Ayzek Azimovun “Robotların Xəyalları” (“Robot Visions”, 1990) kitabının üz qabığı. Rəssam: Ralf Makkuorri (Ralph McQuarrie, 1929-2012)

Ayzek Azimov1

“Robotexnikanın qanunları” (1979)2

 

Kompüterlərin yerimizi “ələ keçirəcəkləri” barədə narahatlıq keçirmədən onlar haqqında düşünmək asan deyil.

Bizim də öz vaxtımızda nizə və qov qutusu ilə hesablaşmışdığımız kimi, onlar da bizi əvəz edəcəklərmi, hər hansısa bir qalığa çevirəcək, zibilliyə atacaqlarmı?

Əgər robot adlandırdığımız, insanın metal təqlidinin daxilində kompüter beyni təsəvvür etsək, qorxu daha çox hiss olunacaq. Robotlar insanları elə xatırladırlar ki, bircə xarici görünüşləri belə onlarda qiyamçı fikirlərin yaranmasına səbəb ola bilər.

Bu, 1920-1930-cu illərdə, mövzuları qiyam etmiş və öz yaradıcılarını məhv etmiş robotlar olan çoxlu sayda hekayələr yazılan bir vaxtda elmi fantastika aləmində ən məşhur problemlərdən biri oldu.

Mən cavan olanda əsərlərdə bu timsalda səslənən xəbərdarlıqlar məni dəhşətli dərəcədə bezdirmişdi, çünki təsəvvürümdə robotun sadəcə maşın olması və insanların da daim maşınlar hazırlamaları idi. Nəzərə alsaq ki, bütün maşınlar istər-istəməz bizim üçün təhlükəlidirlər, biz bilərəkdən onlara ən müxtəlif qoruyucu qurğular yerləşdiririk.

1939-cü ildə müəyyən məsələləri yerinə yetirən, incəliklə yaradılmış və üstəlik hər birində onları sülhsevərliklə təmin etmək üçün quraşdırılmış qurğuya malik maşınların rəğbətlə təsvir olunduqları hekayələr silsiləsinə başladım.

1941-ci ilin oktyabrında yazılmış hekayədə bu qoruyucu qurğuya nəhayət ki, ad verdim – Robotexnikanın üç qanunu (Bu günə kimi heç kimin heç yerdə istifadə etmədiyi “robotexnika” terminini kəşf etdim).

Onlar bu cür səslənirlər:

  1. Robot insana zərər verə bilməz və ya öz fəaliyyətsizliyi ilə insana zərər verilməsinə yol verə bilməz.
  2. Robot insanın verdiyi bütün əmrlərə tabe olmalıdır, bircə bu əmrlərin Birinci qanuna zidd olduqları hallardan başqa.
  3. Robot öz təhlükəsizliyinin qayğısına bunun Birinci və İkinci qanunlara zidd olmadığı dərəcədə qalmalıdır.

Bu qanunlar robotun kompüterləşdirilmiş beyninə yerləşdirilmiş və mənim robotlara həsr etdiyim əksər hekayələrimin mövzusu olmuşdur. Doğrusunu desək, onlar oxucuların elə xoşlarına gəldi və məntiqli səsləndilər ki, digər fantast-yazıçılar onları istifadə etməyə başladılar (məndən fərqli olaraq, heç vaxt birbaşa sitat gətirmirdilər) və öz yaradıcılarını məhv edən robotlar haqqında köhnə hekayələr sadəcə  dəfn olundular.

Hə, bu, elmi fantastikadır. Bəs mürəkkəb kompüterlərin və süni intellektin yaradılması üzrə alimlər tərəfindən aparılan işlər necə?  Şəxsi ağıla sahib olan maşınlar yaradılanda, onların şüuruna Robotexnikanın üç qanuna bənzər qanunlar daxil ediləcəkmi?

Əlbəttə ki, hə, çünki kompüter hazırlayanların özləri yüksək intellektə sahibdirlər. Bundan başqa müdafiə Üç qanun ilə təkcə bir az əlaqəsi olmayacaq – o onlara söykənəcək.

Üç qanunu fikirləşib tapdığım anda bəşəriyyətin onları artıq ta qədimdən istifadə etdiyini anlamırdım. “Alətlərin üç qanunu” aşağıdakı kimi səslənir:

  1. Alət istifadə üçün təhlükəsiz olmalıdır (Bu ki, aydındır! Bıçaqların və qılıncların dəstəkləri var. Onu əlinə götürənə zərər yetirə biləcək alət isə – əlbəttə, əgər insan təhlükə barədə bilirsə, – nə qədər faydalı görsənsə də, heç zaman istifadə olunmayacaq).
  2. Alət heç kim üçün heç bir təhlükə törətməmək şərtilə öz funksiyalarını yerinə yetirməlidir.
  3. Əgər alətin məhvi təhlükəsizlik düşüncəsi baxımından diktə edilməyibsə  və ya bu onun funksiyasına daxil deyilsə, o istifadə zamanı sağ-salamat qalmalıdır.

