“Yelləncək” (“The Swing”) – Fraqonar

0

“Yelləncək” (“The Swing”) əsəri Jan Onore Fraqonar (fr. Jean – Honoré Fragonard) tərəfindən Rokoko üslubunda çəkilmiş rəsm əsəridir. Rokoko – XVIII əsrdə yaranmış fransız incəsənətinə aid memarlıq və incəsənət üslubudur.  Assimetriyanın ön planda olduğu bu üslub əyləncəli olması ilə tanınır. Fraqonar da bu üslubda çəkən istedadlı rəssamlardan biridir.
Əsərin orijinal adı “Les Hasards Heureux de l’Escarpolette”dir. Əsərdə gizli bir məhəbbət təsvir olunur. Hətta bu əsəri sifariş edən adamın əsərdəki qadının sevgilisi olduğu söylənilir. Rəsmə baxdığımız zaman ilk diqqətimizi çəkən şey yelləncəkdə yellənən qadın olur.

Qadının uçuşan paltarının qatları və rəngi Rokoko üslubunu gözəl bir şəkildə əks etdirir. Yelləncəkdəki qadının önündə, cəngəllikdə gizlənən adam qadının sevgilisidir. Sevgilisini görmək üçün bura gizlənən gənc özünü sevgilisinin həyat yoldaşına göstərməmək üçün bu yolu seçmişdir. Qadının ayaqqabısının ayağından çıxdığı anda həyəcanlı və biraz təəccüblü görünən gənc adam, eyni zamanda, bu ifadəsi ilə seksualizmə işarə edir. Qadının üzündəki təkəbbür və təəccüb ifadəsi də bunu dəstəkləyir. Deyilənə görə, o dövrdə qadınlar libaslarının altına alt paltarı geyinmirdilər. Fraqonar da əsərdə o dövrün qadınlarının qabarıq donlar geyinsə də, alt paltarından istifadə etməyərək kişiləri özlərinə bağladıqlarına işarə edir.

Ayaqqabının atıldığı yerdə bir daş heykəl nəzərə çarpır. Rəssamın sol tərəfə yerləşdirdiyi heykəl Cupid, yəni Erosdur (Eros (yun. Ἔρως) – qədim yunan mifologiyasına görə, eşq, məhəbbət və şəhvət tanrısı). Oğlan uşağı formasında olan Eros, adətən, xoşbəxt və nadinc təsvir olunsa da, Fraqonar ona düşüncəli ifadə yükləmişdir. Bu qadağan olunmuş eşqi göstərir. Eros əli ilə səssizliyi işarə edir. Yəni qadağan olunmuş məhəbbətin başa düşülməməsi üçün susmalı olduqlarını söyləyir.

Qadını yelləyən yaşlı adam isə onun həyat yoldaşıdır. Hadisələrdən tamamilə xəbərsiz gülümsəyərək qadını yelləyir. Adamın yanındakı iki oğlan uşağı formasındakı heykəllər keruvlardır. (Kerubi – mələk) Həvvanın təsiri ilə qadağan olunmuş meyvəni qoparan Adəmin Həvva ilə birgə cənnətdən qovulduqdan sonra həyat ağacını qoruyan bu mələklər Tanrıya ən yaxın olan mələklərdir. Bu mələklər məhəbbət və ehtirasın simvollarıdır. Sağ alt tərəfdə balaca bir it vardır. Balaca it sədaqətin simvoludur və qadına qarşı hürür, halbuki, qadının həyat yoldaşı iti fərqinə belə varmır.

Əsərdə, demək olar ki, hər bir obyekt məhəbbət, aldatma və sədaqətin simvollarını əks etdirir. Əvvəla, yelləncək qərarsızlıq və satqınlığı simvolizə edir. Yelləncəkdə yellənən qadın arxasını həyat yoldaşına dönərkən, eyni zamanda, arxa plandakı saflığın və təmizliyin simvolu olan mələk heykəllərini də geridə buraxır.

Bağçaya diqqət etsək, olduqca baxımsız olduğunu görərik. Budaqlar uzanmış, sarmaşıqlar hər yeri bürümüş, bitkilər olduqca böyümüşdür. Bağçanın bu əzəməti təbiətin bərəkətini, məhsuldarlığını, eyni zamanda, seksualizmi təmsil edir. Ağacın bəzi yerləri yarpaqlarla örtülsə də, digər yerləri örtülü deyil. Bunun da ehtirasın göstəricisi olduğu düşünülür.
Jan Onore Fraqonarın 1767-ci ildə başlayıb 1768-ci ildə tamamladığı əsərin mövzusu bir çox rəssam tərəfindən təhlil olunmuşdur. Əsər hazırda Londondakı “Wallace” kolleksiyasındadır.

Mənbə: http://www.suurs.com/fragonardin-salincak-tablosundaki-gizli-ask/

http://www.sanatabasla.com/2013/04/23/salincak-the-swing-fragonard/

https://az.wikipedia.org/wiki/Jan_Onore_Fraqonar

Hazırladı: Lalə Yusifova

Redaktə etdi: Fatimə Əliyeva

 

 

 

 

 

CAVAB YAZ

Zəhmət olmasa şərhinizi daxil edin!
Zəhmət olmasa adınızı buraya daxil edin