Əl yazısı ilə insan xarakterini müəyyənləşdirmə

Post date:

Author:

Category:

Yunan filosofu Sokratın “danış, səni görüm” ifadəsini  “yaz, səni görüm” formasında dəyişdirdik. Amma təbii ki, söhbət mesajlaşmaqdan getmir. Çox təəssüf ki, dövrümüzdə yazı deyərkən əksər insanın ağlına ilk gələn kompüterdə yaxud digər cihazlarda yazı yazmaq olur. Amma çoxumuzun, bəlkə də, istifadə etmədiyimiz üçün unutduğumuz əl yazısını sizlərin yadınıza salmaq istəyirəm. Hansı ki, məktəbdə oxuyarkən müəllimlərimiz bizə ev tapşırığı verdikdə (bir də valideynlərimizin nəzarətini nəzərə alsaq) böyük bir əzabla həmin əl yazımızdan istifadə edərək tapşırıqları yerinə yetirirdik. Məqsədimin sizi keçmişinizə aparmaq olmadığını bildirərək mətləbə keçmənin daha yaxşı olacağını düşünürəm. Belə bir sualla başlayaq – siz yazınızı necə yazırsınız: böyük, yoxsa balaca hərflərlə? Sağa, yoxsa sola istiqamətdə? Yazarkən qələmi nə qədər təzyiq altında istifadə edirsiniz?  Ya da yazı yazarkən sözlər arasında nə qədər boşluq buraxırsınız? Və bunlar kimi onlarla sual. Bütün bunları niyə soruşduğumun səbəbini, əlbəttə ki, izah edəcəyəm. Amma daha əvvəl əlinizə bir vərəq və qələm almağınızı və ağlınıza gələn ilk bir və ya bir neçə cümlə yazmağınızı istəyirəm. Çünki aşağıdakı mətni oxuyarkən bu sizə çox lazım olacaq. Başladıq.

İnsanın xarakterini müxtəlif psixoloji testlərlə yaxud vasitələrlə aydınlaşdırmağın mümkün olduğunu bilirik. Bunlardan biri də qrafologiya elmidir. Qrafologiya elmi insanların əl yazısına görə onların xarakterini analiz etməyə kömək edən bir elm sahəsidir. Bu elmi 3000 il əvvəl çinlilər inkişaf etdirmişdir. Bu vasitədən günümüzdə bir çox şirkətlər işçi qəbul edərkən istifadə edirlər. Və qeyd edək ki, bu üsul işəgötürmədə çox faydalı üsuldur. Fransa və digər inkişaf etmiş dövlətlərdə şirkətlər 80% nisbətində iş görüşmələrində əl yazısından şəxsiyyət analizi edirlər. Əl yazısı insanın xarakterini, davranışlarını müəyyən etməkdə və şəxsiyyət analizində ən təsirli və etibarlı üsullardan biri kimi qeyd edilir. Bundan başqa, əl yazısı insanın sosial-iqtisadi mənşəyini, yaşam tərzini, həyatdakı duruşunu və təhsilini əks etdirir. Ən məşhur qrafoloqlardan biri İngilis Qrafologiya İnstutunun rəhbəri Aleyn Quigleydir (ing.Elaine Quigley). Quigleyə görə əl yazısını bir növ “zehin yazısı” kimi qəbul etmək olar. Bu sahədə yazılmış ən maraqlı və faydalı kitab olaraq Karen Kristin Amend və Mary Stansburi Ruizin (ing. Mary S. Ruiz) birlikdə yazdıqları “Əl yazısı analizi” ( “Hand Writing Analysis” ) kitabını göstərmək olar.

