Ayzek Azimov – “Robotların qarşılıqlı əlaqəsi” (1988)

Post date:

Author:

Category:

Ayzek Azimov1

“Robotların qarşılıqlı əlaqəsi” (1988)2

 

Artıq yarım əsrdir ki, robotlar haqqında hekayələr qoşuram. Bu vaxt ərzində cari mövzunu ən müxtəlif tərəflərdən müzakirə etməyi bacarmışam.

İnanın ki, robotlar ensiklopediyasının tərtibi mənim niyyətlərimə daxil deyildi; onlar haqqında yarım əsr ərzində yazmaq fikrim belə yox idi. Sadəcə elə alındı ki, robotlar haqqında hekayələr üçün yeni fikirlər düşünüb tapmağa çalışdıqda, o nəticəyə gəldim ki, əməli cəhətdən dünyada olan hər şey haqqında düşünmüşəm.

Misal üçün, “Robotlar şəhəri” silsiləsinin altıncı cildində söhbət Robotlar şəhərindəki baş kompüter və nəticə etibarilə bütün robotlar üzərində psixo-elektron nəzarəti təmin etməkdən ötrü baş qəhrəmanın bədəninə yeridilən “kimfetlər” haqqında gedir.

“Yaradılış Diyarı” (1982-ci il) kitabında mənim qəhrəmanım Qolan Treviz kosmik gəmidə uçuşa başlamazdan qabaq yanında oturduğu panelin işarə olunmuş hissəsinə əlini qoyaraq, supermüasir kompüter ilə əlaqəyə girir.

“Onun əlləri kompüter ilə birləşdikdə, fikirləri də bir araya gəldi… o otağı – təkcə baxdığı istiqamətdə deyil, bütün ətrafı hətta, yuxarıda və aşağıda yerləşənləri də – dəqiq və aydın görürdü.

O, kosmik gəmidəki bütün kayutları və çöldə olan hər şeyi gördü. Günəş oyandı… lakin o, Günəşə birbaşa baxa bilirdi və Günəş onun gözlərini qamaşdırmadı.

O, həzin küləyi və onun istisini, ətraf aləmin çıxardığı səsləri hiss elədi.  O, planetin maqnit sahəsini və gəminin gövdəsinə toxunan xırda elektrik yüklərini hiss edirdi. O, gəminin idarəetmə panelini hiss elədi… O bilirdi ki,.. əgər gəmini qaldırmaq və ya çevirmək və ya ona təcil vermək və ya onun digər imkanlarından istifadə etmək  istəsə, bu eynilə eyni şeyi öz bədəninlə etmək kimi olacaq. Sadəcə istəmək lazımdır”.

İnsan beyni ilə kompüterin qarşılıqlı əlaqəsini bax bu cür təsəvvür etdim, indi isə yeni kitab üzərində işləyərək, bu problem barədə düşünmədən və yeni həll tapmağa çalışmadan bacara bilmirəm.

Hesab edirəm ki, insan ilk dəfə atı əhliləşdirdiyi və onu nəqliyyat vasitəsi kimi istifadə etməyi öyrəndiyi anda öz şüuru və başqa növ şüur arasında əlaqə qurmağı öyrənib. İnsanın at ilə ünsiyyəti özünün ən yüksək nöqtəsinə, ata mindiyi və qamçının, mahmızın və müəyyən hərəkət və səslər silsiləsinin köməyi ilə atın özünü ona lazım olan kimi aparmasını məcbur etdiyi anda çatdı.

Təəccüblü deyil ki, qədim yunanlar nisbətən geniş Fessaliya vadisi boyunca at çapan atlıları görüb (Yunanıstanın daha çox atçılıq üçün uyğun olan bölgəsi), qət ediblər ki, onlar insan gövdəli və at bədənli heyvan görürlər. Beləliklə, meydana kentavrlar çıxdı.

Əlbəttə ki, avtomobil ilə heyrətamiz şeylər bacaran yarışçı və kaskadyorlar haqqında unutmaq lazım deyil. Təsəvvür etmək olar ki, heç vaxt avtomobil görməyən və barəsində eşitməyən Yeni Qvineya sakini, düşünəcək ki, bənzər fokusları quruluşunun bir hissəsi qarnında oturan insan olan vəhşi canlı yerinə yetirir.

