Aseksuallıq nədir? Aseksuallıq və təkamül

Post date:

Author:

Category:

Günümüzdə sayları çox olmasa da, bəzi insanlar özünü “aseksual” (heç bir cinsə seksual istək hiss etməyən və cinsi əlaqəyə maraq duymayan şəxs ) olaraq təsvir edir. Yaxşı bəs aseksuallıq “normal” bir fenomendir yoxsa xəstəlikdir? Təbiətdə aseksuallığın yeri nədir? İnsanlar şəxsi seçimlərinə görə yoxsa genetik və ya hormonal təsirlərə görəmi aseksual olurlar? Ətraf mühitin buna təsiri nədir? Özlərini “aseksual” kimi təsvir edən insanlar həqiqətənmi aseksualdırlar?

Bunlar hələ də cavabı axtarılan və insanları düşündürən suallardır. Bu mövzuda elmi araşdırmaların verdiyi məlumatlar insanlara ən aydın cavabları təqdim edir və buna görə də gəlin nəticələrə birlikdə nəzər yetirək.

Əvvəla aseksuallıq Nicole Prause və Dr. Cynthia Grahamın Archives of Sexual Behavior jurnalının 36-cı nömrəsində nəşr olunan məqaləsində də izah verdiyi kimi, “hər hansı bir cinsə və yaxud da seksual istəyə tam və ya qismən marağın itməsi” mənasına gəlir. Ancaq 2004-cü ildə Anthony Bogaert-in Aseksuallıq: “Ümumxalq ehtimal nümunəsinə əsaslı yayılma və əlaqəli faktorlar” adlı məqaləsində bildirdiyi kimi, “cinsi oriyentasiya itkisi” olaraq da izah edilə bilər. Bir neçə müstəqil araşdırmadan əldə edilən ortaq nəticəyə görə, dünyadakı ümumi insan populyasiyasında aseksualların nisbəti 1% və ya daha azdır.

Aseksaullığı homoseksuallıqla qarışdırmaq olmaz. Aseksuallıq çox vaxt “cinsi əlaqədən uzaq durmaq” ilə qarışdırılır. Bu heç də doğru yanaşma deyil, çünki dinə və ya şəxsi görüşlərə görə cinsi münasibətdən uzaq durmaq və cinsi münasibətə istəkli olmamaq tamamilə fərqli məsələlərdir. Birincidə, cinsi əlaqə qurmaq seçimi olsa da, ikincidə isə bildiyimiz kimi işə əldə olmayan müəyyən ünsürlər qarışır.

2004-cü ilin avqust ayında aparılan bir araşdırmaya görə aseksual olduğunu iddia edən çox sayda şəxsin cinsi münasibətləri olduğu məlum olub bunun səbəbi olaraq isə zövq almaq yox “romantik münasibətlər” və ya “uşaq sahibi olmaq arzusu” göstərilmişdir.

Bu bizə onu göstərir ki, aseksual fərdlər cinsi əlaqəyə istəkli olmasa da cinsi əlaqədə ola bilirlər. Bu bir növ tərəvəz yeməyən, ancaq arada yeməyə məcbur olan uşaqların tərəvəz yeməsi ilə müqayisə edilə bilər. Qısaca bir şeyə istəkli olmamaq , onun heç vaxt edilməyəcəyi mənasına gəlmir və bu vəziyyət aseksualların cinsi əlaqədə olması üçün də keçərlidir.

Burada ayırd etməli olduğumuz digər məqam aseksual (qeyri-cinsi) çoxalma ilə aseksuallıq arasındakı fərqi anlamaqdır. Canlıların aseksual (qeyri-cinsi) çoxalması mitoz və vegetativ üsullarla sayının artması deməkdir və cinsi davranış növü olan aseksuallıqla heç bir əlaqəsi yoxdur. İnsan cinsi çoxalma ilə çoxala bilən eukariot bir canlıdır, lakin insan populyasiyasında “aseksual” kimi adlandırdığımız cinsi üsul ilə çoxalan, ancaq buna istək duymayan ( cinsi əlaqə olmadan da çoxala bilməyən) bir qrup kəsim də mövcuddur.

