ANGİOQRAFİYA
Adi rentgenoloji müayinədə damarların (arteriya, vena, limfa) təsvirini almaq qeyri-mümkün olduğundan, onların rentgenoloji şəklinin alınması üçün kontrast maddələrdən istifadə edilir.
Maye şəklində yodun üzvi birləşmələrindən ibarət kontrast maddə arteriya damarlarına yeridildikdən sonra həmin zonanın rentgenoqramı aparılır. Bu metod anqioqrafiya adlanır. Kontrast maddənin hansı damarlara yeridilməsindən asılı olaraq arterioqrafiya, venoqrafiya və limfoqrafiya ayırd edilir.
Angioqrafiya üsulu ilə damarların funksional vəziyyətini, anadangəlmə qüsurların quruluşunu və patoloji proseslər nəticəsində əmələ gələn dəyişiklikləri öyrənmək mümkün olur. Xüsusilə angiopatiyalarda, şişlərdə, iltihabi proseslərdə həmin zonada gedən damar dəyişikliklərini aşkar etmək olur. Ona görə də bir çox bədxassəli şişlərin diaqnostikasında angioqrafiya çox üstünlüklə tətbiq edilir.
Digər tərəfdən angioqrafiya endovaskulyator rentgen cərrahi əməliyyatların və damarların kateterizasiyasında mühüm metod kimi hesab edilir. Bu iki yolla həyata keçirilir: punksiya və kateterizasiya vasitəsilə. Bir çox hallarda yuxu arteriyası, aşağı ətraf damarları, abdominal aorta və onun şaxələrinin müayinəsində bu metoddan istifadə olunur.
Damarların kateterizasiyası İsveç alimi Seldingerin irəli sürdüyü metodla aparılır. Bu məqsəd üçün bud arteriyası daha əlverişli hesab edilir. Skarp üçbucağı zonasında bud arteriyası punksiya edilir və oradan kateter qarın aortası, enən aorta, qalxan aorta və oradan ürəyin sol mədəciyinə yeridilir. Angioqrafiyada bütün əməliyyatlar rentgen televiziyanın nəzarəti ilə həyata keçirilir. Bu üsul angioqrafik kabinetlərdə xüsusi briqadalar vasitəsilə aparılır. Kabinet lazımı alətlər və preparatlarla təchiz olunmalıdır ki, damar daxilinə kontrast maddələrin yeridilməsi zamanı baş verən fəsadların qarşısı təcili alına bilsin. Angioqrafiya bilavasitə üzvlərə kontrast maddə yeritməklə və ya kateterizasiya üsulu ilə aparılır. Axırıncı üsul hal-hazırda üstünlük əldə edərək klinikalarda geniş tətbiq edilir.
Arteriyalara damarlarına kontrast maddə yeridilməsi ilə aparılan rentgenoloji müayinəyə arterioqrafiya deyilir. Lakin məhəlli olaraq aparılan arterioqrafiyalar xüsusi adlarla adlanılır: aortoqrafiya, arterioqrafiya, seliakoqrafiya, mezenterioqrafiya və s.
Kontrast maddə damar mənfəzini doldurduqdan sonra onun təsviri aydın görünür. Əvvəlcə iri damarlar, sonra orta və nahayət kiçik damarlar kontrastlaşır, sonradan kontrast maddə kapillyarlara keçir. Ona görə də müayinə edilən üzvün kontrastlığı artmış olur. Axırıncı mərhələdə kontrast maddə venoz sistemə daxil olur. Beləliklə, angioqrafiya zamanı kontrastlaşma bir neçə fazada gedir: arterial, kapilyar (parenximatoz) və venoz.
Mənbə: Radiodiaqnostika, Həkim və tələbələr üçün dərslik. ( Bahadur Baxşiyev)
Redaktə etdi: Ziya Mehdiyev
Tərtib etdi: Aysel Əliquliyeva