyi təbiətin insan üzərindəki gücünü təsvir edir. Rəsmdəki ağacların rəsmin müəyyən formalı hərəkəti sanki həmin gecə olan küləyin istiqamətini təsvir edir. Vinsentin həmin əsəri  xəstəxananın(Saint-Paul-de-Mausole) pəncərəsindən hər gün gördüyü Sent-Remi kəndinin gecə mənzərəsidir. Yağlı boya ilə çəkilmiş bu əsər hal hazırda Nyu York müasir incəsənət muzeyindədir. Bu əsər eləcə də Vinsentin “Ron üzərində ulduzlu gecə” əsərini də xatırladır.

 

“Kafe terasında gecə” əsərində Vinsentin gecə təsvirlərindən istifadə etdiyi əsərlərdən biridir. Sakit yay axşamını xatırladan bu əsərdə küçəni aydınladan fənərin işığı, küçə boyunca döşənmiş daşların canlılığı və bir çox əsərində gördüyümüz ulduzlu gecə detalı bir birini tamamlayır. Sanki rəsmə baxanda həmin küçənin istiliyini, səsləri, işığı hiss etmək mümkündür. Kafe lampasından daşlara qədər süzülən və sarının müxtəlif tonlarını özündə daşıyan işığın daşlardan əks olunmasına qədər təsvir edən Van Qoqun rəssamlığından şübhə etmək hər halda dəlilik olardı . Bu əsər hal-hazırda Kröller-Müller muzeyində saxlanılır.

“Arlda yataq otağı” əsərində rəssam öz yataq otağını təsvir etmişdir. Divardakı tablolar onun öz əl işləridir. Yatağının yanındaki tablolar dostları Pol (Paul Eugene) və Boşun (Eugene Boch) təsvir edildiyi rəsmlərdir. Yatağın üst tərəfində isə Qayalıqlar və ağacların rəsm edildiyi bir tablo asılmışdır. Otaqdakı əşyaların cüt olması onun bir dostunu gözlədiyinin işarəsi idi- bu gözlədiyi dost Qogen idi. Həmin dönəm Vinsent Qogeni birlikdə işləmək üçün yanına dəvət etmişdi.

Vinsetin ən sonuncu əsəri olduğu güman edilən əsər “Buğda tarlası və qarğalar”dır. 1890-cı ilidə Auversdə çəkilmişdir. Dəqiq qeydlər olmasa da, bu əsər onun son əsəri olaraq bilinir. Bir çox şərhçi bu əsərin Vinsentin intihar məktubu olduğunu deyir. Əsərdə qara rəngə çalan səma, qarğalar ,bəlkə də, onun intiharının xəbərçisi idi. Qarğalar və qara rəng istifadə edilərək təsvir edilən səma uğursuzluğun simvolu kimi görülə bilər. Buğdaları sanki külək sayəsində hərəkət edirmiş kimi təsvir edən rəssam rəsmdəki tonlardan sıxıntılı olduğu mesajını verməyə çalışırmış. Boş tarla ,bəlkə də,Vinsentin yalnızlığına bir işarə idi. Rəsmdi simvollar ayrı-ayrılıqda bir çox mənalara sahibdir.

Vinsentin bir çox əsərlərinin ayrıca şərhləri verilmiş və sözlərlə təsvir edilməyə çalışılmışdır. Bu müxtəlif təsvirlər, Vinsentin qardaşına yazdığı məktublar yenə də onun sirli həyatını tam anlamağa kömək edə bilmir.

mənbə:

Moi brush with genius

Khan Academy

starry night ted-ed

van Qoq ölülərin hekayəsi

Sənətin gücü- Vinsent Van Qoq(sənədli film)

 

Film: Lust For Life

Əsər: Irving Stone – Lust for Life (İrvinq Stoun – Yaşamaq Yanğısı)

 

Müəllif: Aytac Mirzəliyeva

Redaktə etdi: Ziya Mehdiyev

 

1 ŞƏRH

CAVAB YAZ

Zəhmət olmasa şərhinizi daxil edin!
Zəhmət olmasa adınızı buraya daxil edin