Xarakterin tarixi haqqında

0

Xarakteri tədqiq etmək cəhdləri hələ qədim zamanlardan olmuşdur.Xarakterin təsnifatı üzrə ilk cəhd Platona məxsusdur. O etik prinsiplər əsasında xarakterin tipologiyasını yaratmışdır. Qədim yunan ədəbiyyatında Afina cəmiyyətində yayılmış xarakter tipo­logiyasını Teofrast təsvir etmişdir. Xarakterin tədqiqatına zahiri görünüşün onun müəyyən şəxsiyyət tipinə məxsusluğu ara­sında bağlılıq haqqında elm-fizioqnomika əhəmiyyətli dərəcədə təsir göstərmişdir.
XIX əsrin birinci yarısında xarakter haqqında elm yaran­mağa başladı. Frenologiyanın  yaradıcısı Qall insan xarak­terinin təşəkkül tapdığı 27 elementar psixi xüsusiyyətləri sadalayır, onların arasında artıq – törəmə instinkti, övlada məhəbbət, bağlılıq, dostluq, dağıdıcı instinkt, mübarizəyə və özünü müdafiəyə meyillilyi qeyd etmək olar.
XIX əsrin sonlarında xarakter problemləri üzrə ilk maraqlı əsərlər  kimi: F.Cordonun “İnsanın genealogiya və bədəni nöq­teyi-nəzərdən xarakter” və F.Polanın “Xarakterin psixolo­giyası” kitabları meydana gəlir.
XX əsrin əvvələrində A.F.Lazurski ilk dəfə olaraq təkcə insanın subyektiv xüsusiyyətlərini deyil, həm də onun dünya görüşünü, “ictimai baxışlarını” nəzərə alan xarakterin psixosial təsnifatını yaratmağı  təklif etdi. Lazurski insanın ətraf mühitə uyğunlaşma dərəcəsindən və ətraf mühitin insana hansı dərəcədə təzyiq göstərməsindən asılı olaraq üç psixoloji səviy­yə ayırd edirdi: aşağı səviyyə –kifayət qədər uyğunlaşma qabiliyyəti olmayan insanlar; orta səviyyə — ətraf mühitdə öz yerini tapa bilən və ondan öz məqsədləri üçün istifadə edə bilən insanlar; ali səviyyə — yaradıcı səviyyədir. O ətraf mühiti dəyişdirməyə çalışan insandır.
Bu üç uyğunlaşma və  üstünlük səviyyələrini nəzərə alma əsasında Lazurski xarakterin aşağıdakı təsnifatını təklif etmişdir:
Aşağı səviyyə: 1) ağıllı tip; 2) affektiv tip (hərəkətli, hissiyatlı, xəyalpərvər); 3) fəal tip (impulsiv, enerjili, itaətkar, fəal, inadkar).
Orta səviyyə:1) praktik olmayan nəzəriyyəçilər,idealistlər (alimlər, rəssamlar, dini xəyalpərəstlər); 2) praktiklər – realistlər, alturistlər, ictimayətçilər, hökümlülər, evdarlar.
Ali səviyyə: Bu insanlara şüurluluq, ruhi duyğuların uzlaş­ması, ali insani ideallar xasdır. Sonrakı tədqiqatlar xarak­terin daha dəqiq anlaşılmasına gətirib çıxardı.
Fərdi xarakterlərin tipologiyasını təhlil edən Z.Freyd xarakterin strukturu  ideyasını əsas götürərək sübut edir ki, “müəyyən əlamətlərdən əsas xarakterin forma­laşdırılması formulunu çıxartmaq  olar, həm də nəzərə almaq lazımdır ki, daimi əlamətlər ya dəyişilməyən ilkin impulsları, ya da onların sublimasiyasını və ya onların yaratdığı reaktiv törəmələrini təmsil edir”.
Erkən uşaqlığın xüsusiyyətləri, psixoseksual mərhələnin inkişaf etməsinin spesifikası, müəyyən psixoseksual mərhə­lənin təsbit edilməsi insanın xarakterinin xüsusiyyətlərini şərt­ləndirir. Freyd xarakteri oral-passiv,  oral-təcavüzkar, anal-xarakterə, genital xarakterə ayırırdı.
Müasir psixoanalitiklər  xüsusilə A.Louenin tipoloji  modelində xarakterin aşağıdakı tiplərini ayırırlar: aral, mazo­xist, əsəbi, fallik-narsis, şizoid.
.        A.Louen xarakter anlayışını yalnız pataloji hallarla məh­dudlaşdırmağı təklif edirdi. İnsan — əgər onun tipik davranış vasitələri, yəni xarakteri yoxdursa o sağlamdır. Bu o deməkdir ki, o real həyatda şəraitin müəyyən tələblərinə uyğunlaşaraq özünü çox gözlənilməz aparır. Müasir amerika psixolo­giyasında  xarakterin iki alternativ tərifindən istifadə olunur: “Xarakter – şəxsiyyətin əxlaqi və mənəvi baxışıdır”; “Xarakter – şəxsiyyətin sübutlara nöqteyi-nəzəridir”.
R.Kettel şəxsiyyətin əsas amilləri arasında güc və zəifliyi qeyd edirdi. Onun funksiyası“Ali-mən”in gücü sərt və prin­sipial hərəkət edən insanın iradəsinin gücünü, “Ali-mən”in zəifliyi isə öz hərəkətlərində qeyri-sabit olan insanın iradəsinin zəifliyini bildirməkdən ibarətdir.
Kettelə görə xarakter – insanın müəyyən müna­sibətlərdə davranışında özünü biruzə verən, şəxsiyyətin  əldə etdiyi daha sabit zəruri xüsusiyyətlərinin fərdi uyğunluğudur.   Bunlar aşağıdakılardır:

