Çarlz Darvin – Növlərin Mənşəyi

Post date:

Author:

Category:

Təbii seçmə və ya ən uyğunların həyatda qalması

Çarlz Darvin (Charles Darwin) – “Növlərin Mənşəyi”, IV bölüm

İnsanın əlində bu qədər güclü olduğunu gördüğümüz süni seçmə (red. Çarlz Darvin təbii seçməni məhz süni seçmə nümunələrində, yəni seçmə ilə alınan təsərrüfat heyvanları nümunələrində öyrənmişdir. Buna görə də, “Növlərin Mənşəyi” əsərində ilk bölümlər süni seçməyə həsr olunub) təbiətdə necə baş verirdi? Seçimin təbiətdə də güclü ünsür olduğunu duşunürəm. Təbii seçməni təbiətdə müşahidə etmək üçün ev heyvanlarımızda gözlə görünən bir çox dəyişiklikləri və individual fərqləri – irsiyyəti unutmadan təbiətdə axtaraq. Əhliləşdirmənin təsiri ilə canlı orqanizmin müəyyən bir forma aldığını (red. orijinalda Darvin bunu plastikə bənzədir) demək olar. Lakin ev heyvanlarında gördüyümüz dəyişiklikləri insan birbaşa yaratmır, insanlar nə birbaşa dəyişkənlik (red. Variasiya) yarada, nə də bunun qarşısını ala bilərlər (red. bu əsər yazılarkən hələ genetika elmi yaradılmamışdı). İnsanlar sadəcə yaranmış dəyişkənlikləri seçib olduqları kimi saxlaya və artıra bilərlər. İnsan canlılığı öz yaratdığı yeni və daima dəyişən həyat şəraitinin təsirinə istəməyərək də olsa, məruz qoyur və buna görə dəyişkənlik mütləq olur. Təbiətdə də bənzər dəyişikliklər ola bilər. Bütün canlıların bir-biri ilə və təbii mühitlə olan əlaqəsinin qarşılıqlı və hədsiz qarışıq olduğunu bilərək canlılardakı hər dəyişikliyin təbiətdə nə qədər önəmli olduğunu diqqətdə saxlayaq. Beləliklə, insanı mühitə uyğunlaşdıran dəyişikliklərin ortaya çıxdığı gün kimi aydınkən, böyük və qarışıq həyatda qalma mübarizəsində artıb-çoxalan bir çox nəsildə hər hansı bir mühitə uyğun (red. orijinalda: favourable) olan dəyişikliklərin olması mütləq deyilmi? Bu belə olarsa, (doğulanların bir qisminin sağ qaldığını düşünərək) mühitə münasibətdə digərlərində az da olsa, üstün olan fərdlərin daha çox yaşayacağına və nəsillərini daha çox artıracağına şübhəm yoxdur. Başqa bir məsələ isə çox az zərərli olan hər hansı bir dəyişikliyin tamamilə yox edilməsinə inana biləcəyimizdir. Mən isə bu mühitə uyğun dəyişikliklərin qorunmasına (red. nəsildən-nəslə ötürülməsinə) və mühitə uyğun olmayan əlamətlərin çıxdaş edilməsinə təbii seçmə deyirəm. Mühitə görə neytral olan dəyişikliklərə isə təbii seçmə təsir etmir. Ya polimorfik (red. polimorfizm növ daxilində fərdlərin fərqli 2 və ya daha çox fenotipə – görkəmə malik olması) növlərdəki kimi daima dəyişkən olur, ya da mühit amillərinə görə sabit qalır.

