Zehin xəritəsi

0

İki saat davam edən bir iclasdasınız, ya da 200 səhifəlik bir kitab oxuyursunuz. Fikir, məlumat və anlayışlar bir-birini izləyir. Mnemonik texnikalarını istifadə edərək, bütün əhəmiyyətli məlumatları ağlınızda tuta bilərsinizmi? Xeyr.

Mnemonik texnikası ən sadə mənası ilə bunu deyir: Məlumatları doğru formada yığsanız, ehtiyacınız olanda yaddaş bazasından rahatca tapıb çıxara bilərsiniz. Mnemoniklər 4 qaydanı əsas tutur:
1. Əlaqə yarat.
2. Fərqliləşdir – cəlbedici hala gətir.
3. Vizuallaşdır.
4. Qaydaya sal, nizamla.
Mnemoniklər vizual (görüntü) ya da verbal (söz) ola bilər. Vizual mnemoniklər istənilən əşya ilə əlaqəli görüntülü bağlantılar, verbal mnemoniklər isə səsli əlaqə (qafiyəli cümlə qurma) qurur.
Mnemonik texnikalar daha çox spesifik məlumatlarda yararlıdır. Eşitmə və yazılı uzun məlumat mənbələrində anlamı qavramaq və əhəmiyyətli nöqtələrə diqqət edərək məlumatı süzgəcdən keçirmək lazımdır. Zehin xəritəsi bu məqsədlər üçün istifadə edilir.
Zehin xəritəsi texnikası beynin məntiqi və vizual yönlərini birlikdə istifadə edərək, məlumatların dərindən analiz edilməsinə və öyrənilməsinə xidmət edir.
Zehin xəritəsi fikirlərin yaradılmasını və məlumatların nizamlanmış bir formada öyrənilməsini təşkil edən sadə və təsirli bir qeydə alma texnikasıdır.Seçilmiş bir məlumat, məntiqi bir formada nizamlanaraq, simvollar, rəsmlər və rənglər istifadə edilərək vizuallaşdırılır.
Texnikanı qeyd edərək də, yazmadan da zehninizdə də istifadə edə bilərsiniz.
Mnemonik texnikaları ilə zehin xəritəsi arasındakı fərq budur: Mnemoniklər məlumatların daha yaxşı yaddaşda qalmasına xidmət edir, zehin xəritəsi isə məlumatların əhatə etdiyi ümumi mənanı qavramanıza köməkçi olur.

İstifadə sahələri. İş həyatı ilə bağlı eşidilmiş məlumatlar və yazılı məlumatlar sahəsində zehin xəritələrindən istifadə edə bilərik.
İstifadə sahələrini belə qruplaşdıra bilərik:
1. Dinləmə.  İclaslarda, seminarlarda, konfranslarda verilən əhəmiyyətli fikri, qavram və məlumatları qavrama və xatırlama.
2. Oxuma.   Kitabları, məqalələri daha yaxşı anlama və yadda saxlama.
3. Planlama.  Layihələri, iş fikirlərini, yazıları planlama və nəzərdə saxlama.

Zehin xəritəsi yaratma mərhələləri.

Müddət 4 addımda gerçəkləşəcək.
1. Əsas mövzunu təyin etmək.
2. Çəkmək.
3. Nizamlamaq.
4. Gözdən keçirmək.

I mərhələ – əsas mövzunu təyin etmək.
Bir mətn ya da kitab oxuyursunuz, bir iclasda çıxışı izləyirsiniz;  ya da müəyyən olunmuş bir iş fikrinin planlanmasını edirsiniz. Məntiqiniz bu olacaq:  gövdə, budaqlar, yarpaqlar.
İlk olaraq özünüzdən bu sualı soruşun:
“Üzərində işlədiyiniz işin əsas mövzusu ya da əsas fikri nədir? “- gövdə
Boş bir səhifənin tam ortasına bir dairə çəkin və əsas mövzunu dairənin içinə yazın. Ardından bu sualın cavabını axtarın :
” Bu əsas fikri neçə alt parçaya ayıra bilərəm?” – budaqlar
Bu alt fikir və mövzuları, əsas fikirdən çıxan budaqlar olaraq kağıza yazın. Burada əhəmiyyətli olan məlumatı, mümkün qədər qısa və konkret olaraq ifadə edə bilməkdir. Zehin xəritəsində 2-3 kəlməni keçməyən “açar sözlər” dən istifadə olunur.

