Sizif- məğlubedilməzliyin, ümidin simvolu

Post date:

Author:

Category:

Qədim yunan-roma mifologiyası tanrılar və insanların qarşı durması, dilemması ilə yadda qalan və nəticə olaraq cəzalandırılan qəhrəman insan obrazları ilə zəngindir. Öz cəzasına görə fərqlənən belə qəhrəmanlardan biri, Homerə görə insanların ən ağıllısı və hiyləgəri Korinf şəhərinin qurucusu kral Sizif idi. Sizif adı sophos (bilgə) sözü ilə əlaqələndirilir. Sonrakı qaynaqlar isə Sizifin Antiklea ilə bərabərliyindən hiyləgərliyi, müdrikliyi ilə tanınan Odisseyin atası olduğunu məlumat verir.
Sizif dənizçilik və ticarətin inkişafına böyük yardımlar göstərsə də, qonaqpərvərlik qanunlarını pozaraq yolçuları və qonaqları öldürəcək qədər acgöz, hiyləgər bir kraldır.

Bununla yanaşı o, tanrıların sirlərini ifşa edib açaraq onların daha da hiddətlənməsinə səbəb olmuşdur. Belə ki, Asopun qızı Aegina Zevs tərəfindən qaçırılır. Bərk kədərlənən, sarsılan ata dərdini Sizifə danışaraq şikayətlənir. Zevsin sirrindən xəbərdar olan Sizif isə qızının onun tərəfindən qaçırılmış olduğunu söyləyərək qarşılığında krallığı içərisindən bulaq axıdılmasına nail olmuşdur.

Homer həmçinin belə nəql edir ki, Sizif ölüm tanrısının özünü zəncirləyib qandallamışdı. Bu vəziyyət dünyadakı xaosa, heç bir canlının ölməməsinə səbəb olmuşdur. Rəqiblərinin ölmədiyini görən və etdiyi müharibələrdən heç bir zövq almayan Ares (müharibə tanrısı) vəziyyətə müdaxilə edərək Tanatı sərbəst buraxmış, Sizifi Tartara, ölülər dünyasına göndərmişdir.

Yeraltı dünyada həyat yoldaşının onun dəfn mərasimini düzgün yerinə yetirmədiyindən, ölümündən öncə verdiyi sözü tutmadığından Persefonaya şikayət edərək dünyaya geri dönməsi, həyat yoldaşını cəzalandırmasına izn verməsi üçün onu razı salmışdır. Ancaq Sizif  dünyadakı günəşin, sal daşların gözəlliyinə yenidən heyran olmuş, axan sulardan, dənizlərdən zövq alaraq cəhənnəm qaranlığına bir də qayıtmaq istəməmişdir. Nəhayətində isə Hermes tərəfindən Yeraltı dünyaya birdəfəlik geri aparılmışdır.

Tanrılara etinatsızlığı, ölümə nifrəti və tükənməz həyat eşqi onu heç nəyə nail ola bilməyəcəyi aqibətə – sonsuz bir cəzaya məhkum etdi.

Hiyləgərliyinin cəzası olaraq tanrılar tərəfindən  ölümsüzlük verilib böyük bir qayanı sonsuzadək Olimp dağının zirvəsinə qaldırmağa məhkum olundu. Lakin tam çıxartdığı anda tanrılar daşı itələyərək təkrar dağın ətəklərinə yuvarlayacaqdı. O isə yaz- qış, gecə-gündüz demədən bu sonsuz, bitməyən işkəncəni çəkərək hər şeyə yenidən başlamaq məcburiyyətində qalacaq, hər gün eyni işi görüb eyni günü yaşayaraq başladığı yerə geri dönəcəkdi. Hər gün həm zirvədə, həm də ən dibdə olacaqdı…

“Həmişə yoxladın. Həmişə məğlub oldun. Olsun. Yenidən yoxla. Yenidən məğlub ol. Daha yaxşı məğlub ol.” (Samyuel Bekket)