Bəzi müəlliflər təbii seçmə terminini yanlış anladılar və ya uyğun hesab etmədilər. Bəziləri düşündü ki, təbii seçmə sadəcə bir canlının mühit amillərinə uyğun dəyişikliklərini əks etdirir və bu, dəyişkənliyə səbəb olur. İnsanın etdiyi seçmənin güclü təsirlərindən danışan bir aqronoma kiminsə deyəcək bir sözü yoxdur və bu halda da təbiətin təqdim etdiyi və insanın da müəyyən məqsədlə seçib ayırdığı dəyişiklikləri ayırd etmək lazım olur. Bəziləri “seçim” (ing. selection) termininin dəyişkənlik müşahidə olunan heyvanlarda, sanki, çətilik qarşısında iradə ilə verilən qərarı ifadə etdiyini düşündülər. Buna görə də, bitkilərin belə bir iradədən kənar olduğu üçün təbii seçmənin bitkilərdə özünü doğrultmadığını dedilər. Əgər “seçim” sözü hərfi mənada başa düşülsə, əlbəttə ki, bu yanlış termin olar, amma müxtəlif elementlərin girdiyi reaksiyaları izah edən termin (ing. elective affinity – ingelective – seçim, affinity – birləşməyə meyl) üçün kimyaçılara kimin deyəcək bir sözü var idi? Və bir turşunun birləşdiyi qələvini istəyərək seçdiyini də kimsə deyə bilməz. Təbii seçmə sözündə yaradıcı bir gücü və ya tanrını gizlətdiyim də deyildi: yaxşı, kim planetlərin hərəkətlərinin qravitasiya qüvvəsinə əsaslandığını deyən birinə bunu deyə bilər? Belə metaformik, məcazi cümlələrlə onların nə demək istədiyini hamı bilir. Təbiət sözünü də şəxsləşdirmək (ing. personifying) çətindir, amma təbiət sözü ilə sadəcə təbii qüvvələrin ümumi təsirini və yaratdığı nəticələri, təbii qanunları və o qanunlarla var olan təbiəti göstərmək istəyirəm. Belə gülünc etirazlar mövzuya aşina olduqca aşılacaqdır.

Hər hansı bir fiziki dəyişikliyə, məsələn, iqlim dəyişkənliyinə məruz qalan bir bölgəni araşdırmaqla təbii seçmənin necə olduğunu, necə təsir etdiyini aydın şəkildə öyrənmək olar (red. Darvinin təbii seçməni öyrənməsində Qalapaqos adasında topladığı nümunələr ən önəmli rolu oynayır. Çünki Qalapaqos adaları 18 böyük, 3 kiçik və bir çox adacıqdan təşkil olunub və bu adaların hər birində mühit amilləri müxtəlifdir). Bölgədəki canlıların proporsional sayı dəyişəcək və bəzilərinin, bəlkə də, nəsli kəsiləcək. İqlimdən kənar baş verən dəyişikliklər də bölgədəki canlıların say nisbətinə təsir edir. Bu isə bölgədəki canlıların qarşılıqlı əlaqələrinə görə müəyən olunur. Bölgə qapalı deyilsə (red. söhbət fiziki maneələrdən gedir: dağ, çay və s.), yeni variasiyalar rahatlıqla bölgəyə gələr və bununla da, yerli canlılar arasındakı növarası/növdaxili münasibətlər dəyişikliyə məruz qalar. Bir areala, sahəyə gətirilmiş tək bir ağac növünün və ya məməli heyvanın nə qədər güclü təsirə malik olduğunu xatırlayaq, amma sözügedən bölgəni yeni və daha yaxşı uyğunlaşa biləcək variasiyaların girə bilməyəcəyi bir ada və ya qismən qapalı bir bölgə kimi düşünək. Orada yaşayan ilk canlılardan bəziləri bir dəyişiklik keçirərsə, özünə uyğun mühit amillərinin olduğu yerləri rahatlıqla tapa bilər, çünki bölgə açıq olsaydı, bu yerlər çoxdan “qaçqınlar” tərəfindən tutulardı. Bu zaman növü dəyişən mühit amillərinə az da olsa, uyğunlaşdıran dəyişikliklər saxlanılır.