Nə olursa olsun, insan növü bütün digər növlər kimi nəslini davam etdirmək üçün çoxalmalıdır. İndiyə qədər bunu etməyən, edə bilməyən və ya etmək istəməyən nəsil yox olmuşdur.

Əslində müzakirənin məğzinə bu son cümlədə aydınlıq gətirilir. Aseksual davranış, əlbəttə ki seçim məsələsidir, (zehni) ancaq nə olursa olsun, bioloji nəslin qorunması lazım gələrsə, normal çoxalma məcburidir. Açıqcası bu nöqtədən sonra belə düşünmək olar: Aseksuallıq seçim məsələsidir və bizi maraqlandırmamalıdır. Təəssüf ki, məsələ bu qədər sadə deyil.

Aseksual insanlar seksuallığa olan marağını həqiqətən itiriblərmi? . Bir gün səhər yuxudan oyandığımız zaman ” Artıq aseksual bir insan olacağam” deyə bilərsinizmi? Yaşadığınız bir travma (təcavüz kimi) sizin aseksual olmağınıza səbəb ola bilərmi? Bütün bu kimi suallar fərdlərin seçimlərinə təsir göstərən bioloji, mədəni ünsürlərin məhsuludur.

Aseksuallıq bir seçim məsələsidirmi?

BBC-nin aseksuallar üzərində apardığı araşdırmadan olduqca maraqlı nəticələr əldə edilmişdir. Birincisi, tədqiqat bizə aseksuallığın seçim olmadığını, doğuşdan gəldiyini, yəni “cinsi oriyentasiya” olduğunu göstərdi. Necə ki heteroseksual erkəklər doğulduqdan sonra “normal” olaraq dişilərə maraq göstərirsə və bunun üçün hər hansı təhsil ya da mədəni baza lazım deyilsə, aseksuallar da doğulduqdan etibarən heç bir seksual istək hiss etmirlər.

Təbii ki, burda da istisnalar var, ancaq müxtəlif araşdırmalar böyük bir qismin anadangəlmə aseksual olduğunu göstərir. “Independent” qəzetinə müsahibə verən və özünü aseksual hesab edən Tessa Barratt vəziyyətini belə açıqlayır:

“Cinsi əlaqədən uzaq olmaq bir seçimdir, lakin aseksuallıq seçim deyil, cinsi oriyentasiyadır. Belə olmağı siz seçmirsiniz, belə doğulursunuz. Bəzi insanlar aseksuallığı anlamaqda çətinlik çəkirlər. Bir insanın seksual istəyinin olmamasının mümkünlüyünü və cinsi münasibətdən uzaq qala biləcəyini başa düşə bilmirlər.”

Aseksuallığı izah edən AVEN Üçbucağı olaraq bilinən bir qrafik.Üçbucağın yuxarı hissəsində Kinsey şkalası yəni insanların fərqli cinsi oriyentasiyasının yayılması göstərilir. Üçbucağın altındakı üçüncü bucaq cinsi oriyentasiyanın “başqa bir ölçüsünü” müəyyənləşdirir. Üst kənar və alt künc arasındakı rəng keçidi seksuallıq və aseksual arasındakı keçidi təmsil edir.

Bu mövzuyla əlaqəli ağla gələn ilk suallardan biri aseksualların şəxsi həyatlarında masturbasiya edib-etmədikləridir. Bu sual ilk baxışdan çox narahat edici görünə bilər, ancaq masturbasiyanın təbiiliyini anlasaq, bu sualın arxasındakı elmi maraq da başa düşüləcək. BBC-nin bu mövzudakı araşdırma nəticələri bir az qəribədir. Aseksual olduğunu deyən insanların əksəriyyəti masturbasiya edir. Bu isə bizə bu reallığı göstərir: aseksualların libidoları var, lakin hansısa səbəbə görə bu libido cinsi əlaqəyə girməklə nəticələnmir.

Aseksuallıq və Təbiət

Artıq Yer üzündə canlılar 4 milyon ildir ki, təkamül edir və bunun yarısına bərabər müddətdə də cinsi çoxalma təkamül etməkdədir. Bildiyimiz kimi çoxhüceyrəli canlıların cinsi çoxalması təbiətdəki cinsi seçmə qanunlarına görə yaşamaq uğrunda kəskin mübarizəyə və seksuallıq üçün ölümə qədər gedə biləcək savaşlara səbəb olmaqdadır.

