Astek sivilizasiyası / Mezoamerika mədəniyyəti

Post date:

Author:

Category:

Astek sivilizasiyası

Mayya mədəniyyətinin süqutundan Kolumb dövrünə qədər ki, Mərkəzi Amerika sonuncu sivilizasiyaya daxil olur. Bu sivilizasiyanı yaradanlar asteklər (1200-1521) idi. Onlar özlərini şöhrətli rəhbərlərini meşika adlandırırdılar. Deyilənlərə görə, o, bu xalqa özlərinin əfsanəvi vətəni olan Astlanı tərk edənə qədər rəhbərlik etmişdir. Vətənin adına görə, bu xalqı asteklər (“Astlan adamları”) adlandırırlar. Həmin ada görə bu, gölün ortalarında yerləşmiş bir ada idi. Meşiklər burada 1068-ci ilə qədər yaşamışlar. Meşiklərin hansı səbəbdən səkkiz qohum tayfalarla cənuba irəliləməsi haqqında indiyədək heç bir dəqiq məlumat yoxdur. Əldə olunan məlumatlar bunu onların baş tayfa allahı olan Uittsilopoçtlinin tayfa başçılarına kaktus üstündə oturmuş halda ilan yeyən qartalın yerləşdiyi yerə qədər getmək haqqındakı əmri ilə izah edilir. Meşiklər əzab-əziyyətli yol getdikdən sonra duzlu Teskoko gölündəki bataqlıqlı adaya gəlib çatır. Onlara hirsli Uittsilopoçtli kömək edir. Onlara hərbi ruhu yeridən Uittsilopoçtlinin köməkliyi ilə tayfalar Mexiko düzənliyinə gəlib-çatır və burada sıx şəkildə məskunlarışlar. Burada onlarla şəhər yerləşirdi və torpaq uğrunda gərgin mübarizə başlayır. Meşiklər də bu mübarizəyə qoşulurlar. Onlar burada mövcud olan bütün xalqları özlərinə tabe etməyə, mədəniyyətlərinə yiyələnməyə çalışırlar. Özlərinin hərbi bacarıqlarını, yüksək adaptasiya xüsusiyyətlərinə, diplomatiyaya görə möhkəm qüvvəyə çevrilərək Teskoko rayonunda öz mövqelərini gücləndirirlər. Bu zaman meşiklərin rəhbəri Tenoç idi. Bu rəhbərin şərəfinə onlar tenoçlar da adlandırılmağa başlayır. Tenoçların məskunlaşdıqları yer isə, Tenoçtitlan adlandırılmağa başlayır. İki görkəmli rəhbərlərin Meşi və Tenoçun adı şəhərlərin adında əbədiləşdirilir. Atseklərin mədəniyyətinin əsası allahın şərəfinə məbədin inşaası ilə başlayır. Bu hadisə, həm də inşaat sənətinin təşəkkülünə təkan verdi ki, nəticədə Tenoçtitlan böyük şəhər olan Mexikoya çevrilir. Şəhərin genişlənməsinə mane olan əsas problemlərdən biri quru yerin az olması idi. Lakin atseklər bu problemin öhdəsindən məharətlə gəlirlər. Tenoçtitlan fantastik gözəl şəhər idi. Gölün mavi – qar kimi ağ binalar ucaldılmışdı. Bunlar qızıl və qiymətli zinətlərlə bəzədilmiş çoxmərtəbəli ehramlar idi: beşmərtəbəli saraylar, barelyef, heykəl nümunələri, freskalarla bəzədilmiş, giriş hissədə möhtəşəm pilləkənlər mühüm yer tuturdu. Şəhər yaşıl bağlara qərq olmuşdur. Tenoçtitlanın ən mötəbər yerlərindən biri nəhəng məbəd kompleksi idi. Onun adı Koatokalli (müxtəlif allahların evi) idi. Bu asteklərin özünəxas panteonu idi. Şəhər sakinləri ilahi qüvvələrə çox inanırdı. Ən ali ilahi 13-cü səmada yerləşən Ometeotl hesab edilirdi. O, insan həyatına qarışmadığından asteklər öz dualarında məşhur “Meksika üçlüyünə” — Ketsalkoatl, Teskatliploka və Uittsiolopoçliyə müraciət edirdilər. Ən mötəbər allahlardan biri də yağış allahı Tlalok və onun arvadı Çalçiuitlikue idi. Bu məşhur məbəd onlara ithaf olunmuşdur.

