Yunan mifologiyası: Pan

3

Pan
Yunan mifologiyasında Pan (Pan) Hermesin (Hermes) Arkadiyalı bir pəridən (Penelope (Penelopeia), Sose (Sose) və ya Timbris (Thymbris)) doğma oğlu olub çobanların, sürülərin, ovçuluğun, dağlıq və tənha ərazilərin, pastoral musiqinin tanrısıdır. Beldən aşağısı keçi formasındadır, eyni zamanda, keçi kimi buynuzları və quyruğu vardır. Qulaqları dik və uzun, burnu isə kiçik və daim ətrafı qoxlayırmış kimi dikdir. Şərab tanrısı Dionisin (Dyonysos) yoldaşlarından biri olan Pan bahar, bolluq və bərəkətlə sıx bağlı olan tanrıdır. Mifologiyada pərilərin arxasınca qaçması və tənha, toxunulmamış ərazilərdə gəzənlərin birdən qarşısına çıxıb qorxutması ilə məşhurdur. Panik (Panic)(təlaş,vahimə) kəlməsi Panın adından törəmişdir. Mifologiyada Panın aşiq olub qovaladığı pərilərin içində ən məşhurları qamışa çevrilən Sirinks (Syrinx), küknara/şam ağacına çevrilən Pitis (Pitys) və dağların sədasına çevrilən Exodur. (Ekho) Mifologiyaya görə, vətəni Arkadiya (Arkadia) olan Panın simvolu fleyta, müqəddəs heyvanları keçi və tısbağa, müqəddəs bitkiləri isə küknar, şam və su qamışıdır. Roma mifologiyasında Panın qarşılığı özü kimi keçi formasında olan tanrı Fanus (Faunus) və ya Inusdur.(Inuus)


