Analogiya nədir? – Ensiklopedik bilgi

0
20

                          Analoji əqli nəticənin ümumi xarakteristikası

Əqli nəticənin formalarının zənginliyi deduksiya induksiyanın cürbəcür növləri ilə qurtarmır. Bunlarla yanaşı, əqli nəticənin əsas növlərindən biri də analogiyadır (hərfi mənası oxşarlıq deməkdir).

Analoji əqli nəticə müəyyən bir predmet və ya predmetlər qrupu haqqında məlum biliklərdən, digər predmet və ya predmetlər qrupu haqqında yeni bir bilik əldə etməkdir. Bu insan təfəkkürünün ən qədim növlərindən biridir. İlk dəfə qədim yunan riyaziyyatçıları ədədlər arasındakı nisbətin oxşarlığını, uyğunluğunu ifadə etmək məqsədilə “analogiya” terminindən istifadə etmişdir. Məsələn, iki ədədin sistemi, başqa iki ədədin sisteminə oxşardır. Nümunə 16:4-ə olan nisbəti 8:2-yə olan nisbəti kimidir.

                                            Analogiyanın tərifi

Beləliklə, analoji əqli nəticə bu və ya digər fərdi predmetin digər predmet ilə əsas əlamətlərinin oxşar olmasına əsaslanmaqla ona müəyyən başqa bir əlamətin xas olması nəticəsini çıxarmaq deməkdir. Yəni, predmet və hadisələrin arasındakı oxşar əlamətlərə görə çıxarılan yekun biliyidir.

Burada fikrin gedişi təkcədən təkcəyə, yaxud xüsusidən xüsusiyə doğru gedir. Müxtəlif elmlərdə və insanların praktik fəaliyyətində bir-birinə oxşar fərdi predmet və hadisələrdəki oxşar, ümumi əlamətlər aşkara çıxarılır, müqayisə əsasında tapdığımız xassə, əlamət məntiqi köçürmə vasitəsilə digər obyektə köçürülür. Şübhəsiz ki, çıxarılan nəticələr ilkin vaxtlar çox vaxt ehtimali səciyyə daşıyır, sonrakı inkişaf prosesində bu biliklərin çoxu həqiqətə çevrilir.

İbtidai insanlar onu əhatə edən predmet və hadisələr çoxluğununun həqiqi xassələrini, onların əlaqə və münasibətini bilmədiyindən artıq məlum olan, özlərinə asan gələn oxşarlığa görə predmetləri izah etməyə cəhd edirdilər. Antropomorfizmin (insan xassələrini təbiətin qüvvə və hadisələrinə aid etmək) və animizmin (ibtidai insanın hər şeydə ruh olmasına inanması) insane, onun ruhuna oxşadılması hadisələri də bu cür meydana gəlmişdir. Bu cür bənzətmə halları mifologiya və dinin meydana gəlməsinin ilkin şərtlərindəndir.

Analogiya, bir neçə predmetin oxşarlığı haqqında söylənilən zəif, qarışıq fərziyyələrdən mikro-makro və meqa aləmlərin və buradan irəli gələn elmi-fəlsəfi nəticələrin qanunauyğunluqlarının oxşarlığını ifadə edən dolğun və ümumi fərziyyələrə keçilir. Analoji əqli nəticədə söylənilən fərziyyələrin (müddəaların) çoxu praktikada sübut olunur. Bu əqli nəticə belə bir prinsip üzrə aparılır ki, predmet və hadisələr bir neçə xassə və əlamətlərinə görə oxşar ola bilər.

Heliumun kəşfi:

Alimlər Günəşdə Helium elementini ilk dəfə aşkara çıxardıqda, Yerdə onun olması elmə məlum deyildi. Günəş və Yer arasındakı bir çox oxşar əlamətlərə əsaslanaraq tədqiqatçılar Heliumun Yerdə də olmasını ehtimal edirdilər. Elmlərin sonrakı inkişaf nəticəsində Yerdə də həmin element tapılır, bununla da analoji əqli nəticə praktikada sübut olundu.

Analogiyanın əsasında məntiqi əməliyyatlardan biri olan müqayisə durur. Müqayisə hər cür biliyin başlanğıcıdır, onsuz idrak prosesi yoxdur. Müqayisə bizə gerçəklik haqqında yeni-yeni biliklər verir, bununla da alınan biliklər mükəmməl və etibarlı olur. Lakin hər cür müqayisə gerçək bilik vermir, çünki müqayisə predmetlərin bütün xassə və tərəflərini əks etdirmir.

Hər cür müqayisənin nöqsanlı olduğunu unutmaq olmaz. Analogiyadan həqiqi biliklər almaq mümkün olmadıqda istifadə olunur. Onun bu cəhətini nəzərdə tutan A. Gertsen qeyd edirdi ki, “fikri səlist (aydın) və sadə yolla ifadə etmək mümkün olan hallarda heç kim analogiyaya meyl etmir”.

                           Analogiya elmi-tədqiqat metodu kimi

Analogiya elmi-tədqiqatın əlavə metodudur. Məntiqi qaydalar metodoloji prinsiplərini yerinə yetirdikdə, tədqiqat predmetinin xüsusiyyətləri nəzərə alındıqda, tarixi hadisələrin gedişinə təsir edən obyektiv və subyektiv diqqət yetirildikdı analogiyanın idrakda rolu daha da artır və faydalı xarakter daşıyır.

Karl Marks İngiltərədə kapitalizmin inkişafını təhlil edərkən, cəmiyyətin inkişafının qanunauyğun xarakter kəsb etməsi faktından çıxış etməklə, analogiya əsasında əvvəlcədən qeyd edirdi ki, gələcək ölkələr və xalqlar da kapitalizmin inkişaf mərhələsini keçəcəkdir. “Sənaye cəhətdən daha çox inkişaf etmiş ölkə az inkişaf etmiş ölkəyə onun yalnız öz gələcəyinin mənzərəsini göstərir.”

Analoji əqli nəticəyə bunlar kimi, bəşəriyyət tarixində sonsuz sayda misallar gətirmək olar. Analogiyanı sxem şəklində isə belə göstərmək olar: Əgər iki fərdi predmet “a” və “b” hərfləri ilə, onların əlamətlərini P,Q,S,T ilə işarə etsək onda sxem:

“a hadisəsi PQST əlamətlərinə malikdir

b hadisəsi PQS əlamətlərinə malikdir

Deməli, b hadisəsi T xassəsinə də malikdir.”  şəklində olar.

Mənbə:

http://www.felsefe.gen.tr/mantik/benzesim_analoji_nedir_ne_demektir.asp

M.M.İsrafilov – “Məntiq kursu”. Bakı, “Turan” nəşriyyatı 2001

Z.C. Hacıyev – “Məntiq”. Bakı, “Təhsil” NPM, 2011

 

Müəllif: Şəhriyar Yaqubov

Redaktor: Ziya Mehdiyev

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here