Birinci bölümdə faktlarla göstərildiyi kimi (red. I bölüm – Variation under Domestication) mühit amillərindəki fərqliliklər dəyişkənliyə olan meyli artırır və yuxarıdakı hallarda amillər fərqlilik göstərir. Bu səbəbdən, mühitə uyğun dəyişikliklərin yaranmasına şərait yaradaraq təbii seçmə üçün əlverişli olmuşdur. Əgər bu belə olmasa, yəni uyğun əlamətlər yaranmasa, təbii seçmə heç nə edə bilməz. “Variasiya” (red. dilimizdə qarşılığı “çeşid”,”forma” sözləri sayıla bilər) termininin sadəcə individual fərqlərə aid olduğu unudulmamalıdır. Bu zaman təbii seçmə də eynilə bir əkinçinin bitkilərdə, maldarın ev heyvanlarında etdiyi kimi bu individual fərqləri müəyyən istiqamətdə cəmləşdirir, amma təbii seçmənin insandan fərqli olaraq bol vaxtı olduğu üçün işini çox asanlıqla görür. Təbii seçmənin dəyişdirdiyi canlılar “rahat” yerləşsin deyə təbiətdə boş yerlərin açılması üçün ciddi iqlim dəyişkənliyinə, yaxud köçlərin qarşısını ala biləcək ciddi maneələrə ehtiyac olduğunu düşünmürəm. Bir bölgədəki canlılar bir-birilərilə balanslaşdırılmış bir güclə (red. təbiətdə super qəhrəman yoxdur) mübarizə apardıqları üçün hər bir növdə baş verə bilən, onu mühit amillərinə daha yaxşı uyğunlaşdıracaq olan dəyişikliklər onu digərlərindən üstün edir. Bu üstünlük növə eyni mühit amillərindən, eyni resurslardan yararlandıqca ard-arda gələn uyğunlaşmalar sayəsində bu üstünlüyü daha da artırır. Canlıların birbirinə və yaşadıqları mühit amillərinə qarşı tam uyğunlaşdığını deyə biləcəyimiz bir bölgə yoxdur. Çünki bütün bölgələrdə yerli canlılar, yerliləşənlərə (ing. naturalise) bir yerə qədər dözüm göstərdilər, amma buna baxmayaraq bölgəyə yad olan canlıların qarşısını ala bilmədilər. Bu “gəlmələr” yerlilərin bəzilərini çıxdaş etsə də, bəzilərinə qalib gələ bilmədilər. Çünki həyatda qalmağı bacaran bu qisim uyğun dəyişikliklərə sahib olanlardır.

İnsanlar şüurlu və şüursuz seçməylə ciddi nəticələr əldə edə bilirsə, təbii seçmə niyə etməsin ki? İnsan sadəcə xarici görünüşə və kəmiyyət əlamətlərinə (məsələn, inəklərdə süd miqdarı, yağlılığı, çəkisi və s.) əsaslanaraq bir şeylər edə bilər. Təbiəti, uyğunların həyatda qalmasını şəxs halına gətirəndə görürük ki, əgər canlının görünüşü ona üstünlük gətirmirsə, o, bunu heç önəmsəmir. O, (təbii seçmə) bütün daxili orqanlara, əsas quruluş fərqlərinə, yəni həyatın bütün nizamına təsir edə bilər, amma insan sadəcə öz məqsədi üçün seçə bilər. Təbiət isə sadəcə uyğunları seçir. Təbiət seçilən hər əlaməti sınaqdan keçirir, çünki seçilmiş əlamət təbii seçmənin hədəfidir. İnsan müxtəlif iqlimlərdə yaşayan canlıları, məsələn, uzun və qısa yunlu qoyunları eyni bölgədə, eyni iqlim şəraitində saxlayır, uzun və qısa dimdikli quşlara eyni yemi verir, uzun gövdəli və ya uzun ayaqları olan bir dördayaqlını (ing. quadruped) özəlliklərinə uyğun olaraq sınamır, ən güclü erkəkləri dişilər uğrunda mübarizəyə buraxmır, yəni insan seçdiyi canlıları nadirən şəraitə uyğunluğuna görə sınağa çəkir. İnsan zəif heyvanları birdən-birə məhv etmir, əksinə, hər mövsüm onları idarə edə bildiyi səviyyədə saxlayır. İnsan seçməni ya barbar şəkildə (ing. half-monstrous) yaratdığı qəliblərlə (red. canavarın əhliləşdirilib ev itinə çevrilməsi kimi), ya da məqsədinə uyğun və gözlə görünən əlamətlərdə dəyişiklik (red. modifikasiya dəyişikliyi) etməklə başlayır. Təbiətdə isə təbii özəlliyin ən kiçik fərqləri novarası/növdaxili mübarizədə özünü göstərir və beləliklə, ya seçilir, ya da çıxdaş olunur. İnsanın çırpınışları isə necə də keçicidir! Vaxtı necə də azdır! Təbiətin dövrlər ərzində yaratdığı bütün coğrafi dəyişikliklərin yanında insanın etdikləri necə də yoxsuldur! Elə isə təbiətdəkilərin insan məhsulu ilə müqayisədə daha “gerçək” olduğuna, bu canlıların ən mürəkkəb mühit amillərinə dözümlü olduğuna və təbiətin “ustalığını” bir etiket kimi daşıdığına təəccüblənməmək gərəkdir.

Məcazi olaraq deyə bilərik ki, təbii seçmə hər zaman dünyamızdakı bütün dəyişiklikləri izləyir və onlardan bəzisini çıxdaş edib, bəzisini saxlayır. Bununla da, təbii seçmənin canlını fürsət tapdıqca mühit amillərinə görə səssizcə və gözə görünmədən təkmilləşdirməyə çalışdığını demək olar. Biz isə dövrlər boyu yaşamadığımız üçün bu dəyişiklikləri heç vaxt görmürük və bu günə qədər baş verən bütün coğrafi dəyişiklikləri dəqiq bilmirik. Sadəcə bugünki formaların keçmişdəkilərdən fərqli olduğunu görürük.