Tenoçtitlan, həm də dünyanın ən iri şəhərlərindən idi. Şəhər sakinlərinin sayı 300 min nəfəri əhatə edirdi. XV əsrin əvvəllərində bu şəhər üç şəhərin – Tenoçtitlan, Teskoka, Takubanın hərbi konfederasiyasının mərkəzinə çevrilir. Tezliklə o, yeni imperiyanın mərkəzi olur. Belə ki, şəhər bir çox xalqlar – taraska, sapotek və d. üzərində ağalıq edərək, özünəməxsus idarəetmə üsulu, astek qarnizonunu yaradır. Tenoçtitlanda cəmiyyət kalpulliyə, yəni sosial qruplara bölünür. Bunların üzərində astek şurası (Tlatokan) dururdu. O, astek dövlətindən altı ali nümayəndə seçirdi. Bunların içərisində başçı “bütün insanların birincisi” (tlakatekutli) hesab edilirdi. O, öz əlində ali hakimiyyəti – dini, hərbi, siyasi hökmranlığı cəmləşdirirdi. İctimai pillənin aşağı təbəqəsini sanovnik tuturdu. Sanovnik ekzotik olan “ilan qadın” (siuakoatl) titulunu daşıyırdı. O, ali hökmdarın “müavini” rolunu oynayırdı. İmperatorun olmadığı vaxtda onun funksiyalarını siuakoatl həyata keçirə bilərdi. Tenoçtitlanda hərbi, məhkəmə və təsərrüfat işləri ilə məşğul olan xüsusi departamentlər fəaliyyət göstərirdi. Onların idarəolunması ilə məmurlar məhğul olurdu. Astek cəmiyyətində kahinlər mühüm rol oynayırdı. Beş minə yaxın ruhani gündəlik dini mərasimi yerinə yetirirdi. Onlara iki ali tlatoani (natiq) başçılıq edirdi. Bunlardan biri asteklərin baş allahının kahini Uittsilopoçtli, digəri Tlaloka kahini idi. Hakimiyyət iyerarxiyasının bütün bu pillələri şəhərin aristokratiyasına aid idi. Onun nümayəndələrinin adının ön hissəsinə “tsin” söz hissəciyi əlavə olunurdu. Bu söz alicənablığın əlaməti hesab edilirdi.

Əhalinin əsas hissəsini təsərrüfatçılar və sənətkarlar (azad cəmiyyət üzvləri — masexuali) təşkil edirdi. Torpaq kollektiv mülkiyyətində idi. Torpaq bölgüləri ömürlük mülkiyyətə çevrilmiş, əvvəlcə ailə başçısı, sonra isə, böyük oğula ötürülürdü. İxtisasa görə masexualilər müəyyən kvartallarda yaşayırdılar. Əhalinin ən kasıb hissəsi heç bir torpaq bölgüsünə haqqı olmayan kəndlilər idi. Cəmiyyətdə yüksək yer tutanlar tacirlər (poçteklər) idi. Onlar şəhər əhalisinin çox hissəsini təşkil edirdi. Astek tacirləri şəxsi kvartal, mərhələlərə malik idilər. Onların birliyi orta əsrlərin ticarət gildiyalarını xatırlayırdı. Onlar, həm də ticarətin ayrı-ayrı növlərinin inhisarçıları idi. Ona görə bu tacirlərə “ticarətin ağaları” -poçtekatlatoxkeklər deyirdilər.

Ticarət işində asteklərin pul funksiyasını qızıl qumla doldurulmuş quş lələklərinin özəyi və qiymətli minerallar (nefrit, füruzə və digər yaşıl daşlar) yerinə yetirirdi. Pulun digər ekvivalenti kakao məhsulları idi. Bunlardan içinə vanil, bal və aqavanın şirəsi qatılmış müqəddəs içki sayılan şokolad (“ürək və qan”) hazırlanırdı.

Astek cəmiyyətində fəxri peşələrdən biri hərbi iş idi. Bunun əsas səbəbi onun siyasi hadisə olmaqla yanaşı, dini ritual məqsədi daşıması ilə izah edilirdi. Allaha xidmətin bir növü kimi müharibə qan tələb edən ən kütləvi və gözəl adətlərdən biri idi. Asteklərin düşüncəsinə görə dünya dini mübarizə əsasında yeniləşir,ona görə də zorakılıq şeylərin nizamlanmasının təbii yoludur.Bu tezis asteklərin “çiçəklərin müharibəsi” (1450-1519) fəlsəfəsində də öz əksini tapmışdı. Asteklərin güclü ordusu mövcud idi. Silah daşımağı bacaran bütün kişilər əsgərlər sırasına daxil idi. 15 yaşdan etibarən oğlanlara hərb sənəti öyrədilirdi. Asteklərin əsas silahları ox və kaman, balaca oxlar idi. Yaşından asılı olmayaraq bütün kişilər uşaqlara xas saç düzümünə malik olmalı idi. Bu tələb sülhün qorunmasına xidmət məqsədilə, bir əsirin tutulmasına, təhvil verilməsinə qədər qüvvədə idi.

