Ağciyər xərçənginin əlamətləri, səbəbi və müalicəsi

Post date:

Author:

Category:

Ağciyər xərçəngi

Tərifi

Ağciyərdən inkişaf edən bəd xassəli törəmələrdir, klinik-patoloji xüsusiyyətlərinə görə kiçik hüceyrəli və qeyri-kiçik hüceyrəli növləri var. Proqressiv gedişli xəstəliklərdir.

Təsnifatı

Ağciyərin bəd xassəli törəmələri mənbəyinə görə iki qrupa ayrılır: birincili və metastatik. Klassik olaraq ağciyərdən inkişaf edən birincili xərçəng klinik-patoloji xüsusiyyətlərinə görə 2 qrupa ayrılır: kiçik hüceyrəli və qeyri-kiçik hüceyrəli.

Kiçik-hüceyrəli xərçəng – ağciyər xərçənginin 20%-ni təşkil edir, aqressiv gedişlidir, siqaret çəkənlərdə rastlanır, əksər hallarda diffuzdur, cərrahi müalicə nadir hallarda mümkün olur, kimyaterapiya əsas müalicədir. 5 illik yaşama 10% təşkil edir. Bronxogenik neyroendokrin mənşəli olduğu ehtimal edilir.

Qeyri-kiçik hüceyrəli xərçəng – ağciyər xərçənginin 80%-ni təşkil edir, əsas müalicəsi cərrahidir və aşağıdakı növləri var:

  • Adenokarsinoma (bronxoalveolar karsinoma)
  • Yastı epitel hüceyrəli
  • Böyük hüceyrəli

Son illərdə kiçik hüceyrəli xərçəng, bronxial karsinoid, bronxial atipik karsinoid və böyük hüceyrəli xərçəng bronxogen neyroendokrin karsnomaların alt qrupları kimi qəbul olunmaqdadır.

Səbəbləri, risk faktorları

Siqaret və hava çirklənməsi əsas səbəblərdir. Əsrin ilk dekadalarına qədər ağciyər xərçəngi az rast gəlinirdi, lakin 30-cu illərdən sonra siqaretin geniş istifadəsi ilə əlaqədar ağciyər xərçəngi sürətlə artdı və hazırda ikinci yerdə durur (kişilərdə prostat xərçəngindən, qadınlarda süd vəzi xərçəngindən sonra)

Ağciyərin bəzi xəstəlikləri xərçəng riskini artıra bilir. Bunlara vərəmi, xroniki pnevmoniyanı, çapığı və azbestozu aid etmək olar.

Gedişi

Ağciyər xərçəngi proqressiv inkişaf edən xəstəlikdir, yerli olaraq eynitərəfli və əkstərəf ağciyərə, döş divarına, mediastinal orqanlara və uzaq orqanlara yayılır.

Ən çox metastaz verdiyi orqanlar – sümüklər, qaraciyər, böyrəküstü vəzi və beyindir.

Ağciyər xərçənginin gedişi klinik-patoloji formadan asılı olaraq dəyişir:

Kiçik hüceyrəli xərçəng sürətli yerli və distant yayılmağa və paraneoplastik sindrom törətməyə meyillidir və 5 illik yaşama 10%-dən azdır.

Qeyri-kiçik hüceyrəli xərçəngin gedişi patoloji formasından asılı olaraq dəyişir:

  • Adenokarsinomalar çapıq toxuma ilə əlaqəli olub, periferik yerləşirlər, tez yayılmağa və hematogen metastaza meyillidir.
  • Yastı hüceyrəli xərçəng siqaretlə sıx əlaqəlidir, əksəriyyəti mərkəzi yerləşir, yavaş inkişaf edir və gec metastaz verir.
  • Böyük hüceyrəli xərçəng adətən periferiyada yerləşir və yüksək bədxassəlilik daşıyır.

Klinikası

Ağciyər xərçəngi klinik olaraq bir neçə formada ortaya çıxa bilir:

  • Asimptomatik və ya zəif klinik əlamətlər adətən erkən mərhələlərdə rastlanır.
  • Bronxopulmonar əlamətlər – öskürək, siqaret çəkənlərdə öskürək xarakterinin dəyişməsi, qanhayxırma, bəlğəm ifrazının artması, təngnəfəslik, pnevmoniya əlamətləri və s.
  • Ekstrapulmonar əlamətlər – döş qəfəsi ağrısı, səsin dəyişməsi, yuxarı boş vena simptomu, Horner simptomu və s.
  • Paraneoplastik sindromlar – Cushing sindromu, şəkərsiz diabet, hiperkalsemiya və s.

Diaqnostikası

Prinsip

Ağciyər xərçənginin diaqnozu biopsiya ilə dəqiqləşdirilir, görüntüləmə və cərrahi üsullarla mərhələsi təyin olunur.