Hətta müasir elm canlıların quruluş təkamülünün 50%-nin təbii seçmədən , 50 %-nin isə cinsi seçmədən qaynaqlı olduğu fikrini irəli sürür.

Əlbəttə ki bunun arxasında genetik və ətraf mühit faktorları da durur, ancaq canlıların bioloji varlıq olaraq məqsədlərinin və həyatlarını formalaşdıran hədəflərinin sağ qalmaq və çoxalmaq olduğu şübhəsiz qəbul olunur. Bir çox canlı ( xüsuslilə də heyvanlar) ömrünün çox hissəsini sağ qalmağı və çoxalmağı davam etdirəcək istiqamətdə davranışlar sərgiləyərək yaşayır.

Aseksual heyvan növünə nümunə olaraq dəniz ulduzları

Ancaq təbii ki günümüzdə bəzi heyvanlarda da aseksual davranışlar mövcuddur. Belə ki, məşhur təkamül bioluqu olan Con Maynerd Smit (John Maynard Smith) bu azsaylı aseksual canlıların günümüzə qədər gəlib çatmasını “ Təkamül skandalı” olaraq adlandırır. Çünki təbiətdə həyatda qala bilməyən və çoxala bilməyən canlılar məhv olmaqdadır. Bu vəziyyətdə aseksuallığın günümüzə qədər necə gələ bildiyi ağıllarda sual doğurur. Lakin bu sualın cavabı da təkamül prosesində gizlənir.

Aseksual növlərin xüsusiyyətlərinə baxdığımız zaman aseksuallığın gətirdiyi təkamüldə mənfi sayıla biləcək keyfiyyətləri kompensasiya edəcək başqa bir sıra keyfiyyətlərin təkamül etdiyini görə bilərik. Məsələn, aseksual sürünən növlərində partenogenez deyilən bir üsulla çoxalma var.

Yeni Meksika kərtənkələlərində (Cnemidophorus) bütün fərdlər dişidir. Çoxalma dövründə bu fərdlərdə baş verən hormonal dəyişikliklər onların erkək fərd kimi davranmağına səbəb olur və erkək fərd kimi davranan bu fərdlər həqiqi dişilərlə birləşərək çoxalmanı davam etdirirlər. Ancaq mühitdə nə erkək fərd , nə də sperm olur. Və yaxud da rotatorilərə aid “bdelloid” olaraq tanınan canlılar aseksual olmaqlarına baxmayaraq özləri üçün inkişaf etdirdikləri ekstrimal bir fərqli keyfiyyət qazanıblar. Bu canlılar yumurta qoyurlar , ancaq bu yumurtalarının inkişafı üçün erkəklərə və spermə ehtiyacları yoxdur. Yəni bu canlılarda yenə də çoxalma mövcuddur, ancaq bu cinsi çoxalma deyil, aseksual, yəni qeyri-cinsi çoxalmadır.

İnsanı digər heyvanlardan ayıran fərqlər varmı?

İnsanlarda qeyri-cinsi ( aseksual) çoxalmaya rast gəlinməsə də, aseksuallığa rast gəlinir. Ümumiyyətlə, təbiətdə insandakı aseksuallıq anlayışından görmək çətindir. İnsan “ həyatda qalmaq” və “ çoxalmaq” ikili anlayışını qırmış bir canlı növüdür. Əslinə qalarsa insan növü də bu ikilini qıra bilməmişdir, ancaq qırmış davrana biləcək qədər yüksək bir zəkaya sahibdir. Lakin adi bir insanın həyatına nəzər saldıqda, həyatının çox hissəsinin bir çox mədəni təkamül məhsulu (incəsənət, musiqi, din və.s.) ilə yanaşı, yaşamaq uğrunda mübarizə (iqtisadi və sosial-mədəni baxımdan) və çoxalma (evlilik, övlad sahibi olmaq və.s. ) üzərində qurulduğu görülür. Əlbəttə ki bunun xaricinə çıxa bilən insanlar da vardır, ancaq bizlər ümumi populyasiyanı analiz etdiyimiz zaman əsas olaraq qrafikdəki əyrinin ortasındakı rəqəmləri norma olaraq qəbul edirik. Sözsüz ki, uc nöqtələrdə yer alan azlıq da populyasiya üçün böyük önəmə sahibdir, belə ki onlar ehtimal edilən təkamül prosesinin hansı yönə istiqamətlənməsini müəyyən edirlər (bir baxıma populyasiyanın hansı yönə doğru yol alacağı ətraf mühit təzyiqlərinin uclardakıları dəstəkləyib- dəstəkləməsi ilə formalaşır).