Ancaq insanın atla vəhdəti – bu, intellektlərin qeyri-mükəmməl vəhdətidir, insan üstəgəl avtomobil isə – bu, sadəcə insanın əzələ gücünün artırılması üçün lazım olan mexaniki alətdir. At asanlıqla əmrə məhəl qoymaya və hətta idarəolunmaz qorxuya qapılaraq qaça da bilər.  Avtomobil ən uyğunsuz bir vaxtda sına bilər.

Ancaq insan ilə kompüterin vəhdəti ideala maksimal şəkildə yaxınlaşdırılmış ola bilər. O insanın daha effektiv zehni fəaliyyəti üçün alət ola bilər və “Yaradılış Diyarı” romanımda ətrafdakı gerçəkliyin qavranılmasının güclənlənməsini və intensivləşdirilməsini göstərməyə çalışmışam.

Mövcud vəziyyətlərdə bu cür vəhdətin sayəsində kibernetik “kentavr”a bənzər vahid orqanizmin yaranması mümkündürmü? Bəs bu cür birlik yaranan kimi insan onu ayırmaq istəyəcəkmi? Ayrılığın öz ağlının və iradəsinin yoxsulluq hissi ilə yaşaya  bilməyəcəyi dərəcədə güclü dözülməz itki ağrısı verəcəyini hiss etməyəcəkmi?

Romanımda Qolan Treviz istənilən an öz istəyi ilə kompüterdən ayrıla bilərdi və bununla birgə heç bir xoşagəlməz duyğu hiss etmirdi. Ancaq ola bilsin ki, bu çox da realist deyil.

 “Robotlar şəhəri” silsiləsində zaman-zaman müzakirə olunan digər bir problem də robotların öz aralarındakı münasibətdir.

Mən onu öz hekayələrimdə elə də çox müzakirə etməmişdim, çünki qaydaya görə, hər bir cari hekayədə mənim bir dənə robot-qəhrəmanım var və məni bu, konkret robot və insanların qarşılıqlı əlaqələri məsələsi maraqlandırır.

Gəlin, özümüzdə robotların müxtəlif əlaqələnməsini təsəvvür edək.

Birinci qanun iddia edir ki, robot insana zərər yetirə və ya öz fəaliyyətsizliyi ilə insana zərər yetirilməsinə icazə verə bilməz.

Təsəvvür edək ki, bizim iki dənə robotumuz var. Onlardan biri lazımi biliklərin olmamasına və ya müəyyən səbəblərə görə ehtiyatsızlıq ucbatından özünü hərəkətlərinin insana ziyan verə biləcəyi şəkildə aparır (dərk etmədən) və təsəvvür edək ki, daha geniş biliyə və ya vəziyyəti anlamağa qadir ikinci robot bunu dərk edir. Məgər Birinci qanun ondan birinci robotu dayandırmağı tələb etmir? Əgər başqa yol yoxdursa, məgər Birinci qanun ondan birinci robotu  rəhmi gəlmədən və tərəddüd etmədən məhv etməyi əmr etmir?

Mənim məhz “Robotlar və İmperiya” (1985-ci il) kitabımda göstərilən robota insanların müəyyən bir ləhcə ilə danışan varlıq olduqları izah edilir. Kitabın qəhrəmanının başqa ləhcəsi var, beləliklə də robotun onu öldürməyə tam ixtiyarı çatır. Onu bir anda digər robot məhv edir.

Robot insanın əmrlərinə tabe olmalıdır, əgər bu əmrlər Birinci qanunla ziddiyyət təşkil etmirsə, deyildiyi İkinci qanun haqqında xatırlasaq, eyni hal meydana çıxacaq.

Əgər iki robotdan biri bilməməzlik və ya etinasızlıq nəticəsində insanın əmrini yerinə yetirmirsə, ikincisi əmri ya özü icra etməli, ya da ki, birinci robotu bunu etməyə məcbur etməlidir.

Beləcə, “Robotlar və İmperiya”-da ən gərgin səhnələrdən birində cinayətkar qadın robota birbaşa əmr verir. O tərəddüd edəcək, çünki onun icrası qəhrəman qadına zərər verə bilər. Öz əmrinin yerinə yetirilməsini tələb edən cinayətkar qadın ilə birincini qəhrəman qadının zərər çəkə biləcəyini inandırmağa çalışan ikinci robot arasında qarşıdurma yaranır.

Burada bir robotun digər robotu İkinci qanuna onun həqiqi mahiyyətinə tabe olmağı və insana müqavimət göstərməyi inandırmağa çalışdığı bir vəziyyət yarandı.