  1. Özünə münasibət (tələbkarlığın, tənqidin, özünə­qiy­mətləndirmənin dərəcəsi).
  2. Başqalarına münasibət (fərdilik və ya kollektivçilik, eqoizm və ya alturizm, qəddarlıq və ya xeyirxahlıq, laqeydlik və ya həssaslıq, kobudluq və ya nəzakət, ya­lançılıq və ya düzgünlük və s.).
  3. Tapşırılan işə münasibət (tənbəllik və ya işgüzarlıq, səliqəlilik və ya pintilik, təşəbbüskarlıq və ya passivlik, səbirlilik və ya səbirsizlik, məsuliyyət və ya  məs­uliyyətsizlik, təşkilarçılıq və s.).
  4. Xarakterdə iradi keyfiyyətlər də öz əksini tapır: çə­tinlikləri, mənəvi və fiziki ağrıları dəf etməyə hazır olmaq, sərbəstliyin, intizamın, inadkarlığın dərəcəsi.

Xarakterin ayrı-ayrı xüsusiyyətləri bir-birindən asılıdır və bir-birləri ilə sıx bağlıdır. Xarakterin əlamətləri (xüsusiyyətləri) dedikdə insan şəxsiyyətinin bu və ya başqa xüsusiyyətləri  başa düşülür. Bu xüsusiyyətlər insanın müxtəlif fəaliyyət növlərində sistemli şəkildə özünü biruzə verir və bunlara görə müəyyən şəraitdə şəxsiyyətin etdiyi hərəkətləri qiymətləndirmək olar. Əlamətlərin birinci qrupuna şəxsiyyətin istiqamətini (meylini) ifadə edən xüsusiyyətlər (sabit ehtiyaclar, maraqlar, meyllər, ideallar, məqsədlər), ətraf mühitə münasibətlər və bu mü­nasibətləri həyata keçirmənin fərdi-özünə məxsus vasitələrini təmsil edən sistem daxildir. İkinci qrupa xarakterin intelektual, iradi və emosional xüsusiyyətləri daxildir.
Xarakterin tiplərinin başqa təsnifatları da var. Məsələn, insanın həyata, cəmiyyətə, mənəvi dəyərlərə münasibəti əsa­sında qurulmuş xarakter tipologiyası çox məşhurdur. Onun müəllifi bu tipologiyanı xarakterin sosial tipologiyası ad­landıran E.Frommdur. E.Fromm adamları bir şəxsiyyət kimi dörd tipə ayırır: mazoxist, sadist, konformist, tənha.
E.Fromun fikrincə mazoxist tipə malik olan adam uğur­suzluqlarla qarşılaşan adamdır. Bu uğursuzluqda o yalnız özü­nü günahkar sayır.
Sadist tip öz uğursuzluqlarının səbəbini özündə deyil, başqa adamlarda, cəmiyyətdə görür. O, adamları və dünyanı düşmən kimi qavrayır və onları  məhv etməyə cəhd göstərir. Daima hakimiyyətə, hökmranlığa, əzməyə, dağıtmağa can atır.
Konformist tip ümumi kütləyə qarışır, başqaları necədirsə onlar kimi olmağa, onlardan fərqlənməməyə cəhd edir. O, həmişə mövcüd şəraitə uyğunlaşır.
Tənha tip həmişə mübarizədən, cəmiyyətdən uzaqlaşır, situasiyadan kənar olmağa, ondan qaçmağa çalışır.