Heç kim heç vaxt bu qanunlardan sitat gətirmir, çünki hər kəs onları haqlı sayır. Əgər hər bir qanun haqqında ucadan danışılsa, dostcasına “Bu ki, hər kəsə məlumdur!” səslənməsi ilə qarşılaşacaq.

Belə olan halda gəlin “Alətlərin üç qanunu” ilə “Robotexnikanın üç qanunu”nu müqayisə edək və siz görəcəksiniz ki, onlar tamamilə üst-üstə düşürlər. Məgər başqa cür ola bilərmi? Axı robot, əgər istəsəniz, kompüter, insanın istifadə etdiyi bir alətdir.

Lakin demək olarmı ki, biz bütün xoşagəlməz hadisələrdən yetərincə müdafiə olunmuşuq? Avtomobilləri təhlükəsiz etməkdən ötrü sərf olunan cəhdlər barədə düşünün, lakin onlar ildə təqribən 50 000-ə yaxın amerikalını öldürməyə davam edirlər. Bankları təhlükəsiz etməkdən ötrü sərf olunan cəhdlər barədə düşünün, lakin oğurluqlar davam edir. Kompüter proqramlarını təhlükəsiz etməkdən ötrü sərf olunan cəhdlər barədə düşünün, lakin kompüter dələduzluqlarının sayı artır.

Bununla belə, əgər kompüterlər “təşəbbüsü ələ keçirməkdən” ötrü yetərincə ağıllı olsalar, artıq Üç qanunun təyin etdiyi məhdudiyyətlərə ehtiyac duymayacaqlar. Və onda səmimi xeyirxahlıqlarına görə bizim qayğımıza qalmağa və xoşagəlməz hadisələrdən və problemlərdən qorumağa qərar verəcəklər.

Ancaq sizlərdən kimsə etiraz edə bilər ki, biz uşaq deyilik və bizi müdafiə etmək ehtiyacı yaranan kimi öz bəşəri mahiyyətimizi itirəcəyik.

Doğrudanmı? Bugünkü və keçmişdəki dünyaya baxın və özünüzə bu cür sualı verin: həqiqətənmi biz uşaq deyilik (üstəlik zorakılığa və ətrafda olan hər şeyi məhv etməyə meyilliyik) və qayğımıza qalınmasına ehtiyac olmadığını iddia etmək ədalətlidirmi?

Əgər istəyiriksə ki, bizimlə böyük kimi davransınlar, o zaman özümüzü böyük kimi aparmalıyıq. Bəs nə vaxt başlayırıq?

 

Mənbə:

İsaac Asimov – “The Laws Of Robotics” (1979)

Айзек Азимов – “Законы роботехники” (Эссе No 6.)

Tərcümə: Yusubov Nicat 

Redaktə:  Şəfiqə Babayeva

Qeydlər:

  1. Ayzek Azimov Asimov, Isaac, (1920-1992), amerikan yazıçısı, biokimyaçı, elmi məşhurlaşdıran və elmi fantastika üzrə görkəmli insan. Onun daha çox robotlar haqqındakı kitabları məşhurdur, əsasən də, “Mən robotam” (I, Robot, 1950) və “Polad mağaralar” (The Caves of Steel, 1954), “Çılpaq Günəş” (The Naked Sun, 1957), “Şəfəq robotları” (The Robots of Dawn, 1983) adlı trilogiyası.  Azimov “robotika” (“robotics”, azərbaycanca əsasən  “robototexnika”, “robotexnika” kimi gedir) sözünün banisidir, süni intellektin yaradılma perspektivlərini öyrənən alimlərin çoxu onun əsərlərinin təsirini qəbul edirlər. 
  2. Ayzek Azimovun “Robotexnikanın qanunları” (“The Law Of Robotics”, 1979) adlı essesi “Robotların Xəyalları” (“Robot Visions”, 1990) adlı hekayə və esselər toplusundan götürülmüşdür. Nəzərinizə çatdırım ki, “Robotların Xəyalları” (“Robot Visions”, 1990) və “Robotların Arzuları” (“Robot Dreams”, 1986) ayrı-ayrı kitablardır. “Robotların Arzuları”na (“Robot Dreams”, 1986) hekayələr daxil olduğu təqdirdə, “Robotların Xəyalları” (“Robot Visions”, 1990) kitabına həm “Robotların Arzuları”ndakı (“Robot Dreams”, 1986) hekayələr, həm də ayrı-ayrı vaxtlarda yazılmış esselər daxil olub.

Əlavə oxu:

Ayzek Azimov – “Maşın və robot” (1978)

Şərh yaz

Şərhinizi daxil edin!
Adınızı daxil edin