“Volqa yedəkçiləri” – Repinin ilk böyük əsəri

1
Volqa yedəkçiləri - İlya Repin

Bizans rəssamlıq ənənələri xristianlıq və kilsə memarlığı ilə birlikdə Rusiyaya nüfuz etdi: kilsələr mozaikalar və divar rəsmləri ilə bəzədildi. Böyük Pyortrun Avropaya qapı açmasından sonra Rusiya Qərb incəsənət məktəblərindən təsirləndi. Rus rəssamları Qərbli ustadların texnikasını mənimsədilər – onlar da yeni materiallardan istifadə etməyə başladılar (yağlı boya, kətan, mərmər). Dekorativ sənətlər arasında ən çox maraq cəlb edən portret oldu, ikinci yerdə isə təbiət mənzərələri gəlirdi. Rusiyada ən böyük mənzərə rəssamları Savrasov (Алексе́й Кондра́тьевич Савра́сов) və Şişkin(Ива́н Ива́нович Ши́шкин ) idi. XIX əsrin realist rəsmamlığını İlya Repin(Илья́ Ефи́мович Ре́пин) və Vasili Surikov (Василий Иванович Суриков) təmsil edirdi.

İlya Yefimoviç Repin (rus: Илья Ефимович Репин) (1844-1930) məşhur rus realist rəssamıdır. O, XIX əsr rus rəssamlığının ən tanınmış nümayəndəsi idi, həmin vaxt onun rəsmdəki mövqeyi ədəbiyyatda Lev Tolstoyla müqayisə edilirdi. O, rus incəsənətinin Avropa mədəniyyətinin mərkəzinə gətirilməsində böyük rol oynamışdır. Onun başlıca əsərləri sırasına “Volqa yedəkçiləri” (1870-1873), “Kursk vilayətində dini keçid mərasimi” (1880-1883), “Sultana məktub yazan Zaporoje kazakları” (1880-1891) daxildir.

“Volqa yedəkçiləri” (rus: Burlaki na Volge, Бурлаки на Волге) rus realist rəssamı İlya Repin tərəfindən kətan üzərində yağlı boya ilə çəkilmiş rəsmdir. Rəsmdə Volqa çayı sahilində gəmini dartan on bir adam təsvir olunub. Onlar isti və ağır havanın təsirindən halsız vəziyyətdədirlər.

Rəsm qeyri-insani əməkdən gəlir əldə etməyin qınanmasını əks etdirir.

Akademiyanı bitirən Repinin ilk böyük əsəri olan bu rəsm işləyən kişilərin ağır əməyini real təsvir etdiyi üçün beynəlxalq rəğbət qazandı və Repin karyerasına başladı. “Volqa yedəkçiləri” tənqidçilər tərəfindən dərhal Barbizon məktəbinin görkəmli nümayəndəsi olan Jean-François Milletin rəsmləri, və Frazsız rəssamlığının digər görkəmli nümayəndəsi Jean Désiré Gustave Courbetin “Daşqıranlar” (ing: The Stone Breakers) (1850) əsəri ilə müqayisə olundu. İlk sərgidə bu rəsm ənənəvi rus incəsənətinin romantik, klassik və təbliğatçı təbiətinin əksinə olaraq aşağı sinfin əməyini təsvir etdiyi üçün böyük entuziaziyalı rəylər aldı.

Rəsm Repinin 1870-ci ildə qurulmuş Peredvijniki (az: Səhayətçilər; rus: Передвижники) anti-akademik realizm hərəkatına qoşulması üçün yolunu açdı. Repinin “Volqa yedəkçiləri” əsəri ehtimal ki, Peredvijniki  hərəkatının ən məşhur əsəridir. Səyahətçi realist anti-akademik idi və Akademiyanın əlaqədar olduğu neoklassizmə qarşı idi. Neoklassizm Qədim Yunan , Roma və Italyan Renessansında görünən gözəllik idealına əsaslanırdı. Akademiya tələbələrin Rusiya mövzulu əsərlər yaratmasını yox, incəsənət tarixi üçün ənənəvi olan mövzuları: klassik tarix, əfsanə və mifləri təsvir etməsini istəyirdi [1].

Bu hərəkat təkcə akademik məktəbdən uzaqlaşmağa yox, həm də sənətin izlənmə formasını dəyişməyə çalışırdı. Hərəkat üzvləri adi həyatın təsviri və rayonlarda sərgilər keçirməklə onları maarifləndirməyə və incəsənətin kütlələr üçün əlçatan olmasına çalışırdılar.