İnsanlarda mövcud olan aseksuallıq anlayışı uzun müddət alimlərin diqqət mərkəzində olmuşdur. Məsələn, 1948- ci ildə dərc olunan və elm aləminə böyük səs gətirən Dr. Alfred Kinseyin “İnsan erkəklərindəki cinsi davranışlar” adlı məruzəsində açıq şəkildə bunlar yazmaqda idi: “ İnsanları qoyunlar və keçilər olmaqla iki yerə ayrıla bilmərik!”. Kinseyin bunu deməkdə məqsədi insan populyasiyasının təkcə “qadınlar” və “kişilərdən” ibarət olmadığını vurğulamaq idi. Kinseyin təsnifatına görə X adı verilən cinsiyyətsiz insanlar da mövcuddur. Yəni Kinsey və tərəfdarlarına görə insan cinsiyyətləri iki uclu bir mizraq kimi deyil, spektrum olaraq təsnifləndirilməlidir. Buna baxmayaraq Kinseyin cinsiyyət paylanmasında X qrupuna tam olaraq yer tapılmamışdır. Havlakın apardığı araşdırmaya görə isə kişilərin 1,5 % , qadınların isə 15 % -i cinsi istək hiss etməməkdədir və buna görə də X qrupuna daxil olmaqdadırlar.

Alfred Charles Kinsey, 1894-1956 illər arasında yaşayan məşhur bioloq, psixoloq, entomoloq, zooloq və seksoloq, 1948-ci ildə nəşr olunan “İnsan dişilərində cinsi davranışlar” kitablarının müəllifidir.

2001-ci ildə qurulan Aseksuallar Cəmiyyətinin (Asexual Visibility and Education Network, yaxud AVEN) hal-hazırda sayca 19.000- 30.000 arasında üzvü var. Bu mövzu üzərində araşdırmalar davam edir və elm aləmi aseksuallığın normal cinsi orientasiyamı yoxsa hormonal/genetik pozğunluqmu olması ilə əlaqəli hələ də ortaq qərara gələ bilmir. Çünki əvvəllər xəstə olaraq qəbul olunan cinsi oriyentasiya xəstəliklərində fobiya (qorxu) amili mühüm yer tuturdu. Yəni bu insanların “xəstə” sayılmasının səbəbi, beyindəki dəyişikliklər səbəbiylə seksdən qorxmaqları idi. Aseksuallar üzərində aparılan araşdırmalar isə göstərdi ki, bu insanların demək olar ki, heç biri seksdən çəkinmir, sadecə buna qarşı bir istək duymurlar və lazım olduqda bunu asanlıqla edə bilirlər.

Nəticə

Əlbəttə bu mövzuda aparılan araşdırmaların sonu yoxdur və gündən-günə yeni kəşflər edilir. Bununla birlikdə unudulmamalı olan bir neçə vacib məqamı bu şəkildə ümumiləşdirə bilərik:

  • Aseksuallıq insan populyasiyasında tamamilə normal qarşılanmalıdır. Necə ki hiperseksual insanların varlığı normal qəbul edilirsə, aseksual insanların varlığı da normal qarşılanmalıdır. Aseksuallığın səbəbi tam olaraq bilinməsə də genetik faktorların olduğu dəqiqdir. Həmçinin ətraf mühit amillərinin təsiri ola biləcəyinə dair fikirlər də mövcuddur. Xüsusilə bəzi hallarda insanlarda şiddətli travmalardan sonra cinsi münasibətdən soyuma müşahidə oluna bilir. Bunun səbəbi güclü hormonal təsir nəticəsində beyin quruluşunda olan dəyişikliklər ola bilər və bu mövzudakı araşdırmalar davam edir.
  • Bir tərəfdən isə genlərdə meydana gələn dəyişikliklər və ya cinsi çoxalma zamanı yaranan genetik kombinasiyalara görə bu cür variasiyaların əmələ gəlməsi nəticəsində aseksuallığın anadangəlmə olduğu düşünülür.