Təbii seçmə hər fərqliliyin təkmilləşməsinə səbəb olsa da, diqqətdən kənarda qalan əlamətlər də bundan təsirlənə bilər. Yarpaq yeyən həşəratların yaşıl, ağac qabığı yeyənlərin boz xallı, Alp kəkliklərinin qışda ağ, qırmızı kəkliyin (red. meşə toyuğu da deyirlər) isə erika (ing. heather colour) rəngi olmasına baxanda görürük ki, bu quşlara və həşəratlara bu rənglər təhlükədən qorunmaq üçün lazımdır. Yırtıcı quşlar qırmızı kəklikləri həyatlarının bir qismində ovlamasalardı (red. rənglərinə görə gündüz ovçuları tərəfindən tez ovlanıblar), bu quşlar hədsiz çoxala bilərdilər. Rəng mövzusu ilə bağlı hətta mütəxəssislər də Avropanın bir qisim quşçularını xəbərdar etdi ki, ağ rəngli göyərçin saxlamayın, çünki bu quşlar yırtıcılara asanlıqla ov olur. Ona görə də, təbii seçmə hər qırmızı kəklik növünə xüsusi bir rəng qazandırdı və bu əlaməti saxladı, yəni rəng nəsildənnəslə ötürüldü. Ona görə də, belə bir rəngləndirmədə təbii seçməyə rəqib tanımıram. Belə bir rəng dəyişikliyinin kiçik bir təsirə malik olduğunu da düşünməməliyik: bir ağ qoyun sürüsündə rəngi bir az qaraya çalan qoyunun necə diqqət mərkəzində olduğunu unutmamalıyıq. Virciniyada Laknents (ing. Lachnanthes) bitkisinin boyalı köklərini yeyən donuzların rənginin onların yaşayıb-yaşamayacağını müəyyən etdiyini görmüşdük. Halbuki, botaniklər bitkilərdə meyvə qabığının tüklülüyünü və rəngini ən önəmsiz əlamətlərdən sayırlar. Mütəxəssis sayıla biləcək bir bağban olan Dauninq ABŞ-da tüklü meyvələrdən daha çox tüksüz meyvələrin həşəratlardan – sərtqanadlılardan (red. məsələn, parabizən), Kurkoliyodan (ing. Curcolio) zərər gördüyünü, xəstəliyə tutulmasına görə bənövşəyi gavalıların sarı gavalılardan fərqləndiyini bildirdi. İnsan seçməsində belə kiçik fərqlərə oxşayan bu əlamətlər əkinçilikdə ciddi üstünlük yarada bilirsə, təbiətdə həm başqa ağaclarla, həm də bir yığın düşmənlə mübarizə aparmalı olan ağaclarda nə qədər önəm daşıdığını başa düşmək çətin deyil. Təbiətdə meyvənin tüklü və ya tüksüz olması, qabığın sarı və ya bənövşəyi olması kimin qalib olacağını müəyyən edir.

Növlər haqqında o qədər az bilgiyə sahibik ki, önəmli olan bir çox faktorun – hava şəraiti, qida və s.-in birbaşa təsir etdiyini gözardı edirik. Təbiətin yazılmamış “birlikdə var olmaq” (ing. laws of correlation of growth) qaydasına görə, hissələrdən biri dəyişəndə və təbii seçmə bunu çıxdaş etməyəndə qeyri-ixtiyari olaraq digər dəyişikliklər də ardınca gəlir.

