Dialektik Materializm nədir?

Post date:

Author:

Category:

Dünyanı anlamaq yetməz, onu dəyişdirmək lazımdır.

Karl Marks

Materiya nədir və o hansı formalarda mövcuddur.

Materiyanın müasir fizikaya məlum olan iki növü var: maddə və sahə. Mexaniki kütləsi və ya fizikada deyildiyi kimi, sükunət kütləsi olan  hər şey maddəyə daxildir. Fiziki sahə isə cisimləri bir-birilə birləşdirən , təsiri bir cisimdən digərinə verən maddi bir təşəkküldür.  İnsan saysız hesabsız dərəcədə çoxlu  sayda müxtəlif cisimlərə  əhatə olunub. Buraya olduqca kiçik atom hissəciklərindən tumuş , çox böyük kosmik cisimlərə qədər cansız təbiət cisimləri aiddir. Bunlardan bəziləri bizim yanımızda, bəziləri isə bizdən olduqca uzaqdadır.Maddə müxtəlif hallarda ola bilər. Biz gündəlik həyatımızda adətən bərk, mayə və qaz halında olan naddənin növlərinə təsadüf edirik. Ancaq kainatda isə maddənin ən çox yayılmış halı plazmadır. İnsanın həyat təcrübəsi və elmin praktikası sübut etmişdir ki, onların xassələri müxtəlif olsa da onların hamısı maddidir, şüurdan kənarda  və ondan asılı olmadan mövcuddur.

Maddə ilə sahə arasındakı öz quruluşana və xassələrinə görə rəngarəng və tükənməzdir. Maddə ilə sahə arasındakı həddlər ancaq makroskopik görünən aləmdə aydın surətdə meydana çıxır. Mikroproseslər zamanı isə bu hədlər nisbidir. Maddə ilə sahə bir-birilə qırılmaz surətdə əlaqədardır, bir-birinə təsir göstərir, müəyyən şəraitdə isə bir-birinə çevrilə bilir.

Materiya haqqında fəlsəfi anlayış və ya materiya kateqoriyası bütün predmetlərin və hadisələrin obyektiv reallıq olmaq, şüurumuzdan kənarda mövcud olmaq və şüurda əks olunmaq kimi ümumi xassəsini ifadə edir.Ətrafdakı aləmin obyektivliyini , habelə insan zəkasının bu aləmi dərk edə bilməsini qəbul etmək dialektik materializm dünyagörüşünün əsas prinsiplərini təşkil edir.Bu isə o deməkdir ki bu çox mühim prinsipləri əks etdirən materiya anlayışı dialektik materializmin məhz ən mühim mərkəzi kateqoriyasıdır.

Materiya kategoriyası çox geniş bir anlayışdır:o hər hansısa bir ayrıca predmeti və ya prosesi deyil bütün obyektiv reallığı əhatə edir. Bu anlayış ayrı-ayrı predmetlərin müəyyən xüsusiyyətlərindən, xassələrindən , cəhətlərindən, onların konkret əlaqələrindən sərf nəzər edərək, bütün bu predmetlərdə olan ümumi başlıca əlamətləri- onların obyektiivliyini , yəni onların mövcudluğunun insan şüurundan kənarda mövcud olmağını ifadə edir.

V.İ.Lenin “ Materializm və empriokritisizm” adlı kitabında materiyaya  elmi tərəfini belə vermişdir. O yazırdı:

“Materiya insana  öz duyğuları ilə bəlli olan, duyğularımızdan asılı olmayaraq mövcud olan və duyğularımızda əks olunan, sürəti alınan, inikas edən obyektiv reallığı göstərmək üçün fəlsəfi bir kateqoriyadır.”

Beləliklə, biz aydınlaşdırdıq ki, dünya öz təbiəti etibarı ilə maddidir,bütün mövcudat materiyanın müxtəlif formaları və növləridir.Lakin materiya süst, donub qalmış bir şey deyildir. O, məkan və zaman daxilində davam edən daimi hərəkətdədir. Hərəkət , məkan və zaman materiyanın varlığının əsas formalarıdır.

Hərəkət materiyanın mövcudluq formasıdır.

F.Engelsin fikrincə beş əsas hərəkət forması var: mexaniki, fiziki, kimyəvi, bioloji və sosial hərəkətlər. Bu təsnifat müasir elmin nailiyyətləri sayəsində daha da zənginləşib. İndiki dövrdə hərəkətin göstərilən formalarının məzmunu XIX əsrdə hesab edildiyindən daha zəngindir. İndi biz daha çox müxtəlif hərəkət formalannın olduğunu bilirik və bu səbəbdən hərəkət formalarının yeni təsnifatını yaratmaq zərurəti ilə qarşılaşınq. İnkişaf prosesində hərəkətin daha mürəkkəb forması özündən əvvəl gələndən yaranır. Dialektik metoda görə hərəkətin bir formasından başqasına keçid sıçrayış formasında baş verir, tədricilik dayanır, yeni keyfiyyət yaranır.Hərəkətin keyfiyyətcə müxtəlif səviyyələri var: cansız təbiətdə, canlı təbiətdə və insan cəmiyyətində olan hərəkət.

Bir mərhələnin keyfiyyət fərqlərini başqa mərhələnin keyfiyyət fərqləri ilə izah etmək olmaz. Məsələn, bioloji orqanizmin xüsusiyyəti dünyanın fiziki mənzərəsi çərçivəsində izah edilə bilməz. İnsan cəmiyyəti də yalnız ona məxsus xüsusiyyətlərə malikdir. Bununla yanaşı biz hərəkətin bütün səviyyələrinə aid olan ümumi qanunauyğunluqlann, həmçinin müxtəlif səviyyələr arasında əlaqənin, qarşılıqlı təsirin olduğunu da nəzərə almalıyıq. Bu əlaqə hər şeydən əvvəl özünü orada göstərir ki, yuxarı səviyyə ilkin genetik şərt kimi aşağını özünə daxil edir.

Xüsusi qeyd etmək lazımdır ki, bir-birindən təcrid olunmuş ayrı-ayrı fiziki, kimyəvi və yaxud başqa hərəkət formaları yoxdur, müxtəlif hərəkət formalanın sistemli birliyi var. Belə müxtəlif əlaqələr özünü o vaxt göstərir ki, bəzi hərəkət formalarındakı dəyişikliklər başqa formalardakı dəyişikliklər ilə eyni vaxtda baş verir və bu dəyişikliklər bir-birinin səbəbi olurlar.Konkret elmlər real dünyadakı əşya və hadisələrin məruz qaldığı dəyişiklikləri öyrənir. Məsələn, fizika elmi məkanda mövcud olan makrocisimlərin vəziyyətinin dəyişməsini, müxtəlif sahələrdə baş verən dəyişiklikləri, kvant dəyişmələrini və s.; kimya bu və ya digər şəraitdə kimyəvi maddələrdə baş verən dəyişiklikləri; biologiya elmi orqanizmlərin həyati fəaliyyəti ilə əlaqədə olan maddələrdə baş verənləri təhlil etməklə orqanizmin fərdi inkişafında gedən əhəmiyyətli dəyişiklikləri; geologiya dağ süxurlarının yaranması və dağılması prosesini; dilçilik isə dilin lüğət və səs tərkibini, sözlərin qrammatik quruluşunun dəyişməsini öyrənirlər. Cəmiyyətin və onu təşkil edən hissələrin strukturunda baş verən hər cür inkişaf proseslərini isə insan haqqında olan bir sıra humanitar elmlər öyrənirlər.Deyilənlərdən belə nəticə çıxır ki, nə hərəkətsiz materiya, nə ddə materiyadan ayrılıqda xalis hərəkət ola bilməz.

