1904-1905 Mancuriya problemi: Rus-Yapon müharibəsi və Beynəlxalq münasibətlər

Post date:

Author:

Category:

Bu müharibənin əsas səbəbi Rusiya və Yaponiyanın şimali-şərqi Çinin Mancuriya bölgəsi və Koreya yarımadasında üstünlük maraqlarının ziddiyətə düşməsi idi. Qələbə çalmış Yaponiya Rusiyanın Uzaq Şərqdə genişləmə siyasətini dayandırmağa məcbur etdi. Yapon-Rus müharibəsini daha yaxşı anlamaq üçün o zamanlarda – 19-20-ci yüzillikdə Çindəki imperialist siyasi vəziyyəti incələmək lazımdır; Çin böyük güclərin mübarizə meydanı olmuşdur ki, bu da Rusiyanı qonşusu üstündə nəzarətini artırmasında və sərhədlərini qorumasında mübarizəyə qatılmasına səbəb olmuşdur.

Çin 19-cu əsrdən əcnəbilərin əlində müstəmləkələşdirilməsi uğrunda mübarizə meydanına çevrilmişdi. Bu səbəbdən idi ki, Çin öz torpaqları üzərində gücünü, demək olar ki, bütünü ilə itirmişdi. Onun ərazisinə nəzarət üstündə böyük və güclü dövlətlər mübarizə aparırdı. Hətta buna görə Çin xalqı 1900-cu ilin may ayında əcnəbilərin zülmünə qarşı üsyana da başlamışdı. Bao-Dinfu yaxınlığındakı dəmir yolunun dağıdılası ixtişaşların ilk işarəsi kimi bilinir. Həmin il, iyun ayının 14-də üsyançı güclər artıq Pekin şəhərinə daxil olmuşdular; bu zaman alman diplomat Kettler üsyançılar tərəfindən öldürülmüş, səfirlik binaları da mühasirəyə alınmışdı.

Bunları dünyanın böyük gücləri olan Britaniya, ABŞ, Fransa, Rusiya, Yaponiya və Almaniya yaxından izləyirdi, çünki Çin kimi ölkəni kimsə əldən vermək istəməzdi. Buna görə iyunun sonlarında üsyanı yatırmağı hədəfləmiş ingilis admiral Seymurun başçılıq etdiyi 14 minlik ordu belə hazırlanıb, ixtişaş bölgəsinə göndərilmişdi. Amma bu ordu hədəfinə çata bilmədi; üsyançıların ciddi və qətiyyətli qarşıdurması ilə üzləşib Tyansizinə doğru geri çəkilməyə məcbur oldu. Bundan əlavə, böyük dövlətlər öz hərbi gəmilərini Beyxe çayının mənsəbinə toplamışdı. Bu zaman ingilis dənizçilər Pekinə daxil olmaq üçün sahilə çıxarıldı. Amma bu cəhd də uğursuzluqla nəticələndi.

İngilislərin başı Afrikadakı qarşıdumalara qarışdığından onlar “Boksiyorlar” üsyanının yatırılmasının Yaponiyaya həvalə edilməsi tərəfdarı idi. Yaponların özləri də iştirak edib pay almaq istəyirdilər. Amma Rusiya və Almaniya bununla razılaşmadılar. (Əslində, bütün bu dövlətlər müdaxilədə iştirak edib, pay qoparmaq istədiyirdi.)

Daha sonra müstəmləkəçilər birləşmiş, ortaq bir ordu yaradaraq hadisəyə müdaxilə etmək qərarına gəlmişdilər. 19 minlik bu hərbi birliyə rəhbərlik etmək üçün alman feldmarşalı Valderze seçildi. 1900-cü il, avqustun 6-sı həmin ordu Tyansizindən Pekin istiqamətində yürüşə başladı. Avqustun 14-də Pekin şəhəri xarici güclər tərəfindən tutuldu. Pekinin hər yerində üsyan yatırıldı. Hətta ingilis, fransız və alman müstəmləkəçilər Şanxayı da ələ keçirdi. İngilislər Yansızı çayı hövzəsinə başçılıq edən canişinlə əlaqəni möhkəmləndirdilər. Bu dövlətlərin hərbi donanması Yansızı çayının ağzına toplanmışdı.

