Asetilxolin nədir? // Ensiklopedik bilgi

Post date:

Author:

Category:

ASETİLXOLİN: CH3COOCH2CH2N + (CH3)3OH (red, qısaca böyük A hərfi ilə işarə edilib) – neyronlar arasında və neyronlardan əzələ və vəzi hüceyrələrinə siqnalları sinapslar vasitəsilə ötürən mediator. A.-in mediator funksiyasını (kimyəvi vasitəçi vəzifəsini) O. Lövi müəyyən etmişdir (1921); neyronların qarşılıqlı təsirində A.–in iştirakı H. Deyl tərəfındən sübuta yetirilmişdir. A. bitki və heyvan toxumalarında, xüsusən sinir hüceyrələrində geniş yayılmışdır. A., sinir hüceyrələri tərəfındən xolinasetilaza fermentinin iştirakı ilə xolin və sirkə turşusundan sintez olunaraq sinir ucları vasitəsilə presinaptik hüceyrələrin qovuqcuqlarında toplanır (hər birində 5–dən 10 minədək A. molekulu) və qıcıqlanma zamanı sinaptik yarığa boşalır. Sinir, əzələ və sekresiya hüceyrələrinin postsinaptik membranlarının reseptorları ilə (xolinoreseptorlarla) qarşılıqlı təsir zamanı A., bu hüceyrələr üçün spesifik olan müvafıq oyanma və ya tormozlanma, yığılma və sekresiya kimi reaksiyalar törədir. Xolinoreseptorların iki əsas tipi təsvir edilmişdir. N i k o t i n tipli reseptorlar (nikotinə qarşı yüksək həssaslığına görə belə adlanır) həm baş beyin neyronlarında, həm də hərəki aksonların skelet əzələləri ilə təmas yerində mövcuddur və ion kanallarını təşkil edir. A.–in təsiri ilə ion kanalları açılır, natrium ionları hüceyrəyə daxil olmaqla, onu depolyarizasiyalaşdırır və nəticə etibarilə sürətli elektrik siqnalının generasiyası baş verir. Muskarin tipli reseptorlar (milçəkqıran zəhərli göbələyin toksini olan muskarinə qarşı həssasdır) baş beyin neyronlarında, sekresiya hüceyrələrində, saya əzələ və miokard hüceyrələrində lokallaşmışdır. Onların aktivləşməsi hüceyrənin funksional vəziyyətinin nisbətən zəif dəyişikliyinə səbəb olan bir sıra hüceyrədaxili kimyəvi reaksiyalar seriyası ilə müşayiət edilir.

Asetilxolinesteraza fermentinin təsirindən sürətlə parçalandığına (hidroliz olunduğuna) görə sinaptik yarıqda az müddətə qalan A. molekulları diskret sinir impulslarının sinaptik ötürülməsini təmin edir. Ferment A.–in postsinaptik yarıqda toplanmasına və postsinaptik hüceyrələrin uzunmüddətli aktivləşməsinə mane olur. Bəzi dərman preparatlarının (antixolinesteraza vasitələri) təsiri A. molekullarının sinaptik yarıqda postsinaptik membranlara tərəf diffuziyasının zəiflədilməsi, A.–in təsirinin bərpa edilməsi və ya ona maneçilik törətməsi (xolinergik vasitələr) qabiliyyətinə əsaslanır. Asetilxolinesterazanın ləngidici təsirindən A.–in həddən artıq toplanması siqnalların hərəki sinirlərdən əzələlərə ötürülməsinin qarşısını almaqla onların iflicinə, tənəffüsün dayanmasına, ürək fəaliyyətinin yavaşımasına, qan təzyiqinin aşağı düşməsinə, bronxların spazmına, psixi funksiyaların pozulmasına, vəzilərin sekresiyasının güclənməsinə səbəb olur. Fosfor–üzvi insektisidlərin və zəhərləyici maddələrin (o cümlədən zarin və zomanın) yüksək zəhərliliyi məhz bu fermentin ləngidici təsiri ilə bağlıdır.

 

Azərbaycan Milli Ensiklopediyası, səh 95

STAY CONNECTED

20,764FansLike
2,460FollowersFollow
16,400SubscribersSubscribe

INSTAGRAM

Ziya Mehdiyev
AZƏRBAYCAN TİBB UNİVERSİTETİNDƏ TƏHSİL ALIR. ƏSASƏN FƏLSƏFƏ,PSİXATRİYA/PSİXOLOGİYA,TİBB BÖLMƏSİNDƏ MƏQALƏLƏR YAZIR. REZONANSIN İDEYA MÜƏLLİFİDİR.

Tisian Veçellionun Urbinolu Venera əsəri

Üst Renesans dövrünün ən yaxşı rəssamlarından biri hesab edilən Tisian Veçellionun (1480/1485 – 1576) ən məhşur, gözəl, cəsur və qalmaqallı əsərlərindən olan...

Parasetamol (Asetaminofen) dərmanın təsirləri

Digər bilinən adları ilə: "Panadol", Tylenol və.s. Aid olduğu farmakoloji qrup: Qeyri-steroid iltihab əleyhinə maddələr. Farmakodinamikası:...

Diklofenak (Voltaren) dərmanının təsirləri

Farmakoterapevtik qrupu: Qeyri-steroid iltihabəleyhinə preparat (QSİƏP) Farmakodinamikası: Diflofenak qeyri-selektiv SOG 1 və SOG 2-nin inhibitorlarıdır. SOG 1 və SOG...