Məkan və zaman materiyanın ən ümumi mövcudluq formalırıdır.

Bizi əhatə edən aləmin predmetlərinə dəqqətlə nəzər saldıqda görərik ki, bunlardan hər biri nəniki hərəkətdədir, habelə onun yertutumu, ölçüləri vardır.

Məkan haqqında da fəlsəfi anlayış da maddi cisimlərin yertutumuna malik olmaq, müəyyən yer tutmaq və dünyanın başqa predmetləri arasında xüsusi surətdə yerləşmək kimi ən ümumi xassəsini əks etdirir.Predmetlər məkanda mövcud olmaqla yanaşı müəyyən qaydada bir-birinin ardınca gəlir.Bir qismini başqaları əvəz edir, bunları da bir başqaları əvəz edir. Hər hansı predmetin davamlılığı olur, başlanğıcı və sonu vardır. Bunlardan hər birinin inkişafında müəyyən mərhələlər, hallar rast gəlir.Bir qisim predmetlər yenicə meydana çıxır, bəziləri çoxdandır mövcuddur, bir başqaları da dağılmaqdadır.

Zaman haqqında fəlsəfi anlayış da maddi proseslərin müəyyən ardıcıllıqla bir-birinin  ardınca davam etmək, sürəkliyə malik olmaq və dövrlər, mərhələlər  üzrə inkişaf etmək kimi ən ümumi xasssəsini əks etdirir.

V.İ.Lenin göstərirdi:

“Dünyada hərəkət edən materiyadan başqa heç bir şey yoxdur və hərəkər edən materiya ancaq məkan və zaman daxilində hərəkət edə bilər”.

Dialektik materializm məkan və zamanın obyektivliyini göstərərək , bunların başqa ən ümumi xasssələrini aşkara çıxarır, həm də bunu əsas tutur ki , həmin bu xassələri materiyanın öz xasssəələri müəyyən edir. Materiyanın əbədiliyi və sonsuzluğu zamanın əbədi və məkanın da sonsuz olması üçün şərtdir. Materiyanın mövcudluq forması olmaq etibarı ilə məkanın spesifik xüsusiyyəti onun üçölçülü olmasıdır. Bu o deməkdir ki, hər hansı maddi cismin üç ölçüsü : uzunluğu, eni və hündürlüyü var. Müvafiq surətdə bu cisim bir-birinə perpendikulyar olan üç istiqamətdə hərəkət edir. Məkandan fərqli olaraq zamanın bir ölçüsü var- keçmişdən gələcəyə doğru inkişaf edir. Zaman qayıtmazdır, o yalnız gələcəyə doğru gedir.

Şüur yüksək quruluşlu uzunsürən, quruluşlu materiyanın xassəsidir.

Şüurun mahiyyətindən danışmazdan əvvəl xatırladaq ki, insanın şüurlu,mənəvi fəaliyyətinə onun fikirləri və hissləri, iradəsi və xarakteri,duyğuları , təsəvüürləri və baxışları və.s. aiddir. Materiya, təbiət həmişə mövcud olmuşdur, insan maddi alımin nisbətən sonrakı inkişafının nəticəsidir. Şüur təbiətin məhsuludur,materiyanın xassəsidir, lakin bütün materiyanın deyil, yüksək quruluşlu materiyanın –insan beyninin xassəsidir. Materiyanın inkişafı nəticəsi kimi nəticəsi kimi meydana gələn şüur materiya ilə qırılmaz surətdə bağlıdır. Şüur düşünən materiyadan – beyindən ayrılmazdır, onun xassəsidir. İ.P.Pavlov çoxlu təcrübi məlumatına əsaslanaraq belə bir nəticə çıxarmışdır ki,

 “…psixi fəaliyyət beynin müəyyən kütləsinin fizioloji fəaliyyətiinin nəticəsidir…”.

Ali sinir fəaliyyəti haqqında  Pavlovun  təlimi şüurun materiyadan asılı olması haqqında dialektik materializmin mühüm  müddəasını təsdiq edir. Bu təlim sübut etmişdir ki, beyin və orada baş verən fizioloji proseslər insan şüurunun  substratıdır ( əsasıdır), elə bir maddi şərtdir ki, bunsuz təfəkkür fəaliyyəti mümkün deyildir.

Bəs şüurun  fəaliyyəti üçün  təkcə insan beyni kifayətdir mi? Ətrafdakı aləmin beynə təsirindən asılı olmayaraq beyin özlüyündə düşünə bilər mi?

Xeyr, beyin özlüyündə düşünə bilməz. İ.P.Pavlov deyirdi ki, beyin hər cür ariyaların və istənilən hər şeyin əldə edilə biləcəyi bir royal deyildir.

Şüur insanın ətrafındakı maddi mühitlə qırılmaz surətdə əlaqədardır və mühitin təsiri olmadan fəaliyyət göstərə bilməz. Görmə, eşitmə, qoxu duyğuları və başqa duyğular beyində yalnız obyektiv surətdə mövcud olan predmetlərin , onlarda olan rənglərin, iylərin, səslərin və başqa xassələrin təsiri ilə meydana gəlir.Bu predmetlər və onların xassələri hiss üzvlərinə təsir göstərir, sonra da alınan qıcıqlar sinir sitemindıki yollar vasitəsilə beynin böyük yarımkürələrinin qabıq nahiyəsinə çatdırılır, burada isə müvafiq duyğular əmələ gəlir.Duyğular əsasında qavrayışlar, təsəvvürlər, habelə anlayışlar və fikrin başqa formaları əmələ gəlir. Bunların hamısı obyektiv surətdə mövcud olan hadisələr və predmetlərin surətləridir, az-çox dürüst inikasıdır.Həmin predmetlərdən və hadisələrdən kənarda insan şüurunda bu surətlər meydana gələ bilməz. Belə bir nəticə çıxır ki, beynin xassəsi olmaq etibarı ilə şüurun spesifik xüsusiyyəti onun maddi aləmi əks etdirmək qabilləyətiindən ibarətdir.

Əlbəttə, insan şüurunda təkcə mövcud olan predmetlərin və hadisələrin surətləri deyil, həmçinin hələ gerçəklikdə olmayan şeylərin də surətləri doğur. Məsələn insan gələcəkdəki binaların , maşınların və bir çox başqa süni qurğuların və.s. surətlərini yaradır. Lakin bu surətlər artıq mövcud olanın inikası əsasında,insanı əhatə edən gerçəkliyi əks etdirmək kimi ayrıca bir xassədir.

Şüur müəyyən maddi fizioloji proseslərlə əlaqədar olsa da, bu proseslərdən ibarət edilə bilməz.Fikir materiyadan, beyindən ayrılmazdır, lakin onu materiya ilə eyniləşdirmək də olmaz.