Pan kəlməsinin kökü
Pan kəlməsinin qədim yunanca “otlamaq, güdmək” mənasına gələn “paein” (πάειν) feilindən törədiyi hesab olunur. Qədim yunanlılar klassik dövrlərdə Pan ilə “to pan”( bütün, kainat) arasında bağlantı quraraq Panın ümumi bütünlüyü simvolizə edən bir tanrı olduğunu düşünsələr də, bu fikir hazırda unudulmuşdur. Pan Arkadiyalı bir tanrı olduğundan adının Arkadiyada istifadə edilmiş qədim bir kəlmədən gəlmiş olması da mümkündür.
Panın anası kimdir?
Mifologiyada Panın atası Hermes olsa da, anasının kim olduğu çox qarışıq bir mövzudur. Panın anası olmağa ən yaxın namizəd Penelopedir. Penelope kral Drioposun (Dryopos) qızlarından biri olub Arkadiyada Killene (Kyllene) dağında yaşayan meşə pərisidir. Arkadiyalı meşə pərisi Penelope mifologiyada Odisseyin (Odysseus) arvadı məşhur Penelope və Oita (Oita) dağının pərisi Driope (Dryope) ilə çox qarışdırılır. Driope bir kraliça idi. O tısbağa cildinə girən Apollon (Apollo) tərəfindən başdan çıxarılır və Orta Yunanıstandakı Orta dağında bir qovaq ağacının pərisinə çevrilir. Tarixçi Herodota görə, Hermes Penelopeni başdan çıxarmaq üçün qoç cildinə girmişdir. Namizədlərdən Apollodorusun namizəd olaraq bəhs etdiyi Timbris də Arkadiyalı, lakin kahin bir pəridir. Timbrisin Oread (dağ pərisi) yoxsa Naiad (su pərisi) olduğu dəqiq deyil. Timbris üçün dediyimiz hər şey üçüncü namizəd Soseyə də aiddir. Müxtəlif qaynaqlarda adı Penelope, Timbris və Sose kimi olsa da, bu üç pərinin gerçəkdə eyni pəri olması mümkündür. Homerik bir şeirdə bəhs edildiyinə görə, Pan buynuzlu, quyruqlu, keçi ayaqlı, saqqallı, bədəni tüklü, dik burunlu olaraq doğulmuşdur. Onsuzda böyük doğulduğu üçün böyümə dövrünü yaşamasına ehtiyac qalmamışdır. Şeirdə “Diroposun qızı” deyə adı çəkilən anası Panı görəndə qorxub qaçmışdır. Lakin atası Hermes oğlunu yanında Olimpə (Olympus) aparır, oradakı tanrılar, xüsusilə, Dionisos Pandan razı qalırlar. Pausaniasa (Pausanias) görə, Panı pərilər böyütmüşdür.
Mifologiyada Pan
Panın aşiq olduğu pərilər: Sirinks, Exo, Pitis.
Panın ən geniş yayılan hekayələri aşiq olub arxasınca düşdüyü pərilərlə bağlı olanlardır. Eyni zamanda, Panın fleyta və küknar kimi simvollarını izah edən əfsanələrin içində Sirinks, Exo və Pitis adlı pərilərin hekayələri geniş yayılmışdır.
Bir ağac və ya dağ pərisi olan Pitis Pan arxasına düşəndə dəli kimi qaçmağa başlayır. Dağlarda, təpələrdə ceyran kimi qaçsa da, axırda Pandan uzun müddət qaça bilməyəcəyini anlayır və torpağın altında gizlənir. Orada tanrılar tərəfindən bir küknar və ya şam ağacına çevrilir. Exo, Boyotiadakı (Boeotia) Kitaron (Kithairon) dağının pərisidir. Səsinin və rəqsinin gözəliyi ilə tanınan Exo ona aşiq olan bütün oğlanlar