Sizif mifi üzərində düşünən bir çox filosoflar onun hekayəsini günəşin qürub etməsi və çıxması, okean və dənizlərdə baş verən qabarma- çəkilmə kimi bir sıra təbiət hadisələri ilə əlaqələndirmişlər.
Digərləri isə bu mifi bizim günlük yaşamımız ilə əlaqələndirərək onu absurd həyatın simvolu hesab etmişdirlər.Yataqdan qalxmaq, yemək yemək, işə getmək, yatmaq və eyni uyum içərisində bazar ertəsi, cümə axşamı, cümələr, şənbələr və bazarlar… Simon de Bovuarın “Ikinci cins” əsərində də qeyd etdiyi kimi ” Görülən bir çox işlər Sizifinkindən heç də fərqlənməz, sonsuzadək təkrarlanan ev işləri: təmiz olanlar kirlənər, çirklənənlər təmizlənər, təkrarən və təkrarən, günbəgün..” Bu təkrarlanan və nəticə olaraq heç bir fayda qazanılmayan işlər müasir dövrümüzdə “Sizif əməyi” olaraq adlandırılmışdır.

Bu faydasızlıq, insanın ölüm və yaşam arasında  qalması, həyatın anlamsızlığı, ancaq ölümün acıları dindirə bilmə təcrübəsinin imkansızlığı, riskə getmənin səmərəliliyinin tam dərk olunmaması insanın ən böyük maneəsidir. Dünyadakı bu absurd səbəbindən insan ilk öncə özüylə arasındakı uçurumu qapatmalı, Şekspirin dili ilə desək ” olmaq ya da olmamaq ” (” to be or not to be “) sualı ilə üzləşməlidir.Olum, ya ölüm, budur məsələ.
hansı şərəflidir? azğın taleyin
müdhiş oxlarına susub dözməkmi
yoxsa fəlakətlər dənizlərinə
qarşı silahlanıb üsyanmı etmək:
ya qələbə çalmaq, ya həlak olmaq?
ölmək- yuxulamaq, yalnız budur, bu!
bununla ürəyin ağrılarını,
əzəldən insanın nəsibi olan
minlərlə dərdləri, iztirabları
bir anın içində unuduruq biz.
bumu gecə gündüz dua oxuyub
arzu etdiyimiz gözəl aqibət?

Bir təcrübədə akvariumda olan balıqları müəyyən miqdar zəhər tökərək zəhərləyirlər. Həmin balıqlar bir müddətdən sonra tələf olur. Daha sonra eyni sayda balıqlar yenidən akvariuma əlavə olunur. Lakin bu dəfə balıqlar zəhər miqdarının eyni olmasına baxmayaraq sağ qalırlar. Araşdırma nəticəsində aşkar olunur ki, tələf olan öncəki balıqlar “Sizif hərəkatı” yaşamış, zəhərə qarşı mübarizə apararaq həyat uğrunda antidot (zəhər əleyhi maddə) ifraz etmişlər. Akvariuma sonradan əlavə olunan balıqlar isə öncəki balıqların yaşam mübarizəsindən bəhrələnmiş, zəhərə qalib gələrək xilas olmuşlar.
Yer kürəsindəki bütün canlılarda bu cür yaşam, Sizif mübarizliyi, mövcuddur. Yer üzünün əşrəfi və bütün varlıqların zirvəsi olan insandan da yaradanı daim mübariz həyat seçməsini istəmişdir. Qurani- Kərimdə də qeyd olunduğu kimi ” bir çətinliyi başa vurdunsa, yenisini başla”…

Bu baxımdan xalqımızın böyük mütəfəkkiri, 650 illiyini qeyd edəcəyimiz  Azərbaycan şairi Imadəddin Nəsimi də insan ruhunun mübarizliyinin sərhədsizliyi, laməkan olmasını əks etdirən fəlsəfəsi ilə həyatda heç bir çətinliyin onun qarşısını ala bilməyəcəyini sübut etmiş, Sizif hərəkatını irəli sürmüşdür. Böyük türk sərkərdəsi Teymur Ləngin onun ideyaları qarşısında aciz qalması buna bariz nümunə ola bilər.