Fikir şey deyildir, onu görmək, foto şəklini çəkmək olmaz. Fikir dünya predmetlərinin və hadisələrinin surətidir, lakin maddi deyil ideal surətidir. Marks yazırdı ki, fikir, “ideya insanın başına köçüb orada yeni şəkil almış maddi varlıqdan başqa bir şey deyildir”. Gerçəklik insana təsir göstərərək , həmişə təhlil və sintez, ümumiləşdirmə və başqaları kimi xüsusi qanunauyğunluq prizmasından keçir. İnsanın heyvandan fərqi ondadır ki, fikirləşməyə , yəni gerçəkliyi əks etdirməyə, ona təsir göstərməyə və ya başqa məqsədləri iləri sürüb bunların həyata keçməsinə qabildir.

Şüurun əmələ gəlməsi və inkişafı

Artıq qeyd edildiyi kimi bütün materiyada ümumi bir əks etdirmə xassəsi , yəni xarici təsirlər üzündən daxilən dəyişilmək, bu təsirlərə müvafiq sürətdə təsir göstərmək qabiliyyəti var. İnikas həmişə iki cismin: təsir göstərən və təsir görən cismin qarşılıqlı təsiri ilə əlaqədardır.Buna görə də inikasın xarakteri həm xarici təsirlərdən, həm də təsirə cavab verən cismin daxili vəziyyətindən asılıdır.Şüurun əmələ gəlməsini müəyyən etmək cansız materiyadan canlı materiyaya , canlı materiyadan da düşünən materiyaya- insan beyninə keçməklə əlaqədar olaraq, cansız passiv inikasın canlıya xas olan fəal, seçıcı inikasa çevrilməsini bu inikasdan da düşünmək qabiliyyətini izləmək deməkdir.

İnsan şüuru heyvan psixikasından fərqlənir. Bəs bu fərq nədən ibarətdir?

Bu fərq ondan irəli gəlir ki, heyvanların psixikası yalnız bioloji inkişafın məhsuludur, insan şüuru isə tarixi, ictimai inkişafın nəticəsidir. Marks göstərirdi ki, insanda beş hiss üzvünün əmələ gəlməsi ümumdünya tarixinin məhsuludur.İctimai-tarixi praktika əsasında insanın musiqi duyan qulağı, onun təbiət gözəlliyini qavramağa qabil olan gözü, incə dadbilmə qabiliyyəti və başqa hiss üzvləri inkişaf etmişdir.

İnsanın meydana gəlməsində,onun şüurunun qərarlaşmasında və inkişafında həlledici amil əməkdir, maddi istehsal fəaliyyətidir. Engels yazırdı:

“ Əmək insanın özünü yaratdı. Əmək sayəsində bizim ulu babalarımız olan vəhşilər dönüb insan görkəmi almışlar.”

Şüurun inkişafında əmək alətlərəinin hazırlanması və təkminləşdirilməsinin xüsusilə böyük əhəmiyyəti olmuşdur. Nəsildən-nəsilə verilən alətlər özləri ilə birlikdə istehsal təcrübəsi, bilik gətirirdi.İnsanın sonrakı nəsilləri ulu babalarının alət hazırlamaq və bunlardan istifadə etmək üsullarını bilərək, bunları daha da təkmilləşdirib inkişaf etdirmək imkanı əldə edirdilər.

İbtidai insanın şüuru onun əməyi ilə üzvi surətdə bağlı idi. Bu isə aydındır: insan, hər şeydən əvvəl, onun əməyi ilə, onun tələbatının ödənməsi ilə bilavasitə ilə əlaqədar olan şeyi dərk edirdi. Təsadüfi deyildir ki, insanın əmək fəaliyyətinin təsvirinə ibtidai incəsənət əsərlərində bu qədər tez-tez təsadüf olunur. Beləliklə, şüur materiyanın uzun sürən təkamülünün məhsuludur. Lakin materiya əsasında meydana gələn şüur materiyanın inkişafına fəal surətdə təsir göstərir.

İdealistlər materializmi ləkəməyə çalışaraq iddia edirlər ki, materialistlər bütün mövcüdatın əsası olaraq materiyanı götürdüklərinə görə , predmetlərin obyektivliyini, bunların şüurdan asılı olmamasını sübut etdiklərinə görə guya onlar şüuru lazımınca qiymətləndirmirlər, şüuru varlığın yalnız fəaliyyətsiz, cansız inikası hesab edirlər.

Əslində dialektik materializm materiyanın varlığın inkişafında şüurun rolunu lazımınca qiymətləndirməməkdən uzaaqdır. Materiyanın məhsulu olan, onu əks etdirən şüur fəaliyyətsiz qalmır, dünyaya fəal təsir göstərir. Məhz buna görə də V.İ.Lenin deyir ki

“ ..İnsan şüuru obyektiv aləmi nəinki əks etdirir, hətta onu yaradır da”.

Əlbəttə, burada məsələ şüurun varlığa birbaşa, bilavasitə təsiri və xüsusilə də dünyani insan şüurunun törətməsi, yaratması üzərində deyildir: özlüyündə fikir hətta ən kiçik çöpü də yerindən tərpədə bilməz. Məsələ bundadır ki, şüur dünyanı düzgün əks etdirirsə, o, insanın yaradıcı , dəyişdirici fəaliyyətində rəhbərlik edə bilər.

Marksist dialektika inkişaf və ən ümumi əlaqə haqqında təlimdir.   

Yuxarıda deyildiyi kimi marksist dialektika dünyanı daimi hərəkət, dəyişilmə, inkişaf halında nəzərdən keçirir.  Dünyanın bütün predmetləri və hadisələrinin dəyişməz qalmamasına bizi gündəlik təcrübə, elmin və ictimai-tarixi praktikanın inkişafı inandırır. Dünyada hər şey inkişaf edir.

Materialist dialektikanın mühüm vəzifələrindən biri dünyanın inkişafının  ümumi mənzərəsini öyrənməkdir. Engels yazır ki, dialektika “təbiətin, insan cəmiyyətin və təfəkkürün hərəkət və inkişafının ən ümumi qanunları” haqqında təlimdir.

Marksist dialektika inkişafa ibitidaidən aliyə doğru , sadədən mürəkkəbə doğru hərəkət kimi , sıçrayışlı , inqilabi  proses kimi baxır, həm də bu hərəkət qapalı dairə üzrə deyil, sanki spiral üzrə baş verir, bunun hər bir burumu əvvəlkindən daha dərin, daha zəngin, daha müxtəlif cəhətlidir. Marksist dialektika dünyanı dərk etmeyin metodudur, insana gerçəkliyin ən müxtəlif hadisələrini başa düşmək imkanını verir.

Lakin marksist dialektika təkcə idrak metodu olmaqla qalmır, o habelə dünyanı inqilabı surətdə dəyişdirmək alətidir. O öz əsası etibarı ilə tənqidi və inqilabidir, heç bir dəyişilməz , əbədi, həmişəlik şeyi qəbul etmir. İnkişafda başlıca cəhət onun mənbələri, hərəkətverici qüvvələri məsələsidir. Bunu daha da aydınlaşdırmaq üçün materialist dailaktikanın əsas qanunlarını nəzərdən keçirməliyik. Öncəliklə qanunun nə olduğuna baxaq.

Hər şeydən əvvəl qanun inkişaf edən predmetlər və ya bu predmetlərin tərəfləri arasında münasibətdir, əlaqədir. Lakin qanun hər hansı bir əlaqə deyil , yalnız sabit əlaqə deyil, təkrarlanan əlaqədir. Bir predmetə və predmetiin kiçik qrupuna deyil, predmetlərin və hadisələrin çox böyük kütləsinə xas olan əlaqədir.

