Xarakterin formalaşmasının şərtləri

0

Xarakterin tiplərinin mövcud olan  bütün  konsep­siya­larının çox ciddi bir çatışmazlığı var. Məsələ ondadır ki, hər bir insan fərddir və heç də həmişə müəyyən bir tipə aid edilməyə bilər. Çox vaxt eyni insanda  xarakterin  ən müxtəlif əlamətləri kifayət qədər inkişaf  etmiş olur. Praktik olaraq, xarakterin tiplərinin bütün təsvirlərində ən müxtəlif cinsli və ya daha düzgün desək ən müxtəlif qəbildən   olan xüsusiyyətlərinin birləşməsini tapmaq olar.
Başqa cür desək, onlarda bütöv şəkildə həm xarakterin, həm də şəxsiyyətin xüsusiyyətləri mövcuddur. Məsələn, şizo­idlərin xarakteristikasını verərkən E.Kreçmer  formal,  yəni davranışın yönümündən asılı olmayan (xarakterin xüsusiy­yətləri): ünsiyyətsizlik, təmkinlilik, ciddilik, qorxaqlıq, sen­timentallıq kimi xüsusiyyətləri, o biri tərəfdən isə daha məzmunlu, şəxs əsaslı “insanları xoşbəxt etməyə çalışmaq”, “nəzəriyyəbaz prinsiplərə meyl”, “sarsılmayan əqidə möh­kəmliyi”, “baxışlarının təmizliyi”, öz ideyaları uğrunda müba­rizəyə mətin olaraq çalışmaq  və s. kimi xüsusiyyətləri sada­layır.
P.B.Qannuşkinin paranoyalı tiplərə verdiyi təsvirdə həmçinin psixoloji xarakteristikaların – dinamikliyindən tutmuş, dünyabaxışına qədər bütün xüsusiyyətlərini tapmaq olar.
Bu cür misalları çoxaltmaq da olar. Xarakterin tiplərinin təsvirinə daxil olan «müxtəlif tipli” əlamətlər tamamilə təbiidir. Amma Gippinreyterin fikrincə, xarakterin tam, təsvirlərinin geniş təhlilə ehtiyacı var, lakin xarakterin təsvirinin müəllifləri bunu etmirlər.
Psixoloji ədəbiyyatda şəxsiyyətin xarakterlərinin forma­laş­ması  haqqında ümumi nəzəriyyənin işlənib hazırlanması haq­qında çox maraqlı və dəyərli təcrübələr var. Buna biz təxminən yüz il bundan əvvəl yazılmış A.F.Lazurskinin əsərlərində rast gəlirik. A.F.Lazurski “endopsixika və ekzo­psixika” anlayışlarını təsdiq etmişdi.  “Endopsixika” anlayışı dedikdə, o, xarakter, temperament və əqli qabiliyyətlərin də aid edildiyi daxili psixi (psixofizioloji) funksiyaların məcmusunu nəzərdə tutur. Şəxsiyyətin münasibətini – təbiətə, cəmiyyətə, mənəvi dəyərlərə münasibətlərinin cəmini isə o “ekzo­psixika”ya aid etməyi təklif edir. Şəxsiyyətin yetkin­liyinin müxtəlif dərəcələrini nəzərdən keçirərək Lazurski onları üç: aşağı, orta, yüksək (ali) səviyyələrə  ayırır. Səviyyələr arasında fərqin əsasını o, endopsixikadan ekzopsixikaya keçiddə görür.
Aşağı səviyyənin nümayəndələrini Lazurski aşağıdakı tiplərə bölür: “dərrakəli”, “tez qızışan”, “fəal”. Ehtimal ki, burada təsnifat müəyyən şəxslərin necə hərəkət etdikləri və necə yaşadıqlarının əlamətlərinə görə aparılır. Müəllif ali səviyyəyə insanları aparıcı fəaliyyət növlərində iştirakına görə müəyyən edir. Ali səviyyəyə aid olan şəxsiyyətlər nəyə əsl meylləri olduqlarını (məsələn, “biliyə”, “gözəlliyə”, “altu­rizmə”) tez müəyyən edirlər.
Beləliklə, demək olar ki, aşağı səviyyədən ali səviyyəyə keçərkən A.F.Lazurski insan şəxsiyyətinin xarakter əlamət­lərini şəxsiyyətin xüsusiyyətləri ilə əvəz edir.