K.Yunq tərəfindən irəli sürülmüş ekstravert və introvert tipli xarakterlərin təsnifatı  geniş yayılmışdır. Ekstravertlərə coş­qunluq, təşəbbüskarlıq, uyuşqanlıq, ünsiyyətlilik xasdır. İntrovertlər üçün öz daxili aləmində baş verənlərdə şəxsi maraqlarını güdməsi, ünsiyyətsiz, qapalı, özünü təhlilə meyl, uyğunlaşmada çətinlik çəkmək xarakterikdir. Həmçinin xarakteri konform və sərbəst, hakim və itaətkar, normativ və anar­xist tiplərə də ayırmaq olar.
Psixoloq S.Məcidovanın işləyib hazırladığı tipologiya “69” adlanan xarakterin tipologiyası da maraq doğurur. Bu tipologiyanın əsasında şəxsiyyətin özünü dərk etməsinin səviyyələri durur. Onun tərəfindənm insanın inkişafının təkamül mərhələlərini ifadə edən özünüdərkin 3 səviyyəsi ayrılmışdır. Özünüdərkin birinci səviyyəsinə aid olan insanlar aşağıdakı xüsusiyyətlərlə xarakterizə olunurlar: eqosentrizmlə, meyarlarından birinin – “mənim – mənimki – olmayan”  münasibətlər sistemi olan ətraf aləmin fərqli qəbul edilməsilə; hər şeyə qarşı istehlakçı, əşyavi münasibətlə; mənəviyyat üzə­rində bütün maddi olanın hakimliyi ilə.
Özünüdərkin ikinci səviyyəsində olan insanlar onunla xarakterizə olunurlar ki, soyuqluğun, eqosentrizmin yerinə birliyin və cəmiyyətin müəyən hissəsi ilə tamlığın dərk edil­məsi gəlir. Köhnə, qalıq kimi saxlanan, ətraf mühitin “mənim” – “mənim olmayan”a ayrılmasına yeni fərqləndirmə ge­nişlənir. Şəxsiyyətin zamanı “mən”im mövcudluğunun real zamanından kənara çıxaraq “biz”im mövcud  olduğu zamanına daxil olur.
Özünüdərkin üçüncü səviyyəsinin əsas xarakteristikası – fərqləndirmənin olmaması, məkan-zaman sonsuzluğu, ətraf-aləmə qarşılıqlı münasibətlərin dərk edilməsi, onun birliyinin qəbul edilməsi, güclü şəxsiyyətin başqaları ilə konkret münasibətlərinin olmaması, ümumbəşəri mənəvi prinsiplərə əməl etməkdir.
Demək olar ki, tipologiyanın bütün müəllifləri qeyd edirlər ki, xarakter az ya çox ifadə edilə bilər. Əgər xarakterlərin təzahürlərinin intensivliyini göstərən ox təsəvvür etsək, onda aşağıdakı 3 zonanı qeyd etmək olar: tamamilə “normal” xarakterlər zonası, seçilən  xarakterlər  zonası  (onlar aksen­tu­asiyalı xarakterlər adını alıb), və güclü dəyişikliyə məruz qalmış, yəni psixopatiyalı xarakterlər zonası. Birinci  və ikinci zonalar normaya uyğundur (geniş mənada), üçüncü zona isə xarakterin patalogiyasına aiddir. Müvafiq olaraq, xarakterin aksentuasiyasını normanın son variantları kimi nəzərdən ke­çirirlər. Onlar da öz növbəsində aşkar və gizli aksentuasiyalara bölünürlər. Aksentuasiyalı patoloji və normal xarakterlər ara­sında fərq çox ciddidir.