Engels yazırdı ki, qanun “təbiətdə ümumilik formasıdır.” Qanun təkcə təkrarlanan hər cür əlaqələri deyil, bunların yalnız zəruri və mühim əlaqə xaralteri daşıyanları ifadə edir.

Hadisələrdəki zəruri, mühüm əlaqələri əks etdirən qanun yalnız müvafiq şərait olduqda fəaliyyət göstərir, həm də hadislərin hər hansı cərəyanını deyil, öz əsası etibarı ilə müəyyan cərəyanını doğurur. Qanunların fəaliyyətdə olan ciddi müəyyənliyinin çox böyük əhəəmiyyəti var: insanlar inkişaf qanunlarını, inkişafın istiqamətini bilməklə, gələcəyi görmək imkanı əldə edirlər.

Qanunların obyektivliyi o deməkdir ki, qanunlar insan iradə və arzusundan asılı olmadan fəaliyyət göstərir, buna görə də qanunların əksinə hərəkət etmək üçün göstərilən hər bir cəhd əvvəlcədən müvəffəqiyyətsizliyə məhkumdur.Beləliklə, qanun maddi aləm hadisələri arasında mühüm və zəruri, ümumi və təkrarlanan əlaqədir.

Dialektikanın qanunları

1.Əksiklərin vəhdəti və mübarizəsi qanunu

Əksiklərin vəhədəti və mübarizəsi qanunun özü haqqında danışmazdan öncə görək marksist dialektika “əksikliyi” və əksikliklərin “vəhdətini” necə başa düşür.

Bizim hər birimiz dəfələrlə ən adi maqniti görmüşük və yaxşı bilirik ki, onun başlıca fərqləndirici əlaməti onun şimal və cənub qütbləri kimi bir-birini rədd edən , lakin bir-birilə qırılmaz surətdə bağlı olan tərəflərinin mövcud olmasıdır. Biz maqnitin şimal qütbünü cənub qütbündən  ayırmağa çalışsaq da bunu edə bilmərik. Maqnit ikiyə, dördə, səkkizə bölünükdə , yenə həmin iki qütbə malik olacaqdır. Əksikliklər predmeti məhz elə daxili tərəfləri, meylləri qüvvələidir ki, bunlar bir-birini rədd edir, eyni zamanda bir-birinin olmasını tələb edir. Bu tərəflərin qırılmaz qarşılıqlı əlaqə münasibəti əksiklərin vəhdətini  təşkil edir.

Məsələn, orqanizmdə assimilyasiya və dissimilyasiya, irsiyyət və uyğunlaşma( irsiyyət orqanizmin irsən əldə etdiyi xassələri saxlamaq meylidir, uyğunlaşma isə onun dəyişilmiş şəraitinə müvafiq olan yeni xassələr hazırlamaq qabiliyyətidir.), beyin qabığında baş verən oyanma və ləngəmə və.s. bir-birinə əks olan proseslər baş verir.

Ziddiyətli tərəflər idrak prosesinə də xasdır. İnsan induksiya və deduksiya, təhlil və sintez və.s. kimi bir-birinə əks və bir-birilə əlaqadar olan tədqiqat üsullarından istifadə edir. Əksikliklər bir-birini nəinki rədd edir,  habelə onu tələb edir.

Engels yazırdı ki,

“Almanın yarısı yeyiləndən sonra onun bütövü əldə qalmadığı kimi ziddiyyətin də bir tərəfi olmadan digər tərəfi olmaz.”

Bəs bu vəhdətin xarakteri necədir? Bu vəhdətdə əksikliklər dinc, yanaşı mövcud olur mu, yoxsa bir-birlərilə ziddiyyətlərə, mübarizəyə girir?.

Gerçəkliyin ən müxtəlif predmetləri və hadisələrinin inkişafı göstərir ki, bir-birinə əks tərəflər vahid predmetdə dinc yanaşı mövcud ola bilməz: əksikliyin ziddiyətli, bir-birini rədd edən xarakteri zəruri olaraq bunların arasında mübarizə doğurur. Əksikliklərin ziddiyəti , mübarizəsi məhz materiyanın və və şüurun inkişafının əsas mənbəyini təşkil edir.

V.İ.Lenin yazırdı:

” İnkişaf əksikliklərin “mübarizəsidir”.”, həm də o xüsusi bir qüvvə ilə qeyd edirdi ki, inkişaf, hərəkət mütləq olduğu kimi bu mübarizə də mütləqdir.

İnkişafın mənbəyi, hərəkətverici qüvvəsi yalnız mübarizədir. İctimai inkişafın da tərəqqisi əksiklərin vəhdəti və mübarizəsi əsasında baş verir. İctimai inkişafın ziddiyyətləri içərisində maddi istehsaldakı  ziddiyətlər və hər şeydən əvvəl , məhsuldar qüvvələrlə istehsal münasibətləri arasındakı ziddiyyətlər xüsusilə böyük rol oynayır. Məhsuldar qüvvələrlə instehsal münasibətiləri arasındakı ziddiyyət antaqonist sinifli cəmiyyətlərdə düşmən siniflərin mübarizəsində öz ifadəsini tapır və bu mübarizə ictimai inqilaba, köhnə ictimai quruluşun yerini yeni ictimai quruluşun tutmasına gətirib çıxarır.

Beləliklə, predmetlər və hadisələr bir-birinə əks tərəflərə bölünür, bunlar əksiklərin vəhdətindən ibarətdir. Əksiklər sadəcə yanaşı mövcud olmaq deyil, bir-birilə daimi ziddiyyət, mübarizə haqqında olur. Əksiklərin mübarizəsi gerçəkliyin inkişafının daxili məzmunu, mənbəyini təşkil edir.

2.Ziddiyətlərin müxtəlifliyi qanunu

Dünyada başlıca ən müxtəlif ziddiyyətlər mövcuddur. Bunlardan biz daxili və xarici, antaqonist və qeyri- antaqonist ziddiyyətlər haqqında danışacayıq.

Daxili ziddiyyətlər müəyyən predmetin bir-birinə əks tərəflərinin qarşılıqlı təsiri, mübarizəsidir. Məsələn, müsbət yüklü nüvə ilə mənfi yüklü elektronların qarşılıqlı təsiri “mübarizəsi “olmadan atom mövcud ola bilməzdi.Assimilyasiya və dissimilyasiya olmadan orqanizm mövcud ola bilməzdi .

Xarici ziddiyyətlər müəyyən predmetin onun əhatə edən mühitlə, bu mühitdəki predmetlə ziddiyyətli münasibətləridir. Xarici ziddiyyətlər inkişafa kömək edə bilər və ya onu ləngidə bilər, ona müxtəlif şəkillər, formalar verə bilər, lakin prosesin başlıca gedişini , bütövlüdə inkişafı adətən müəyyən edə bilmir.

Antaqonist və qeyri-antoqonist ziddiyyətlərdən danışarkən hər şeydən əvvəl ictimai hadisələr sahəsini nəzərdə tutmaq lazımdır.

