Bronxoektaziya nədir?

Post date:

Author:

Category:

Bronxoektaziya

Bronxoektaziya-bronx divarlarının deformasiya edərək bayıra doğru qabarmalar əmələ gətirməsinə, stabil şəkildə genişlənmələrinə deyilir. Bu genişlənmə bronx divarının lokal bir hissəsində baş verərsə, buna kisəşəkilli bronxoektaziya; əgər bronx boyunca diffuz şəkildə hər tərəfə doğru baş verərsə, buna silindrik bronxoektaziya deyilir.

 Bronxoektaziyalar həm anadangəlmə, həm də qazanılmış olurlar.

Anadangəlmə bronxoektaziyalar nisbətən az rast gəlinir, bətndaxili dövrdə bronx ağacının düzgün inkişaf etməməsi nəticəsində meydana çıxır. Bu zaman həm də bronxların divarındakı ayrı-ayrı qişaların və onların struktur elementlərinin də inkişafı və yerləşmələri pozulmuş olur. Anadangəlmə bronxoektaziyalar zamanı bəzi xırda bronxların bronxiollara və alveollara keçməsi və xırda kistoz genişlənmələr əmələ gətirməklə kor şəkildə qurtarması da qeyd edilir. Buna “kistoz ağ ciyər” də deyilir.

Qazanılmış bronxoektaziyalar çox əksər hallarda xroniki bronxitdən sonra, onun ağırlaşması kimi, bəzən isə bronxların mənfəzinin müxtəlif maneələrlə obstruksiyası, bronxial astma və s.hallarda da inkişaf edir. Xroniki bronxitlə əlaqədar bronxoektaziyaların inkişaf etməsi az yaşlı uşaqlarda daha asanlıqla baş verir. Belə ki az yaşlı uşaqlarda traxebronxial ağac, o cümlədən də ağciyər toxumasının özü hələ tam inkişaf etmədiyi və həm də formalaşmaqda olması ilə əlaqədar keçirilən bronxitlər bu toxumaların normal inkişafına mənfi təsir edir, bronx divarındakı saya əzələ hüceyrələrinin formalaşması prosesini pozmuş olur. Bütün bunlar isə bronx divarının əzələ-elastiki əsasını zədələməklə onların asanlıqla genişlənməsi üçün fon yaradır.

Xroniki bronxit zamanı xəstələrdə baş verən öskürəklərlə əlaqədar güclü hava təkanlarının təsirindən bronxların dəyişikliklərə məruz qalmış divarları bayıra doğru qabarır və bronxoektaziyalar formalaşır. Eyni ilə belə bir proses bronxiollarda da baş verə bilir. Buna isə bronxioloektaziya deyilir. Bu zaman bronxiollar həmin nahiyədə, yaxud da ağciyər boyunca diffuz şəkildə deformasiyaya uğrayır və genişlənirlər. Belə ağciyəri bıçaqla kəsdikdə kəsik səthində divarları ağ rəngdə olan çoxlu miqdarda genişlənmiş bronxiollardan ibarət boşluqlar görünür. Belə görünüş arı şanını xatırlatdığı üçün buna “şanabənzər ağciyər” deyilir.

Əgər bronxoektaziya ilə əlaqədar ağciyərdə və ağciyərdən kənar üzv və toxumalarda digər xarakterik klinik-morfoloji dəyişikliklər və əlamətlər də inkişaf edərsə buna artıq bronxoektaziya yox, bronxoektaziya xəstəliyi deyilir. Bronxların divarından başqa sklerotik dəyişikliklər həmçinin bronxətrafı toxumalarda və stromanın digər nahiyələrində də baş verir. Bununla əlaqədar əksər xırda və orta kalibrli damarların mənfəzi sıxılaraq daralır və hətta obliterasiyaya da uğrayırlar. Ağciyərlərdə kiçik qan dövranında pozğunluq, hipertenziya baş verir. Oksigen mübadiləsi pozulur və pisləşir. Orqanizmdə xroniki hipoksiya inkişaf edir.