Çin hakimiyyəti 1900-də bu 6 dövlətə savaş elan etsə də, qısa zaman sonra payızda sülh müzakirələri başladı. Rusiya və Amerika Çinlə yaxınlaşmağa meyl edirdi. Almaniya ən qatı represiyaların tətbiq edilməsini, İngiltərə isə işğalın müddətini uzatmağı düşünürdü. 1901 sentyabrın 7-də protokol imzalandı. Çin 35 il müddətində 450 mln. tael (təxmini 650 mln. dollar) təzminat ödəməli, yaşamını itirmiş diplomatların şərəfinə heykəl qoymalı idi. Və bunlardan əlavə, üsyançıları cəzalandırmaq məcburiyyətində idi. Bununla, üsyan tam tərsi nəticə vermişdi; yadellilər əsarət altına almaq üçün tədbirlər görmüşdü. Burdan o aydın olur ki, Çin o zamanlar tək Mancuriyanı yox, ümumən, öz torpaqları üzərində güc sahibi deyildi. Üsyandan istifadə edərək digər dövlətlər Çin üzərində əsarət etdirici tədbirlər gördülər.

Digər dövlətlərin Pekin üzərində hərbi olaraq güclənməsi isə Rusiyanı rahatsız edirdi. O, 1896-dan başlayaraq Çinə C.Mancuryanın Liaodonq yarımadasının ucunda yerləşən, stratejik önəmə sahib Port Artur limanını (günümüzdə Lüşun) əldə etmək üçün təzyiq edirdi. Rusiya qonşuluğunda böyük dövlətləri görmək istəmirdi. O, sərhədlərini o zamankı ən güclü ölkələrin ordusu ilə yox, zəif Çin ilə bölüşmək diləyində idi. Buna görə ruslar beynəlxalq intervensiya qüvvələrinin Çini tərk etməsi məsələsini gündəmə gətirirdi. Təbii ki, məntiqli olaraq digər dövlətlər Rusiyanın bu təklifini rədd etdi.

Rusiya İmperiyası Mancuriyanı tutub burada möhkəmlənməkdən ötrü tədbirlər görürdü. Bu da İngiltərə, Amerika və Yaponiyanı ciddi formada narahat edirdi. Çünki bu, onların Çin maraqlarına maneə törədə bilərdi. Kvantun bölgəsinin başçısı Alekseyev və general Qrodskovun yerli mancur hökümətinin üzvləri ilə Pekin danışıqları ərəfəsində danışıqlar aparırdı.

1901-ci il, noyabrın 9-da Mukden bölgəsinin qubernatoru ilə anlaşma imzalandı. Bununla da, o, faktiki olaraq Rusiyanın nəzarətini qəbul etdi. Çin ordusu tərksilah edilib buraxıldı.

Rus ordusu bir sıra yerlərə yerləşdirilməli idi.

Peterburqda Çin hökuməti ilə Mancuriya barəsində saziş layihəsi hazırlandı. Formal olaraq sazişdə Çinin Mancuriyada hakimiyyətini bərpa etmək nəzərdə tutulurdu. Amma ordakı bir sıra şərtlər Rusiyanın Mancuriya haqqında söz sahibliyini artırırdı. Anlaşmaya görə, sakitliyin yaradılması və Şərqi Çinə dəmir yolunun çəkilməsi işlərini qorumaq üçün bölgəyə rus ordusu yerləşdirilməli idi. Bundan əlavə, Çinin ərazidəki əsgər sayı da Rusiya ilə razılaşdırılmış şəkildə olmalı idi. Çin hökuməti həmçinin, “Şərqi Çin Dəmir Yolu” xəttinin Çin səddinədək olan Pekin yönündə gedən hissəsinin Rusiyaya konsessiyaya verilməsini; sərhəd rayonların Rusiyanın icazəsi olmadan xarci dövlətlərə və onların vətandaşlarına konsessiyaya verməməsini və Mancuriyanın 3 bölgəsinin başçısının dəyişdiriləcəyini öz üzərinə götürməli idi.