İnsanlar nə qədər mədəni quruluşa sahib olsa da, bioloji varlıq olaraq  həyatları çoxalmasına və yaşamaq uğrunda mübarizəyə bağlıdır.

Bütün bunlar bir kənara qoysaq, insan nə qədər mədəni quruluşu ilə kamuflyasiya olunmuş olsa da, insanın bioloji bir varlıq kimi həyatda qalması onun çoxalması və yaşamaq uğrunda mübarizəsinə bağlıdır. Bunu ən sadə şəkildə belə başa düşə bilərik: İnsan musiqi bəstələmədən, dinlərlə məşğul olmadan, incəsənət istehsal etmədən, elmlə maraqlanmadan, kitab oxumadan və sosial qarşılıqlı ünsiyyətə girmədən müəyyən dərəcədə yaşaya və varlığını davam etdirə bilər, ancaq bioloji varlıq olaraq yaşamımızı davam etdirmənin yeganə yolu sağ qalmaq və çoxalmağa davam etməkdir. Bütün insanlar incəsənətdən (və ya digər mədəni təkamül məhsullarından) imtina edərsə, mövcudluğumuz davam edəcəkdir. Ancaq bütün insanlar eyni zamanda sağ qalmaqdan və ya çoxalmaqdan imtina etsələr, 70-80 il sonra, bu gün doğulan ilk körpələr də öldükdən sonra Yer üzündə heç bir insan fərdi qalmayacaq.

Mədəni təkamülümüz bəzən bioloji təkamülümüzü maskalayır,  gizlədir və bu şəkildə dəyişdirir. İnsanın da heyvan növü olduğunu unutmaq olmaz. İnsanı insan edən xüsusiyyətlər onun bioloji təkamül edən zəkasının nəticəsində əmələ gələn fikri, mədəni təkamüldən qaynaqlanır. Bu səbəbdən hər mədəni təkamül amilinin arxasında bioloji təkamül parçaları və amilləri ola bilər. Lakin bu o demək deyil ki mədəni təkaümülün hər mərhələsi bioloji təkamül sayılır, bunu iddia etmək mümkün deyil. Ancaq mədəni təkamülün təməlinin bioloji təkamül olduğunu inkar etmək cəhalətdən və inaddan başqa heçnə deyil.

Ümid edirik ki, populyasiya daxilində olan bütün müxtəlifliklərə hörmət etməyi bilən fərdlər olmağı bacara bilərik. Və inanırıq ki, bu yazımız fərqli bir anlayışı tanımağınıza və marağınızı dindirməyə kömək edəcək.

İndi isə yazımızı biitirmədən əvvəl 8 başlıqda aseksuallığı ifadə edək:

  • Asessuallıq ilə Cinsi münasibətdən uzaq durmaq anlayışlarının fərqli olduğunu bilin!

Aseksuallıq anadangəlmə bir xüsusiyyətdir və fərdin şəxsi seçimi deyil. Dini və ya şəxsi səbəblərdən cinsi münasibətdən uzaq durmaq aseksuallıq deyil. Bütün aseksuallar cinsi münasibətdən uzaq qalmır, sadəcə bioloji cinsiyyətlərinin xüsusiyyətlərini daşımırlar.

Aseksuallar gizli homoseksuallar deyillər! Aseksuallar təkcə qarşı cinsə qarşı yox, həm də öz cinslərinə qarşı da seksual istək hiss etmirlər.

  • Aseksuallar seksual hislərini boğan insanlar deyillər!