kimi Panı da istəmir və beləliklə, keçi ayaqlı tanrını qəzəbləndirir. Lakin Exonun bəlkə də, Pandan daha təhlükəli bir düşməni var idi: Ilahə Hera (Hera). Hera Exonu Zevsin (Zeus) pərilərlə əyləndiyi vaxtlarda onu söhbətə tutduğu üçün lənətləyir. Artıq gözəl səsli Exo öz sözləri ilə danışa bilmir və yalnız başqalarının dediyi kəlmələri təkrarlaya bilir. Lakin gözəl pərinin başına gələnlər bununla yekunlaşmır. Oğlanlara xor baxan Exo istehzalı şəkildə mifologiyanının məşhur narsisti Narkissosa (Narcissus) aşiq olur. Exo Narkissosu addım-addım izləyir. Günlərin birində onun göldə gördüyü surətinə aşiq olub suya düşməsinə və boğulub getməsinə şahid olur. Narkissos bir nərgiz çiçəyinə çevriləndə platonik eşqini itirmiş olan Exo da kədərdən məhv olur və geriyə sadəcə səsi qalır. Həmin gündən bəridir ki, dağ, mağara və s. yerlərdə eşitdiyimiz və dediklərimizi bizə dərhal təkrar edən səs Exonun səsidir. Bu əfsanənin bir neçə fərqli versiyası da vardır. Əlavə oxu: http://blog.milliyet.com.tr/mitolojide-echo-ve-narcissus-un-hik-yesi/Blog/?BlogNo=264674
Lakin Panın ən böyük eşqi, deyəsən, Sirinksdir. Arkadiyadakı Ladon gölünün tanrısı Ladonun (Ladon) qızı, su pərisi Sirinks Pan ona vurulan kimi arxasına baxmadan qaçır. Qızcığaz Ladon gölündə nəfəsini dərir və orada öz istəyi ilə bacıları tərəfindən qamışa çevrilir. Pan külək əsəndə həzin bir səs çıxaran bu qamışın üzərində deşiklər açır və beləliklə fleytanı icad edir. Pan getdiyi hər yerə platonik eşqini əbədiləşdirmək üçün hazırladığı bu fleytanı da götürür. Onu üfürəndə sanki öz dərdini də Sirinksə söyləmiş olur. Şırınqa, şpris mənasına gələn “syringe” sözü Sirinksin adından götürülmüşdür. (Qədim yunanca “syro” çəkmək, “syrinks” su çəkmə, üfürmə borusu)
Apollon ilə Pan arasındakı musiqi müsabiqəsi
Orijinalında Frigiyalı Marsias ( Marsyas, king of Phrygia) ilə Apollon arasında keçən və sonu Marsiasın dərisinin üzülməsi ilə bitən hekayə Higinus (Hyginus) və Ovidius (Ovidius) kimi son dövr latın mənbələrində Pan ilə Apollon arasında keçən yarış və müsabiqə kimi təsvir edilmişdir. Hekayəyə görə, günlərin bir günü Pan tütəyi ilə Apollona və onun əfsanəvi lirinə meydan oxuyur. Iki tanrı arasında musiqi müsabiqəsi keçirilməsi qərarlaşdırılır. Lidyadakı Tmolos dağının (Bozdağ) tanrısı Tmolos (Tmolos) müsabiqənin jürisi seçilir. Əvvəlcə Pan, sonra Apollon sırayla çıxış edirlər. Tmolos Apollonu müsabiqənin qalibi elan edir. Frigiya kralı Midasdan (Midas) başqa, orada iştirak edən dinləyicilər də Tmolosla həmfikir olur. Midos Tmolosa ədalətli qərar vermədiyini mövzusunda təkid edir. Apollon isə musiqidən heç anlamadığını düşündüyü Midasın qulaqlarını eşşək qulaqlarına çevirir.