Pnevmoskleroz və kiçik qan dövranında pozğunluqlarla əlaqədar ürəyin sağ mədəciyinin işi artır, kompensator hipertrofiyaya uğrayır. Sağ mədəciyin divarı 0.6-1.0 sm-ə qədər qalınlaşır və ürək sağa doğru böyümüş olur. Bu zaman ürək üçbucaq şəkilli formadan sanki kvadrat formaya çevrilir. Belə ürəyə “ağciyər ürəyi – Cor pulmonale deyilir. Pnevmosklerozla əlaqədar orqanimdə xroniki hipoksiya inkişaf edir. Xroniki hipoksiya ilə əlaqədar isə bütün üzv və toxumalarda distrofik və atrofik dəyişikliklər, “isti sianoz” baş verir. Əlin və ayağın distal falanqalarında toxumalar şişkinləşir və “baraban çubuğu” simptomu meydana çıxır.

Bronxoektaziya ağciyərin xərçəngönü xəstəliklərindən hesab olunur. Xroniki və irinli iltihabi dəyişikliklərlə əlaqədar bu xəstələrin bəzilərində böyrəklərdə ikincili amiloidoz inkişaf edir və onların bir qismi məhz böyrək amiloidozundan ölürlər. Bronxoektaziya xəstəliyi müəyyən hallarda ağciyərin interstitsial xəstəliklərinə də keçir.

Bronxoektaziya üçün ən səciyyəvi əlamət ara vеrməyən kəskin öskürək, tеz-tеz hərarətin artması, titrətmə kimi hallardır. Bu zaman, xüsusən, səhərlər çоxlu miqdarda kəskin iyli bəlğəm (bəzən sutka ərzində 1 l-ə qədər) ifraz оlunur. Bəzi hallarda ağciyər qanaxması оla bilər. Vaxtında müalicə aparılmadıqda, ürək-damar sistеmi, böyrəklər zədələnə bilər. Xəstəlik xrоniki xaraktеr daşıyır və iş qabiliyyətini xеyli azaldır.

Xəstəlik kəskinləşərsə, müalicə xəstəxanada aparılmalıdır. Sakitlik dövründə bəlğəmi yumşaltmaq və brоnxlardan xaric еtmək üçün tədbirlər görülür. Müalicə yalnız həkim tərəfindən aparılmalıdır. Quru və yumşaq iqlim şəraitli kurоrt müalicə sindən, fiziоtеrapiyadan istifadə оlunur. Bir sıra hallarda cərrahi əməliyyat aparıla bilər.

 

 

Pataloji Anatomiya dərsliyi

AĞCİYƏRİN CƏRRAHİ XƏSTƏLİKLƏRİ VƏ DİAQNOSTİK YANAŞMA (Bayramov, Əliyev)

STAY CONNECTED

19,112FansLike
2,048FollowersFollow
0SubscribersSubscribe

INSTAGRAM

Ziya Mehdiyev
AZƏRBAYCAN TİBB UNİVERSİTETİNDƏ TƏHSİL ALIR. ƏSASƏN FƏLSƏFƏ,PSİXATRİYA/PSİXOLOGİYA,TİBB BÖLMƏSİNDƏ MƏQALƏLƏR YAZIR. REZONANSIN İDEYA MÜƏLLİFİDİR.

Karl Saqan – Təkamül (Dünya necə yarandı?)

Müəllif: Karl Saqan (ing. Carl Sagan) – “Cosmos” (II fəsil) Təkamül? Dörd milyard il əvvəl...

Yer kürəsinin həqiqətdə neçə yaşı var?

Yerin yaşı: Planetimizin həqiqi yaşının izlərini axtaran fosil axtarıcılar və radiometrik yaş təyini. Müəllif: Stifen Bakster (ing. Stephen...

Böyük Partlayış nəzəriyyəsi: Bütün zamanların ən böyük partlayışını necə sübut etdilər?

Müəllif: Naycl Henbest (ing. Nigel Henbest) – “Cambridge” Universitetinin doktoru, astronom, “The History of Astronomy” kimi 50-dən çox...