Bu layihəyə qarşı İngiltərə Almaniya və Yaponiya ilə birlik qurmaq üçün danışıqlara başladı.

Bu səbəbdən Rusiya Yaponiya ilə arasını düzəltməyə çalışdı. Rusiya Koreyanın neytrallaşdırılması məsələsində Yaponiyanın daha geniş təsirinə razılıq verdi. Əvvəlcə, Yaponiya Rusiya ilə yaxınlaşmağa meyil etdi. Çünki yaponlar Rusiyanın 1895-də olduğu kimi Almaniya və Fransaya dəstək olmasından ehtiyatlanırdı. Amma daha sonra Yaponiya 1901-ci il yanvarın 17-də bildirdi ki, Mancuriya məsələsi həll edilməyənədək Rusiya ilə yaxınlaşma baş tutmayacaq. Yaponiya Koreya daxil Şərqi Çini də işğal etməti düşünürdü.

Fransanı çıxmaqla, İngiltərə, ABŞ, Almaniya və Yaponiya Rusiyanın Mancuriya siyasətinə qarşı çıxdılar. 1901-ci yanvar ayında Fransa Rusiyanı dəstəkləyəcəyini bildirdi. Digər böyük dövlətlərin mövqeyinə görə Çin Rusiyanın bu layihəsindən imtina etdi. 1901-ci ilin ortalarında Rusiya Çinə yumuşaldılmış layihə ilə birlikdə bir bəyanat da göndərdi. Bəyanatda deyilirdi ki, Çin sazişi imzalamazsa, Rusiya Mancuriyada tam sərbəst hərəkət hüququna sahibdir. Çin yumuşaldılmış layihəni də imzalamadı. Amma Rusiya buna baxmayaraq, Mancuriya bölgəsini tərk etmədi.

Yaponiya bu durumda müharibədə onu dəstəkləmək üçün müttəfiq arayışında idi. Buna görə, o, İngiltərəni müharibədə dəstək olmağa təhrik edirdi. Bu da Fransanın maliyyə təzyiqi ilə qarşılaşırdı. İngiltərə banklarındakı fransız valyutasının dondurulmasından çəkinirdi. Amma ingilislər də Rusiyanın Asiyada güclənməsini istəmirdi, buna görə də o, Rusiyanı başqasının əli ilə cəzalandırmaq istəyirdi. Lakin Yaponiyanın Rusiyaya güc yetirməsinə də şübhəli yanaşırdı. London C. Afrikadakı Bur savaşına görə də hədsiz ehtiyatlı davranırdı. Bir tərəfdən də passivliyi nəticəsində Yaponiyanın Rusiya ilə anlaşmasından çəkinirdi. Çıxış yolu başqa bir dövləti ələ almaq idi ki, bu zaman ingilislər Almaniyanı seçdi.

Almaniya Rusiyanı daim Yaponiya ilə müharibəyə təhrik edirdi, çünki almanlar bu yolla öz sərhədlərindən rus təhlükəsini uzaq tutacaq, Rusiyanı və fransız-rus ittifaqını zəiflədəcəkdi. Almaniya hətta şifahi olaraq Yaponiyaya bildirdi ki, o, müharibəyə başlasa, Yaponiyaya xeyirxah bitərəflik sərgiləyəcək.