Lakin söhbət robotların qarşılıqlı əlaqəsindən gedəndə, ən ciddi problemlər Üçüncü qanunla bağlı yaranır.

Üçüncü qanun iddia edir ki, robot öz təhlükəsizliyinin onun Birinci və İkinci qanuna zidd olmadığı dərəcədə qeydinə qalmalıdır.

Bəs əgər söhbət iki robotdan gedirsə, o zaman necə? Onların hər biri qanunun hərfi mənada anlaşılması sayılan öz mövcudluqlarının qayğısına qalırlarmı? Yoxsa, hər bir robot öz yoldaşına onların mövcud olmalarına təhlükə yaradan vəziyyətdə yardım etmək ehtiyacı hiss edir?

Artıq dediyim kimi, baş qəhrəmanı bircə robot olan hekayələri yazarkən bu problem ilə çox da məşğul olmamışam (Bəzən orada başqa robotlar da peyda olurdular, lakin onlar ikinci dərəcəli obrazlar – sadəcə olaraq silahdar sayılırdılar, əgər bu cür ifadə etmək olarsa).

Ancaq ilk öncə “Şəfəq robotları” (1983), daha sonra isə “Robotlar və İmperiya” toplusunda  hekayə üçün eyni dərəcədə vacib rol oynayan iki robotu təsvir etmişəm. Onlardan biri – R.Deniel Olivo, “Polad mağaralar”-da (1954) və onun davamı olan “Çılpaq Günəş”-də (1957) meydana çıxan insanabənzər robotdur (insandan fərqləndirmək çətin idi). Digəri – R. Jiskar Reventlov, daha standart metal xaric görünüşə malik olandır. Hər iki robot insanınkına bənzər intellektə malikdirlər.

Məhz onlar xanım Vasiliya adlı cinayətkar qadına qarşı mübarizəyə qalxdılar. O, Jiskara (süjetin dönüşü bu cürdür) Qlediyə (baş qəhrəman qadın) xidmət etməməyi və onun öz itaətinə keçməsini əmr edir. Deniel isə Jiskarı Qledi ilə qalmasını razı salmaq üçün sübutlar gətirirdi. Jiskar insan varlıqları üzərində məhdud mental əlaqə qurmaq bacarığına sahibdir və Deniel onu razı salmağa çalışır ki, Qledinin təhlükəsizliyi üçün Vasiliyanı nəzarət altına götürməlidir. O hətta mövcud fəaliyyət obrazının bütün bəşəriyyət üçün gətirəcəyi fayda (“Sıfırıncı qanun”) barədə mühakimə aparır.

Denielin sübutları Vasiliyanın əmrlərini zəiflədir, lakin lazımı qədər yox. Jiskar tərəddüd edəcək, ancaq onu hərəkət etməyə məcbur etmək mümkün deyil.

Bu arada Vasiliya qərara gəlir ki, Deniel çox təhlükəlidir: əgər o mübahisə etməyi davam etsə, Jiskarı özünün haqlı olduğuna inandıra biləcək. Onda o özünün şəxsi robotlarına Denieli söndürməyi əmr edir, sonra isə Denielə müqavimət göstərməməyi buyurur. Deniel tabe olmalıdır və Vasiliyanın robotları işə başlayırlar.

Məhz bu anda Jiskar “oyanır”. Dörd robot sıradan çıxarıldı, Vasiliya isə dərin yuxuya getdi. Daha sonra Deniel Jiskara nə baş verdiyini ona danışmağı xahiş edir.

Jiskar deyir:

“O robotlara səni tərkib hissələrinə ayırmalarını əmr etdikdə, dostum Deniel və bu perspektivdən aydın həzzi nümayiş etdikdə, sənin təhlükəsizliyin üstəgəl Sıfırıncı qanunun konsepsiyası İkinci qanunun fəaliyyətinə üstün gəldi və Birincisi ilə ziddiyyətə daxil oldu. Sıfırıncı qanunun, psixotarixlərin, xanım Qlediyə olan sadiqliyim və üstəlik sənin bəlaya düşməyin məni hərəkətə keçməyə vadar etdi”.

Deniel bildirir ki, onun şəxsi ehtiyacları (çünki o sadəcə olaraq robotdur) Jiskarın hərəkətlərinə təsir etməməliydi. O biri onunla razı deyil, ancaq deyir:

“Qəribə şeydir, dostum Deniel. Heç bilmirəm, necə belə alındı… Robotlar sənə yaxınlaşmağa başladıqları, xanım Vasiliya isə sevincini gizlədə bilmədiyi bir anda mənim pozitron cığırlarım anomal şəkildə dəyişdilər. Bir anlıq düşündüm ki, sən insansan və ona uyğun olaraq, reaksiya verdim”.