İkinci və üçüncü zonalara ayıran əlamətlərin bir tərəfində ümumi psixologiyaya məxsus fərqlər durur. Əlbəttə, əlamət çox yığcam səslənir. Buna baxmayaraq, onu xarakterin intensivliyi məhvərində təxmini olaraq lokal­laşdırmağa imkan verən  meyarlar mövcuddur.
Bu meyarlar üçdür və onlar Qannuşkin-Kerbikovun “psixopatiyanın meyarları” kimi məşhurdur. Xarakteri patoloji hesab etmək, yəni  psixopatiya kimi  qiymətləndirmək olar. A.E.Liçkonun fikrincə bu ilk əlamət atalar sözündə yaxşı misal gətirilir (Necə gəlibsənsə elə də gedəcəksən). İkinci əlamət – xarakterin ümumilik əlamətidir; psixopatlarda xarakterin eyni bir xüsusiyyətinə hər yerdə rast gəlinir: evdə, işdə istirahət edərkən və  tanışların da, özgələrinin  də arasında. Əgər insan evdə bir cür, adamlar arasında başqa cürdürsə o psixopat deyil. Nəhayət, üçüncü, demək olar ki, psixopatiyanın ən güclü əlaməti – sosial uyğunsuzluqdur.
Bu əlamət ondan ibarətdir ki, insan daima həyati çətin­liklərlə qarşılaşır.
Normal xarakterlərin son  variantları kimi xarakterin  ak­sen­tuasiyasına gəldikdə isə, bu xarakterli insanlar üçün də bəzi problemlər və çətinliklər xarakterikdir. Buna görə də həm terminin özü, həm də aksentuasiyalı xarakterlərin ilk tətqi­qatları psixiatrların əsərlərində ilk dəfə işıq üzü görüb. Hər halda aksentuasiyalı  xarakterlərin problemləri bəlkə də daha çox ümumi psixologiyaya aiddir.
Məşhur alman psixiatrı K.Leonqardın fikrincə, 20%-50% insanlarda xarakterin bəzi əlamətləri o qədər kəskinləşir ki, (diqqəti cəlb edir) mübahisələrə və əsəb pozuntusuna gətirib çıxarır. Xarakterin aksentuasiyası onun ayrı-ayrı xüsusiy­yətlərinin, digərlərinin əksinə olaraq inkişafının şişirdilməsidir və bunun nəticəsində də ətrafdakı adamlarla qarşılıqlı əlaqəni çətinləşdirir.Leonqard aksentuasiyanın 12 tipini ayırır.
Xarakterin aksentuasiyasına daha çox yeniyetmə və gənc­lərdə  rast gəlinir (50-80%). Aksentuasiyanın tiplərini  xüsusi  psixoloji testlərin köməyi ilə müəyyən etmək olar. Leonqard aksentuasiyanın tiplərinin aşağıdakı təsnifatını vermişdir.