Əl yazımız hərflərin yazılışına görə, sətirlərin, sözlərin, hərflərin arasındakı məsafəyə görə, göstərilən xətdən hansı formada kənara çıxmağımıza görə, hərfləri hansı sıxlıqda və hansı qalın və ya incəlikdə yazmağımıza görə və s. analiz olunur. Məsələn, yazı vərəqdəki xətt boyu kənara çıxmadan yazılırsa bu həmin şəxsin etibarlı, güvənilə bilən və sadə olduğu mənasına gəlir. Yazını yazarkən xətdən kənara çıxmaq isə şəxsin etinasız, diqqətsiz və tez-tez dəyişən ruh halına sahib olması mənasına gəlir. Yazını yazarkən aşağı enmə yaxud yuxarı qalxma halları isə bu cür izah olunur: əgər yazı yuxarı və ya aşağı meyl etmədən dümdüz yazılıbsa bu həmin şəxsin hislərini idarə edə bilən və stabil xarakterli biri olduğunu göstərir. Əgər xətt normaldan 1 sm yuxarı qalxırsa bu, o şəxsin məqsədli, optimist və aktiv olduğunu göstərir. Xətt normaldan 2 sm yuxarı qalxırsa əgər bu, şəxsin narahat və romantik olduğu mənasına gəlir. Xəttin normaldan 1 sm aşağı enməsi yazı sahibinin həddən artıq həssas, depressiv və kədərli olduğunu, normaldan 2 sm aşağı enməsi isə şəxsin ümidsiz və melanxolik olduğunu göstərir. Xəttin hansı tərəfə meyl etməsi yazını yazan şəxsin emosiyalarının ifadə dərəcəsini və sosial inkişafını izah edir. Yazı yazarkən xətt düz şəkildə, heç bir tərəfə meyl etmədən yazılırsa, bu həmin şəxsin analitik və müstəqil olduğu mənasına gəlir. Əgər xətt normaldan 1 sm sağa meyl edirsə şəxsin hislərini, xüsusilə sevgisini açıq ifadə edə bilən və ekstrovert ( ekstravertlər – İsveçrə psixoloqu Yunqun yaratmış olduğu 3 davranış (ekstrovert, introvert, ambivert) modelindən biri – kənardan xoşbəxtlik əldə edən, insanlarla vaxt keçirməkdən zövq alan insanlardır. Bu cür insanlar tək qaldıqda sıxılırlar. Özləri ilə qalmağı xoşlamırlar. Onlar optimist olur, diqqət mərkəzində olmağı xoşlayır və çoxlu insanların iştirak etdiyi yerlərdə özlərini çox rahat hiss edirlər) olduğunu, 2 sm sağa meyl etməsi şəxsin emosional, sentimental və sempatik ( başqalarının keçirdiyi hislərə,yaşadığı hadisələrə özününkü kimi yanaşmaq ) olduğunu, normaldan 3 sm sağa doğru yazmaq isə şəxsin fanatik, məsuliyyətsiz və həddən artıq emosional olduğu mənasına gəlir. Yazının normaldan 1 sm sola meyl etməsi şəxsin hislərini açıq şəkildə göstərməyən, ancaq özünü düşünən və nə dediyi və etdiyi barədə diqqətli olan biri olduğunu, xəttin 2 sm sola meyl etməsi şəxsin görünüşü və başqa insanların onun haqqında nə düşündüyü barədə narahat və itaətsiz biri olduğunu, 3 sm sola meyl isə şəxsin emosional, introvert ( introvertlər özləri ilə, daxili aləmləri ilə tək qalmağı xoşlayırlar. Çox nadir hallarda insanlara qarşı aqressiv davranırlar. Daha çox pessimist olurlar. Emosiyalarını cilovlamağı bacarırılar, utancaq və qapalı olurlar. Real ünsiyyətə çox üstünlük vermirlər ) və insanları idarə etməyə meyilli olurlar.

İndi isə qələmi hansı təzyiqlə istifadəmizə baxaq. Qələmi hansı ağırlıqla vərəqə sıxmağımız eqomuzun mövcud enerji miqdarından xəbər verir. Əgər yazı yazarkən qələm vərəqə xüsusi ağırlıqla sıxılırsa bu, həmin şəxsin aktiv, yüksək eqo və libidoya ( latınca ehtiras, şəhvət mənasına gəlir. Bu anlayışa ilk dəfə Ziqmund Freydin psixoanalizində rast gəlirik. Anlayış seksual ehtirası və cinsi instikti nəzərdə tutur. Libido həzz hissi doğuran bütün hərəkətlərin əsasını təşkil edir. Karl Qustav Yunq isə libidonu ümumilikdə insanın psixi enerjisi kimi, seksuallığı isə bu enerjinin ifadə vasitələrindən biri hesab etmişdir) sahib, güclü, aqressiv və enerjili olduğunu, qələmin vərəqə xəfifcə basdırılması isə şəxsdə passiv müqavimət, enerji və libidonun azlığı, həddən artıq həssaslıq, mənəviyyat zənginliyi və vəziyyətə uyğunlaşmaq xüsusiyyətlərinin olduğundan xəbər verir.