“Bu, düzgün deyildi” – Deniel deyir.

“Bilirəm – Jiskar cavab verir. – Lakin bu yenidən təkrarlansa, düşünürəm ki, elə eyni anomal dəyişiklik yenidən baş verəcək”.

Deniel başa düşür ki, əgər o bu cür vəziyyətə düşsə və təhlükə Jiskarı təhdid etsə idi, o da onun müdafiəsinə qalxardı.

Başqa sözlə, robotlar onlar və insanlar arasındakı fərqi itirdikləri, bir-birilərini “dost” kimi görə bildikləri və bir-birilərini xilas etmək arzusunda olduqları mürəkkəblik mərhələsinə çatıblar.

Mənbə:

İsaac Asimov – “Robots in Combination” (1988)

Айзек Азимов – Взаимодействие роботов(Эссе No 16.)

 

Tərcümə: Yusubov Nicat 

Redaktə:  Şəfiqə Babayeva

Qeydlər:

  1. Ayzek Azimov Asimov, Isaac, (1920-1992), amerikan yazıçısı, biokimyaçı, elmi məşhurlaşdıran və elmi fantastika üzrə görkəmli insan. Onun daha çox robotlar haqqındakı kitabları məşhurdur, əsasən də, “Mən robotam” (I, Robot, 1950) və “Polad mağaralar” (The Caves of Steel, 1954), “Çılpaq Günəş” (The Naked Sun, 1957), “Şəfəq robotları” (The Robots of Dawn, 1983) adlı trilogiyası.  Azimov “robotika” (“robotics”, azərbaycanca əsasən  “robototexnika”, “robotexnika” kimi gedir) sözünün banisidir, süni intellektin yaradılma perspektivlərini öyrənən alimlərin çoxu onun əsərlərinin təsirini qəbul edirlər. 
  2. Ayzek Azimovun “Robotların qarşılıqlı əlaqəsi” (“Robots in Combination”, 1988) adlı essesi “Robotların Xəyalları” (“Robot Visions”, 1990) adlı hekayə və esselər toplusundan götürülmüşdür. Nəzərinizə çatdırım ki, “Robotların Xəyalları” (“Robot Visions”, 1990) və “Robotların Arzuları” (“Robot Dreams”, 1986) ayrı-ayrı kitablardır. “Robotların Arzuları”na (“Robot Dreams”, 1986) hekayələr daxil olduğu təqdirdə, “Robotların Xəyalları” (“Robot Visions”, 1990) kitabına həm “Robotların Arzuları”ndakı (“Robot Dreams”, 1986) hekayələr, həm də ayrı-ayrı vaxtlarda yazılmış esselər daxil olub.

 

Əlavə oxu:

Ayzek Azimov – “Maşın və robot” (1978)

Ayzek Azimov – “Robotexnikanın qanunları” (1979)

STAY CONNECTED

19,696FansLike
2,176FollowersFollow
0SubscribersSubscribe

INSTAGRAM

Nicat Yusubovhttp://rezonanss.com
2013-cü ildə Azərbaycan Dövlət Neft Akademiyasının (ADNA) İPAF-nin "Mexatronika və Robototexnika Mühəndisliyi" ixtisasını bitirib. Hal-hazırda "A+A Security" şirkətində Naqilsiz Telemetriya Şöbəsində Mühəndis vəzifəsində işləyir.

Kralların zəhəri və ya zəhərlərin kralı – Arsen

Napoleon Bonapartı öldürən, Claude Moneti kor edən, Vinsent Van Qoqun ağlını itirib qulağını kəsməsinə səbəb olan...

Biotibbi texnikada elektronika amili

Biotibbi texnikanın inkişafı bilavasitə elektronika sahəsində əldə olunan naliyyətlərə əsaslanır. Buna görə də elektronikanın inkişaf mərhələlərinə uyğun olarq biotexniki vaisətlərdə müxtəlif...

Müştərini əldə tutmağın yolları

“Sadəcə bir müdir vardır: Müştəri… Və o, başqa bir yerə pulunu xərcləyərək, rəhbərdən aşağıdakı bütün hər kəsi şirkətdən qova bilər.”...