Yaponiyanı isə Fransa narahat edirdi, çünki o, Rusiyanın müttəfiqi idi, buna görə də yaponlar öz səfirləri Xayasi vasitəsi ilə Britaniyadan əgər müharibə olarsa, onun Fransanı əngəlləyə bilib-bilməyəcəyini soruşdu. İngilislər cavab verməzdən öncə Almaniyaya müraciət etdi: Əgər İngiltərə hökuməti Parisdə Rus-Yapon müharibəsini lokalizasiya haqqında çağırış etsə, Almaniya buna qatılarmı? Almaniya bundan qəti sürətdə imtina etdi, çünki o istəyirdi ki, müharibə qızışsın.

Almaniya bildirirdi ki, o, Fransanın əleyhinə getsə, özünü Rusiya ilə üz-üzə görəcək.
Nəhayət, Yaponiyanın diplomatik təzyiqləri nəticəsində 1902-ci yanvarın 30-da İngilis-Yapon ittifaqı müqaviləsi imzalandı. Yaponlar inanırdı ki, təkcə Yaponiya ilə deyil, İngiltərə ilə də qarşılaşacağından çəkinən dövlət Rusiyaya dəstək olmayacaqdı. İttifaq həm də İngilis banklarının Yaponiyaya yardımını da təmin etdi, Rusiyanı bərk qorxutdu. Rusiya məsələləri yenidən götür-qoy etməyə başladı, hansı iki ziyan – Yaponiya ilə savaş, ya güzəşt daha yararlı olardı? Amma yaponların müharibəyə ciddi hazırlığı başlamışdı.

1902-ci il mayın 31-də İngiltərə Burla sülh imzaladı, C. Afrikada Fransaya qarşı mübarizədə Almaniyaya ehtiyac hiss etmədi və onu əsas təhlükə gördüyündən Fransa və Rusiya ilə yaxınlaşdı. 1903-də bir sıra danışıqlar oldu: Rusiya ilə danışıqlarda ingilis Lensdaunla rus səfiri Benkendorfla müzakirələr oldu. İngiltərə Əfqanıstan və Tibetin onların təsir dairəsi olduğunu Rusiyanın təsdiqləməsini və ora rus agentləri yollamamağı istədi. Daha sonra Lensdaun bildirdi ki, Rusiyanın Mancuriyada üstünlüyünü ingilislər tanıyacaq, lakin orada bərabərhüquqlu ticarət aparacaqdılar. İranın bölüşdürülməsi, şimalın Rusiyaya, cənubun İngiltərəyə verilməsi də həll olunan məsələlərdən idi. Ruslar cənubda ticarət apara bilərdi, lakin dəmir yolları çəkilərdisə, bu, ingilislərlə dostluq çərçivəsində olmalı idi. Əfqanıstana yaxın Semstan bölgəsi də İngiltərənin təsir dairəsi olmalı idi. Rusiya bununla razılaşa bilməzdi.

1903-də Yaponiya da Rusiya ilə danışıqları sürdürürdü, o, bu zaman danışıqları uzadırdı, bunun da səbəbini Rusiyada görüb, ona müharibə başlatmasını beynəlxalq ictimaiyyətə qəbul etdirmək istəyirdi. 1903-cü il, avqustun 12-də Yaponiya öz təklifini Rusiyaya bildirdi. Danışıqlar zamanı Yaponiya öz işğalçı niyyətində vaz keçmirdi. O, Rusiyadan Mancuriya və Koreyada geniş yapon maraqlarının təmin edilməsini tələb edirdi. Rusiya Mancuriyadan əlini çəkməli idi. Bununla yanaşı, Rusiya Nyuçquana gedən Koreya dəmir yolunun Şanxay-quan-Sinmintinə birləşdirilməsinədək çəkilməsinə razılıq verməli idi. Yaponiya Mancuriyada “açıq qapı” prinsipini də tələb edirdi. Rusiya öz təklifini irəli sürərək bundan imtina etdi. O, müzakirələrin Koreya ilə məhdudlaşmasını istəyirdi.