  1. Gipertim tip – bu tipə mənsub olan adamlar həddindən artıq təmasda olmağı sevməklə, ifadəli jest, mimika və pantomimikaları, çox danışan,  azdanışan, başladıqları söhbətdən spontan şəkildə uzaqlaşmaları, həmişə birinci olaraq  konflikt yaratmaları ilə fərqlənirlər. Müsbət cəhətlərinə gəldikdə bu cür adamlar, həmsöhbəti cəlb edən, optimist, təşəbbüskar olurlar. Onlar çətin işi, tənhalığı sevmirlər.
  2. Distim tip – onlar üçün zəif təmas, az danışmaq, pessimist əhval-ruhiyyənin üstünlüyü xarakterik haldır. Konfliktə az girir, qapalı həyat keçirməyə meyllidirlər. Onlarla dostluq edəni sevir, ona tabe olmağa hazırdırlar. Ciddiliyi, həqiqəti sevirlər. Passivlik, lənglik, fərdiyyətçilik onlar üçün  xarakterik haldır.
  3. Tsikloid tip – bunlara əhval-ruhiyyənin tez-tez dəyiş­­­­mə­si xarakterikdir və bunun nəticəsində ətrafdakılarla ünsiyyət qaydaları dəyişir, əhvalları yaxşı olduqda  ünsiyyətli, pis olduqda qapalı olurlar;
  4. Təsirlənən (qıcıqlanan) tip – ünsiyyətdə  təmasə az həvəsliliyə, mübahisələrə və söyüşə meyillidir;
  5. Ləngiyən tip – orta ünsiyyət, öyüd-nəsihət verməyə meyillilik, azdanışan, bəzən həddən artıq özünə  gü­vənən, qısqanc, şöhrətpərəst, yaxınlarına və işçilərinə ifrat tələblər irəli sürəndir.
  6. Pedant (xırdaçı) tip – münaqişəyə çox az halda girişir,  mübahisələrdə  passiv mövqe tutur, işdə özünü bürokrat kimi aparır. Səliqəli, ciddi, eyni zamanda konfliktə meyllilik xüsusiyyətlərinə malikdir.
  7. Həyəcanlı tip – ünsiyyəti  sevmir, özünə inamsızlıq, qorxaqlıq göstərir, qəmgin əhval-ruhiyyədə olur, az halarda  münaqişəyə girirlər. Dostluğa, özünü tənqidə, işgüzarlığa meyllidirlər.
  8. Emativ tip – seçdiyi çox az adamla ünsiyyətdə olmağı üstün tutur, nadir hallarda mübahisəyə girişir, həddən artıq həssas və ağlağandır;
  9. Nümayişkar tip – ünsiyyətlidir, liderliyə can atır, hakimiyyətə və tərifə çox həvəslidir. İnsanlara yüksək uyğunlaşma qabiliyyətini və bununla birlikdə xüdbinlik, ikiüzlülük, lovğalıq, intriqalara meylini nümayiş etdirir;
  10. Coşğun tip – yüksək ünsiyyətlilik bacarığı, çox da­nışan (qeybətçil), tez-tez aşiq olmaq onlar üçün xasdır. Onlar alturistdirlər, ürəyi yumşaqdırlar, yaxşı zövqləri var, hisslərində səmimi və açıqdırlar, hay-küyçüdürlər;
  11. Ekstravert tip – ünsiyyətlidirlər, onların  çoxlu dostları var, çox danışandırlar, hər bir məlumatı müzakirə etməyi xoşlayırlar, tez-tez liderliyi başqalarına verirlər, itaət etməyi və kölgədə qalmağı üstün tuturlar, tez təsirə düşürlər, yüngülxasiyyətlidirlər, əyləncələrə, dedi-qodulara meyllidirlər;
  12. İntrovert tip – o az təmaslıdır, qapalıdır, xəyal­pərvərdir, filosofluğa meyllidir. Həmçinin bu insanlar təkliyi sevirlər, prinsipiallıq  və təmkinlilik kimi cəzbedici xüsusiyyətlərə malikdirlər. Xoşagəlməz xüsusiyyətləri bunlardır: inadkarlıq, təfəkkürdə lənglik, öz ideyalarını (hətta səhv olsa belə) inadkarcasına müdafiə etmək.