Aseksuallar aseksual olmağı seçmirlər. Ritualları səbəbindən cinsi əlaqədən uzaq olanlar evləndikdən sonra cinsi həyatlarına normal bir şəkildə davam edirlər. Aseksuallar isə əksinə ən sağlam evliliklərdən belə uzaq qalırlar və buna isti yanaşmırlar. Bu, onların seçimi deyil, bu onlar üçün “normal” olan bir şeydir ( necə ki bir erkəyin bir dişiyə maraq duyması və ya əksi normal olduğu kimi)

  • Dəyişim gözləməyin! Aseksuallar dəyişməyəcək!

Qəbul olunmuş inancın əksinə olaraq, aseksuallar “uyğun insanı tapdıqda” seksual istək hiss etməyə başlamayacaq və bu ömrü boyu da dəyişməyəcəkdir. Aseksuallar aseksual olaraq doğulurlar və ömrü boyu aseksual olaraq qalacaqlar. Aseksuallıqda transseksuallıq kimi dəyişim istəyi olmur.

  • Potensiallarını anlayın!

Aseksuallar cinsi əlaqədən ibarət olmayan münasibətlərə qarşı deyillər və sevgililəri, həyat yoldaşları ola bilər. Sadəcə seksual əlaqə qurmaq istəkləri olmur, zövq almırlar. Daha əvvəl də izah etdiyimiz kimi, bəziləri uşaq sahibi olmaq üçün zövq almasa belə cinsi əlaqədə ola bilirlər.

  • Aseksual olmaq yaxınlaşmaqdan çəkinmək və öpüşməyi sevməmək demək deyil!

Aseksual insanlar da həmçinin qucaqlaşa, toxunub öpüşə bilərlər. Aseksuallar da sevgi, eşq kimi hisslərə sahibdir, ancaq bunun nəticəsi kimi bioloji hədəf olaraq gözlənilən seks fenomenindən uzaqdırlar. Hər kəs kimi digər ehtiraslara da sahibdirlər.

  • Aseksuallığın xəstəlik olması fikirlərini beyninizdən atın!

Aseksuallıq seçilə bilən bir şey deyil; buna görə psixoloji xəstəlik hesab edilmir. Bu hormonal fəaliyyətdəki fərq və beyindəki sinir şəbəkələrinin fərqli tənzimlənməsi ilə əlaqəlidir. Aseksuallığın “müalicəsinə” ehtiyac yoxdur; eynilə “erkək olmağın müalicəsi” lazımsız olduğu kimi. Xatırladaq ki, müasir elmdə cinslərin 2 ilə məhdudlaşmadığı müzakirələr gedir.

  • Aseksualların demək olar ki, heç biri təcavüz / şiddət hadisələri nəticəsində aseksual olmamışdır!

İnsanlar aseksuallığın psixoloji müdafiə yolu olduğunu düşünürlər. Çox məhdud sayda və nadir hallarda buna rast gəlinə bilər, ancaq əksəriyyəti normal uşaqlıq keçirmiş insanlardır. Buna görə ümumiləşdirmə etmək düzgün deyil. Hələ də aseksuallığın dəqiq səbəbi bilinmir, ancaq bu mövzuda olan araşdırmalar davam edir.

Mənbə:

https://evrimagaci.org/aseksuellik-ve-evrim-339

Tərcümə etdi:

Aysel Əliquliyeva

Nisə Qulizadə

Tünzalə Bayramova

Redaktə etdi:

Aysel Əliquliyeva

Nisə Qulizadə

STAY CONNECTED

19,724FansLike
2,186FollowersFollow
0SubscribersSubscribe

INSTAGRAM

Elekron necə kəşf edildi?

İlkin fikirlər Bizim eradan bir neçə əsr əvvəl qədim yunan alimləri yunla sürtülmüş kəhrəbanın yüngül cisimləri...

Beyin donması nədir?

Sizdə də heç belə olub? Soyuq, şirin, dadlı dondurma yeyirsiniz vəə... Budurr! sanki beyniniz donur! Nə baş verdi?

“Qara qızıl” – Neftin tarixi

Neftin fiziki və kimyəvi xassələri Neft, əsasən karbohidrogenlərin və digər üzvi birləşmələrin mürrəkkəb qarışığından ibarət spesifik iyə malik yanar mayedir....