İnsanın xarakteri adətən sosial amillərin təsiri altında formalaşır. Xarakterin formalaşması problemini nəzərdən keçirərkən onun eyni zamanda həm sabit, həm də dəyişkən olması prinsipini tətbiq etmək lazımdır. Bundan başqa, şəxsiyyətin ən vacib xüsusiyyətlərindən  biri olan xarakter – ictimai tarixi bir  kateqoriyadır, ona görə də insanın xarakterinin formalaş­masından danışarkən həmişə sosial şərtlərin təsirini nəzərdə tutmaq lazımdır. İnsanın xarakterinin formalaşmasına sosial mühitin təsiri hər şeydən əvvəl müxtəlif ictimai formasiyalarda tipik xarakterlərin müqayisəsi ilə sübut edilir. Kiçik qrupların psixologiyası onun üzvlərinin xarakterlərinin formalaşmasında böyük rol oynayır.  Xarakterin formalaşmasına  eyni zamanda bioloji şərtlər də təsir edir. Amma xarakterin formalaşmasına irsi təsirin əhəmiyyətli roluna istinad edərkən çox  ehtiyatlı olmaq lazımdır. A.N.Leontyevin sözlərilə desək, bioloji irsilik əhəmiyyətsiz sayılmır, ancaq mənimsəmə prosesi ilə müqayisədə o asılı vəziyyətdə olur.
Xarakterin əlamətlərində  cinsi  və psixi fərqlərin prob­leminin həlli üçün bir çox tədqiqatlar  aparılmış, hətta kişilik-qadınlığın müəyyənləşdirilməsi üçün xüsusi testlər də işlənib hazırlanmışdır. Şəxsiyyətin xüsusiyyətlərində cinsi  fərqlər ortaya çıxıb. Məsələn, kişilər daha özünə güvənən, aqressiv, inadkar və cəsarətlidirlər, xasiyyət, danışıq və hisslərində daha çox  kobuddurlar. Qadınlar isə daha çox həssas, utancaq, xeyir­xah və emosionaldırlar.
Xarakterin formalaşmasının bioloji şərtlərindən danı­şarkən fiziki tərbiyənin böyük əhəmiyyətini qeyd etmək lazımdır. İdmançıların xarakterində iradəlilik xüsusiyyətlərinin tərbiyəsinə həsr olunmuş bir çox əsərlər mövcuddur. Daha ümumiləşdirilmiş formada bu problem P.A.Rudik, A.Ç.Puni, O.A.Çernikova tərəfindən təhlil edilmişdir.
Həyat öz müxtəlifliyi  ilə tərbiyə edir, ancaq xarakterin formalaşmasının əsas amili ailə və məktəbdir. Uşaqların xarakterinin bir çox qüsurları ailədə düzgün olmayan tərbi­yənin nəticəsidir, məsələn, ərköyünlük, inadkarlıq, şıltaqlıq və eqoizm yaradır, fiziki cəza isə uşaqları kobud, sərt, bəzən isə qorxaq, yalançı, aciz edir. Ancaq heç də həmişə uşaqların xarakterinin qüsurlarını ailə tərbiyəsinin səhv olması ilə izah etmək düzgün  deyil. Bəzən xarakterin yaranmış xüsusiy­yətlərini uşaqlar “küçənin”, pis məktəb yoldaşlarının və s. təsiri altında qazanırlar.
Məktəblilərin xarakterinin formalaşdırılması məktəbdə təlim və tərbiyənin əsas vəzifələrindən biridir.
Xarakterin formalaşmasının əsas şərtlərinin siyahısına özünü tərbiyəni də əlavə edirlər.
Məlumdur ki, xarakterin formalaşmasına ətraf mühit təsir edir. Bioloji şərtlər də əhəmiyyətli rol oynayır. Bu şərtlər xarakterin formalaşmasına fatalist təsir etmir, onlar həmişə müxtəlif və öz qanunauyğunluqları olan daxili şərtlər vasitəsilə dəyişir.