Həyat və ölüm arasındakı həqiqəti araşdıran,  cavab tapmağa çalışan ən önəmli fəlsəfi dövrü cərəyan isə şübhəsiz Eksitensializmin (ekzistensia- lat. mövcudluq) adı ilə bağlıdır. Ekzistensializm birinci və ikinci dünya müharibələri arasındakı dövrdə Almaniyada təşəkkül tapmış, bədii- estetik cərəyan olaraq isə bir qədər sonra Fransada formalaşmışdır. Klassik fəlsəfənin əsas problemi olan ” Insan nədir ” donuq sualını ” Insan nə edə bilər ” mütəhərrik sualı ilə əvəz edərək düşüncə tərzinə dinamiklik gətirmişdir. Əgər əvvəl insan gah millət, gah cəmiyyət, gah bəşəriyyət adlanan təcavüzkar nəhəngin dişləri arasına salınaraq əzilir, əhəmiyyətsiz, çəlimsiz vintə çevrilirdisə, ekzistensialist filosoflar ” Insan əməllərindən başqa bir şey deyildir. O, azadlığa, hər an öz mövcudluğunu ixtira etməyə məhkum olaraq bu mövcudluğundan yalnız özü məsuliyyət daşıyır “ dedilər.

Azadlıq isə yaxınlaşdıqca uzaqlaşılan üfüq xəttidir. Ekzistensial əsərlərin qəhrəmanları heç zaman mütləq azadlığa qovuşa bilmirlər, çünki azadlıq onlar üçün gedilən sonsuz yolun özüdür.

Bu cəhətdən insan hər hansı situasiyada qərar qəbul etmək baxımından sərbəstdir. O, mütiliyi də seçə bilər, müqavimət göstərməyi də, susmağı da üstün tuta bilər, danışmağı da. Dini baxımdan da araşdırdıqda insanın cavab verərək sorğunalanması və mükafatlandırılması məhz seçdiyi əməl və ideyaların hesabına uyğun olaraq əbədi azadlığa və ya məhkumluq həyatına qovuşması ilə səciyyələndirilir.

