“Veneranın doğulması”

0

Botiçelli (Sandro Botticelli) bu əsərini bir çox qaynaqdan ilhamlanaraq yaratmışdır. Bunlardan ən vacibi dövrün məşhur şairi Ancelo Polizanın (Angelo Poliziano) “Veneranın doğulması”ndan bəhs etdiyi şeiridir. Bu şeir Afrodita (Aphrodite) üçün yazılmış qədim yunan ilahisindən götürülmüşdür. Venera yunan eşq və gözəllik ilahəsi Afroditanın latın mifologiyasındakı qarşılığıdır.
Yunan mifologiyasındakı Afroditanın doğum hekayəsi belədir: Kron (Zevsin atası – Cronus, Cronos) tanrı qatında hökmdarlığı ələ keçirmək üçün öz atası Uranın (Uranus) cinsi orqanını kəsir və Aralıq dənizinə atır. Dənizə düşən orqanın yaratdığı köpüklərdən tanrıça Afrodita doğulur. Afrodita bir inci sədəfi üzərində yola çıxaraq Kipr sahilinə çatır.
Əsərdə Veneranın sahilə çıxdığı an təsvir edilmişdir. Sol tərəfdə Zefir (Zephyros – qərb küləyi tanrısı) və ona sarılmış olan Xlor (Chloris – qədim Roma mifologiyasında çiçək, gənclik və bahar ilahəsi, Zefirin arvadı) yaratdıqları qərb küləyi ilə sədəfin suyun üstündə yol almasını təmin edirlər. Bir yandan da küləklə birgə Veneranın simvolu olan güllər onun üzərinə uçuşur. Sahilə yaxınlaşan sədəfin üzərində Veneranı bütün təntənəsi ilə görürük. Saf gözəlliyi və zərafəti izləyicini həmin dəqiqə cəzb edir. Dövrün gözəllik anlayışını əks etdirən vücud xətləri ilə Venera təvazökar bir duruş nümayiş etdirir. Klassik heykəldə bu duruş “Venus Pudica – Modest Venus” (təvazökar – həyalı Venera) olaraq adlandırılır. Bu duruşun təməl xüsusiyyətinə uyğun olacaq şəkildə Venera əlləri ilə döşlərini, saçları ilə də cinsiyyət orqanını zərif şəkildə örtür.


Sahilə yaxınlaşan Veneranı geyindirmək üçün rəsmin sağ tərəfində qaçaraq gələn Horai (Horae) görünür. Horai latın (Roma) mifologiyasında fəsilləri, bəzən ayları və hətta, saatları simvolizə edən ilahələrdəndir. Bu rəsmdə də yazı təmsil etdiyini anlaya bilərik. Onun üzərindəki paltar və əlində Venera üçün hazırlanmış olan geyim yaz çiçəkləri ilə bəzədilmişdir. Horainin boynunda Veneranı təmsil edən mərsindən bir çələng asılıdır, eyni zamanda, belində Veneranın simvolu olan güllərdən bir çələng və ya kəmər vardır.
Botiçelli tabloda öz tərzindən kənara çıxmamış, müəyyən hissələrdə sürreal duruş və formalar yaradaraq sərbəstliyini qorumuşdur. Veneranın standart bədən ölçülərindən çox uzun olan vücud nisbəti, imkansız şəkildə aşağıda duran sol çiyni, Zefir və Xlorun qəribə sarılma şəkli Botiçellinin özünə xas tərzinə işarə edir.
Botiçellinin əsəri yaratmaqda tək məqsədi Paqan (Paganism) dininə aid simvolları izləyiciyə göstərmək və ya klassik yunan mifologiyasına aid bir hekayəni təsvir etmək deyil. Əslində, məqsədi renessans dövründə xüsusilə geniş yayılan Paqan inancını və xristianlığı birləşdirərək sintez yaratmaq idi. Əgər bu gözlə baxsaq, Venera eşq (məhəbbət) ilahəsidir və doğulması ilə dünyaya gözəllik gətirir. Eynilə Venera kimi xristianlıq da dünyaya gözəllik bəxş edir. Beləliklə, bu gözəlliyi (Veneranı və ona paralel olaraq xristianlığı) qiymətləndirən insanlar ülvi və müqəddəs məqsədlərinin arxasınca gedirlər. Həmin dövrdə Florensiyada (Florence) geniş yayılan bu inanc klassik yunan və xristianlıq düşüncələrini birləşdirir. Beləliklə, Venera haqqında bu əsərin, eyni zamanda, dini bir məqsədi olduğunu görürük.
Bu dini məqsədə uyğun olaraq ümumi rəsmdə qızılı işığın hakimiyyəti nəzərə çarpır. Bu qızılı işıq varlığını sağ tərəfdə portağal ağacının və bitkilərin yarpaqlarında, sədəfin üstündə, geyimlərdəki inikasında göstərir.

Mənbə :http://www.sanatabasla.com/2012/06/28/venusun-dogusu-the-birth-of-venus-botticelli/

Hazırladı: Lalə Yusifova

Redaktə etdi: Fatimə Əliyeva

CAVAB YAZ

Zəhmət olmasa şərhinizi daxil edin!
Zəhmət olmasa adınızı buraya daxil edin