Sonralar Yeniyetmələrdə xarakterin  aksentuasiyasının təs­ni­fatını A.E.Liçko (1983) vermişdir. Bunlar aşa­ğıdakılardır:

    1. Gipertim tip – hərəkətlidir, ünsiyyətlidir, şuluqluğa meyllidir; Onların əhvalı həmişə yaxşı, yüksək olur. Tez-tez konfliktə girirlər. Onlar çox şeyə həvəs göstərirlər, lakin axıra qədər çatdırmırlar.
    2. Tsikloid tip – tez qıcıqlanır, fəaliyyətsizliyə meyllilidir, əhval-ruhiyyəsi tez-tez dəyişir. Evdə tək qalmağa üstünlük verirlər.
    3. Qərarsız tip — əhval-ruhiyyəsi həddən artıq  tez-tez, həm də daha  çox gözlənilməz surətdə dəyişir;
    4. Astenonevrotik tip – bu tip həddən artıq vasvasılığı, şıltağlığı, yoruculuğu və tündməcazlığı ilə xarakterizə olunur;
    5. Senzitiv tip – o hər şeyə qarşı yüksək həssaslıq göstərir. Bu yeniyetmələr böyük məclisləri və hərəkətli oyunları sevmirlər, onlar adətən utancaq və qorxaqdırlar;
    6. Psixoastenik tip – bu tipli yeniyetmələr intellektin erkən və sürətli inkişafı ilə, düşüncə və xəyallara dalmağa meylliliklə xarakterizə edilirlər. Buna baxmayaraq, onlar çox vaxt işdə deyil, sözdə güclü olurlar. Özünə inam qərarsızlıqla uyğunlaşır. Tanış adamlar arasında  özlərini daha yaxşı hiss edirlər.
    7. Şizoid tip — əsas xüsusiyyətlərindən biri qapalılığıdır. Onların iç dünyası müxtəlif   fantaziyalarla zəngindir.  Hisslərini biruzə verməkdə onlar kifayət qədər təmkinlidirlər, heç də həmişə ətrafdakılar onları başa düşmür. Qaradinməz, bir iş olanda özünü kənara çəkəndir.
    8. Epileptoid  tip – bu tipli yeniyetmələr tez-tez ağlayırlar, ətrafdakıları təngə  gətirirlər, xüsusən də erkən uşaqlıqda. Liçkonun qeyd etdiyi kimi, bu uşaqlar həmçinin heyvanlara əzab verməyi, özlərindən balacalara sataşmağı, köməksizləri lağa qoymağı sevirlər. Uşaq kompaniyalarında özlərini diktator kimi aparırlar. Onların tipik xüsusiyyətləri  — qəddarlıq, hökmranlıq, özünə vurğunluqdur.
    9. İsteroid tip – bu tipin əsas əlamətləri – eqosentrizm, şəxsən özünə daima diqqət duyğusudur. Bu cür yeniyetmələrdə tez-tez şıltaqlığa, özünü göstərməyə, teatrallığa meyl özünü biruzə verir. Onlar üçün ətrafdakıların diqqətini özünə cəlb  etmək və öz ünvanına ona məftun  olduqlarını,   təriflədiklərini eşitmək arzusu  ən zəruri ehtiyaclardan birinə çevrilir.
    10. Qeyri-sabit tip – bu tipi həmişə səhv olaraq zəif  iradəli, kütlədən seçilməyən bir tip kimi xarakterizə edirlər. Onlarda əyləncələrə böyük həvəs meyli özünü göstərir.
    11. Konform tip – bu tipə aid olan yeniyetmələr hər hansı avtoritetə sözsüz itaət nümayiş etdirirlər. “Hamı necə, mən də elə” ideyasını əsas götürürlər. Öz şəxsi maraqları naminə yoldaşlarını satmağa hazırdırlar.

 

Qaynaq : prof İ.S.Seyidov , prof M.Ə.Həmzəyev

CAVAB YAZ

Zəhmət olmasa şərhinizi daxil edin!
Zəhmət olmasa adınızı buraya daxil edin