Bir Dənizçinin ardından…

Post date:

Author:

Category:

Dənizçilikdə dəfn adətləri

İnsanların ölümə verdiyi reaksiyalar hər dövrdə və hər mədəniyyətdə eyni olmuşdur: Gedən geri gəlməz, xatirələrdə yaşayar… Qədim dövrlərdə insanlar, ölümün dönüşü olmayan bir səfər olduğuna inanardılar və hər səfər də ayrılıq mənasına gələrdi. İnsanlıq tarixinin ən qədim adəti olan dəfn mərasimləri də elə bu səfər fikrindən meydana gəlmiş, tarix boyunca fərqli inanc və mədəniyyətlərin təsirində şəkillənərək bir sıra dini rituallara çevrilmişdir. Dini rituallar, bir mənalı olaraq səfər üçün hazırlıq mərhələsi idi və ölənlərin “o biri dünyada” yollarını tapa bilmələri üçün edilirdi; ancaq təcrübədə vacib bir problem var idi: Bir çox mədəniyyətlərdə məbədlər və müqəddəs yerlər quruda idi, bəs sonsuz dənizin ortasında ölənlər necə olacaqdı? Bu nöqtədə dənizdəki tətbiq, qurudakı tətbiqlərdən olduqca fərqli idi. Dənizdə ölən dənizçilərin ardından xüsusi dəfn mərasimləri təşkil olunardı. Qədim bir dənizçilik adəti olan bu mərasimlər, cəmiyyətdən cəmiyyətə dəyişikliklərə məruz qalsa da, həmişə eyni məqsədə xidmət edirdi: Dənizdə ölən yoldaşları şərəfləndirmək…

        Qədim dövrlərdə dənizçi dəfn adətləri

Dənizçilərin təşkil etdikləri dəfn mərasimlərinin mənşəyi Qədim Misir, Yunan və Roma sivilizasiyalarına qədər gedib çıxır. Yunanlar öldüklərində Aidin yeraltı dünyasına getdiklərinə inanardılar. Ora getmək üçün isə əvvəlcə iki aləmi ayıran Axeron çayından keçmələri lazım idi. Ölüləri qarşıya Xaron adında bir qayıqçı daşıyar, bu xidməti üçün də Xarona pul ödənməli idi. Bu səbəblə də, yunanlar ölülərini basdırmazdan əvvəl qayıqçıya vermək üçün, ölünün gözlərinə iki ədəd sikkə yerləşdirərmişlər. Gəmi qəzasında boğulan dənizçilər üçün isə, qayıqçıya verə bilmələri üçün gəmilərdə baş yelkənin altında bir miqdar sikkə saxlanılırdı.

Vikinqlər, həmçinin ölən dənizçilərin gəmiləri üçün də dəfn mərasimi təşkil etməkdə məşhur idilər. Bu mərasimlər adətən quruda həyata keçirilirdi. Vikinq əfsanələrində gəmilərin yandırılıb dalğalar və alovlar tərəfindən yox edilməsi üçün dənizə buraxıldığı qeyd olunur.

              Orta əsrlərdə dənizçi dəfn adətləri

Orta əsrlərdə təkallahlı dinlərin təsiri ilə dənizdə həyata keçirilən dəfn mərasimlərinə bəzi qadağalar və əlavələr gətirilmişdir. Katolik Avropada ölülərin yandırılması və küllərinin dənizə atılması qadağan idi. Bu tətbiq paqan inancı ilə əlaqələndirilirdi, ayrıca olaraq bu hərəkətin ölüyə hörmətsizlik və ruhun ölümsüzlüyünə inamsızlıq kimi başa düşülürdü. Kilsə normal dəfn proseslərinə üstünlük verirdi; cənazələr mümkünsə quruya gətirilməli və kilsə qəbiristanlığında basdırılmalı idi. Ancaq istisna hallarda, küllərin basdırılması şərti ilə cənazələrin yandırılmasına, dənizdə boğulma hallarında isə ölünün tabutla birgə dənizə atılmasına icazə verilirdi. Fransız və İspan dənizçilər dini məsələlərdən ötrü yoldaşlarının cənazələrini quruya çıxana qədər gəminin anbarında saxlayardılar. İngilislər isə dənizdə ölən dənizçilər üçün geniş dəfn ritualları yaratmışdılar.