Antaqonist ziddiyətlər – hər şeydən əvvəl mənafeləri bir-birinə barışmaz düşmən olan siniflər arasındakı ziddiyətlərdir. Bu ziddiyyətlərin ən mühüm əlaməti ondan ibarətdir ki, bunlar hansı ictimai quruluş üçün tipikdirsə, həmin ictimai quruluş çərçivəsində bunları həll etmək mümkün deyildir. Misal üçün burjuaziya və proletariatın mənafeyi bir-birinə kökündən əksdir: burjuaziya öz hökmranlığını əbədiləşdirməyə, proletariat isə istismardan azad olmağa çalışmışdır. Nəticədə onların arasında kəskin sinfi mübarizə gedir və mübarizədə labüd surətdə ictimai inqilab ilə bitir. Beləliklə , sinfi mübarizə və ictimai inqilabı kapitalizmin antaqonist ziddiyyətlərinin həll edilməsinin xüsusi formasıdır.

Qeyri antoqonik ziddiyətlər– öz əsas başlıca mənafeləri bir-birinə uyğun gələn siniflərin və ictimai qrupların ziddiyyətləridir. Bu ziddiyyətlər ictimai inqilab vasitəsi ilə həll edilmir, tədricən aradan qaldırılır. Məsələn, fəhlə sinfi və kəndlilər arasındakı ziddiyyətlər belədir. Kapitalizm şəraitində şəhər kəndi istismar edir və kəndin şəhərə olan kinini müəyyən dərəcədə fəhləyə də aid edir. Kəndlinin mülkiyyəti var (torpağı, atı, avadanlığı və.s.) və o həmin mülkiyyəti saxlamaq istəyir. Fəhlənin mülkiyyəti isə yoxdur. Fəhlələrlə kəndlilərin mənafeyi bazarda da toqquşur, burada kəndli öz əməyini məhsullarını baha satmağa çalışır.Bütövlükdə bunların hamısı kapitalizmdə fəhlə sinfi ilə kəndlilər arasıda müəyyən ziddiyyətlər doğurur. Bu siniflərin hər ikisi də istismar olunun sinifdir. Buna görə də onlar istismarı aradan qaldırmağa çalışır və bu başlıca məsələlələrdə onların mənafeyi eynidir.

3.Kəmiyyət dəyişmələrinin keyfiyyət dəyişmələrin keçməsi qanunu

Kəmiyyət dəyişilmələrinin keyfiyyət dəyişilmələrinə keçməsi qanunu onu göstərir ki, inkişaf prosesi necə, nə surətlə baş verir, bu prosesin mexanizmi necədir. Bu prosesi aydınlaşdırmaq üçün hər şeydən öncə aydınlaşdırmaq lazımdır ki, keyfiyyət və kəmiyyət nədir.

Keyfiyyət və kəmiyyət anlayışı

Bizim ətrafımızda olduqca çoxlu ən müxtəlif əşyalar və hadisələr vardır. Bunlar bizim üçün nə isə solğun simasız bir kütlə halında qarışmır, bunlardan hər biri başqalarından yalnız ona aid olan spesifik xüsusiyyətləri və xassələri ilə fərqlənir. Məsələn, qızıl kimi bir metalı götürək. Onun özünə məxsus sarı rəngi, uzanma və döyülmə qabiliyyəti vardır, müəyyən sıxlığı və ərimə qaynama tempraturu vardır. Predmeti başqa bir predmet deyil, məhz həmin predmet edən onu saysız hesabsız başqa predmetlərdən fərqləndirən nə varsa, bunların hamısı məhz onun keyfiyyətləridir.Keyfiyyət xassə də təzahür edir. Xassə şeyi hər hansı bircə tərəfdən biridir, predmet isə bütövlükdə predmet haqqında təsəvvürdür.

Hər bir əşyanın müəyyən keyfiyyətdən başqa, kəmiyyəti də olur.Keyfiyyətdən fərqli olaraq,  kəmiyyət predmeti ona aid xasssələrinin inkişaf dərəcəsi və ya intensivliyi , habelə onun böyüklüyü , həcmi v.s. tərəfindən bildirir.Bir qayda olaraq, kəmiyyət rəqəmlə ifadə olunur. Kəmiyyətlə keyfiyyət eyni bir əşyanın tərəfləri olduğuna görə bir vəhdət təşkil edir.Keyfiyyətin dəyişilməsi , əşyanın dəyişilməsinə , onun başqa bir əşyaya çevrilməsinə gətirib çıxarır, müəyyən çərçivədə daxilində kəmiyyətin dəyişilməsi isə əşyanın nəzərə çarpacaq dərəcədə dəyişilməsinə gətirib çıxarmır.Kəmiyyətlə keyfiyyətin vəhdəti ölçü adlanır. Ölçü bir növ elə hədddir ki, bunun daxilində predmet olduğu kimi qalır. Kəmiyyət tərəfi ilə keyfiyyət tərəfinin birləşməsindən ibarət olan ölçünün “pozulması” predmetin dəyişilməsinə, onun başqa bir predmetə çevrilməsinə gətirib çıxarır. Məsələn,maye halında civə üçün ölçü mənəvi 39°-dən, müsbət 357°-yədək temperaturdur. Civə mənfi 39°- temperaturunda bərkiyir, müsbət 357°-də isə qaynamağa başlayır, buxar halına düşür.

Kəmiyyət dəyişmələrinin keyfiyyət dəyişmələrinə keçməsi inkişafın qanunudur.

Çərçivə daxilində kəmiyyətin dəyişilməsi əşyanın keyfiyyət halının dəyişilməsinə gətirib çıxarmır, lakin bu çərçivədən kənara çıxdıqda , kəmiyyət dəyişmələri hökmən əsaslı keyfiyyətə keçəcəkdir. Bundan əlavə, məhz inkişaf özü, hər şeydən əvvəl kəmiyyət dəyişmələrinin keyfiyyət dəyişilməsinə keçməsidir, çünki məhz bu keçid prosesində əşyalar və hadisələr ibtidaidən aliyə, köhnədən yeniyə doğru hərəkət edir.

Kəmiyyət dəyişmələri nisbətən yavaş-yavaş baş verən, kəsilməz bir xarakter daşıyır, keyfiyyət çevrilmələri isə kəsiləndir, sıçrayışlıdır.İnkişaf bir- birindən fərqli olan, lakin bir-biri ilə əlaqədar olan iki formanın, mərhəllənin -kəsilməzliklə kəsilənliyin vəhdəti kimi meydana çıxır.İnkişafda kəsilməzlik yavaş- yavaş baş verən nəzərə çarpmayan kəmiyyət yığınları mərhələsidir.Kəsilənlik,yaxud sıçrayış -əşyanın əsaslı keyfiyyət dəyişmələri mərhəlləsidir, köhnə keyfiyyətin  yeni keyfiyyətə çevrilməsi momenti və ya dövrüdür.

4.İnkarın inkar qanunu

İnkarı inkar qanunu maddi aləmin inkişafının ümiumi istiqaməti meylini aşkara çıxırır.Bu qanun mahiyyətinin və əhəmiyyətini başa düşmək üçün hər şeydən əvvəl aydınlaşdırmaq lazımdır ki, dialektik inkar nədir və o inkişafda nə kimi yer tutur.

Madi gerçəkliyin hər hansı bir sahəsində daim köhnənin öz dövrünü bitirənin ölüb getməsi və yeninin qabaqcılığın meydana gəlməsi prosesi gedir. İnkişafda məhz köhnənin yeni ilə, ölüb getməkdə olanın, törəməkdə olanla əvəz olunmasıdır, köhnənin əsasında meydana gələn yeninin köhnəni aradan qaldırılması özü isə inkar adlanır. “İnkar” terminini fəlsəfəyə Hegel gətirmişdir, lakin o həmin terminə idealist məna verirdi. Onun nöqtəyi nəzərincə , inkarın əsasını ideyanın , fikrin inkişafı durur.