Ikinci dünya müharibəsinin ortalarında, 1942-ci ildə çap olunan ” Sizif mifi ” kitabı ilə isə Alber Kamü bir növ ekzistensializmin manifestini yazmış oldu. Heç bir qələbə ümidi olmadan mübarizə aparan ideal qəhrəman, kral Sizif isə onun absurd fəlsəfəsinin qəhrəmanına çevrildi.
Kamü kitabın ilk sətirlərində fərdin heç bir yaşama səbəbi olmadığını kəşf etməsi, günlük həyatın gülünclüyünün fərqinə varmasıyla, fəlsəfənin tək ciddi sualının intihar olduğu qənaətinə gəlir.
“Həyat örnək davranışlar silsiləsidir. Adət və vərdişlər, inanclar, günlük həyat bizləri mexanikləşən davranışlar sərgiləməyə məcbur edər və bizlər çox zaman bunlar üzərində düşünmərik. Lakin bir gün “niyə” sualı ucalar. “Həyatın bütün bu anlamsızlığına rəğmən yaşamağa dəyərmi? “ mövzusunda bir fikrə sahib olmaq isə Kamüya görə fəlsəfənin təməl sualına cavab verməkdir.Kyerkeqor, Yaspers, Husserl kimi filosoflar çıxış yolu olaraq absurddan uzaqlaşaraq qaçmağın tərəfindən çıxış etmişlər. Onlardan fərqli olaraq Kamü absurdla yaşamaq, bu mənasızlığın beyhudəliyin fərqinə vararaq onunla üzləşməyi təklif edir. Çünki Kamüya görə absurdla üzləşmək insanı intihara deyil, mübariz həyata aparacaqdır.
Çıxış yolu olaraq intiharı seçmək insanın ona məcbur şərtlər altında verilən həyatı kənara itələməsi, bir növ özünü ifadə şəklidir. Lakin Kamüya görə intihar fərdin varlığını ortadan qaldırsada, absurdu yox etməz. Hətta intihar şəxsin absurda məğlub olması ilə nəticələnəcəkdir.
Digər bir yol olaraq isə həyatın bütün çətinliyinə, anlamsızlığına rəğmən “məcburi yükü” bilə- bilə daşımalı olduğumuzu, zəka ilə ümidsizliyi ümidə çevirərək anlamsızlığı məğlub etməyi, Don Kixotun, Sizifin seçdiyi yolu irəli sürər.
Kamünün fikrincə Sizif tanrılara qarşı üsyan edərək zəfər çalmışdır. Çünki bu hekayə tanrıların yararsız və ümidsiz mübarizədən daha qorxunc bir cəza olmadığını düşündüyü, əvəzində isə bir daşı düşəcəyini bilə- bilə yenidən və yenidən, təkrarən yuxarı çıxartmanının, sonsuz məğlubiyyətlərə rəğmən sonsuz əzm göstərmənin hekayəsidir! Sizif taleyi ilə üzləşib oyanaraq öz qurtuluşunu yaratdı və bizlərə hər hansı bir nəticəyə varmaqdan da öncə, məqsədə gedən yolun daha önəmli olduğunu xatırlatdı.

Kamü bilərəkdən qaya yerə düşdükdən sonra əl- qolu boş bir şəkildə daşın arxasınca baxan, qan- tər içində, acıyla gərilmiş əzələləri ilə daşı yenidən təpədən aşağı enərək qaldırmağa çalışan Sizifi xəyal etməyimizi istər. Elə bu səbəbdən də ” təpələrə doğru qalxaraq tək başına mübarizə aparmaq belə bir insanın ürəyini doldurmağa yetər “ deyərək intiharı haqsız çıxardar və Sizifi xoşbəxt qəhrəman olaraq düşünməyimizi istər!

 

 

 

Mənbə :

1.Qorxmaz Quliyev ” Dəlidən doğru xəbər”

2. Albert Camus ” The myth of Sisyphus”

3. https://www.sparknotes.com/philosophy/sisyphus/summary/

4.https://medium.com/@mustaphahitani/camus-suicide-and-imagining-sisyphus-happy-bec124dad750

5. https://edsitement.neh.gov/camus-myth-sisyphus-close-reading-absurd

 

Redaktor : Əzizli Nəzrin Nəcəf qızı

STAY CONNECTED

20,764FansLike
2,458FollowersFollow
16,400SubscribersSubscribe

INSTAGRAM

Tisian Veçellionun Urbinolu Venera əsəri

Üst Renesans dövrünün ən yaxşı rəssamlarından biri hesab edilən Tisian Veçellionun (1480/1485 – 1576) ən məhşur, gözəl, cəsur və qalmaqallı əsərlərindən olan...

Parasetamol (Asetaminofen) dərmanın təsirləri

Digər bilinən adları ilə: "Panadol", Tylenol və.s. Aid olduğu farmakoloji qrup: Qeyri-steroid iltihab əleyhinə maddələr. Farmakodinamikası:...

Diklofenak (Voltaren) dərmanının təsirləri

Farmakoterapevtik qrupu: Qeyri-steroid iltihabəleyhinə preparat (QSİƏP) Farmakodinamikası: Diflofenak qeyri-selektiv SOG 1 və SOG 2-nin inhibitorlarıdır. SOG 1 və SOG...