II mərhələ – çəkmək.
Eyni məntiqlə, fikrin alt mövzularının neçə alt hissədən ibarət olduğunu müəyyən edin, yəni budaqlardan yarpaqları yaradın. Çəkim əsnasında məlumatların ola bildiyi qədər konkret olmasına diqqət edin. Oxuduğunuz mətndəki, dinlədiyiniz çıxışdakı əhəmiyyətli məlumat, fikri və anlayışları, uyğun budaqların altına “açar sözlər”  istifadə edərək artırın.

III mərhələ – nizamlamaq.
Çəkdiyiniz zehin xəritəsinin üzərindən keçin:
1. Əksikliklərini düzəldin.
2. Səhvlərini düzəldin.
3. Artıqlarını çıxarın.
4. Əhəmiyyətsizləri silin.
5. Simvollar, rəsmlər və rənglər vasitəsi ilə beynin yaradıcı və vizual olan tərəflərini üzə çıxarın.
Beləcə, zehin xəritəsi tamamlanır.

IV mərhələ – gözdən keçirmək.
Son mərhələdə, xəritəni gözdən keçirin, fikirlər arasındakı səbəb-nəticə əlaqələrini incələyin. Zehin xəritəsini aktiv bir şəkildə dəyərləndirin və yığın. Hissələr arasındakı əlaqələri qavrayın, bütün-detal münasibətlərini dərk edin.

Niyə zehin xəritəsi?

Beyin bir-biri ilə əlaqəli fikir və qavramları daha asan yadda saxlayır. Zehin xəritəsində bütün məlumatlar və anlayışlar bir – biri ilə əlaqələndirilir. (Əlaqə qanunu)
Beyin, məntiqi bir təməli olan məlumatları, qarışıq məlumat yığınına nəzərən daha yaxşı qavrayır və daha rahat xatırlayır.
Zehin xəritəsində uzun məlumat yığınları süzgəcdən keçirilir. Məsələn, 800 sözdən ibarət mətn 30-35 açar söz vasitəsilə yığıla bilər. Zehnimiz az və əsas məlumatı daha rahat yadda saxlayır. (Əsas-qısa olmaq qanunu)
Zehin xəritələrində məlumatlar rəsm, simvollar ilə vizuallaşdırılır. Vizuallaşma xatırlamanı asanlaşdırır.(Vizuallaşma qanunu)
Zehin xəritəsində məlumatlar passiv bir şəkildə əzbərlənmir. Aktiv bir şəkildə dəyərləndirən, sual soruşan, anlayışlar arasında əlaqə quran, uzun ifadələri yığan beyin çox daha yaxşı xatırlayır. (Anlamlılıq qanunu)
Puzzle’lardakı kimi bütün görüldüyündə hisslərini birləşdirmək daha rahatdır. Ən əsas mövzudan detallara doğru gedən bir mövzunu qavramaq daha asandır.
Rənglərin, rəsmlərin, simvolların və açar sözlərin istifadə edildiyi bir öyrənmə metodu çox insana daha cəlbedici və əyləncəli gəlir. Eyni zamanda, məlumatlar fərqliləşir-fərqli olanı xatırlamaq da daha asandır. Nəticədə maraq və diqqət artır. (Diqqət qanunu)

Mənbə:

Prof. Dr. Reha Oğuz Türkkan, Tuğrul Türkkan – Etkin Hafıza Teknikleri

 

Tərcümə etdi: Bənövşə Soltanova

Redaktə etdi: Şəfiqə Babayeva

CAVAB YAZ

Zəhmət olmasa şərhinizi daxil edin!
Zəhmət olmasa adınızı buraya daxil edin