Apollon ilə Pan arasındakı musiqi müsabiqəsi

Panın Dionisos, Rea (Rhea) və Demetrayla (Demeter) əlaqəsi
Yabanı dağların ilahəsi Reya, bu cəhətdən Pana bənzəyir. Antik Yunan lirik şairi Pindarın (Pindar) bəzi şeirlərində Reya ilə Panın adını birlikdə çəkməsi bu yaxınlığa əsaslanır. Rodoslu Apolloniusun (Apollonius) məşhur Arqonautikanın (Argonauticas) Roma variantını yazan latin şair Flakkus (Gaius Valerius Flaccus) (I əsr) əsərində belə bir hadisədən bəhs edir. Kizikos (Kyzikos) şəhərinin kralı Reyanın müqəddəs şirlərindən birini öldürəndə Reya qisasını Pan vasitəsilə alır. Pan Kozikosa gedib şəhərdə böyük bir “vahimə” dalğası əsdirir və kral daxil olmaqla hərkəsi vəlvələyə salır.
Panın adı Yunan incəsənətində tez-tez Dionisos ilə birgə çəkilir. Filostratusdan (Philostratus) öyrəndiyimizə görə, Pan Dionisos kultunun mərkəzi Kitharon dağının zirvəsində rəqs edir. Amma Dionisos Naksos (Naxos) adasında arvadı Ariyadneni (Ariadne) sahildə yatarkən tapanda kraliçanı oyandırmamaq üçün Pan rəqsini sonlandırır. Reya Dionisosun Hind səfərinə qatılmasını istədiyi üçün bütün çöl tanrılarını toplayır və təbii ki, Panı da. Panın Hind səfərinə 12 oğluyla
(Kelaineus (Kelaineus), Arqennon (Argennon), Aiqikoros (Aigikoros), Yugenios (Eugeneios), Omester (Omester), Dafoineus (Daphoineus), Fobos (Phobos), Filamnos (Philamnos), Xantos (Xanthos), Qlaukos (Glaukos), Arqos (Argos) və Forbas (Phorbas)) birlikdə qatıldığı qeyd edilir.
Panın Demeterle əlaqəsi quran Pausaniasdır. Pausaniasın nəql etdiyinə görə, Poseydonun ona və Hadesin qızı Persefona təcavüz etməsindən sonra Demetra Olimpi tərk edir və özünü Telpusadakı (Thelpousa) heçkimin bilmədiyi bir mağaraya həbs edir. Demeterin yasa bürünüb təkliyə çəkilməsi dünyada da həyatı soldurur. Olimp tanrıları bu vəziyyət qarşısında narahat olurlar, lakin heç biri Demetranım harada olduğunu bilmir. Demetranı tapmaq ov ovlamaq üçün dağ-daş gəzən Pana qismət olur. Lakin Pan Demetranı sadəcə uzaqdan izləyir, ilahənin yanına gedib ona heç nə demir. Əvəzinə Olimpə çıxıb Zevsə olanları danışır. Zevs tale tanrılarını (Moray (Moirai)) Arkadiyaya yollayıb Demetranı yenidən evinə gətirir. Vaxt ötdükcə, Demeterin yası da, qəzəbi də azalır.
Panın mifologiyada Panlar( Panes) olaraq cəmlənməsi
Panı satirlərlə (satyr) qarışdırmamalıyıq. Pan bir satir deyil və keçi cildi ilə ümumiyyətlə, eşşək quyruqlu və eşşək qulaqlı təsvir edilən satirlərdən fərqlənir. Buna baxmayaraq, mifologiyada Panes adı verilən məxluqlar Panla eyni görünüşə sahibdir və sürülər, çobanlar, dağlıq ərazilərdəki çöl həyatı kimi mövzularda Panla kəsişirlər. Tək fərqləri Pan kimi bir tanrı deyil, bir “daimon”(cin) hesab olunmalarıdır. Yunan mifologiyasında Panes qrupuna daxil olub adlarını bildiyimiz cinlər və ya tanrılar bunlardır: Hermes ile Sose’nin oğlu, usta ovçu ve kahin Aqreus (Agreus), Hermes ile Penelopenin oğlu, çobanların ve sürülərin qoruyucusu Nomiyos (Nomios), Panın, Panla birlikte Hind Səfərinə qatılan “Paneides” deyə ifadə olunan 12 oğlu (adları yuxarıda verilib), Zevsin Tifonu (Typhon) məğlub etməsinə yardım edən və bunun qarşılığında Kaprikornus (Capricornus) (Oğlaq) olaraq bürclər arasına daxil olan Aqipan (Aigipan və ya Aegipan). Mifologiyada Pana aid olan hekayələrin, demək olar ki, hamısı qaynaqlarda Nomiyos üçün danışılmışdır. Nomiyos və Aqreus mifologiyada Panın iki fərqli cəhətinin bir-birindən (biri ovçu-kahin, digəri ehtiraslı- musiqiçi çoban) ayrılmasına qarşılıq düşən tanrılardır. Yunanların Italiyada Sibaris koloniyasına xas bir Pan olan Sibarios da Panes qrupuna daxil edilə bilər.
Pan kultu və ayinləri