Yazı yazarkən hərflərin qalın və ya incə olmasının da xüsusi əhəmiyyəti var. Belə ki, incə xətlə yazılmış yazı şəxsin güclü mənəviyyata və həssaslığa malik olduğunu bildirir. Orta qalınlıqda yazılmış yazı normal emosional ifadəni göstərir. Qalın xətlə yazılımış yazı isə şəxsin həssas, materialist hökmran və sentimental olduğu mənasına gəlir. Hərfləri böyük yazmaq əhəmiyyəti şişirdilmiş görünüş, ekstrovert tip, gərəyi olmadan nələrisə xərcləmək və auditoriyada çıxış etməyi xoşlamaq mənasına gəlir. Hərfləri kiçik yazmaq diqqəti toplaya bilmə bacarığı, yalnız qala bilmək, təvazökarlıq, introvert tip, qənaətcil və öz-özünü tənqid etməyi bacarmaq xüsusiyyətlərini göstərir.

Yazıda boşluq buraxmaq yazını yazan şəxsin özü ilə digər insanlar arasına qoymaq istədiyi məsafəni ifadə edir. Vərəq onu yazan şəxsin daxili aləmidir. Sətirlər arasındakı məsafə yazıçının özü ilə hisləri arasına qoymaq istədiyi məsafədir. Sözlər arasındakı məsafə yazıçının özü ilə digər insanlar arasına qoymaq istədiyi məsafədir. Hərflər arasındakı məsafə isə şəxsin tək qalmağa meyilli yaxud insanlarla ünsiyyətə meyilli olduğunu bildirir.

Hərf forması keyfiyyəti.

Yazını yazanlar şüuri yaxud qeyri-şüuri olaraq öz fərdi hərf yazmaq tərzlərini formalaşdırırlar. Yazıdakı hərflərin süslənmiş formada yazılması onu yazan şəxsin özü ilə fəxr edən, rəsmi, özünü tənqid etməyi bacaran, yaxşı zövqü olmayan biri, hərflərin sadə yazılması həmin şəxsin həssas yanaşan, praktik, təbii və açıq ürəkli biri, hərflərin laqeyd, etinasız bir şəkildə yazılması isə şəxsin depressiv, rəsm çəkməyə meyilli biri olduğunu göstərir.

Gəlin sizlə belə bir şey edək. İndi oturduğunuz yerdən qalxın və son 1 ya da 2 il əvvələ aid yazınız varsa, həmin yazınızı əlinizə alın və o günlərdəki yazınızla bu günkü yazınızı müqayisə edin. Nə qədər fərq oldu? Xəttiniz çoxmu dəyişib? Hərfləri dahamı fərqli yazırdınız əvvəllər? Əminliklə deyə bilərəm ki, aradakı fərq çox olacaq. Çünki biz hər gün dəyişirik, yeni xüsusiyyətlər əldə edirik, yeni davranışlar formalaşdırırıq, xarakterimizdə dəyişikliklər olur. Yazımız isə həmin dəyişən xarakterə görə dəyişir. Çox valideyn öz övladlarının yazısı haqqında “övladımın yazısı korlanıb, pisləşib, əvvəl daha gözəl yazırdı” kimi ifadələr işlədirlər. Lakin əslində dəyişən insanın xarakteridir, psixologiyasıdır ki, bu da həmin insanın yazısında əks olunur.

Qısaca olaraq, biri ilə yeni ünsiyyət qurmusunuzsa, onu tanımaq üçün müəyyən qədər zaman lazımdır. Amma mən deyərdim ki, zamana buraxmadan dərhal bir göyərçin əldə edin və qarşı tərəflə məktublaşmağa başlayın. Gələn ilk məktubda məzmundan daha öncə yazını diqqətlə analiz edin. Və bununla sizdə həmin şəxs haqqında müəyyən düşüncələr formalaşacaqdır. Bundan sonra isə məktubda nə yazıldığını oxuya bilərsiniz.

                                               Mənbə: Karen Kristin Amend and Mary Stunsbury Ruiz – Hand writing analysis

 

Məqaləni yazan: Nübar Qafarova

Redaktor: Leyla Əlizadə

STAY CONNECTED

20,400FansLike
2,280FollowersFollow
0SubscribersSubscribe

INSTAGRAM

Mona Liza portreti

Mona Liza şəksiz ki, dünyanın ən məşhur portretidir. Heç incəsənətlə maraqlanmayan bir insandan, balaca bir uşağa...

“Affiliate” marketinq nədir?

"Affiliate" Marketinq qısaca olaraq məhsulların, xidmətlərin, veb saytların və ya şirkətlərin reklamlarını edərək hər uğurlu satışdan qazanc əldə etməkdir. 

Ən çox bilinən 3 narkotik maddə və onların orqanizmə təsirləri

Kokain Kokain və elmi adıyla benzoylemetil ekgonin Formulu: C17H21NO4 Kokain...