Rusiya Koreyada yapon üstünlüyünü o şərtlə qəbul edirdi ki, Koreya körfəzində Rusiya sərbəst üzə bilsin. Bundan əlavə, Yaponiya Rus-Çin sərhəddinə ordu gətirməməli idi. Və Mancuriyada rus üstünlüyü qəbul edilməli idi. 1903, dekabrın 23-də Yaponiya Rusiyanın plana yenidən baxmalı olduğunu bildirdi. Dekabrın 28-də isə Rusiya Yaponiyanın bütün istəklərini, demək olar, qəbul edirdi.

Britaniya və ABŞ-ın dəstəyi ilə Yaponiya müharibəyə başlaya bilmişdi. Məhz Yaponiya buna görə müharibəni qalib kimi bitirdi. Sülh danışıqlarına da ABŞ prezidenti Ruzvelt vasitəçilik etdi. Rus-Yapon müharibəsi “Portsmut Sülhü” ilə sonlandı. Müqavilə 1905-ci il, 9 avqust-5 sentyabr aralığında baş tutan konfransın nəticəsi idi. Sülh ABŞ-ın Mayn şəhərində imzalandı. Sülhə görə, Yaponiya Port Artur limanının yerləşdiyi Liaodonq yarımadasını, Port Artura gedən C.Mancuriya dəmir yolunu və Saxalin adasının yarısını öz əlinə keçirdi. Rusiya Yaponiyanın Koreyanı idarəsini də qəbul etdi. Bu hadisə Çar II Nikolayı oktyabr manifestini imzalamağa məcbur etdi.

Hazırladı: Sübhan Qulu

Redaktə etdi: Pəri Abbaslı

Mənbələr:

2.1. – Hacıyeva.A. “Beynəlxalq Münasibətlər Tarixi (1871-1919)” Bakı 2001. səh.334.

2.2. – Hacıyeva.A. “Beynəlxalq Münasibətlər Tarixi (1871-1919)” Bakı 2001. səh.335.

2.3. – Hacıyeva.A. “Beynəlxalq Münasibətlər Tarixi (1871-1919)” Bakı 2001. səh.336

2.3. – Hacıyeva.A. “Beynəlxalq Münasibətlər Tarixi (1871-1919)” Bakı 2001. səh.341.

2.4. – Hacıyeva.A. “Beynəlxalq Münasibətlər Tarixi (1871-1919)” Bakı 2001. səh.342.

2.5. – Hacıyeva.A. “Beynəlxalq Münasibətlər Tarixi (1871-1919)” Bakı 2001. səh.349.

2.6. – Hacıyeva.A. “Beynəlxalq Münasibətlər Tarixi (1871-1919)” Bakı 2001. səh.355-356.

2.7. – Hacıyeva.A. “Beynəlxalq Münasibətlər Tarixi (1871-1919)” Bakı 2001. səh.56-357.

1. – Britanika Ensiklopediyası – Rus-Yapon müharibəsi (Encyclopaedia Britannica – Russo-Japanese War) britannica.com/event/Russo-Japanese-War

STAY CONNECTED

20,125FansLike
2,240FollowersFollow
0SubscribersSubscribe

INSTAGRAM

Broun hərəkəti nədir?

Hər birimiz fikir verməsək belə ətrafda daim baş verən bu hərəkətlə heç olmasa bir dəfə rastlaşmış olmalıyıq. Məsələn, suya düşən kiçik...

X ; Y ; Z nəsilləri nəyi ifadə edir? Onlar necə formalaşır ?

Adətən, yaş fərqi olan insanlar ilə fikirlərimiz üst-üstə düşmədikdə "nəsil" ; "generasiya fərqi’" deyib keçirik. Çünki onlar yaşca bizdən böyük ya...

Kommersiya marketinqi nədir?

Marketinqin şirkətlər üçün çox uzun müddətdir imtina edilməz bir ünsür olmasının səbəbi davamlı inkişaf edən dinamik quruluşa malik olması və dəyişikliklərə asanlıqla...