Marks və Engels inkar terminini saxlayaraq , onu materialstcəsinə şərh etmişlər.Onlar göstərmişlər ki, inkar maddi gerçəkliyin inkişafının ayrılmaz momentidir. Marks göstərirdi:

“ Heç bir sahədə öz əvvəlki öz əvvəlki mövcudluq formalarını inkar etməyən inkişaf baş verə bilməz”.

İnkar predmetə və ya hadisəyə kənardan gətirilmiş bir şey deyildir. İnkar onun öz daxili inkişafının nəticəsidir.Artıq bildiyimiz kimi predmetlər və hadisələr ziddiyyətlidir və bunlar daxili əksikliklər əsasında  inkişaf edərək, özlərinin məhv edilməsi üçün , yeni, yüksək keyfiyyətə keçid üçün özləri şərait yaradır. İnkar məhz daxili ziddiyyətlər əsasında köhnənin aradan qaldırılmasıdır, predmetlərin və hadisələrin öz-özünə inkişafının , öz-özünə hərkətinin nəticəsidir. Məsələn, kapitalizm quruluşuna daxilən  xas olan ziddiyyətlərin həll edilməsi nəticəsində kapitalizmin yerini sosializm tutacaq.

Dialektikanın kateqoriyaları

TƏKCƏ VƏ ÜMUMİ

Hər bir əşyanın yalnız ona aid olan bir sıra xüsusi cəhətləri vardır. Misal üçün, evimizin yaxınlığında bitən ağacı götürək. Onun öz ölçüləri, müəyyən miqdar budaqları vardır, bu budaqlar müəyyən qaydada yerləşmişdir, köklərin xüsusi düzülmə qaydası və bəzi başqa əlamətləri vardır.Müəyyən konkret adamın təkrar olunmayan öz xüsusi cəhətləri, bacarıqları və vərdişləri, marağı və meylləri, yerişi və danışmaq tərzi vardır.Məhz bunlar həmin adamı planetimizdə,yaşayan ,yüz milyonlarla başqa adamlardan ayırır.

Məlum konkret ağac bu adam maddi aləmin fərdi əşyası vəya hadisəsi məhz təkcəni yaxud ayrıcanı, təşkil edir. Lakin hər hansı ayrıca təkcə öz dilində, başqa əşyalar və hadisələrlə əlaqədar olmadan mövcud deyildir. Həmin adam çoxlu başqa adamlarında olduğu yer üzərində yaşayır. Bu adamlarla minlərcə ən müxtəlif tellər vasitəsi ilə bağlı olan həmin adamın bunlarla ümumi cəhəti vardır. Həmin adamın bu və ya başqa bir peşəsi vardır. Bu isə o deməkdir ki, o həmin ixtisasdan olan bütün adamlara aid bəzi cəhətlərə malikdir.İnsan müəyyən sinfə, millətə mənsubdur,buna görə də ona müəyyən milli və sinfi xüsusiyyətlər aiddir. Eyni ilə hər bir əşyanın yalnız ona məxsus fərdi əlamətlərdən başqa, digər əşyalarla ümumi olan əlamətləri də vardır.Ümumi məhz çoxlu tək-tək ayrı-ayrı əşyalara xas olanı təşkil edir.

İnkişaf prosesində müəyyən şəraitdə bunlar bir-birinə çevrilir, ayrıca dönüb ümumi olur və əksinə. Məsələn, orqanizmlərin inkişafında elə faktlar olur ki, bu zaman ayrıca fərdin əldə etdiyi hər hansı yeni bir faydalı əlamət irsən keçir və bir müddətdən sonra kütlənin, çoxlu fərdin malı olur, yəni ümumi əlamətə, növ əlamətinə çevrilir.Bu və ya başqa bir əlamət növün həyat fəaliyyət üçün öz əhəmiyyətini itirdikdə isə, əlamət tədric ilə ölüb gedir , aradan qalxmağa başlayır və sonrakı nəsillərdə ancaq ara- sıra tək- tək orqanizmlərdə bu əcdadın quruluşuna qayıtma kimi təsadüf olunur.Burada artıq ümumi dönüb təkcə olur.

Məzmun və forma

Məzmun məlum əşyanı və ya hadisəni təşkil edən elementlərin və proseslərin məcmusudur. Forma məzmunun strukturu, quruluşudur, həm də forma məzmuna nisbətən zahiri bir şey deyil, ona daxilən xasdır.Elementar hissəciklər və bunların hərəkəti ilə əlaqədar olan proseslər kimyəvi element atomun məzmunu təşkil edir.Canlı orqanizmin məzmunu maddələr mübadiləsi qıcıqlanma, yığılma prosesləri və başqalarıdır.

Orqanizmlərdə həyat proseslərinin cərəyan etməsi qaydası, onun orqanları və toxumalarının strukturu canlı orqanizmin formasıdır.Məzmun və forma bütün ictimai hadisələrə də aiddir. İstehsal münasibətləri istehsal prosesində adamların bu alətlərlə münasibətinə əsalanan qarşılıqlı əlaqəsi istehsal üsulunun formasını təşkil edir .Məzmun böyük fəallığı ilə fərqlənir. Ona məxsus ziddiyətlər üzündən o, daim inkişaf edir , hərəkət edir, sonra da məzmunun dəyişilməsindən asılı olaraq forma da dəyişilir. Məzmun formanı müəyyən edir.Məsələn, ictimai istehsalın necə inkişaf etdiyinə nəzər salaq.Bu inkişaf həmişə məzmundan məhsuldar qüvvələrdən başlanır. Təbiət hadisələrində də formanı məzmun müəyyən edir. Məsələn, canlı orqanizmin yaşayış şəraiti dəyişildikdə əvvəlcə onun funksiyaları ona xas olan maddələr mübadiləsi tipi və həyatın məzmunu təşkil edir. Yalnız bundan sonra məzmunun dəyişilməsi əsasında forma-orqanizmin quruluşu , da dəyişilir.

Mahiyyət və təzahür

Mahiyyət anlayışı məzmun anlayışna yaxındır, ancaq onunla eyni deyildir. Mahiyyət əşyanın təbiətini müəyyən edir.Mahiyyət yalnız əşyanın uzun müddət hərtərəfli öyrənilməsi prosesində aşkara çıxara bilər.Məzmun müəyyən predmeti təşkil edən bütün ünsürlərin və proseslərin məcmusu olduğu halda , mahiyyət onun başlıca, daxili nisbətən sabit tərəfləridir.( və ya onun tərəfləri və münasibətlərinin məcmusudur.). Mahiyyət predmetin təbiətini müəyyən edir, predmetin bütün qalan tərəfləri və əlamətləri mahiyyətdən irəli gəlir. Məsələn, canlı orqanizmin mahiyyəti ona xas olan maddələr mübadiləsidir. Maddələr mübadiləsi bütün həyat fəaliyyətinin əsasıdır, hər bir canlı cismin daxili təbiətini təşkil edir.  Engels göstərdiyi kimi , zülalın mühüm funksiyasını təşkil edən maddələr mübadiləsindən həyatın bütün digər amilləri; qıcıqlanma, böyümə, çoxalma , daxili hərəkət irəli gəlir.

