Əcdadlarımız nə qədər ağıllı idi?

Post date:

Author:

Category:

Antropoloqlar bu sualı onlarca ildir ki arxeoloji qazıntılarda tapılan alətlərə,oddan istifadənin sübutlarına, tapılankəllə sümüklərinin ölçülməsi nəticəsində beyin ölçüsündə olan dəyişiklərə baxaraq araşdırıblar. Bundan əlavə Cənubi Afrikadakı Witwatersrand Universitetinin Təkamül Tədqiqatları İnstitutundakı həmkarlarımız ilə birlikdə əcdadlarımızın zəkasını ölçmək üçün yeni bir yol tapdıq.

Fosil kəllələrini öyrənərək qədim hominidlərin beyinlərinin işləməsi üçün nə qədər qan və ya enerjiyə ehtiyacı olduğunu müəyyən etdik. Bu enerji istifadəsi bizə nə qədər düşündüklərini ölçmək üçün imkan yaradır. Beyinə qan axınının sürətinin qavrama bacarığında təkcə beyin ölçüsünə əsaslanan araşdırmalara nisbətdə daha yaxşı bir göstərici ola biləcəyini gördük.

Beyin Superkompüter kimi

Tədqiqatçılar adətən belə hesab edirlər ki, qədim insanlarda zəka beynin ölçüsü artdıqca yüksəlir. Bu heç də əsassız təxmin deyil:

Primatlarda sinir hüceyrələrinin sayı beynin həcmi ilə düz mütənasibdir. Məməlilər üzərində aparılan başqa araşdırmalar da beynin işləməyə davam etməsi üçün ehtiyacı olan enerjinin onun ölçüsü ilə mütənasib olduğunu göstərir.

Beyində informasiya emalı sinir hüceyrələri (neyronlar) və onlar arasında əlaqələrin(sinapslar) köməkliyi ilə baş verir. Sinapslar kompüterin tranzistor keçiriciləri kimi informasiya emalının baş tutduğu yerlərdir. İnsan beyni 80 milyarddan çox neyrona,1000 trilyondan çox sinapsa sahibdir. Beyin bədənin həcmcə yalnız 2%-ni təşkil etməsinə baxmayaraq insanın enerjisinin təxminən 20%-ni istifadə edir. Beyin tərəfindən istifadə olunan həmin enerjinin 70%-ni neyronlar arasında informasiya daşıyıcılığı edən neyrokimyəvi maddələrin hazırlanması üçün istifadə olunur.

Əcdadlarımızın beyninin nə qədər enerji istifadə etdiyini anlamaq üçün diqqətimizi beynə axan qanın sürətinə verdik. Çünki qan beyni sinaptik enerji istifadəsi ilə yaxından əlaqəli olan oksigenlə təmin edir. Beyin saniyədə təxminən 10 ml qan tələb edir. Bu rəqəm insanın oyaq olduğu, yatdığı yaxud hansısa riyazi məsələni həll etməsi zaman nisbətən dəyişə bilər.

Bu baxımdan beyni enerjiylə dolu superkompüter kimi fikirləşə bilərik. Kompüterin ölçüsü artdıqca onun işləməsi üçün daha çox enerji və daha çox elektrik dəstəkləyici kabelə ehtiyac olur. Bu prinsip beyində də eynidir: qavrama bacarığı nə qədər yüksək olarsa, daha çox qan axışı və daha geniş arteriyaya ehtiyac yaranır.

Kəllə sümüyündən arteria ölçüsünü müəyyənləşdirmək

Beynin qavramayla bağlı hissəsinə qan axması iki daxili yuxu arteriyası vasitəsilə gəlir.  Bu damarların ölçüsü onlardan axan qanın sürəti ilə bağlıdır.

Bir çilingərin daha böyük axın sürəti olan mayeni daha böyük bir binaya yerləşdirməsi üçün daha böyük su boruları quraşdırdığı kimi qan dövranı sistemi qan damarlarının ölçüsünü və ya genişliyini qan axışının sürətinə uyğunlaşdırır.  Axın sürəti öz növbəsində bir orqanizmin nə qədər oksigen tələb etməsi ilə də əlaqəlidir.

