Xarakter nədir ?

0

İnsanları bir-birlərindən fərqləndirən şəxsiyyətin davamlı fərdi psixi xassələrindən biri də xarak­terdir. Adətən, insanları bir-birlərindən fərqləndirərkən  onların xasiyyətini, xarakterini ön plana  çəkirlər. Bu baxımdan yunanca “xarakter” “möhür”, “naxış” mənasini bildirir. Xarakter bir növ insanın  yalnız özünəməxsus davranış formasını əks etdirir. Onun ən mühüm cəhəti ondan ibarətdir ki, xarakter şəxsiyyətin hər cür  xüsusiyyətlərini deyil, mühüm və davamlı fərdi xüsusiyyətlərinin  məcmuunu özündə əks etdirir.  Digər tərəfdən  xarakteri bir psixi fenomen kimi fərq­ləndirən başlıca cəhət ondan  ibarətdir ki, o həmişə fəaliyyət və ünsiyyət prosesində, insanın onu əhatə edən gerçək aləmə və insanlara münasibətdə təzahür edir. Xarakter həyatda  qaza­nılmış davranış formasıdır. Heç kim anadan  tənbəl və ya işgüzar, gobud və ya mehriban, qəddar və ya humanist, səliqəli və ya pinti, təvazökar və ya xüdbin doğulmur. Bu kimi keyfiyətləri həyat prosesində, tipik şəraitin, təlim və tərbi­yəsinin təsiri altında əldə edir. Həmin əlamətlər həmin insanın  xarakterini təşkil edən tipik əlamətlər kimi formalaşır və tipik şəraitdə dərhal özünü göstərməyə başlayır. 
Bütün bunlarla yanaşı olaraq insan xarakteri onun  dünyagörüş və əqidəsilə də sıx bağlıdır. İnsanın  müna­sibətlər sistemini təşkil edən dünyagörüşü və əqidəsi istər-istəməz onun xarakter  əlamətlərinin formalaşmasına zəmin yaradır. Adətən, xarakter formalaşdıqdan sonra bu və ya digər davranış tərzini həyata keçirməyə təhrik edir.
Yuxarıda qeyd edilənlərə əsasən xarakterə belə tərif vermək olar:
Konkret şəsiyyət üçün tipik olan fəaliyət və ünsiyyət prosesində formalaşan və təzahür edən, tipik şəraitdə üzə çıxan və şəxsiyyyətin bu şəraitə  olan münasibəti ilə müəyyən edilən özünəməxsus fərdi psixoloji xüsusiyyətlərinin məcmusuna  xarakter deyilir.
Psixoloqların apardıqları tədqiqatlar belə bir qənaətə gəl­məyə imkan vermişdir ki, şəxsiyyətin münasibətləri xarakter əlamətlərinin fərdi özünə məxsusluğunu  iki cəhətdən müəy­yənləşdirir. Birinci, insanın düşdüyü hər bir tipik şəraitdə emosional həyəcanların fərdi özünəməxsusluğu şəxsiyyətin münasibətlərindən asılıdır. Həyati faktlar xarakterin hər bir xüsusiyyətinin məhz bu cür tipik şəraitdə özünü büruzə verdiyini göstərir. İkincisi, hər bir tipik şəraitdə şəxsiyyətin  təzahür edən davranış fomasının özünəməxsus fərdi  xüsusiy­yətləri də onun münasibətindən asılıdır.

Xarakterin quruluşu

 

Xarakter əlamətlərinin qarşılıqlı əlaqəsi. Həyati faktlardan göründüyü kimi, insan xarakteri çoxcəhətli xüsusiyyətə malikdir. İnsan xarakterində müxtəlif özünəməxsus əlamətləri müşahidə etmək mümkündür. Bu əlamətlər bir-birindən ayrı, təcrid olunmuş şəkildə deyil, vəhdət halında birləşərək xarakterin vahid strukturunu yaradır.
Xarakterin strukturunda olan əlamətlər bir-biri ilə qanunauyğun şəkildə bağlıdır. Təcrübə göstərir ki, əgər insan qorxaqdırsa o düşünməyə belə bir əsas verir ki, həmin adam təşəbbüskarlıq, qətiyyətlilik və müstəqillik, əliaçıqlıq keyfiyyətlərinə malik ola bilməz. Bununla belə xaraktercə qorxaq olan adamda mütləq sünilik və yaltaqlıq, konformluq, acgözlük, xəsislik, satqınlığa hazır olmaq, inamsızlıq və s. əlamətlər özünü göstərəcəkdir. Lakin bu zaman həmin əlamətlər arasında qorxaqlıq üstünlük təşkil edəcəkdir.
Xarakter əlamətləri içərisində bəziləri əsas, aparıcı əlamət kimi özünü göstərəcək və bütün kompleksin təzahürünün inkişafına istiqamət verəcəkdir. Bunlarla yanaşı olaraq xarakterdə ikinci dərəcəli əlamətlər də mövcud olur ki, onlar bir halda əsas əlamətlərə tabe olur, onlarla şərtlənir, digər halda əsas əlamətlərlə uyğunlaşa bilmir.
Xarakter əlamətləri və şəxsiyyətin münasibətləri. Xarakter əlamətləri şəxsiyyətin müxtəlif münasibətləri ilə müəyyən edilən xassələr sisteminə malikdir. Bu münasibətlər eyni zamanda xarakterin mühüm əlamətlərini təsnif etmək üçün əsas rol oynayır. Bu baxımdan şəxsiyyətin münasibətlər sistemini və xarakter əlamətlərini aşağıdakı şəkildə qruplaşdırmaq olar:
1. İnsanın başqa adamlara: doğma və yaxın adamlara, təhsil və iş yoldaşlarına, tanıdığı və az tanıdığı adamlara münasibətdə ifadə olunan xarakter əlamətləri. Bunlara sədaqətlilik, prinsipiallıq və prinsipialsızlıq, ünsiyyətlilik və qapalılıq, doğruçuluq və yalançılıq, mərifətlilik və kobudluq, qayğıkeşlik və laqeydlik və s. aid etmək olar.
2. İnsanın özünün özünə münasibətini bildirən xarakter əlamətləri. Bunlara heysiyyət, öz gücünə inam və inamsızlıq, şöhrətpərəstlik, lovğalıq, təvazökarlıq, özü haqqında yüksək fikirdə olmaq və s. aid etmək olar.
3. Əməyə münasibətdə özünü göstərən xarakter əlamətləri. Bunlalara vicdanlılıq, əməksevərlik, tənbəllik, təşəbbüskarlıq, işə məsuliyyətli və məsuliyyətsiz  münasibət, ciddilik və s. aid etmək olar.
4. İnsanın əşyalara münasibətini ifadə edən xarakter əlamətləri. Bunlara səliqəlilik və ya pintilik, əşyalara qayğılı və qayğısız münasibət və s. aid etmək olar.

 

Qaynaq: Prof S.İ.Seyidov və prof M.Ə.Həmzəyev – Ümumi psixologiya ( Bakı2007)

CAVAB YAZ

Zəhmət olmasa şərhinizi daxil edin!
Zəhmət olmasa adınızı buraya daxil edin