Tenoçtitlanda insanın qurban verilməsi təsadüfi deyil, ardıcıl şəkildə yerinə yetirilirdi. Ən böyük mərasim “Yeni od” adəti hesab edilirdi. O, hər 52 ildən bir keçirilirdi (Dövrləşmənin əsas səbəbi dünyanın ölməsi haqqında təsəvvürlərlə bağlı idi). Mərasimin keçirilməsində başlıca məqsəd Günəşin yenidən doğuşuna kömək etmək, kosmosun növbəti dövrləşməyə hərəkətini təmin etmək idi. Bu mərasimin kulminasiyasını qurbanın ürəyini sönən odun üstünə atmaq və yeni alovun başlamasına təkanın verilməsi idi. Alovun başlaması yeni dünyanın yaranmasının təcəssümü idi. Digər bayramlardan biri də kosmosun yaradıcılarından hesab edilən Teskatliploka həsr edilmiş Tokskatl bayramı idi. Hərbi əsirlərdən fiziki cəhətdən kamil bir kişi seçilirdi. O, böyük allahın rolunu oynamalı olur. Bir il ərzində ritorika və digər dərslər keçir ki, Teskatliplok allahının obrazını yarada bilsin. Lüt, rəqs və oxuyan Teskatliplok allahı şəhər boyu öz əsabələri ilə gəzir. Ona verilmiş dörd arvadı (nəsilartırma ilahəsi) öz istəyi ilə məbədin uca hissəsinə qalxmaqla kahinlərinə verir. Bu adət bir daha aşağıdakı həqiqəti təsdiqləyir: heç kim xoşbəxtlik, sağlamlıq və var-dövlətin itirilməsindən xali deyildi! Bütün bunlardan elə nəticə çıxartmaq olmaz ki, asteklər hər zorakılığa susamış təcavüzkar xalqdır. Məişətdə bu xalq qonaqpərvərliyi, qeyri-adi əməksevərliyi ilə fərqlənirdi.

Bütün Mərkəzi Amerika xalqları kimi asteklər də yazıya malik idilər. Onların da içərisindən görkəmli riyaziyyatçı və astronomlar, mühəndis və memarlar, aqronom və dulusçular, həkim və rəssamlar, heykəltəraş, aktyorlar çıxmışdı. Onların gözəlliyə, nitq mədəniyyətinə öz münasibəti vardı. Asteklərin nitqi rəngarəng və eleqantlı, mentaforil və ritorik üslublarla zəngin idi. “Qədim söz” adlı anlayış çıxışlar, bayram və xüsusi hadisələrlə bağlı nitqlərdə tətbiq edilirdi. Buna həm də asteklərin gündəlik məişətinə xas olan tapmacalar da daxil idi. Tapmacaların düzgün cavablandırılmasından insanın sosial zümrəsi müəyyən olunurdu. Astek cəmiyyətində qədim ənənələri mühafizə edən xüsusi intellektual qruplar da mövcud idi. Onları “əşyaların biliciləri”, yəni tlamatinlər adlandırırdılar. Tlamatinləlrin nailiyyəti qəddar hərbi, mistik-hərbiyə qarşı allahlara xidmətin düzgün yolunun müəyyənləşməsi təyin edirdi. Yüksək səviyyəli poemaların, estetik işlərin yaradılması belə nailiyyətlərdən idi. Tlamatinlər rəssamlar, heykəltəraş, filosoflar, musiqiçilər də ola bilərdi. Çünki onların hamısı Kainatın sirrini axtaranlardır. Astek mədəniyyətinin hər bir sahəsində bu sənət fəlsəfəsinin elementlərini tapmaq mümkündür.

