Deduksiya nədir? – Ensiklopedik bilgi

0
14

                                          Deduktiv əqli nəticə nədir?

Obyektiv gerçəkliyin dərk olunmasında və insanın baş vermiş hadisələr haqqında həqiqi biliklərə yiyələnməsində deduksiyanın mühüm rolu vardır, bunsuz təfəkkür prosesinin gedişini, onun bütün təfərrüatını izləmək olmaz. Mühakimə prosesində çox vaxt bilvasitə (dolayısı ilə) əqli nəticə çıxarma formalarından istifadə olunur. Onlardan biri deduktiv əqli nəticə və ya deduksiyadır. Bu forma onunla səciyyələnir ki, verilmiş iki və daha çox hökmlərə, yəni hazır biliklərə əsaslanmaqla, müəəyyən məntiqi qaydalara riayət etməklə yeni bilik əldə edə bilirik. Bu zaman fikrin gedişi ümumi biliklərdən, xüsusi biliklər əldə etməyə doğru yönəlir. Deduksiya elə əqli nəticədir ki, tədqiq etdiyimiz predmet və hadisələr haqqındakı biliklərə əsaslanmaqla digər predmet və predmetlər qrupu haqqında da yeni-yeni biliklərə yiyələnirik. Məsələn:

Bütün ağaclar bitkidir.  Cökə ağacdır.  Deməli, Cökə bitkidir.                                                                                                                                                                                                                                                                                              

Deduksiya reallığı anlamağın səmərəli tədqiqat metodudur. Bu baxımdan təbiət və cəmiyyət hadisələrinə yanaşmaq, onları dərindən dərk etmək məqsədilə deduksiyanın xüsusi qaydalarından istifadə olunur. Deduksiyada alınan məntiqi nəticə və tətbiq olunan qaydalar obyektiv gerçəklikdəki predmet və hadisələr arasında daha çox yayılmış əlaqə və münasibətlərin təfəkkürdə inikaslarıdır (Xarici aləmin surətlər şəklindəxəyalımızda canlanması.).  Deduksiya mühakimələrimizin düzgün qurulmasını, doğruluğunu yoxlamağın bütün hallarında vacib bir idrak metodu kimi meydana çıxır.

Deduksiyanın mahiyyəti onunla müəyyən olunur ki, onun vasitəsilə predmet, hadisə və eyni cinsdən olan predmetlər qrupu haqqında dolğun bilik alınır. Bu biliklərin dəqiqləşdirilməsində əvvəla, predmetlərin daxil olduğu yaxın cinsi tapmaq lazımdır, ikincisi, həmin predmetlər sinfinə daxil olan və ona uyğun gələn qanunu o sinifə daxil olan bütün predmetlərə aid etmək lazımdır. Deduktiv metodun riyaziyyatda, həndəsədə mühüm əhəmiyyəti vardır. Aydındır ki, sübut olunmuş bütün müddəalar, başqa cür desək, formullar, teoremlər deduksiyanın köməyliyi ilə müəyyən sistem daxilində sübut olunmamış aksiomlardan, müddəlardan məntiqi yolla çıxarılır. Deduksiyaya aid bir neçə örnək gətirək:

Bütün musiqiçilərin incə duyma qabiliyyəti vardır. Kəmalə musiqiçi həkimdir. Deməli, Kəmalənin incə duyma qabiliyyəti vardır.

Bütün vəkillər hüquqşünasdır. Rüstəmli vəkildir. Deməli, Rüstəmli hüquqşünasdır.

Bütün meyvəlilər çiçəklidir. Bütün çiçəklilərin gözəl ətri var. Deməli bütün meyvələrin gözəl ətri var.

Mənbələr:

http://www.felsefe.gen.tr/mantik/tumden_gelim_tumdengelim_deduksiyon_nedir_ne_demektir.asp

M.M.İsrafilov – “Məntiq kursu”. Bakı, “Turan” nəşriyyatı 2001, səh. 323

Z.C. Hacıyev – “Məntiq”. Bakı, “Təhsil” NPM, 2011, səh. 123

Adilə Nəzərova – “Fəlsəfə terminlərinin izahlı lüğəti”. Bakı, “Elm və təhsil”,  2014

 

Müəllif: Şəhriyar Yaqubov

Redaktor: Ziya Mehdiyev

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here