Anqlikan kilsəsi bu mövzuda daha həssas idi: bir dənizçi öldüyündə gəmi dayandırılar, cənazə yelkənin parçasına sarınaraq tikilir və uyğun şəkildə ağırlıq bağlanaraq dənizə atılardı. Kral donanmasında köhnə donanma heyətinin külləri bir qab içərisində dənizə atılardı, küllərin dənizə səpilməsinə isə üstünlük verilməzdi. Bir çox protestant dənizçi dənizə basdırılmaq istəyirdi, bu səbəblə də din adamları tərəfində küllərin səpiləcəyi dualar oxunmuş dəniz sahələri yaradılmışdı.

Yəhudi dininə görə, ölən birinin dərhal torpağa basdırılması lazım idi və dənizin altındakı cəsədlər basdırılmamış qəbul edilirdi. Buna görə də dənizdə ölən dənizçilərin cəsədləri quruya çatdırılınadək saxlanılardı. Ancaq, cəsədlərin saxlanması heyətin səhhətində problem yaratma riski yaradırdısa, sonradan lazımi tədbirləri həyata keçirib dənizə buraxa bilərdilər.

İslam dinində də ölülərin basdırılması vacib idi, əgər adam dənizdə ölər və cəsədinin çürümədən quruya gətirilməsi mümkün olmazsa, cəsədin dənizə buraxılmasına icazə verilirdi. Ölünün ayağına ağır bir şey bağlanar və dənizin dibinə atılardı. Bu proses isə adətən  leş yeyən heyvanların az olduğu sularda həyata keçirilərdi. Başqa bir üsulda da dənizdə ölən adam cəsədinin şişməsinin qarşısını almaq üçün iki taxta parçası arasına sıx bağlanar  və bu şəkildə dənizə atılardı. Və beləliklə sahilə çatan cənazə müsəlman və ya qeyri-müsəlman xalq tərəfindən tapılar və üzü qibləyə basdırılardı.

                   Ölümə yol açan xəstəliklər

Səfərlər uzandıqca dənizdə ölüm hadisələrində də artım yaşanacaqdı. Ölümlərin bir çoxunun səbəbi C vitamini çatışmamazlığından qaynaqlanan skorbut xəstəliyi idi. Bu sıraya vəba, kolera, dizenteriya, tifo, sarı humma kimi yoluxucu xəstəlikləri də əlavə etmək olar. Cəsədləri gəmidə gözlətmək çox vaxt ölümcül xəstəliklərin əmələ gəlməsinə şərait yaradırdı. Xüsusi ilə də tropik zonalarda sürətli şəkildə çürüyən bədənlər heyət üçün ölümcül təhlükə idi.

         Müasir dövr dənizçilikdə dəfn adətləri

Cənazələri quruya çatdırana qədər pozulmamış saxlamanın tək yolu cəsədi xüsusi qarışıqlarla taksidermiya etmək idi. Taksidermiya üsulları qədim dövrlərdən insanlara bəlli idi, ancaq çox zəhmətli bir iş idi və üstəlik olaraq bir dənizçi gündəlik həyat tərzində taksidermiya ilə məşğul olmurdu. 19-cu əsrin ortalarında cəsədlər sıradan çıxmasın deyə buz içində saxlayardılar, bu üsul o dövrlərdə buz ticarəti edən gəmilərdə istifadə edilirdi.

Yelkən dövründə cənazələr, adətən kəfən içərisinə qoyulub tikilirdi, son tikişi cəsədin burnundan keçirmək dənizçilərə xas adət idi.

15 Aprel 1912-ci ildə Titanik faciəsindən sonra qurbanların cəsədlərinin bir qismi CS Mackay-Bennet gəmisindən mərasimlə dənizə buraxılmışdı.