Pan çöl tanrısı olduğundan Pan ayinləri məbədlərdə və ya məbədə bənzər yerlərdə yox, təbiətdə, açıq havada olan, mağaraya bənzəyən yerlərdə həyata keçirilmişdir. Bunun yeganə istisnası Heraya (Heraia) şəhərindəki Pan məbədidir. Pan kultunun mərkəzi Mora yarımadasındasının cənubunda yerləşən dağlıq Arkadiya ərazisidir. Kult zamanla buradan bütün Yunanıstana yayılmış, Afinada isə Marafon döyüşündən sonra geniş yayılmışdır. Arkadiya inancına görə, Pan çobanların, sürülərin, otlaqların, meşələrin tanrısıdır. Mağaralarda yaşayır, dağ keçisi kimi dağların zirvələrində, qayalıqlarda gəzir, bəzən pəriləri qovalayır, bəzən də onlarla rəqs edir. Pan hər gün günorta yatır, yuxusunu bölən olarsa çox qəzəblənir. Pastoral həyatın və ovçuluğun hər sahəsində olan Pan çöl musiqisi ilə də yaxından maraqlanır. Mifologiyaya görə, ustalıqla istifadə etdiyi çoban tütəyi və ya fleytanı da icad edən odur. Pan, eyni zamanda, sürü və çobanlara nəzarət edir. Panın səsi də görünüşü qədər qorxuducudur. Hətta Titanlar müharibəsində (Titanomaxiya) səsiylə titanları belə ürkütmüşdür. Tənha və dağlıq ərazidə Panın insanın qarşısına birdən çıxması insanda qorxu yaradır. Bizans lügətində qeyd edilir ki, Arkadiyadakı qədim ayinlərdə böyük bir gürültü ilə qışqıran qadınlara “Panikoi deimati” (Panik, (vahimə) dəhşət içərisindəkilər) deyilmişdir.
Panın kahin tərəfi də mövcuddur. Apollodorusa görə, Pan Apollonu belə bu mövzuda öyrətmişdir. Pan kultunda Pana inək, qoç, quzu qurban edilir, eyni zamanda süd və bal təqdim olunur. Pana sitayiş məqsədilə seçilən adlar, adətən, qəribə görünüşü və ya ona sitayiş edilən məkanların adları ilə bağlıdır.(Forbas (Phorbas), Sinoyes (Sinoeis), Haliplanktos (Haliplanktos) və s.) Pana həsr olunmuş məbəd və ibadətgahların yerləşdiyi ərazilər bunlardır: Attika (Afina (Athina), Oropos (Oropos), Pistalleya (Pystalleia), Marafon (Marathon), Anaflistos (Anaphlystos), Fokis (Phokis) (Parnassos Dağı) və s.
Pan və şeytan
Bəzilərinə görə, Pan xristianlıqdan sonra şeytanlaşdırılmışdır. Lakin bu fərziyyəyə dair inandırıcı sübutlar yoxdur, eyni zamanda, Orta əsrlər boyunca çəkilmiş şeytan təsvirlərinin də keçiylə çox oxşarlığı yoxdur. Orta əsrlərdə şeytan, adətən, buynuzlu, qanadlı, pəncə kimi iti dırnaqlarla təsvir olunurdu. Bu halda, Pan ilə şeytan arasında birbaşa bağlantı qurmaq əvəzinə şeytanın keçi ilə əlaqəsini araşdırmaq daha düzgün olardı. Ingilis antropoloqu Marqaret Murrayın (Margaret Alice Murray) “Qərbi Avropada cadugər inancı”(The Witch-Cult in Western Europe, 1921) adlı kitabında “şeytanın buynuzları arasında bir şamla, böyük bir qara keçi” cildində gəzdiyinə inanıldığı qeyd edilir.
Həmçinin, Ispan rəssam Qoyyanın (Fransisco de Goya) məşhur “Cadugərlər günü” əsərində belə bir fiqur təsvir edilmişdir. Birdə Levinin (Eliphas Levi) 1854-cü ildə çəkdiyi “Baphomet” rəsmi vardır. Xristianlıqdan uzun illər sonra şeytanlaşdırılmış olanın Pan deyil, keçi olması daha çox mümkün görünür. Bunun kökü Yaxın Şərqə uzanır. Məsələn, “günah keçisi” idiomunun haradan gəldiyinə bir nəzər salaq: Əhdi-ətiqdə bağışlanma günü ayinlərində yəhudilərin günahları simvolik olaraq keçiyə yüklənirdi. Bu keçi püşk yolu ilə seçilir və “Azazel” adlı pis ruhu sakitləşdirmək üçün Qüdsdən kənarda bir uçurumdan atılırdı. Azazel və ya Azazil şeytanın adlarından biridir. Herodot qədim Misirdə, Hendes şəhərində keçi formasında təsvir edilən bir tanrıya sitayiş olunduğunu nəql edir. Qoyanın əsəri ilə birgə şeytanın keçi formasını məşhurlaşdıran şəkil Levinin “Baphomet”i idi. Bu rəsm tarot kartlarındakı şeytan təsvirindən və Banebdjedetdən (Banebdjedet) ilham alınaraq çəkilmişdir.
Pan Qərbi Avropada, XVIII və XIX əsr romantizm cərəyanında vacib bir fiqura çevrilmişdir. Peter Pan adı ilə Pana işarə edir. Pan, eyni zamanda, məşhur “The piper at the gates of dawn” hekayəsinin ilham mənbəyidir.

Fransisko Xose de Qoyya “Cadugərlər günü”

Levi “Baphomet”

Mənbə: http://yunanmitolojisi.com/tags/pan.html

http://www.world-myth.com/greek/the-music-contests-of-apollo

https://www.greekmythology.com/Other_Gods/Pan/pan.html

Redaktə etdi: Lalə Yusifova

3 ŞƏRH

CAVAB YAZ

Zəhmət olmasa şərhinizi daxil edin!
Zəhmət olmasa adınızı buraya daxil edin