Asteklərdə yetkin ədəbiyyat da da mövcud idi. Ədəbiyyat janrlar üzrə inkişaf etmişlər. Bunlardan ən geniş yayılanı tarixi nəsr idi: miflərlə reallıqların vəhdəti əsasında yazılmış yazılar ədəbiyyatda mühüm yer tuturdu. Öz populyarlığı ilə epik əsərlər başlıca əhəmiyyət kəsb edirdi. Dedaktiv traktatlar nəsrin rəngarəng növlərindən biri idi. Bu nəsr nümunələrinin mətnində əxlaqi meyarlar, mənəvi prinsiplərin möhkəmləndirilməsi güclü idi. Astek dramının özəyi müxtəlif allahların ayinləri ilə bağlı idi. Astek ədəbiyyatında poeziya da başlıca yer tuturdu. O, daha çox dini səciyyə kəsb etdiyindən müəllifin fərdi psixologiyası çox zəif formada təzahür edirdi. Məhəbbət mövzusu, demək olar ki, yox dərəcəsində idi. Astek poeziyasını “allahın nəğmələri” (qarğış, allaha çağırış, müraciət), hərbi nailiyyəti əks etdirən “hərbi” mahnılar, qadın və uşaq mahnıları və s. təşkil edirdi. Poeziyanın incisi fəlsəfi janr idi. Onun əsas motivini insan həyatının qısalığı təşkil edirdi. Bu janrın görkəmli nümayəndəsi Koyot (1418-1478) idi. O, kütləvi poetik və fəlsəfi festivalların təşkilatçısı idi. Poetik qabiliyyət astek cəmiyyətində fəxri səciyyə kəsb edirdi, hətta o, dövlət işi ilə eyni səviyyədə dərk olunurdu. Ona görə də, təhsil və tərbiyə bu mədəniyyətdə başlıca yer tuturdu. Artıq XVI əsrdə burada savadsız bir meksikan uşağına rast gəlinməzdi. Ölkədə bütöv bir pedaqoji sistemə malik iki tipli məktəb mövcud idi. Bunlar kütləvi məcburi xarakter kəsb edirdi: 15 yaşına çatmış gənc bacarığına görə tədris müəssisəsində təhsilə cəlb olunurdu. Birinci tipdən olan məktəb Telpoçkalli adlanaraq burada vuruşmaq və əməklə məşğul olmağın sirrləri öyrədilirdi. Əsas fənlərə hərbi iş, kanalların tikilməsi, bənd və möhkəmləndirmə işlərinin öyrənilməsi daxil idi.

İkinci tipdən olan məktəblər Kalmekak adlanaraq müqəddəs yerlərdə təşkil olunaraq daha çox intellektual inkişafa xidmət edirdi. Burada oxu, hesab, yazıdan əlavə, riyaziyyat, astronomiya, astrologiya öyrədilirdi. Şagirdlərə idrakın iki xarakteri – əqlin riyazi tərzi və dünyanı incə düyğularla qavrama bacarığı aşılanırdı. Gənc oğlan və qızlar fərdi və yüksək ciddiyyətlə tərbiyə olunurdu. Təhsil və tərbiyənin əsas məqsədi müdrik zəka, möhkəm qəlb aşılamaq təşkil edirdi. Bu asteklərin ideal insan haqqında təsəvvürlərinin təzahürü idi.

Asteklərin özlərinə xas qanunvericiliyi mövcud idi. Sərxoşluq ən ağır cinayət hesab edilərək ölümlə cəzalandırılırdı. Yalnız bəzi dini bayramlarda 70 yaşına çatmış kişilərə spirtli içkilər qəbul etməyə icazə verilirdi. Oğurluq isə ya cəzalandırılır, ya da oğru edənin qula çevrilməsi ilə nəticələnirdi. Tenoçtitlan ispanların 1519-1521-ci illərdəki işğalı ilə süquta uğradı. Atseklərin mədəniyyəti avropalılar tərəfindən darmadağın edildi. Bu dağılmış şəhər üzərində müasir Mexiko şəhəri salındı.

Mənbə: Mədəniyyət tarixi və nəzəriyyəsi. Ali məktəblər üçün dərslik. Bakı, 2010.

STAY CONNECTED

20,764FansLike
2,399FollowersFollow
16,400SubscribersSubscribe

INSTAGRAM

Ziya Mehdiyev
AZƏRBAYCAN TİBB UNİVERSİTETİNDƏ TƏHSİL ALIR. ƏSASƏN FƏLSƏFƏ,PSİXATRİYA/PSİXOLOGİYA,TİBB BÖLMƏSİNDƏ MƏQALƏLƏR YAZIR. REZONANSIN İDEYA MÜƏLLİFİDİR.

Günəşin təkamülü: Necə var oldu və necə yox olacaq?

Nebulyar hipotezinə əsasən günəş və günəş sistemimizin bütün planetləri təqribən 4,5 milyard il əvvəl nəhəng bir molekulyar qaz və toz buludunun...

Epigenetika nədir?

İnsan genomunu kodlaşdırarkən dörd hərfdən istifadə olunur. S,Q,A,T.- bunlar DNT-zəncirini əmələ gətirən hərflərdir. Biz bu hərflərdan 3 milyonunu anamızdan, 3 milyonunu da...

“Affiliate” marketinq nədir?

"Affiliate" Marketinq qısaca olaraq məhsulların, xidmətlərin, veb saytların və ya şirkətlərin reklamlarını edərək hər uğurlu satışdan qazanc əldə etməkdir.