20-ci əsrin əvvəllərində aviasiyanın inkişafı ilə birlikdə dənizçilərin cənazələrini quruya çatdırmaq mümkün hal alacaq, ancaq texniki problemlərə görə bu tətbiq çox da yayılmayacaqdı. II Dünya Müharibəsində dənizdə ölən donanma heyətinin  cəsədləri adətən göyərtədə həyata keçirilən cənazə mərasimindən sonra dənizə buraxılırdı. O dövrlərdəki məhdud imkanlara görə cənazələr tabuta qoyulmadan yelkən parçalarına tikilib daş və ya top mərmiləri ilə ağırlaşdırılaraq dənizə endirilirdi.

26 Noyabr 1944-cü il. USS İntrepid gəmisinin göyərtəsində həyata keçirilən dəfn mərasimi.

          Müxtəlif ölkələrin sularında qəbul                                               olunmuş qanunlar

Dövrümüzdə cənazələrin hava yolu ilə quruya çatdırılması və ya soyuq hava anbarlarında mühafizəsi mümkün hal olduğundan, cəsədlərin dənizə buraxılması zəruri hesab olunmur. Bu xüsusi tətbiq, ancaq ölən adamın vəsiyyəti və ya cənazə sahiblərinin tələbi halında müraciət olunur, bir sıra idarəçiliklərlə qəbul olunmuş tətbiqin əsasları isə ölkədən-ölkəyə fərqliliklər yaradır.

  • Avstraliya sularında sahil mühafizə qanunlarına əsasən dənizə cənazə buraxmaq xüsusi icazələrə tabedir və ölənlərin küllərini dənizə səpmək qadağandır. Cənazə taksidermiya olunmamalı və tabuta qoyulmamalı, sadəcə ağırlıq bağlanmış kəfən daxilinə tikilə bilər.
  • İngiltərədə ölən dənizçinin külləri dənizə səpilə bilər, ancaq dəfn əməliyyatı tabut daxilində olmalıdır və ancaq qanunlarla icazə verilən üç mövqedə həyata keçirilə bilər.
  • ABŞ-da bir çox əyalətdə cənazənin yandırılaraq küllərinin səpilməsi hər hansı bir qanuna tabe deyil, ancaq tabut və ya kəfən daxilində həyata keçiriləcək dəfn əməliyyatları qurudan ən az 3 dəniz mili uzaqlıqda və 600 fit dərinlikdə (1 fit=30.48 sm) olmalıdır.

Bugün dünyanın dörd tərəfində dənizdə ölən hərbi və mülki dənizçilərin xatirəsinə təşkil edilən xüsusi mərasimlərlə dənizçilər əbədi sonsuzluğa yelkən açan yoldaşlarının əziz xatirələrini hörmətlə anırlar. İtən dənizçilərin cənazələrini tapmaq mümkün olmadıqda isə, hadisənin olduğu mövqe yaxınlıqlarında güllər buraxılması məşhur dənizçi ənənəsi halını almışdır.

Təhsil aldığım Azərbaycan Dövlət Dəniz Akademiyasının vaxtı ikən Tədris və Tərbiyə işləri üzrə Prorektor olmuş Əlimərdan Quliyevin səhər sıra düzülüşündə tələbələrlə danışığı zaman söylədiyi nitq yaddaşıma möhkəm həkk olunmuşdur: Dənizçilər ölmürlər, sadəcə gedirlər qayıtmırlar.

Mənbə:

http://www.taussmarine.com/seyirdefteri/index.php/bir-denizcinin-ardindan/

Redaktə etdi: Leyla Əlizadə

STAY CONNECTED

18,751FansLike
1,988FollowersFollow
0SubscribersSubscribe

INSTAGRAM

Dialektik Materializm nədir?

Dünyanı anlamaq yetməz, onu dəyişdirmək lazımdır. Karl Marks Materiya nədir və o hansı formalarda...

“Cahil cəsarəti” Danning-Krüger sindromu

Danning-Krüger sindromu nədir? Sindromun tərifi, əlamətləri və təsiri nələrdir? Psixologiyada Danning-Krüger sindromu və yaxud cahil cəsarəti adı...

Qısaca: Fovizm cərəyanı nədir?

1905-ci ildə Parisdə Payız Salonunda Henri Matisse, Georges Rouault, Maurice Vlaminck (Moris Vilamink) və başqa rəssamların əsərləri sərgilənirdi.