Əvvəlcə məməlilərin ultrasəs və ya maqnit rezonans tomoqrafiyasını əhatə edən 50 tədqiqatdan qan axını sürəti və arteriya ölçüsü arasında uyğunluq tapdıq. Daxili yuxu arteriyalarının diametrinin ölçüsünü onların kəllə sümüyünə daxil olduğu dəliklərin ölçülərinə baxaraq tapmaq olar.

Daha sonra biz şimpanze, orangutanlar, qorillalar da daxil olmaqla 96 ədəd antropomorfidinin kəllə sümüklərindəki dəlikləri də ölçdük. Bu kəllə sümüklərini təxminən 3 milyon il əvvəl yaşamış avstralopitek hominidlərinə aid olan 11 kəllə sümüyü ilə müqayisə etdik.

Şimpanze və orangutan beyinlərinin həcmi təxminən 350 ml, qorilla və avstralopiteklərin beyninin həcmi isə 500 ml-dən bir qədər böyükdür. Bu nəticələrdən avstralopiteklərin ən azı digərləri qədər ağıllı olması düşünülür. Lakin araşdırmamız avstralopiteklərin beynində bir şimpanze və ya orangutanda beynə gələn qan axınının üçdə-ikisi və bir qorillada isə beynə gələn qan axınının yarısını olduğunu göstərdi.

Antropoloqlar tez-tez avstralopitekləri zəka səviyyəsinə görə meymunlar və insanlar arasında yerləşdirirlər, amma bizim fikrimizcə bu yanlışdır.

İnsanlarda və bir çox günümüzdə yaşayan primatlarda daxili yuxu arteriyasındakı qan axınının sürəti beynin ölçüsüylə birbaşa mütənasib olduğu görünür.  Burdan bu nəticəyə gələ bilərik ki, beynin ölçüsü iki dəfə artarsa, qan axınının sürəti də iki dəfə artmalıdır. Lakin, bu heç də belə olmur çünki əksər orqanların metabolik sürəti orqanın ölçüsünə nisbətdə  daha yavaş artır.  Məməlilərdə bir orqan ölçüsünün ikiqat artması zamanı metabolik sürəti yalnız 1.7 dəfə artır.

Bu, primatların beyinlərinin metabolik intensivliyinin (beynin hər saniyə tükətdiyi enerji) beynin ölçüsü böyüdükcə gözləniləndən fərqli olaraq daha çox artdığını göstərir. Hominidlərdə bu artım digər primatlarla müqayisədə daha böyük idi.

Homo sapienslə 4.4 milyon yaşlı Ardipithecusun beyin ölçüsü fərqi təxminən 5 dəfə artdı, ancaq qan axınının sürəti daha çox – 9 dəfə – artdı. Bu, beynin hər qramının  təxminən 2 dəfə daha çox enerji istifadə etdiyini göstərir.

Beyinə axan qanın sürəti zamanla bütün primatlarda da  artdığı görünür.  Ancaq hominidlərdə digər primatlarla müqayisədə daha çox artım baş verdi.  Bu artım növbə ilə alətlərin inkişafı, odunun istifadəsi və şübhəsiz ki, kiçik qruplar arasında kommunikasiyanın yaranmasına səbəb oldu.

Mənbə:

How smart were our ancestors? Turns out the answer isn’t in brain size, but blood flow

Tərcümə etdi: Azər Muradlı

Redaktə etdi:Nisə Qulizadə

STAY CONNECTED

19,717FansLike
2,185FollowersFollow
0SubscribersSubscribe

INSTAGRAM

Elekron necə kəşf edildi?

İlkin fikirlər Bizim eradan bir neçə əsr əvvəl qədim yunan alimləri yunla sürtülmüş kəhrəbanın yüngül cisimləri...

Beyin donması nədir?

Sizdə də heç belə olub? Soyuq, şirin, dadlı dondurma yeyirsiniz vəə... Budurr! sanki beyniniz donur! Nə baş verdi?

“Qara qızıl” – Neftin tarixi

Neftin fiziki və kimyəvi xassələri Neft, əsasən karbohidrogenlərin və digər üzvi birləşmələrin mürrəkkəb qarışığından ibarət spesifik iyə malik yanar mayedir....