Bəs təzahür nədir? Təzahür mahiyyətin xarici, bilavasitə ifadəsidir, onun meydana çıxması formasıdır. Bütün canlıların mahiyyəti olan maddələr mübadiləsi ən müxtəlif hadisələrdə meydana çıxır. Maddələr mübadiləsi , demək olar, 500.000 bitki, 1.5 milyon heyvan növündə özünü göstərir. Bunlardan hamısı bir-birindən xarici görünüşü, inkişaf dərəcəsi etibarı ilə fərqlənir, müxtəluf sürətdə qidalanır, böyüyür və çoxalır.

Səbəb və nəticə

Obyektiv aləmdə biz hadisələrin daimi qarşılıqlı təsirini müşahidə edirik,bu təsir nəticəsində onların bir qismi başqalarını, bunlar da bir başqalarını doğurur.Məsələn sürtünmə istilik doğurur, yağmurun olmaması quraqlıq məhsula ziyan vurur.Milli xalq hərəkatı müstəmləkə sisteminin dağılmasına gətirib çıxarmışdır.Bir hadisədən əvvəl gələn və onu doğuran hadisə və ya qarşılıqlı təsir göstərən hadisələr qrupu səbəb adlanır. Səbəb həmişə nəticədən əvvəl gəlir. Məsələn gündüz gecədən sonra gəlir. Lakin gecə gündüzün səbəbi deyildir.Yerin öz oxu ətrafında sutka sutka ərzində hərlənməsindən irəli gəlir. Səbəbi vəsilə ilə qarışdırmaq olmaz. Səbəbsiz hadisə yoxdur və ola da bilməz, hər şeyin öz səbəbi vardır. Səbəbdən doğan nəticə də öz səbəbinə qarşı laqeyd qalmır, ona əks təsir göstərir. Hadisələrin səbəbiyyət asılığını bilməyin elmi və əməli işdə müstəsna dərəcədə böyük əhəmiyyəti vardır. Müəyyən hadisələrin əsas, başlıca səbəblərini aşkara çıxarmağı bacarma əməli fəaliyyət üçün xüsusilə əhəmiyyətlidir.

Zərurət və Təsadüf

Səbəb və nəticə arasındakı münasibət iki formada çıxış edə bilər: zəruri və təsadüfi. Zərurət mövcud şəraitdə mütləq baş verəcək şeyə deyilir. Təsadüfi belə xarakterizə etmək olar: təsadüf o şeydir ki, gerçəklikdə baş verə də bilər, verməyə də bilər.Zərurətin ali təzahür formasına qaçılmazlıq (labüdlük) deyilir.Ənənəvi olaraq belə hesab edilirdi ki, bütün zəruri olan şeylər varlığın, əşyanın, onların daxili səbəbləri ilə bağlıdır. Zərurət predmet və hadisələrin daxili tərəfinin bir aspektini ifadə edir; təsadüf isə, əksinə müxtəlif varlıq növlərinin xarici xassə və əlamətlərini ifadə edir.Lakin müasir tədqiqatçıların çoxu müəyyən ediblər ki, zərurət yalnız daxili deyil, həm də xarici əlaqələr üçün də xarakterikdir, təsadüf yalnız xarici deyil, həm də daxili səbəblərlə şərtlənir. Ona görə ki, xarici-yalnız kənardan gətirilən şey deyil, xarici-tədqiq edilən daxilin üzdə olan tərəfidir.

Obyektiv əlaqələrin bu iki növü səbəbin xarakterinə görə fərqlənirlər. Zərurət və təsadüf bir-biri ilə qırılmaz bağlarla əlaqədədir və müəyyən şəraitdə bir-birinə keçirlər-zərurət təsadüfə, təsadüf zərurətə çevrilir. F.Engels təsadüfi zərurətin təzahür forması adlandırırdı. Zərurət bilavasitə hissi qavrayışla qəbul edilmir, çoxlu təsadüfi xassə və əlaqələrdən keçərək özünə yol açır. Elm yalnız zərurəti açaraq qanunauyğun əlaqə və münasibətləri dərk etməyə başlayır, uyğun qanunları formalaşdırır.

Dialektik materilizmdə idrak nəzəriyyəsi

Dialektik materializm hesab edir ki, dünya tamamilə dərk ediləndir və insan zəkası maddi gerçəklik haqqında düzgün təsəvvür əldə edə bilər. Gəlin nəzərdən keçirək ki dünyanın dərk edilməsi prosesi nədən ibarətdir və bu necə baş verir. İlk öncəliklə idrakın nə olduğunu baxaq.

İdrak nədir?

İdrak obyektiv aləmin onun qanunlarını insan beynində müəyyən məqsədə yönələn əks olunması, yəni inikasıdır. İdrakın mənbəyi insanı əhatə edən xarici aləmdir. Misal üçün biz günəşin istisini hiss edir, muqisini eşidir və yaxud da dağları görürük.

Xarici aləmdə baş verən hər hansısa bir dəyişiklik bizdə müvafiq olaraq əks olunur. İnsan dünya predmetləri və hadisələrini təkcə qavramır,  həmçinin ona fəal surətdə də təsir göstərir. Obyektiv aləmi, onun predmetləri, prosesləri şüurdan kənarda olması və biliklərimizin yeganə mənbəyi olmağını qəbul etmək dialektik materializmin əsas müddəasını təşkil edir.

İdealistlər bunu belə qəbul etmir. İnsan ətraf aləmi dərk edə bilməz, ancaq yaradıcının nəticələrini analiz edə bilər və bunu da yaradıcının mərhəməti ilə bacara bilər deyə düşünürlər. Onlar düşünürlər ki, insandan kənar nə isə mistik bir qüvvə mövcuddur (mütləq ruh mütləq idea və.s.). Marksdan əvvəlki materialistlər idraka insan beynində əks olunan obyektiv gerçəklik kimi baxsalar da onların da fikirləri bir yerdə məhdudlaşırdı. Buna səbəb isə dialektik materializmi praktika ilə əlaqələndirə bilməmələri idi.

Marks və Engelsin əvvəlki materialistlərdən fərqi də elə bu idi. İdrak prosesinin əsası kimi praktika və maddi istehsal fəaliyyəti əsas götürürdülər. Praktikaya həm idrak prosesinin  əsası həm də onun düzgünlüyün yoxlanması kimi yanaşırdılar. Praktika prosesində insan dünyaya təklikdə deyil, cəmiyyətlə birgə təsir göstərir. İdrakın obyekti maddi aləmdirsə, onun subyekti isə insandır. Praktika idrak prosesinin başlanğıc nöqtəsi və əsasıdır.  Çünki idrak özü elə praktika ilə formalaşır, maddi istehsalın təsiri altında meydana gəlib.

İnsan təbiətə ilk addımını atandan təbiətə təsir göstərərək onu öz xeyri üçün istifadə etməyə başladı. Ovlanmaq üçün alətlər hazırlayır, binalar tikirdi və beləcə fizika qanunlarını, mexanikanı, sosiologiyanı öyrəndi. İnsan ətraf aləmi ona görə dərk edir ki , onu öz xeyri üçün məqsədli şəkildə  istifadə edə bilsin.

İdrak insanın fəaliyyətlərindən biridir. Ancaq bu fəaliyyət nəzəri fəaliyyətdir. Təklikdə nəzəri fəaliyyət bir işə yaraya bilməz, çünki nəzəri fəaliyyət dünyanı sadəcə əks etdirir. Praktikasız nəzəriyyə predmetsizdir, nəzəriyyəsiz praktika isə kordur.