Repinin bu əsəri XIX yüzillikdə Volqa boyunca hərəkət edən gəmilərdən yük daşıyan insanların cəsur təsviridir.

Rəsmin İlya Repinə şöhrət gətirməsinin səbəblərindən biri, onun bütün rusların diqqətinə onların heç vaxt diqqət yetirməyəcəkləri fərdlərindən ibarət olan qrupu çəkməsi idi və bununla da Repin istehza ilə xristianlığın “sonuncu birinci olacaq” fikrini nümayiş edirdi. Mövzu özü də böyük bir qeyri-müəyyənliyi əks etdirir, çünki həm kölələrin əzabını, həm də azadlığa olan ümidini təmsil edir [2].

Rəsmdə bütün personajlar məğlub olmuş görünüşdədirlər. Təkcə bir personaj – tablonun mərkəzindəki parlaq dərili gənc məğrur bir pozada dayanmışdır. Əsərdəki gənc oğlan parlaq şəkildə öz həmkarlarının əleyhinə qoyulub, o, öz qayışından azad olmağı qarşısına məqsəd qoyubmuş kimi başını qaldıraraq uzağa baxır.

Gənc Repin Rusiyanı gəzərkən bu şəkli çəkmək barədə qərara gəlmişdi və əsərdə qarşılaşdığı gerçək insanları təsvir etmişdir. Lakin Repin ödəniş müqabilində belə onun üçün poza verə biləcək insanlar tapmaqda çətinlik çəkirdi. Çünki xalq arasında belə bir inam var idi ki, kiminsə rəsmi bir dəfə kağız/kətan üzərində təsvir olunursa ,sonra  ruhu onu tərk edir. Repin rəsmlərindəki unikal obrazları Rusiya səyahəti boyunca zamanı yaradıb.

Şəkildə on bir kişinin dartdığı gəminin arxasında ,uzaqda buxarlı gəmi təsvir olunub. Bu bizi maşın və sənayenin yüksəlişi dövründə bu ağır əməyə artıq ehtiyac olmadığı barədə düşündürür [3].

Rəsm dəfələrlə parodiya olunub. O, əksər hallarda Rusiyada satirik rəsmlər üçün bünövrə daşı olub.

Şərq mövzularını təsvir edən Amerikan rəssam Frederick Arthur Bridgmanın 1875-ci ildə çəkdiyi “Nildə dartma” (ing: Towing on the Nile) adlı tablosu İlya Repinin bəhs etdiyimiz rəsmi ilə eyni mövzudadır.

Sosial realizmə baxmayaraq, əsər tamamlanmasından qısa bir müddət sonra imperator II Aleksandrın oğlu böyük knyaz Vladimir Aleksandroviç Romanov tərəfindən alınmış və rus rəssamlığının realist istiqamətinin nümunəsi kimi Avropada sərgilənmişdir. O, 1873-cü ildə Vyanadakı 35 dövlətin iştirak etdiyi “Mədəniyyət və təhsil” mövzusunda keçirilən Beynəlxalq Sərgidə bürünc medal qazanmışdır. İnqilabdan sonra böyük knyazın kolleksiyası milliləşdirildi və Vladimir sarayından Dövlət Rus Muzeyinə köçürüldü.

2014-cü ildə İlya Repinin anadan olmasının 170 illiyi münasibətilə Rusiyanın Samara şəhərində “Volqa yedəkçiləri” abidəsi qoyulmuşdur [4].

Yedəkçilərin ifa etdikləri xalq mahnısı:
https://www.youtube.com/watch?v=kQmF31pn_fk

Mənbə:
1. https://web.archive.org/web/20100201085918/http://www.tmora.org/educationData/JaneFriedman.html

2. http://amatterofmind.org/Pierres_PDFs/EUROPEAN_ART/BOOK_I/9._ILYA_REPIN_AND_THE_IRONIC_RANGE_OF_THE_NOOSPHERE.pdf

3. http://artpaintingartist.org/barge-haulers-on-the-volga-by-ilya-repin/

4. http://vsuete.com/barge-haulers-volga-monument-samara/

 

İlya Repinin digər rəsmləri ilə tanış olmaq üçün link:
https://gallerix.ru/album/Repin

Redaktə etdi: Lalə Yusifova

 

1 ŞƏRH

CAVAB YAZ

Zəhmət olmasa şərhinizi daxil edin!
Zəhmət olmasa adınızı buraya daxil edin