Əhliləşdirmə ilə seçilən əlamətlərin həmin canlılarda yetkinlikdən öncə də eynilə baş verə bildiyini görürük. Məsələn, bir çox bitkinin toxumlarının formasında, iriliyində, dadında; ipəkqurdunun sürfə və pup (ing. cocoon) dönəmlərində; toyuqların yumurtasında və cücələrin tüklərinin rəngində; yetkinliyə çatmağına az qalmış qoyunların və inəklərin buynuzlarında və bu örnəklərdəki kimi təbii seçmə də bəzi əlamətləri seçir və o əlamətlərin müəyyən yaşlarda aktivləşdiyini gorurük. Toxumlarını küləklə yaymaq bir bitkinin xeyrinədirsə, bitkiyə bu əlaməti qazandırmaq təbii seçmə üçün çox asandır, amma eyni xüsusiyyəti pambığa vermək üçün uzun lifli qozaları seçən pambıqçı haqqında eyni şeyləri demək olmaz. Təbii seçmə bir həşəratın sürfəsini elə bir dəyişikliyə məruz qoyar ki, bu dəyişiklik yetkin fərdin quruluşuna belə təsir edə bilər. Həmçinin, yetkin fərddə baş verə biləcək bu tipli dəyişikliklər gələcək nəsillərin sürfələrinə təsir edəcəkdir, amma bütün hallarda təbii seçmə bunun növə zərərli olmamasını təmin edir. Əgər zərərli olsa, növün nəsli kəsilə bilər.

Təbii seçmə həm valideynlərdə, həm də övladlarda qarşılıqlı olaraq quruluş dəyişikliklərinə səbəb ola bilər. Cəmiyyət halında yaşayan heyvanlarda seçilmiş əlamətlər cəmiyyəti mühitdə üstün edirsə, onda hər bir fərd bu uyğunlaşmanı yaşamalı olur (red. məsələn, qarışıq rəngli siçan cəmiyyətində mühit amillərinin dəyişməsi ilə boz rənglilik üstünlük sayılsa, təbii seçmə digərlərini çıxdaş edəcək və cəmiyyət bir müddət sonra demək olar ki, boz rəngli siçan cəmiyyəti olacaq). Təbii seçmənin etmədiyi şey bir növdə başqa növün uyğunlaşması üçün dəyişiklik etməkdir. Təbiətşünaslıqda bununla bağlı etdiyim araşdırmalarda bunu təsdiqləyən hər hansı bir dəlilə rast gəlmədim. Bir canlının ömründə bircə dəfə istifadə etdiyi hansısa quruluşu o heyvan üçün önəmlidirsə, mütləq ki, təbii seçmə tərəfindən mühitə görə seçilmişdir. Məsələn, bəzi həşəratların iri çənələri pupu deşmək üçündür (red. pup mərhələsi bəzi həşəratların inkişafında sürfədən sonra gələn bir mərhələdir. Həşəratlar bu mərhələdən sonra yetkinləşmiş sayılır), yaxud yumurtadan hələ çıxmamış quşların dimdiklərindəki sərtlik yumurta qabığını qırmaq üçündür. Qısa dimdikli göyərçin növlərində (ing. tumbler pigeons) yumurtanın içində ölənlərin yumurtadan çıxanlardan çox olduğu deyilir (red. təbii seçmənin əsl örnəyi elə budur, dimdiklər bu cür seçilir). Buna görə də, quşçular yumurtadan çıxa bilməyənlərə yardımçı olurlar. Təbiət bir göyərçini öz mənafeyi üçün qısa dimdikli seçməli olsaydı, bu, çox çətin olardı, çünki yumurtalardan sərt və güclü dimdikləri olanlar istisnasız üstünlüklə çıxardı. Həmçinin, yumurta qabığının qalınlığı da bu zaman seçilərdi. Daha tez qırılan yumurtalardakı quşlar sağ qaldığı üçün bu əlamət üstün sayılardı.

Tərcüməçi: Ziya Mehdiyev

Mənbə: Rezonans Toplusu

STAY CONNECTED

19,717FansLike
2,185FollowersFollow
0SubscribersSubscribe

INSTAGRAM

Ziya Mehdiyev
AZƏRBAYCAN TİBB UNİVERSİTETİNDƏ TƏHSİL ALIR. ƏSASƏN FƏLSƏFƏ,PSİXATRİYA/PSİXOLOGİYA,TİBB BÖLMƏSİNDƏ MƏQALƏLƏR YAZIR. REZONANSIN İDEYA MÜƏLLİFİDİR.

Elekron necə kəşf edildi?

İlkin fikirlər Bizim eradan bir neçə əsr əvvəl qədim yunan alimləri yunla sürtülmüş kəhrəbanın yüngül cisimləri...

Beyin donması nədir?

Sizdə də heç belə olub? Soyuq, şirin, dadlı dondurma yeyirsiniz vəə... Budurr! sanki beyniniz donur! Nə baş verdi?

“Qara qızıl” – Neftin tarixi

Neftin fiziki və kimyəvi xassələri Neft, əsasən karbohidrogenlərin və digər üzvi birləşmələrin mürrəkkəb qarışığından ibarət spesifik iyə malik yanar mayedir....