Şübhə

Ağciyər xərçənginə klinik və görüntüləmə əlamətləri şübhə yarada bilər:

  • Klinik şübhə əlamətlərinə bronxopulmonar, ekstrapulmonar və paraneoplastik əlamətləri aid etmək olar.
  • Görüntüləmə əlamətlərinə rentgenoloji və KT müayinələrində ağciyərdə kütlə (kütlələr), bronxoskopiyada bronxial kütlənin görünməsini, USM və KT-də qaraciyərdə, sümüklərdə, böyrəküstü vəzidə və beyində kütlələrin tapılmasını aid etmək olar.

Dəqiqləşdirmə

Ağciyər xərçəngini dəqiqləşdirmək üçün törəmədən biopsiya götürmək lazımdır. Biopsiya bronxoskopik, perkutan iynə və ya torakoskopiya, torakotomiya ilə aparıla bilər. Biopsiya xərçəngin olub-olmaması ilə yanaşı histoloji tipini də müəyyənləşdirməyə imkan verir.

Ağciyər xərçənginin diaqnostik əlamətləri:

  • Klinik olaraq bronxo-pulmonar, ekstrapulmonar, paraneoplastik əlamətlər , bəzən də asimptomatik
  • Biopsiyada xərçəng hüceyrələri

Mərhələnin təyini

Ağciyər xərçənginin mərhələsini təyin etmək üçün törəmənin ölçüsünü, mediastinal strukturlara, limfa düyünlərinə və uzaq orqanlara yayılmanı yoxlamaq lazımdır:

  • Mediastinal strukturlara yayılmanı dəqiqləşdirmək üçün KT və endobronxial USM ilk seçimdir (Şəkil 11).
  • Mediastinal limfa düyünlərinə yayılmanı qiymətləndirmək üçün əvvəllər mediastinoskopiya çox istifadə edilirdi, hazırda endobronxial USM və PET-KT geniş tətbiq edilməyə başlamışdır.
  • Uzaq metastazaları təyin etmək üçün ilk növbədə abdominal KT (böyrəküstü vəzə və qaraciyərə yayılmanı qiymətləndirmə) edilir, sümüklərə və beyinə metastazı yoxlamaq üçün PET-KT tətbiq edilir.
  • Mərhələnin dəqiq təyini, xüsusən də, yerli yayılma dərəcəsi əsasən əməliyyat vaxtı müəyyənləşdirilir.

 

Ağciyər xərçənginin tomaqrafiyası

 

Müalicə seçimi mərhələdən asılıdır :

  • Erkən mərhələdə (I-II mərhələ) – rezeksiya edilir (lobektomiya və ya pulmonektomiya), kimyaterapiya əlavə oluna bilər.
  • Yerli yayılmış, lakin rezektabel mərhələdə (IIIA mərhələ) əməliyyatönü kimyaterapiya və rezeksiya edilir, əməliyyatdan sonra radioterapiya edilə bilir
  • Yerli yayılmış, lakin qeyri-rezektabel mərhələdə kimya-radioterapiya tövsiyə edilir.
  • Metastatik mərhələdə isə kimyaterapiya və simptomatik müalicələr tövsiyə edilir.

 

 

Mənbə: Ağciyərin cərrahi xəstəlikləri. N.Y.Bayramov, S.Əliyev

STAY CONNECTED

20,732FansLike
2,377FollowersFollow
16,400SubscribersSubscribe

INSTAGRAM

Ziya Mehdiyev
AZƏRBAYCAN TİBB UNİVERSİTETİNDƏ TƏHSİL ALIR. ƏSASƏN FƏLSƏFƏ,PSİXATRİYA/PSİXOLOGİYA,TİBB BÖLMƏSİNDƏ MƏQALƏLƏR YAZIR. REZONANSIN İDEYA MÜƏLLİFİDİR.

Günəşin təkamülü: Necə var oldu və necə yox olacaq?

Nebulyar hipotezinə əsasən günəş və günəş sistemimizin bütün planetləri təqribən 4,5 milyard il əvvəl nəhəng bir molekulyar qaz və toz buludunun...

Epigenetika nədir?

İnsan genomunu kodlaşdırarkən dörd hərfdən istifadə olunur. S,Q,A,T.- bunlar DNT-zəncirini əmələ gətirən hərflərdir. Biz bu hərflərdan 3 milyonunu anamızdan, 3 milyonunu da...

“Affiliate” marketinq nədir?

"Affiliate" Marketinq qısaca olaraq məhsulların, xidmətlərin, veb saytların və ya şirkətlərin reklamlarını edərək hər uğurlu satışdan qazanc əldə etməkdir.