İdrak bir yerdə durmur, inkişaf edir. Lenin yazırdı ki, idrakın bu inkişafı canlı seyrdən abstrakt təfəkkürə doğru, abstrakt təfəkkürdən isə praktikaya- həqiqəti yəni obyektiv reallığı dərk etməyin dialektik istiqaməti belədir.

Gündəlik təcrübədə bunu rahatlıqla müşahidə etmək olar. Misal üçün biz bələd olmadığımız bir şeyi öyrənmək qərarına gəldikdə ilk öncəliklə onu gözlərimizlə müşahidə edirik, lazım gəldikdə ona toxunuruq, ya da ki dadına baxırıq, daha sonra onu dərk edirik.İnsan praktikada təbiət predmetləri ilə üz-üzə gələrək onu tanıyır.  İnsan təbiət predmetləri ilə qarşı qarşıya gələrək hiss üzvləri vasitəsilə ilkin təəssüratlar alır.  Duyğu predmetlərin ayrı ayrı xassələrinin, tərəflərinin inikisadır. Predmet isə isti-soyuq, ağ-qara və.s. aiddir.

Duyğularımız xarici aləmdən daxilimizə doğru açılan qapılardır. Lenin yazırdı ki,  duyğu obyektiv aləmin subyektiv əks olunmasıdır. Hissi idrakdan danışıdıq və onun əsasını duyğuların təşkil etdiyini söylədik. Bəs məntiqi idrak nədir?

Məntiqi idrak nədir?

Qavrayış və təsəvvür anlayışına toxunmaqda da fayda var. Biz elektrik lampasına baxdıqda lampanın yanmasını, onun formasını görmək hissi idrakımızla dərk edirik. Biz ordan axan elektrik cərəyanını və yaxud ordakı atomların hərəkətini hiss idrakla dərk edə bilmərik bunun üçün biz məntiqi idrakdan istifadə edirik.

Hissi idrak predmetin mahiyyətini daxili xüsusiyyətlərini ortaya çıxara bilməz. Məntiqi idrak əsas forması anlayışdır. Anlayış predmetlərin bütün tərəflərini deyil, mühim və ümumi olan tərəflərini əks etdirir. Misal üçün insan anlayışı dedikdə onun milləti, yaşı, harda yaşaması nəzərə alınmır, anlayış- onun işləyə bilməsi, düşünməyi bacarması, istehsal etməsi nəzərdə tutulur. Praktika anlayışların əmələ gəlməsi üçün əsasdır.

Anlayışlar ortaya çıxmasın təhlil və sintez ortaya çıxarmaqdır. Təhlil hadisələrin hisslərini anlamaq üçün fikrən parçalamaqdır, sintez isə onları birləşdirməkdir. Misal üçün kapitalist istehsal üsulunu anlamaq üçün əvvəlcə onu hissələrə ayırmış, daha sonra onları birləşdirib kapitalizm haqqında anlayış əldə etmişdir.

Anlayışın əsasında müxtəlif təfəkkürün müxtəlif formaları əmələ gəlir- mühakimə, nəticə və s. İdrakda hissi idrak və məntiqi idrak bir-birindən ayrıla bilməz. Fəlsəfə tarixində bunlardan bir-birindən ayıran və ya bir tərəfi şişirdən bir çox fəlsəfi görüş var. Empirizm nümayəndələri abstrakt təfəkkürün rolunu lazımınca qiymətləndirmirlər, onlar hesab edirlər ki, yalnız hissi təcrübə insana dünyanın həqiqi gerçəkliyini verir. Rasionalistlər isə abstrakt təfəkkürü ön plana çəkirlər, düşünürlər ki, həqiqi biliyin yeganə mənbəyi hesab edirlər.

İdrakda daim fikrin dərk edilən predmetdən ayrılması meyli var. Bunu gerçəklikdən ayırdıqda isə insan düşünür ki onlar predmetdən asılı olmadan mövcuddur. Bu görüş idealizmə gətirib çıxarır. İdealizmin qnoseoloji kökləri subyektivizmdədir. İdelalimzin köklərini möhkəmləndirmək  cəmiyyətin istismar edən tərəfləri üçün lazımlıdır. Onların mənafeyinə sərf edir ki, idealizm cəmiyyətdə yayılsın.

Praktika hissindən məntiqə doğru yol alır. Bunun doğru olub olmamasını yoxlamaq lazımdır. Bunun üçün həqiqəti bilməkdir. Bəs həqiqət nədir?

Həqiqət- dialektik materializmdə həmin predmeti düzgün əks etdirilməsidir. Ümumiyyətlə həqiqətən nisbi və mütləq olmaqla iki yerə ayrılır.

Misal üçün yer kürə formasındadır, bu mütləq həqiqətdir. Biz bunu dəqiq olaraq bilirik. Ancaq atomu tamamilə dərk edə bilməmişik odur ki, o nisbi həqiqətdir. Həqiqətən insan şüurundan asılı deyil.  Həqiqətin nisbi və mütləq olmaqla iki yerə ayrılması onunla əlaqəlidir ki, insanın gerçəkliyi bilməsi, onun dərinliyi ilə eyni deyil. Belə ki nisbi həqiqət də mütləq həqiqətin toxumu var, yəni insan idrakı ona görə nisbidir ki gerçəkliyi yenilikləri hələ də kəşf edib bitirməyib. Lenin yazır ki insan təfəkkürü bizə mütləq həqiqəti verə bilər, odur ki mütləq həqiqət nisbi həqiqətin məcmusunrdan əmələ gəlir. Həqiqətən hər zaman konkretdir, mücərrəd deyildir. Yəni elmin müəyyən sahəsinə aiddir . Misal üçün  Klassik mexanika makro aləmdə öz doğruluğunu göstərir, ancaq mikro aləmdə öz doğruluğunu itirir.

Marksizm banilərinin böyük elmi rəşadəti ondadır ki, onlar təkcə təbiətin deyil, cəmiyyətin inkişafının dialektik materialst xarakterini aşkara çıxarmışdır. Bununla da onlar ictimai inkişaf haqqında yeganə elmi nəzəriyyəni – tarixi materializmi yaratmışlar.

Mənbə:

Fəlsəfi biliklərin əsasları (Partiya təhsili sisitemi üçün)-V.Q.Afanasyev,1967

Yusif Rəhimov – “Fəlsəfənin əsasları” (mühazirə kursu)

STAY CONNECTED

19,698FansLike
2,177FollowersFollow
0SubscribersSubscribe

INSTAGRAM

Mühəndis sözünün etimologiyası və formalaşması (Ensiklopedik bilgi)

Mühəndis sözünün ingilis dilində hərfi mənasını daşıyan “engineer” sözü “to engine” felindən yaranmışdır. “Engine” və “ingeniouse” sözləri “yaratmaq” mənasını daşıyan (to create) latın sözü olan “ingenerate” sözündən yaranmışdır....

Kralların zəhəri və ya zəhərlərin kralı – Arsen

Napoleon Bonapartı öldürən, Claude Moneti kor edən, Vinsent Van Qoqun ağlını itirib qulağını kəsməsinə səbəb olan...

Biotibbi texnikada elektronika amili

Biotibbi texnikanın inkişafı bilavasitə elektronika sahəsində əldə olunan naliyyətlərə əsaslanır. Buna görə də elektronikanın inkişaf mərhələlərinə uyğun olarq biotexniki vaisətlərdə müxtəlif...