Xarakterin formalaşmasında kompensasiya hadisəsi də böyük rol oynayır. Xarakterin bir əlaməti zəiflədikdə bu çatışmazlığın əvəzinə  başqa əlamət daha yaxşı inkişaf edir.
Xarakterin formalaşması daxili vəziyyətdən də asılı olur. L.S.Vıqotski uşaq üzərində hər hansı bir təsir onu uşağın hiss etməsi nöqteyi-nəzərindən ona subyektiv münasibətindən keçməsi anlayışını inkişaf etdirmişdir. İnkişafın uşağın daxili vəziyyətindən asılılığı prinsipi daha  sonra A.N.Leontyev tərəfindən inkişaf etdirilmiş və L.İ.Bojoviç və onun əmək­daşlarının tədqi­qatlarında xüsusi sübutlarla təsdiq olunmuşdur. Bojoviç daxili vəziyyəti uşağın şəxsi ehtiyacları və arzularının sistemi kimi müəyyən edir. Daxili vəziyyət həm də  yaşlı insanların xarakterinin dinamikliyində az rol oynamır, məsələn, inadkar adamın yenidən tərbiyə edilməsinin çətinliyi onun daha çox bu xüsusiyyətlə mübarizə aparmağa ehtiyac hiss  etmə­məsindən və onu pis əlamət kimi hesab etməməsindən ibarətdir. İnsanın psixi vəziyyətinin öyrənilməsi prosesində daha bir zəruri  qanunauyğunluq meydana çıxır: xarakterin dinamikliyi, onun xüsusiyyətlərinin əldə edilməsi, dəyişməsi psixi vəziyyətin keçid mərhələsindən, daha dəqiq desək, insanın öz hərəkətlərinə münasibətindən  keçir.
Şəxsi nümunə də tərbiyənin və özünütərbiyənin ən güclü  vasitəsidir.
Məktəblilərin xarakterinin formalaşmasına şəxsi nümunə­nin təsiri haqqında aparılmış tədqiqatlarda nümunənin seçil­məsi yolları məsələsinə böyük yer verilmişdir. Nümunələrin seçilməsi yolları  müxtəlifdir. Belə yollardan biri şagirdlərin etiraf etdikləri bəzi qüsurların təkmilləşdirilməsi üçün nü­munənin seçimidir. Belə ki, qeyri-mütəşəkkil bir şagird çox intizamlı və mütəşəkkil yoldaşına oxşamaq istəyir. Nümunənin seçilməsinin ikinci yolu – oxşarlığa görədir. Nümunənin seçi­minin başqa bir yolu mənalı həyatı hadisələrin maraqlı, cəlbedici axarına əsaslanır.
Nəhayət nümunə seçiminin daha bir yolu, N.Levitovun şərti olaraq emosional adlandırdığı yoldur. O, şagirdin  müəyyən bir adama əvvəlcə  rəğbət hissi keçirdiyindən və daha sonra isə nümunə kimi bu adamın arxasınca getməsindən ibarətdir. Nümunənin seçilməsi prosesində həm obyektiv, həm də subyektiv amillər rol oynaya bilər.
Hansı şagirdlərə və onların xarakterlərinin hansı xüsusiy­yətlərinə nümunə daha yaxşı təsir edir. Bu baxımdan şagirdləri iki qrupa  ayırırlar:

  1. Xarakterin xüsusi plastikliyi və yüngüllüyü ilə seçi­lənlər;
  2. Yaşadıqları əqidələrin konkret daşıyıcıları olan insanları şüurlu  surətdə axtaranlar.

Fərdi psixoloji şərtlərlə yanaşı, təsəvvürün, maraqların canlılığı, öz üzərində işləmək arzusu kimi ümumi psixoloji şərtlər də mövcuddur. İnadkarlıq, özündənrazılıq, lovğalıq kimi xüsusiyyətlər nümunənin təsirinə mane olur.

 

Mənbə : Ümumi psixologiya ( S.İ.Seyidov , M.Həmzəyev ) Bakı 2007

 

Redaktə etdi: Şəfiqə Babayeva

CAVAB YAZ

Zəhmət olmasa şərhinizi daxil edin!
Zəhmət olmasa adınızı buraya daxil edin